24 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Son xəbər

İSA QƏMBƏRLƏ 55 İLİN MÜSAHİBƏSİ

2012-02-23

İsa Qəmbər: “Bizim planımız Müsavat ideyasını yaşatmaq, gücləndirmək və hakimiyyətə gətirməkdir”
“Azərbaycan yenidən ekstremal şəraitə daxil olmaqdadır”

Müsavat Partiyasının başqanı sabah 55 yaşını tamamlayacaq. Çox şərəfli bir siyasi və şəxsi həyat yaşayan İsa Qəmbərlə yubiley söhbəti etmək fürsəti bulduq; başqanın zamanı azdı; həmin gün İP Koordinasiya Şurasının toplantısı da olacaqdı... “Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlu, foto-reportyoru Fərahim İlqaroğlu və bu sətirlərin müəllifi, birlikdə başqanla geniş bir söhbət etdik. Yeni və kəşməkəşli tariximizin bir parçası olan, bir sıra kritik məqamlarda isə tarixi prosesləri yönləndirənlərdən biri ilə söhbət etmək hər zaman maraqlıdır. Biz bəzi suallarımızda İsa bəy haqqında düşündüklərimizi, hətta arzularımızı da dilə gətirdik. 55 illik yubileyini xüsusi qeyd etmək istəməyən başqan üçün yaza biləcəyimiz təbrik mətnlərini də suallarımıza yüklədik. Amma bunlarla yanaşı, onu çətinə salan sorularmız da oldu...

- İsa bəy, maraqlıdır, öncədən planlarınız olubmu qarşıdakı illərinizlə bağlı? Ki, 50 yaşıma qədər bunu edəcəm, 55-ə qədər bunları... Elədirsə, hər şey nə dərəcədə plana uyğun getdi?

- Gənclik yaşlarımda elmlə məşğul olmağa başlayanda qarşımda konkret hədəf var idi. Elmi işimi yekunlaşdırıb Azərbaycan tarixinə keçmək, Azərbaycan xalqının etnogenezisi ilə bağlı tədqiqatlara ciddi şəkildə qatılmaq istəyirdim. Çünki 80-ci illərdə bu çox populyar, həm də vacib məsələ idi. Bu, bir növ milli kimlik, milli diriliklə bağlı sahə idi.

- Bu istiqamətdə heç çalışmalara başlaya bildinizmi?

- İmkan daxilində məşğul olurdum; bir-iki məqaləm də olub o mövzuda. Hətta o vaxt Firudin Cəlilov, Aydın Məmmədov və başqa öndə gedən alimlərimizin səyləri ilə filologiya məsələlərinə həsr olunmuş dərgi-kitab nəşr olunurdu. Üç-dörd nömrə nəşr olundu o dərgi-kitab. Əsasən məqalələr toplusundan ibarət olurdu, orada Azərbaycan xalqının tarixinə, köklərinə aid məqalələr üstünlük təşkil edirdi. Mənim də o zaman bir-iki yazım çap olunmuşdu. Bununla bağlı çox tarixi debatların da iştirakçısı, şahidi olmuşam, bəzən qısa çıxışlarım da olurdu. Ümumiyyətlə, o mövzular məni çox maraqlandırırdı. O sahəyə keçmək, çalışmaq niyyətim var idi, qismət olmadı.

- Niyə?

- Çünki 1984-cü ildən etibarən proseslər başladı. Həmin il Zori Balayana cavab yazdım; siyasi proseslər sürətləndi; sonra da yenidənqurma ilə bağlı islahat imkanlarının yaranması, digər tərəfdən də Ermənistanın Azərbaycana ərazi iddialarının artıq konkret müstəviyə keçməsi elə şərait yaratdı ki, ictimai-siyasi fəaliyyətə üstünlük verməyə başladıq. O vaxtdan siyasətin içərisindəyik... Siyasət elə bir fəaliyyət sahəsidir, bəlkə də normal demokratik ölkədə planlaşdırmaq olar ki, filan illərdə nələr edəcəm, hansı məqsədi qarşıma qoyacam. Ancaq avtoritar rejimlərdə, bu cür qanunsuzluqların hökm sürdüyü bir şəraitdə plan qurmaq çətindir.

- Bundan sonra da mümkün hesab etmirsiniz?

