|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Nəbatət bağında obyekt tikdirmək istəyən, ağacları məhv edən, villa tikdirən və klip çəkdirən kimlərdir? Burada ağac əkənlər arasında deputat da var, təqaüdə çıxan mayor da...Ancaq “Qırmızı kitab”a düşən nadir ağaclar təhlükə altındadır Yaz, yay aylarında burada hər yan yaşıllığa, gülə-çiçəyə və gözəlliyə bürünür. Qışda da bu yerin başqa bir mənzərəsi var. Hər yer ağ örpəyə bürünüb, soyuqdan ağaclar büzüşüb. Söhbət Azərbaycan Milli Elmlər Akademiyasının mərkəzi Nəbatət bağından (Botanika) gedir. Elə bir qış günündə “Yeni Müsavat”ın əməkdaşı da buraya üz tutub, görüb-eşitdiklərini qələmə alıb. “Məmurlar burada da villa ucaltmaq istəyir...” Bağa giriş haqqı uşaqlar üçün 50 qəpik, böyüklər üçün isə 1 manat məbləğində nəzərdə tutulub. Bağın ətrafında olan dayanacaqda maşınlara nəzarət isə 2 manata başa gəlir. Maşınların bağa girişinə qadağa qoyulub. Yalnız buranın əməkdaşlarına bu qadağa şamil edilməyib. Havanın şaxtalı olmasına baxmayaraq, bağa gəzinti üçün gələn insanlar var idi. “Uşaq guşəsi” istiqamətində kimsə gözə dəyməsə də, bağın digər hissələrindəki oturacaqlarda yaşlı insanlar, gənclər əyləşmişdilər. Yaşının 52 olduğunu söyləyən Lətif Quliyev deyir ki, bu bağ ilin bütün fəsillərində gözəl olur: “Bu ölkədə məmurlar insanların istirahət etdiyi yerlərin hamısında villa ucaldıblar. Hər santimetr ərazinin satıldığı bir zamanda buranı qoruyub saxlaya biliblərsə, onlara eşq olsun. Mən eşitmişəm ki, bir-iki imkanlı adamın da burada gözü var. Allah belələrindən qorusun”. Bağı gəzərkən burada bir neçə ağacın aşdığını gördük. Bağbanlar onların güclü qar yağışından sonra yerə yıxıldığını dedilər. Bağın əksər yerində zibil qutuları qoyulsa da, ətrafa zibil tullayanlar da var idi. Ağacların çoxunun üzərində xəbərdarlıq elanları asılıb. Bu elanların birində ağacları qırmağın, bağı zibilləməyin 10-20 manat arasında cəriməyə bərabər olduğu bildirilirdi.
Botanika bağında yenilik Gəzintidən sonra Nəbatət bağının direktoru Oruc İbadlı ilə də görüşdük. Deyir ki, ömrünün 45 ilini bu bağa sərf edib, 30 ilini isə dağlarda gəzib-dolaşıb, yerli camaatdan bitki adlarını öyrənib. “Bitkiləri göz bəbəyi kimi qoruyuruq. Bağda bir ağac bilərəkdən çıxarılsa mən ölərəm. Nadir, nəsli kəsilməkdə olan bitkilərin qanadı qopanda, oturub uşaq kimi ağlayıram. Mən sağlamlığımı bu bağda qoymuşam”-deyib, o, kövrəlir. Direktor bağın tarixçəsi haqqında geniş danışır. Deyir ki, Bakı Nəbatət bağı keçən əsrin 30-cu illərində salınıb. Ərazisi 45,7 hektardır. Burda 2500-ə qədər bitki növü var. Nəbatət bağı bitkilərlə bağlı dünyanın 140 ölkəsi ilə təcrübə mübadiləsi aparır: “Bizdə olan qiymətli bitkilər onlara, onlardakılar da bizə göndərilir. Burada həm ağac, həm də kol bitkiləri var. Bundan əlavə, Nəbatət bağı bitkilərin introduksiyası, iqlimləşdirilməsi, eləcə də bitki kolleksiyaları toplamaqla məşğul olur”. Daha sonra O.İbadlı bağdakı yeniliklərlə bağlı məlumat verdi. Bildirdi ki, Nəbatət bağının ərazisində oranjereya kompleksi və 2 istixana inşa olunur. Onun sözlərinə görə, hazırda istifadədə olan oranjereyaların vaxtı keçib: “Müasir tələblərə cavab verən istixanada yeniləri yetişdiriləcək və uzun müddət istifadədə olacaq. İki istixananın isə may ayında istifadəyə verilməsi nəzərdə tutulub”.
