|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Rusiyada kritik prezident seçkisinə üç həftə qaldı. İndi bir çox analitiklər martın 4-dən sonra bu superdövlətdə nələrin baş verəcəyini təxmin eləməyə çalışırlar. Azərbaycandan isə şimala həm də ümidlə baxanlar var – o cümlədən hakimiyyətdən və müxalif düşərgədən. ATLARI YƏHƏRLƏMƏK ZAMANI İki ölkədəki ictimai-siyasi durumun paralelliyini aparanlar həqiqətən az deyil. Sözsüz ki, bu da Rusiya və Azərbaycanı birləşdirən ortaq cəhətlərdən qaynaqlanır. Ondan başlayaq ki, hər iki ölkə SSRİ şinelindən çıxıb, oxşar siyasi sistemlərə və idarəçilik formalarına malikdir. Rusiyada da, Azərbaycanda da prezidentli üsul-idarə (“sərt əl”) bərqərardır. Hər iki rejimi həmçinin, universal dəyərlərə sayğısızlıq birləşdirir. Bundan əlavə, 200 il birgə olmuş rus və Azərbaycan xalqlarının, hətta siyasətçilərinin mental şüurlarında xeyli yaxınlıq var. Rusiya da, Azərbaycan da xammal (neft-qaz) və aqrar ölkəsidir, hər ikisində milli sərvətlər ədalətsiz şəkildə bölüşdürülüb, insanların həyat səviyyəsi ölkənin imkanlarına adekvat deyil, aşağıdır. Orda da, burda da korrupsiya, rüşvət, inhisarçılıq dövlətin və cəmiyyətin bütün qatlarını sarıb, məmur özbaşınalığı meydan sulayır. Rusiyada da, Azərbaycanda da seçkilər oxşar üsullarla saxtalaşdırılır, siyasi azadlıqlar, söz-ifadə azadlıqları faktiki, təmin edilməyib. Bütün bunların yekunu olaraq iki ölkədə ictimai narazılığın, qəzəbin xarakteri, motivləri bənzərdir. Ancaq özəlliklər də yetərincədir. Əvvəla, Rusiya SSRİ-nin varisidir, böyük nüvə dövlətidir, BMT TŞ-nin 5 daimi üzvündən biridir. Bu, o deməkdir ki, Kreml qlobal prosesləri ən azından ləngitmək gücündədir (necə ki, Suriya məsələsində bunu edir), Eyni səbəbdən beynəlxalq birliyin bu ölkədə gedən proseslərə müdaxilə imkanları məhduddur. Rusiya federativ dövlətdir, imperiyadır. Bu isə o anlama gəlir ki, demokratiya oturuşduqca ölkənin “tikişlər üzrə” parçalanma perspektivi qaçılmaz olacaq. Ölkənin demokratikləşməsi isə “velikorus” duyğuları səbəbindən rus ictimai-siyasi şüuru üçün həmişə ağrılı məsələ olub. O üzdən Rusiyada proseslərin siyasi rejimi deyil, sadəcə, hakimiyyəti (hətta hökuməti) dəyişmək uğrunda gedəcəyi variantı istisna edilməməlidir. Rus toplumu gerçəkdən də yol ayrıcındadır: ya digər xalqlara azadlıq verib özünə layiq, haqq etdiyi bir coğrafi məkanda normal dövlət qurmalıdır, yəni özü də azadlığına qovuşmalıdır, ya da “xəmir” hələ çox su aparacaq və rus cəmiyyəti imperiyanı saxlamaq üçün mərkəzləşdirilmiş güclü hakimiyyətlə (“dəmir əllə”) barışmalı olacaq. Ancaq ikinci halda imperiyanı nə vaxtadək saxlamaq mümkün