|
Son xəbər
ŞAGİRDLƏRİN BIÇAQ ZARAFATI QANLA BİTDİ 2012-02-22
|
Şəmkir rayonunda məktəblilərin bıçaq zarafatı qan tökülməsi ilə nəticələnib. Rayon Polis Şöbəsindən Milli.az-a verilən məlumata görə, ötən gün rayonun Nizami küçəsində yerləşən qonaq evinin yaxınlığından 15 yaşlı Asif Cavadbəyli bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib. Polis əməkdaşları dərhal 10-cu sinif şagirdi olan A.Cavadbəylinin qanını axıdan şəxsin axtarışına başlayıb. Qısa zamanda ona xəsarət yetirən şəxs müəyyən edilərək saxlanılıb. Məlum olub ki, məktəblini bıçaqlayan da məktəblidir. Zərərçəkmişin qonşusu olan 11-ci sinif şagirdi Alim Məmmədov ifadəsində qonşusunu qəsdən bıçaqlamadığını, zarafat edərkən ehtiyatsızlıqdan yaraladığını bildirib:
"Zarafat edirdik. Bıçağı fırlatdım, qəflətən Asifə dəydi", - deyə o, əlavə edib. Hazırda faktla bağlı araşdırma aparılır. 860 dəfə baxılıb
|