Bağa istirahətə gələn və klip çəkdirən məşhur simalar kimlərdir? Bağın direktoru burada abadlıq işlərinin aparıldığını, su xətlərinin bəzilərinin dəyişdirildiyini, yolların təmir edildiyini də qeyd etdi. Onun sözlərinə görə, bağa sadə vətəndaşlarla yanaşı, tanınmış insanlar da gəlir. Daha çox isə çəkiliş üçün müraciət edilir. “Bağımızda 3 sort qızılgül alınıb. Onlardan birinin adı “Nazpəri”dir. Bir dəfə müğənni Nazpəri Dostəliyeva bağda klip çəkdirməyə gəlmişdi. Onun ayağı bataqlığa batdı. O, gedəndən sonra həmin yerdə qızılgül bitdi, biz də onun adını Nazpəri xanımın şərəfinə belə adlandırdıq. “Sarı gəlin” və “Əsrin müqaviləsi” adlı qızılgüllər də çəkilişlər zamanı ortaya çıxıb”. O.İbadlının sözlərinə görə, məşhur filmlərin çoxu da burada çəkilib: “Sonuncu dəfə kinorejissor Oqtay Mirqasımov film çəkmək üçün bağa gəlmişdi. Vaxtı ilə Zeynəb Xanlarova, Təvəkkül Musayev, Aybəniz Haşımova, Qəndaf Quliyeva, İzzət Bağırov, Lalə Dadaşova və başqa müğənni və xanəndələr burada klip çəkdirib”. Çəkilişin qiymətinə gəlincə, bir saatı 200 manatdır: “Əgər çəkiliş zamanı dağıntı aparılarsa, buna icazə vermirik”. Gəzinti üçün bağa üz tutanlar arasında deputatlar, siyasət adamları üstünlük təşkil edir. “Canının qədrini bilən indiki və sabiq deputatlar, məsələn, Asəf Hacıyev, Sirus Təbrizli, Fəzail Ağamalı və başqaları bura gəlirlər. Həmçinin idmançılar və xarici turistlər də bağımızda tez-tez olurlar”.
Baş aqranom: “Bağda obyekt, yaşayış sahəsi tikdirmək üçün müraciət edənlər də var, kabab bişirmək üçün tonqal qalayanlar da” Bağın baş aqranomu Asif Mehrəliyevlə də həmsöhbət olduq. O, bizimlə bağı gəzib-dolaşdı, bəzi nöqsanları diqqətimizə çatdırdı. Deyir ki, bağın cənub-şərqində hündürmərtəbəli binalar tikilib ki, bu da ağacların məhv olmasına səbəb olur: “5 hektar ərazidəki ağacların çoxu quruyub, hazırda bu proses davam edir. Çünki həmin tikililər həm günəşin qarşısını alır, həm də küləyin sürətini artırır. Halbuki bina ən azı öz hündürlüyü qədər bağdan kənarda tikilməli idi. Bu sahədəki nadir və nəsli kəsilməkdə olan ağaclar binanın kölgəsi altında qalıb, məhv olur”. Baş aqranomun sözlərinə görə, bəzən bağda kabab bişirmək, ağac qırmaq istəyənlər də olur. Hətta burada obyekt tikdirmək arzusunda olanlar da var: “Bizə müraciət edirlər ki, buradan torpaq alıb, ya obyekt tikdirsinlər, ya da hansısa bir yaşayış sahəsi və sair. Əlbəttə ki, biz buna icazə vermirik”. Baş aqranom işçi çatışmazlığını və maaş azlığını da dilə gətirdi: “Bağda 100 işçi çalışır və hər biri 150 manat maaş alırlar. Halbuki 180 nəfər işləməlidir. Buna da imkanımız çatmır. Amma imkanlı adamlar bağın abadlaşdırılması üçün yardım edirlər”. O, Nəbatət bağının Şamaxıdakı təcrübə sahəsinin zəbt olunmasından da danışdı. Deyir ki, 30 hektar ərazi onların