olacaq? XXI əsrdə, qloballaşan, balacalaşan dünyamızda (burda asqıranda dünyanın o başında eşidilir), internet əsrində bunu etmək ildən-ilə çətinləşir. Təsadüfi deyil ki, belə perspektivi görən bəzi gerçək rus demokratları və fikir adamları təklif edirlər ki, heç olmasa, Şimali Qafqaza müstəqillik verilsin - Rusiyanın bir azca yüngülləşməsi üçün. Beləliklə, şimalda inqilabi proseslərin hansı məcrada inkişaf edəcəyini xeyli ölçüdə ölkənin hazırkı statusu – onun imperialist (federativ) dövlət xarakteri və toplumun ondan imtina edib-etməyəcəyi (“velikorus” hisslərinin şiddəti) müəyyən edir (Nüvə silahı amili burda həlledici deyil, olsaydı SSRİ çökməzdi). Bu xüsusda rus şairi Dmitri Bıkovun maraqlı bir ifadəsi var. Deyir: “Rusların atı yəhərləməsi uzun çəkir, ancaq bunu edəndən sonra atı çox sürürlər. İndi cəmiyyət yəhərdədir...” SİRKƏ NƏ QƏDƏR TÜND OLSA Şübhəsiz, şimalda cərəyan edən təlatümlü proseslər Azərbaycanda mütləq əks-səda verəcək. Qalır YAP iqtidarının bundan doğru-dürüst nəticə çıxarması, yaxın və orta perspektivi düzgün hesablaması, nəinki eyforiyaya qapılaraq “bizi Rusiya ilə də müqayisə etməyin”, kimi yanlış mövqeyə köklənməsi. Əslində müqayisə etməmək də olar. Nədən ki, Rusiyadan fərqli olaraq Azərbaycandakı rejimin aqibətini mövcud rejimin dövlətin bütünlüyünü qorumaq istəyi yox (Qarabağ problemi çoxdan onluq deyil), öncə hakimiyyəti qorumaq instinkti, aparılan daxili siyasət diktə edir. Azərbaycan Rusiya kimi xalqlar həbsxanası, federasiya da deyil, faktiki monoetnik, unitar dövlətdir. Yəni ölkəmizə demokratiyanın gəlişi nəinki dövlətin bütövlüyü və suverenliyi üçün təhdid və ya arzuolunmaz deyil, əksinə, zəruri və zamanın tələbidir. Yetər ki, hakim qüvvə üzünü xalqa tutsun. Başqa fərqliliklər də var ki, onlar ölkəmizdəki proseslərin spesifikliyinə öz töhfəsini yüz faiz verəcək. Biri odur ki, Azərbaycanda daha qapalı, daha qəddar və daha korrupsiyalaşmış idarəçilik hakimdir. Ölkəmiz siyasi, vicdan məhbuslarından heç vaxt xali olmayıb, bizdəki şəxsiyyətə pərəstişə isə XX əsrin qatı stalinçiləri belə həsəd apara bilərlər. Sonra. Azərbaycanda milli sərvətlər daha ədalətsiz şəkildə bölüşdürüldüyündən, cəmiyyətin sementləyici qatı sayılan orta təbəqə artıq ortadan qalxıb (Rusiyada isə bu təbəqə var və onun namizədi hətta prezidentliyə iddialıdır – sahibkar Mixail Proxorov). Azərbaycanda təməl azadlıqlar (siyasi, vətəndaş, sosial, vicdan) daha qaba şəkildə tapdanır. Diqqət edin, Rusiyada ana müxalifətin Moskvada, Kremlin cəmi bir neçə kilometrliyində (“Bolotnı meydanı”) izdihamlı mitinq keçirməsində problem yoxdur. Ölkədə hətta müxalif fikirləri təbliğ edən telekanallar var. Bakıda isə demokratik düşərgənin adi piketi yasaqlanıb, ona paytaxtın ucqarı olan “Ukrayna meydanı” belə çox görünür. Özü də bu konstitusion hüquq müxalifətə seçki kampaniyaları zamanı da tanınmır. Ölkə telekanalları çoxdan müxalifətin üzünə qapalıdır. Rusiyada parlamentin yarıdan çoxu müxalifətdisə, Azərbaycanda parlament hakimiyyətin tam nəzarətindədir. 