- Bir az yekə, pafoslu çıxmasın, bizim planımız Müsavat ideyasını yaşatmaq, gücləndirmək və hakimiyyətə gətirməkdir. Hədəfimiz də budur, fəaliyyətimiz də buna yönəlib. Normal şərait olsaydı, Müsavat çoxdan hakimiyyətdə idi. Bu, 2000-də də, 2003-də də ola bilərdi. İndi isə buna konkret il müəyyənləşdirmək ki, filan vaxt biz Müsavatı hakimiyyətə gətirəcəyik, çətindir. Ölkədə demokratiya olsaydı, deyərdim ki, gələn seçkidə bunu edəcəyik.

- Verdiyimiz suallara cavablardan görünür ki, Siz hər şeylə bağlı ancaq ümumi planda düşünürsünüz. Şəxsi planda düşündüyünüz bir şeylər yoxdurmu?

- Bu bizim həyatımızdır; tərzimiz, hədəfimiz, həyatımızın mənasıdır. Bir az başqa cür çıxmasın, aydın məsələdir ki, Müsavat ideyası hakimiyyətə gələndə bütün xalqımız xoşbəxt olacaq. O cümlədən müsavatçıların da öz potensiallarını reallaşdırıb, güclərini ortaya qoymaq, üstün cəhətlərini isbat etmək imkanları yaranacaq. Bu baxımdan şəxsi maraqlarım da bu hüdudların içərisindədir.

- Siz nadir azərbaycanlılardansınız ki, çox gənc yaşlarınızda, sözün həqiqi mənasında, millətin çiyni üzərində hakimiyyətə gəlmisiniz... 35 yaşında ölkənin keçici prezidentliyini, parlamentin spikerliyini həyata keçirmisiniz və o zamankı xaotik dövr üçün qəflətən bütün məsuliyyət sizin üzərinizə düşdü. İndi eyni situasiya olsaydı, 55 yaşlı İsa Qəmbər yenə də bu yükə girərdimi?

- Təbii ki. O zaman da biz özümüzə, təmsil etdiyimiz ideyaya, təşkilata, liderimiz Əbülfəz Elçibəyə inanırdıq, indi də təmsil etdiyim ideyaya, Müsavata inanıram. Və inanıram ki, xalqımızla, cəmiyyətimizlə birgə, azadlıq olan şəraitdə, hər bir işin öhdəsindən gələ bilərik.

- İcazə verin, fürsət düşmüşkən bu məqamı bir az dərinləşdirək. Həmin dönəmdə vəziyyət o qədər qarışıq və bərbad idi ki, bunu təsəvvür etmək indi bəlkə də çətindir. Müharibə gedirdi, ölkə daxilində az qala vətəndaş müharibəsi şəraiti hökm sürürdü, bir neçə rayon əldən getmişdi; cəmiyyət şokda, hərbi əməliyyatlar şiddətlənir ... və sair. Belə bir vəziyyətdə o yükün, məsuliyyətin altına girməyin özü böyük risk idi axı. Bu qərarda o gənc yaşın, o dövrün enerjisinin təsiri nə dərəcədə idi? Yenə belə vəziyyət yaranarsa, İsa Qəmbər bu dəfə də əlini o daşın altına qoymağa razılaşarmı? Biz o dövrün canlı şahidi olan vətəndaşlarıq. Xaosda gəldiniz, xalq və Cəbhə etimad etdi; bundan başqa da heç nəyiniz yox idi; amma təxminən bir neçə ay içərisində daxildəki konfliktli qüvvələr arasında balans tapıldı, cəbhədə uğurlu əməliyyatlar başladı... Sizin qısamüddətli prezidentlik dövrünüzdə Azərbaycanın savaş tarixində ciddi uğurlar əldə olunmuşdu. Bunu İsa Qəmbərə görə demirik, bu tarixi faktdır, kim istəsə araşdırıb baxa bilər. Azərbaycan həmin vaxt işğal altındakı xeyli torpaqlarını da geri qaytardı. Az qala Şuşanı və Laçını da geri almaq ərəfəsində idi... Belə bir situasiyanın təkrar olunacağı ehtimalını düşünmüsünüzmü və o ehtimal üzərində bu perspektivə özünüzü və çevrənizi hazır bilirsinizmi?

