Son xəbər
SUMQAYITDA TERROR KİMİ QƏZA - ÖLƏNLƏR VAR
Ölkənin sənaye paytaxtı ölkəni partlayışla titrətdi
“Səthi Yuyucu Vasitələri Zavodu” MMC-də dəhşətli partlayış oldu; 6 nəfərin öldüyü, xeyli yaralının olduğu deyilir; terror ehtimalı da yox deyil; zavod sahibləri ilə bağlı suallar var
Sentyabrın 17-də Sumqayıt şəhərində - şəhərdən bir qədər aralıdakı İnşaatçılar qəsəbəsi ərazisində dəhşətli texnogen fəlakət yaşandı. Ölkənin sənaye paytaxtı hesab edilən şəhərdəki kimya məhsulları istehsalı zavodunda dəhşətli yanğınla müşayiət olunan partlayış baş verdi. Sumqayıt Şəhər Polis İdarəsindən (ŞPİ) bildiriblər ki, partlayış “Səthi Yuyucu Vasitələri Zavodu” MMC-də baş verib.
Hüquq-mühafizə orqanlarındakı mənbədən “Trend”ə bildiriblər ki, birinci partlayış saat 16:50 radələrində zavoda bitişik qır əridən sexlərdə baş verib. Sonra isə sexə yaxın iki neft çənində ikinci partlayış qeydə alınıb. Bunu “Trend”in hadisə yerində olan əməkdaşı da təsdiqləyib. Sumqayıt Şəhər Prokurorluğundan bildiriblər ki, ilkin ehtimala görə, partlayışa səbəb zavodun çənlərində qaynaq işlərinin aparılması olub.

Qeyri-rəsmi məlumata görə, partlayış nəticəsində ölən və xəsarət alanlar var. Onların sayı barədə rəsmi məlumat verilmir. Buna görə də bu haqda ziddiyyətli xəbərlər yayıldı. Sumqayıt ŞPİ-dən APA-ya bildirilib ki, hadisə zamanı 6 nəfər ölüb, xeyli yaralı var. Daha sonra bu məlumat dəyişdi - Səhiyyə Nazirliyi “Trend”ə 1 nəfərin öldüyünü bildirib. Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluq isə Sumqayıtda baş verən partlayışda bağlı birgə məlumat yayaraq 2 nəfərin öldüyünü, 1 nəfərin itkin düşdüyünü, daha 2 nəfərin isə müxtəlif dərəcəli xəsarətlər aldığını açıqladı. Məlumata görə, xəsarət alanların əksəriyyəti hadisə yerinə gələn FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşlarıdır. Sumqayıt ŞPİ-dən APA-ya bildirilib ki, partlayış nəticəsində ölənlərin sayının artacağı istisna edilmir.
Yaralılar ərazidən çıxarılıb. Sumqayıt Şəhər Təcilli Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Zahidə Məmmədova deyib ki, bir meyit və bir neçə yaralı yanğın baş verən ərazidən çıxarılıb. O, ölən və yaralananların sayının nə qədər olmasını bilmədiyini deyib. Xəstəxanadan APA-ya bildirilib ki, xəstəxanaya hələlik 8 yaralı gətirilib.
Əraziyə Sumqayıt və Bakıdan 14 yanğınsöndürmə briqadası (50-yə yaxın yanğınsöndürən maşın) cəlb olunub. Lakin partlayışın baş verdiyi ərazidə yanğını söndürmək mümkün olmayıb. Yanğının yaxınlıqdakı xammal emalı zavoduna keçməsi ehtiyat edilir. Rəsmilərin verdiyi məlumata görə, həmin zavod qazla işləyir. Əgər yanğının qarşısı alına bilməsə, bu, daha böyük fəlakətə səbəb ola bilər. FHN Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya bildirilib ki, zavodların birində yanacaq çənində baş verən yanğın partlayışa səbəb olub.
FHN-in rəhbər şəxslərinin dərhal hadisə yerinə getdiyi bildirilir. Şahidlərin verdiyi məlumata görə, fövqəladə hallar naziri Kəmaləddin Heydərov hadisə yerinə gedib. Amma sonradan bu məlumat təsdiqini tapmayıb, nazirin xaricdə olduğu üzə çıxıb. Onun müavini Etibar Mirzəyev hadisə yerinə gedib.
FHN-dən bildiriblər ki, partlayış-yanğınla bağlı 4-cü dərəcəli çağırış elan edilib. Yanğının söndürülməsinə iki helikopter cəlb olunsa da texniki və təhlükəsizlik baxımından helikopterlər hadisə zonasına buraxılmayıb. Səbəb alovun yüksəkliyə vurmasıdır. Az sonra FHN-dən bildiriblər ki, alov sonra nisbətən səngidiyindən helikopterlər havaya qalxaraq yanğının söndürülməsinə başlayıb.
“Yeni Müsavat”ın hadisə yerində olan redaktoru Elşad Məmmədli saat 19:42-də telefonla redaksiyaya məlumat verdi ki, yanğın hələ davam edir: “Helikopterlər də yanğınsöndürmə prosesinə cəlb olunub. Lakin indiyə qədər də yanğını ram etmək mümkün olmayıb. Qara tüstü Sumqayıtı bürüyüb. Mülki şəxsləri və jurnalistləri hadisə yerinə buraxmırlar. Çünki yeni partlayış təhlükəsi var. Yanğın yerinin yaxınlığında iki böyük çən var”.
Bu ehtimal az sonra doğrulub. Saat 19:50-də zavodda növbəti partlayış olub. Partlayışdan sonra ərazidə yanğın yenidən güclənib.
“Hadisənin baş verdiyi zavod özəl müəssisədir. Hələlik konkret nəsə demək mümkün deyil. İndi yanğının söndürülməsi ilə bağlı tədbirlər görülür. Lazım olan məlumat FHN tərəfindən açıqlanacaq”. Bunu isə APA-ya Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.
ARDNŞ-in mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev də “Trend”ə bildirib ki, partlayış baş verən zavod ARDNŞ-in tabeliyində deyil, özəl fəaliyyətlə məşğuldur. Qeyd edək ki, zavod Cümşüd adlı iş adamına məxsusdur. Müəssisə “Azəralüminium” ASC-nin yerləşdiyi ərazidədir.
***
Əməkdaşımız Elşad Məmmədli vəzifəli şəxslərdən yalnız Eldar Əzizovu olay yerində görüb. O isə açıqlamasında APA-nın yaydığı xəbərlərdən fərqli bir şey deməyib. E.Məmmədli deyib ki, Sumqayıtı qara tüstü bürüyüb, şəhər fəlakət bölgəsinə dönüb.
Başqa qaynaqların məlumatlarına görə, yanğınsöndürmə prosesinə “fövqəlnazir”in müavini E.Mirzəyev rəhbərlik edir. Sonradan məlumat dəqiqləşib ki, nazir K.Heydərov ölkədə yoxdur.
Qəzet çapa hazırlanarkən (saat 22:15) Elşad Məmmədli yanğının hələ söndürülmədiyini bildirdi.