2010-cu ildə saxtalaşdırılan sonuncu seçkilər zamanı isə ilk dəfə olaraq bircə real müxalifətçiyə də deputat mandatı verilmədi və bununla da sırf birpartiyalı, ələbaxan parlament formalaşdırıldı; dinc mübarizənin parlament divarları arasında aparılmasının son şansı sıfırlanmış oldu; hakim rejimin dialoq yox, radikal yolu seçdiyi təsdiqləndi (Söz düşmüşkən, prezident İlham Əliyev Münhendə Azərbaycanın Misirdən fərqi kimi belə bir fikir söyləmişdi: “Bizim parlamentdə təmsil olunan 10-dan çox partiyamız var”. Bəli var. Və həqiqətən də bu, bizim - xalqın yox, onun - iqtidarın partiyalarıdır...) Rusiyada pis-yaxşı dialoq mühiti mövcuddur. Medvedyev, Putin dəfələrlə müxalifət liderləri ilə bir araya gəliblər. Ötən ilin sonlarından isə Rusiyada ölkə rəhbərliyinin, Putinin istefası tələbi qoyulur, Putinə qarşı ən sərt, hətta təhqiramiz şüarlar səslənir. Azərbaycanda isə müxalifətin ölkənin gələcəyini, Qarabağı düşünərək irəli sürdüyü, sırf hökumət səviyyəsində islahatlar tələbi, adicə dialoq təklifi belə iqtidarda qıcıq yaradır, bunu hakimiyyət özünə az qala təhdid sayır. İP-in təklif etdiyi “Demokratiyaya keçidin Yol Xəritəsi”nin qulaqardı edilərək ələ salınması, ümumiyyətlə, müxalifətin varlığının inkar edilməsi və Konstitusiyanın bir nəfərin əbədi hakimiyyəti üçün dəyişdirilməsi də təsdiq edir ki, YAPovulçu rejim xalqdan nə qədər uzaq düşüb. Bu reallıqlar Rusiyadakı mötədil hökumətlə müqayisədə Azərbaycandakı iqtidarın xüsusilə qəddar olduğuna şəkk-şübhə saxlamır. Fərqli özəlliklərin biri də odur ki, Azərbaycanda iqtisadi-biznes azadlıqlarının qoxusu belə gəlmir. Bizdə hakimiyyətin hansısa iş adamının obyektini məhkəməsiz-filansız, reketcəsinə əlindən alıb hansısa “çobanın” adına sənədləşdirmək, üstəlik, iş adamının özünü həbsə atmaq, ölkədən didərgin salmaq “yuxarılar” üçün su içim kimi bir şeydir... Ancaq inqilabi hərəkat, sosial partlayışlar, üsyanlar tək ağır dolanışıq üzündən, hakim qüvvənin talançılığına görə baş qaldırmır. Liviya əhalisi inqilaba qədər Azərbaycan əhalisindən pis yaşamayıb. Deməli, söhbət həm də inqilabın başqa bir hərəkətverici qüvvəsi olan mənəvi qidadan - siyasi azadlıqlardan, o sırada xalqa azad seçim imkanı tanımaqdan, dürüst seçkilərdən getməlidir. Əfsus ki, Azərbaycanın hakim