əlindən alınıb: “10 hektar ərazidə hələ ölkə ərazidində olmayan ağaclar olub. İndi həmin yer baxımsız vəziyyətə qalsa, da biz öz tədqiqatımızı davam etdiririk. Respublikanın üzdə olan məmurları isə 20 hektar ərazidə villalar tikməkdədir. Şamaxı rayon bələdiyyəsi və digər qurumlar həmin ərazini satıblar. Hazırda bizimlə onlar arasında mübahisə davam edir. Biz aparıb həmin yürlərdə yeni sort bitkilər əksək də, gecə ilə onları oradan çıxarırlar”. Vəzifəlilər təqaüdə çıxdıqdan sonra Nəbatət bağına üz tutur Bağda üç istirahət guşəsi də yaradılıb. Həmin yerlər əsasən isti aylarda əlverişli olur. Vəhşi heyvanlar (əsasən tülkü, çaqqal və sair) gecələr görünür. Baş aqranom deyir ki, əksər insanlar könüllü şəkildə burada ağac əkir, gül sulayır: “Təqaüdə çıxan məmurların günü burada keçir, ağac əkirlər. Onlar arasında mayor, idarə rəisi olanlar da var. Bəzi məşhur adamlar var ki, təmənnasız burada ağac əkirlər. Onlar deyir ki, kaş dolanışığımız olardı, biz günümüzü burada keçirərdik”. Sonda bağın aqranomları ilə Bakıya gətirilən əcnəbi bitkilər haqqında söhbət etdik. Onlar əcnəbi ağacların ölkəyə gətirilməsinin təhlükəli olduğunu qeyd etdilər. “Xaricdən Azərbaycana bitki gətirilməsi normal haldır. Amma elə ağaclar var ki, məsələn, zeytun nəinki bizim bağda bütün Azərbaycanda var idi. Onu buradan alsaydılar, daha ucuz başa gələrdi. Digər tərəfdən həmin bitkilərin gətirilməsinə nəzarət də olmalıdır. Çünki ziyanverici bitkilər də ola bilər. İndi biruzə verməsə də, bir neçə ildən sonra həmin bitkilərin fəsadları üzə çıxacaq”-deyə A.Mehrəliyev qeyd etdi. Günay MUSAYEVA
3152 dəfə baxılıb
|
[23.05.2012] - İSA QƏMBƏR PREZİDENTDƏN VİCDAN MƏHBUSLARINA "EUROVİSİON" BİLETİ İSTƏDİ [23.05.2012] - NƏNƏLƏR ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜLƏR [23.05.2012] - QEYRİ-SABİT HAVA ŞƏRAİTİ DAVAM EDƏCƏK [23.05.2012] - NAZİRDƏN "EUROVİSİON" MƏQALƏSİ [23.05.2012] - CAN BONOMOYA BAKIDA BİLET ŞOKU(YENİLƏNİB) [23.05.2012] - MÜXALİFƏT LİDERLƏRİ İSVEÇ ZİYAFƏTİNDƏ [23.05.2012] - SƏRHƏD ZASTAVASINDA İKİ ƏSGƏRİN MEYİTİ TAPILIB [23.05.2012] - MÖHTƏŞƏM İSTANBUL DERBİSİ BAKIDA OLA BİLƏR [23.05.2012] - BANAN - 70 SENT, DAYƏNİN MAAŞI - 3100 AVRO [23.05.2012] - "SƏRHƏDSİZ REPORTYORLAR" İRANDA TUTULAN ŞAİRLƏR BARƏDƏ BƏYANAT YAYIB [23.05.2012] - GÜNEL ZEYNALOVA BARƏDƏ HƏBS QƏRARI [23.05.2012] - SAMUXDA İKİ MOLLA "EUROVİSİON"A GÖRƏ TUTULUB [23.05.2012] - İSRAİLİN İRANDAN URAN TƏLƏBİ [23.05.2012] - İRAN QƏRBİ RİYAKARLIQDA SUÇLADI [23.05.2012] - ÖLÜMCÜL DÖYÜLƏN JURNALİST GÜNAHKAR ÇIXARILDI [23.05.2012] - 10 ÖLKƏ FİNALA ADLADI [23.05.2012] - "EUROVİSİON" HƏYACANI CANLI YAYIM [22.05.2012] - BU GECƏ 18 ÖLKƏ FİNALA VƏSİQƏ QAZANMAQ UĞRUNDA YARIŞACAQ [22.05.2012] - AZƏRBAYCANIN SƏFİRİNİ İRAN XİN-ə ÇAĞIRIBLAR |
| Yeni MÜSAVAT © 2008 |
|