Qeyd edək ki, hadisənin baş verməsi ilə bağlı terror ehtimalı da var. Sumqayıt vəhhabilərin təsir gücünə malik bölgədir. Zamanında xəvariclərin bir-birinin ardınca Bakıda terror törətməsi faktını da nəzərə alsaq, bu ehtimalın yaşamaq haqqını qəbul etmək lazım gəlir. Digər tərəfdən, Ramil Səfərovun azad edilməsindən sonra ermənilərdən açıq şəkildə təhdid gəlmişdi. Sumqayıt həm də ermənilərin hədəfində olan məkanlardan biridir.
Bir mühüm detalı da qeyd edək ki, son iki gündə baş verən fəlakətlər gözləri bir daha ölkə televiziyalarına çevirdi. İnsanlarımızın fəlakət yaşadığı məqamlarda, ölkə TV-lərindən heç biri canlı yayın vermədi, xəbərçilik işində məhdud imkanları olan veb-saytlardan geri qaldı. Sumqayıtda fəlakətin yaşadığı anlarda isə ölkənin önəmli TV-lərindən birinin reportajı gedirdi. Alt yazı belə idi: “SUMQAYIT İRİ SƏNAYE ŞƏHƏRİNƏ ÇEVRİLİR...”

***
Fəlakətin (bəlkə də terrorun) baş verdiyi zavodun sahibi ilə bağlı maraqlı bilgilər ortaya çıxır. Məlum olduğu kimi, Sumqayıtın icra başçısı E.Əzizov jurnalistlərə deyib ki, zavodun sahibi Cümşüd adlı birisidir. Əməkdaşımız aydınlaşdırıb ki, bu şəxs Cümşüd Kərimovdur. Vaxtilə Sintetik Kauçuk Zavodunun direktoru olub. “Azərkimya” dövlət şirkətinin sabiq rəhbəri Fikrət Sadıqovla yaxın əlaqələri və onun da yaxından dəstəyi ilə indiki zavodu qiymətinə özəlləşdirib. Bunun qarşılığında F.Sadıqovu da zavoda payçı edib. Məsələnin ilginc tərəfi isə budur ki, zavodun faktiki sahibi olan C.Kərimov sənəd üzərində müəssisənin müdiri yox, müavini kimi gedir.

***
Elşad Məmmədli saat 22 radələrində redaksiyaya məlumat verdi ki, hələlik ölənlərdən yalnız birinin kimliyi məlum olub. Bu da Elman Səfərov adlı qaynaqçıdır.

***
Sumqayıt şəhərində yerləşən “Məişət malları” Açıq Səhmdar Cəmiyyətində baş verən yanğın lokallaşdırılıb. APA-nın hadisə yerində olan müxbirinin verdiyi xəbərə görə, hazırda yanğın yalnız bir nöqtədə davam edir. Həmin hissədə də yanğın fasilələrlə güclənib zəifləyir.
Yanğınsöndürənlər yanğının digər ərazilərə keçməsinin qarşısını ala biliblər.
Qeyd edək ki, bu gün Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluq Sumqayıtda baş verən partlayışla bağlı birgə məlumat yayıb.
Məlumatda qeyd olunub ki, “Məişət malları” Açıq Səhmdar Cəmiyyətinin ərazisində 6 ədəd yanacaq çənində yanğın baş verib və partlayış nəticəsində yanğın ətrafa yayılmağa başlayıb.
Fakta görə Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma) və 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarının pozulması) maddələri ilə cinayət işi başlanıb.
Hadisə nəticəsində 2 nəfər ölüb, bir nəfər itkin düşüb, 2 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Xəbər xidməti














Şərh yoxdur
Şərhiniz bizim üçün dəyərlidir