dairələri bu nüansı da israrla gözardı etməkdədirlər. Amma sirkə nə qədər tünd olsa öz qabını sındırar, deyib müdriklərimiz. YADDAN ÇIXMAZ QARABAĞ... Və əlbəttə ki, Rusiyadan fərqli olaraq Azərbaycanın işğal problemi, Qarabağ dərdi var. Bu yerdəcə bir qənaətin altını qırmızı xətlə cızaq ki, Azərbaycanın avtoritar idarəçiliyi Qarabağ kartı ilə möhtəkirlik edib öz siyasi ömrünü uzatmaq potensialını artıq tükədib. Xalq bu iqtidara az qala 20 il səbir elədi, dözdü ki, bəlkə heç olmasa, 1-2 kəndimiz işğaldan azad oldu. Bacarmadılar, becərmədilər. Bununla belə, aydındır ki, Azərbaycanda vəziyyətin qarışması, konstitusion məcradan çıxması və təlatümlü proseslərin başlaması ən çox Kremlə, Tehrana və İrəvana sərf edir. Amma nə yaxşı ki, yaxın (yeni) tariximizin təsəlliverici, proseslərin dinc axarda getməsinə yardımçı ola biləcək reallıqları da yox deyil. Bu, hər şeydən öncə 1918-20-ci illərin Cümhuriyyət, ardınca 1992-ci ilin mayındakı məxməri inqilab təcrübəsidir. Nəhayət, bütün bu sıxma-boğmalara baxmayaraq ölkədə qəzəbli xalqla qəddar rejim arasında bufer rolu oynaya biləcək, proseslərin konstitusiya axarından çıxmasına əngəl olacaq real demokratik müxalifətin, kövrək vətəndaş institutlarının varlığıdır. *** 28 May, 17 may... Nə “ərəb baharı”, nə də rus qışı, bəlkə elə Azərbaycan mayı? Həm də bu may olmasın, növbəti may olsun...
Zahid SƏFƏROĞLU
3847 dəfə baxılıb
|
[24.05.2012] - İSLAM PARTİYASI SƏDRİNİN ADINDAN QORXULU BƏYANAT YAYILDI [24.05.2012] - “AMNESTY İNTERNATİONAL” “AVROVİZİYA” TƏŞKİLATÇILARINI QINADI [23.05.2012] - İSVEÇ TƏMSİLÇİSİ AZƏRBAYCANDA İNSAN HAQLARININ POZULMASI BARƏDƏ DANIŞDI (VİDEO) [23.05.2012] - "EUROVİSİON-2013"ün KEÇİRİLƏCƏYİ TARİX AÇIQLANDI [23.05.2012] - FUTBOLÇULARIMIZ GÜNDOĞAR ÖLKƏDƏ DƏ BATDILAR [23.05.2012] - "İRANDAN TƏHDİD GƏLİRSƏ..." [23.05.2012] - QARABAĞ QAZİLƏRİ ACLIQ AKSİYASINA QOŞULDU [23.05.2012] - GƏDƏBƏYDƏ ŞƏXSİ MÜLK YERLƏ YEKSAN EDİLİB [23.05.2012] - "İRAN AZƏRBAYCANI ZƏİF HALQA HESAB EDİR" [23.05.2012] - “LORİNLƏ XÜSUSİ BİR SÖHBƏTİMIZ OLMAYIB” [23.05.2012] - İLQAR İBRAHİMOĞLU "THE EKONOMİST" JURNALINA MÜSAHİBƏ VERİB [23.05.2012] - ABDULLA GÜL NATO-nun BAŞ KATİBİ OLA BİLƏR [23.05.2012] - İSA QƏMBƏR PREZİDENTDƏN VİCDAN MƏHBUSLARINA “EUROVİSİON” BİLETİ İSTƏDİ [23.05.2012] - NƏNƏLƏR ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜLƏR [23.05.2012] - QEYRİ-SABİT HAVA ŞƏRAİTİ DAVAM EDƏCƏK [23.05.2012] - NAZİRDƏN "EUROVİSİON" MƏQALƏSİ [23.05.2012] - CAN BONOMOYA BAKIDA BİLET ŞOKU(YENİLƏNİB) [23.05.2012] - MÜXALİFƏT LİDERLƏRİ İSVEÇ ZİYAFƏTİNDƏ [23.05.2012] - SƏRHƏD ZASTAVASINDA İKİ ƏSGƏRİN MEYİTİ TAPILIB |
| Yeni MÜSAVAT © 2008 |
|