“Özünüzə, millətinizə, dövlətinizə inanın. Hər bir Azərbaycan vətəndaşına çağırışım budur”

- (Gülümsəyərək) Mən hər zaman demişəm, yenə də deyirəm, hər kəsi də çağırıram ki, özünüzə, millətinizə, dövlətinizə inanın. Hər bir Azərbaycan vətəndaşına çağırışım budur. Özüm də bu formula hər zaman əməl eləmişəm. O zaman özümə də inanırdım, millətimə də, dövlətimə də. İndi də inanıram. Ona görə də, sizin qeyd elədiyiniz kimi, ən çətin şəraitdə hakimiyyətə gəldik və şikayətlənmədən, yaranmış problemləri əvvəlki hakimiyyətlərin boynuna qoymadan, uzun- uzadı çıxışlar eləmədən həll etməyə girişdik. İlk növbədə ölkədə qayda-qanun yaratdıq. Biz hakimiyyətə gələn günlərə qədər ölkədə bir dərəbəylik hökm sürürdü, küçələrdə çoxlu silahlı adamlar var idi. Onların heç də hamısı cəbhə xəttində döyüşmürdülər, bəziləri Bakını, başqa şəhərləri gəzib özlərini nümayiş etdirirdilər, öz maraqlarını güdürdülər, hansısa siyasi qüvvənin marağını müdafiə edirdilər və sair. İki-üç həftə ərzində bunların hamısı yığışdırıldı. Bakı şəhərində tam sakitlik yarandı, bölgələrdə konfliktlər həll olundu və hər kəsə deyildi ki, döyüşmək istəyirsən, get vətəni qoru, döyüşmək istəmirsən, otur yerində, vətəndaş olaraq dinc həyat yaşa. Bu problemləri qısa zamanda həll etdik. O zaman doğrudan da xalq şok içərisində idi. Xocalı faciəsinin, Şuşanın, Laçının itirilməsi şoku dəhşətli bir ümidsizlik yaratmışdı. Cəmiyyətdə belə bir xof yaranmışdı ki, bəlkə doğrudan da heç nəyə qadir deyilik? Biz bu şoku qısa müddətdə aradan qaldırdıq. Hərbi əməliyyatlarla torpaqlarımızın önəmli bir hissəsini işğaldan azad edə bildik və xalqın ruhu özünə qayıtdı, gələcəyə inam yarandı. Ən önəmlisi, haqq-ədalətə xidmət elədik. Hamı gördü ki, hakimiyyətə gələn qüvvə özünü yox, xalqı, Azərbaycanı düşünür. Bizim o ağır dövrdə imkan tapıb test üsulunu tətbiq etməyimiz nə qədər kasıb, imkansız ailənin övladlarının ali məktəblərə daxil olması ilə nəticələndi. İnsanlar gördülər ki, pula, rüşvətə ehtiyac olmur. Bu kimi bir sıra işlər gördük. Bütün bu addımları ata, ölkəni böhranlı vəziyyətdən çox qısa müddətdə çıxara bildik... Mən hakimiyyətin seçkilər yolu ilə formalaşmasının tərəfdarıyam. Amma təbii ki, bu cür mürəkkəb regionda və belə mürəkkəb zamanda yalnız bizdən asılı olmayan başqa variantlara da hazır olmalıyıq, millətin, dövlətin məsuliyyətini daşımağa hazır olmalıyıq. Bu, Müsavatın missiyasıdır.

- Haqqınızda belə demək mümkündür ki, siz çox parlaq keçmişi olan bir şəxssiniz. Son 23-24 il ərzində bütün siyasi zirvələrdə olmusunuz; hərəkatın, ölkənin, siyasətin başında dayanmısınız. Bu gün də şərəflə yaşayan birisi və müxalif düşərgənin başında dayanan insansınız. Və elə şəxslərdənsiniz ki, sizin halınız, əhvalınız, durumunuz, tərcümeyi-halınız təkcə sizi ehtiva etmir. Sizinlə bərabər, sizi lider qəbul edərək, gələcəyə iddia edən çoxsaylı insanların halını da ehtiva edir. Bu insanlar o gələcəyin də parlaq olacağına inansınlarmı?

- Bilirsiz, biz keçid dövrünü yaşamışıq. Çox müdhiş inqilabi dəyişikliklər dönəmində meydanlarda olmuşuq. Çinlilərin məşhur bir qarğışı var: “Görüm səni keçid dövründə yaşayasan”. Amma məsələnin digər bir tərəfi də var ki, keçid dövrü fərqlənmək imkanı verən bir prosesdir. Avropaya gedib gələn dostlardan da bu şikayətləri çox eşidirik ki, orada hər şey gözəldir, amma adam darıxır. Konflikt, problem yoxdur, sanki həyat parlaq deyil... Fərqlənmək nədir axı? İnsanın öz cəsarətini, iradəsini, gücünü, bacarığını nümayiş etdirməsi üçün ekstremal şərait tələb olunur. Ekstremal şərait olmayanda insanlar igidliklərini, qəhrəmanlılarını nümayiş etdirə bilmirlər, çünki bunun üçün meydan, şərait olmur. Xüsusən 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində çox gərgin, ekstremal şərait olub. Bu şəraitdə insanlar sınaqdan çıxıb. Yüz minlərlə, on minlərlə insanlar sınaqlardan çıxıblar, öz fədakarlıqları, bacarıqları ilə fərqləniblər, seçiliblər. Kimlərsə bu şəraitin onlara uyğun olmadığını görüb çəkiliblər, kimlərsə ifşa olunublar və sair. Bu nöqteyi-nəzərdən neçə illərdir Azərbaycanda üçüncü qüvvə yaratmaq istəyirlər. Müxalifəti bir növ üçüncü qüvvə ilə əvəzləmək istəyirlər. Ancaq bunu edə bilmirlər. Səbəb təkcə ondan ibarət deyil ki, bu proyektlərin 99 faizi hakimiyyətin layihələri olur, inandırıcı, uğurlu olmur. Söhbət həm də ondan gedir ki, o adamların müstəqillik mücadiləsi dövrünü yaşamaq kimi bir şansları, bu mərhələdə fəaliyyət göstərmək imkanları olmayıb. Yeni şəxslər, yeni liderlər bu gün gənclərin içərisindən çıxacaq. Bu gün 18-25, bir az yuxarı-aşağı, yaşı olan insanların içərisindən çox parlaq, liderliyə layiq insanları görürəm. Bəzilərinin isə yaşı artıq 30-un üzərindədir. Çox yaxşı yetişirlər.

- Bəs onların fərqlənmək üçün imkanları, meydanları olacaqmı?

“Torpaqlarımızı işğaldan azad eləməliyik, korrupsiya və rüşvətxorluğun kökünü kəsməliyik, haqsızlığı aradan qaldırmalıyıq”

- Olacaq. Çünki Azərbaycan yenidən ekstremal şəraitə daxil olmaqdadır. Müstəqillik uğrunda mübarizə o illərdə başa çatıb, indi isə azadlıq, demokratiya uğrunda mübarizənin ən kəskin, ekstremal dövrü gəlir. Hər kəsin fərqlənmək imkanı olacaq. Bədbəxtlikdən Azərbaycanın o qədər çoxlu problemləri var ki, istənilən vicdanlı, namuslu, qeyrətli, qətiyyətli, ağıllı siyasətçi dövlətimizə xidmət eləmək üçün imkan tapa biləcək. Hələ uzun illər ölkəmizin problemləri ilə məşğul olmalıyıq. Torpaqlarımızı işğaldan azad eləməliyik, korrupsiya və rüşvətxorluğun kökünü kəsməliyik, haqsızlığı aradan qaldırmalıyıq. Bunlar hamısı ağıl, igidlik, cəsarət tələb edən fəaliyyət sahələridir. Ona görə də fərqlənmək istəyənlərin bunun üçün şansları olacaq.

- Bəs siz?

- Mən həmişəki kimi hazıram. Yəni biz gənclərin fəallığında maraqlıyıq, sevinirik ki, onların aktivliyi müşahidə olunur. Yeni insanlar meydana çıxıb siyasətlə məşğul olmaq iddialarını ortaya qoyanda sevinirik ki, belə adamlar var. Biz hər kəsə kömək eləməyə hazırıq. Söhbət Azərbaycanın maraqlarından gedir. Eyni zamanda biz də meydandayıq, özümüz tam qüvvəmizlə proseslərdə iştirak edirik və edəcəyik. Qalanı isə zamana aid məsələlərdir.

- Geridə qoyduğunuz 55 ilin 20 ili Müsavat başqanlığı dövrüdür. Bu il başqanlığın da yubiley ilidir. Bunu qeyd edəcəksiniz? Yoxsa 20 il tamam olmamış gedəcəksiniz?

- Doğrudan, bunu yaxşı yadıma saldınız. Söz vaxtına çəkər, 1992-ci ilin fevral ayında Türkiyədəki Azərbaycan Milli Mərkəzi, Müsavat liderləri arasında danışıqlarımızın həlledici mərhələsi idi. Təxminən 20 il qabaq bu günlərdə danışıqlar yekunlaşdı və onlar bizə Müsavatın Azərbaycanda bərpası ilə bağlı hüquqi sənədləri təqdim elədilər. Martın əvvəlində biz Bərpa Mərkəzini yaratdıq və fəaliyyətə keçdik. Fəxr edirəm ki, Müsavatın 100 illik tarixinin 20 ili - beşdə biri bizim nəslin vaxtına təsadüf edib. Bu 20 il ərzində biz Müsavatı bərpa etmişik, gücləndirmişik, ölkənin aparıcı siyasi qüvvəsinə çevirmişik. Bu, bütövlükdə bizim xalqımızın üstünlüyüdür. Bu prosesdə iştirak edən hər bir kəsin, o cümlədən mənim də şansımdır ki, belə bir şərəfli missiyada yer almışam. Təbii ki, bu bizim bioqrafiyamızın ən şərəfli, ən önəmli səhifələrindən biridir. Qalanı yenə də zamana bağlıdır.

- Müxalifətə aid mediada əsas gündəmdə olan mövzulardan biri də sizin başqanlıq məsələnizdir. Çoxları getməyinizdən narahatdır; bu narahatlığı necə qəbul edirsiniz? Onlar bu narahatçılığı keçirməkdə haqlıdırlarmı? Sizin özünüzdə də bir narahatlıq varmı ki, Məhəmməd Əmin Rəsulzadənin əmanəti olan Müsavatı 20 il ərzində ən ağır şərtlər altında buralara qədər uğurla gətirmisiniz, bundan sonra problem olacaq? Müsavatçıların, müsavatsevərlərin narahatlıq və həyəcanlarına son qoymaq olmazmı...

(ardı növbəti sayımızda)

Elşad MƏMMƏDLİ

3722 dəfə baxılıb

Xəbəri paylaş

[24.05.2012] - İSLAM PARTİYASI SƏDRİNİN ADINDAN QORXULU BƏYANAT YAYILDI

[24.05.2012] - “AMNESTY İNTERNATİONAL” “AVROVİZİYA” TƏŞKİLATÇILARINI QINADI

[23.05.2012] - İSVEÇ TƏMSİLÇİSİ AZƏRBAYCANDA İNSAN HAQLARININ POZULMASI BARƏDƏ DANIŞDI (VİDEO)

[23.05.2012] - "EUROVİSİON-2013"ün KEÇİRİLƏCƏYİ TARİX AÇIQLANDI

[23.05.2012] - FUTBOLÇULARIMIZ GÜNDOĞAR ÖLKƏDƏ DƏ BATDILAR

[23.05.2012] - "İRANDAN TƏHDİD GƏLİRSƏ..."

[23.05.2012] - QARABAĞ QAZİLƏRİ ACLIQ AKSİYASINA QOŞULDU

[23.05.2012] - GƏDƏBƏYDƏ ŞƏXSİ MÜLK YERLƏ YEKSAN EDİLİB

[23.05.2012] - "İRAN AZƏRBAYCANI ZƏİF HALQA HESAB EDİR"

[23.05.2012] - “LORİNLƏ XÜSUSİ BİR SÖHBƏTİMIZ OLMAYIB”

[23.05.2012] - İLQAR İBRAHİMOĞLU "THE EKONOMİST" JURNALINA MÜSAHİBƏ VERİB

[23.05.2012] - ABDULLA GÜL NATO-nun BAŞ KATİBİ OLA BİLƏR

[23.05.2012] - İSA QƏMBƏR PREZİDENTDƏN VİCDAN MƏHBUSLARINA “EUROVİSİON” BİLETİ İSTƏDİ

[23.05.2012] - NƏNƏLƏR ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜLƏR

[23.05.2012] - QEYRİ-SABİT HAVA ŞƏRAİTİ DAVAM EDƏCƏK

[23.05.2012] - NAZİRDƏN "EUROVİSİON" MƏQALƏSİ

[23.05.2012] - CAN BONOMOYA BAKIDA BİLET ŞOKU(YENİLƏNİB)

[23.05.2012] - MÜXALİFƏT LİDERLƏRİ İSVEÇ ZİYAFƏTİNDƏ

[23.05.2012] - SƏRHƏD ZASTAVASINDA İKİ ƏSGƏRİN MEYİTİ TAPILIB

[23.05.2012] - MÖHTƏŞƏM İSTANBUL DERBİSİ BAKIDA OLA BİLƏR

ARXIV

Yeni MÜSAVAT © 2008