Son xəbər
RAMİL SƏFƏROVUN GİZLİ EVLƏNDİYİ XƏBƏRİ YAYILDI
Xəbər təkzib olunmur: toy olmayıbsa olacaq
Macarıstandan ölkəyə gətirilərək, əfv edilən Milli Ordunun zabiti Ramil Səfərov bugünlərdə ailə həyatı qurub. Bu barədə məlumatı bizimyolinfo.com saytına zabitimizin yaxınları verib. Məlumatda bildirilir ki, Ramil Səfərovun ölkəyə gəlməsindən bir müddət sonra məzuniyyətə buraxılması da ailə-məişət məsələlərini yoluna qoymaqla bağlı olub.
Ancaq zabitimizin azad olunmasının Ermənistanda sərt qarşılanması və ASALA-nın terror hədələri səbəbi ilə, toy məclisi geniş təşkil olunmayıb. Bəylə gəlinin ailə üzvlərinin qatıldığı mərasim gizli təşkil olunub. Ramil Səfərovun toy məclisini sakitcə keçirməsi göstərişi isə Müdafiə Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyinin tövsiyəsi əsasında olub. Məlumata görə, Ramil Səfərov nişanlısı Şəbnəm Məmmədova ilə ailə qurub.
Ermənilər isə hələ də Ramil Səfərovla bağlı hay-həşir salmaqda davam edirlər. “Ramil Səfərovla bağlı qalmaqal Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinə ciddi zərbə vurur və regional təhlükəsizlik və stabillik üçün təhdid yaradır”. APA-nın məlumatına görə, bu fikirləri Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan BMT Baş Assambleyasının 67-ci sessiyasında çıxışı zamanı deyib. XİN başçısı bildirib ki, “Azərbaycan rəhbərliyi Ramil Səfərovu milli qürur simvoluna və gənclər üçün nümunəyə çevirib”. Nalbəndyan həmçinin Suriyada humanitar vəziyyətin pozulmasından narahatlığını ifadə edib və bildirib ki, zorakılıqdan ölkənin dinc əhalisi, o cümlədən erməni icması əziyyət çəkir.
Qeyd edək ki, oktyabrın 4-də AŞ PA-nın sessiyasında Ramil Səfərovun məsələsi müzakirə olunacaq. Bu qərar AŞ PA Siyasi Bürosunun dünənki iclasında qəbul olunub. Bu barədə “Turan”ın müxbiri sessiyadan məlumat verib. Bu iclasda Azərbaycandan heç kim iştirak etməyib, erməni tərəfdən isə ölkənin AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri David Arutyunyan iştirak edib.
AŞ PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞ PA-nın R.Səfərovun məsələsini gündəliyə salmaq qərarından qəzəblənib. AŞ PA-nın oktyabrın 1-də keçirilən iclasında o, qurumun rəhbərliyini tənqidə edib. “Siz həmişə bizi bu və ya digər məsələlərin müzakirəsində obyektiv olmağa çağırırsınız. Niyə Azərbaycana AŞ PA-nın Ramil Səfərov məsələsini müzakirə etməyə hazırlaşdığı barədə xəbərdarlıq edilməyib və rəsmi bildiriş verilməyib? Biz dəfələrlə AŞ PA çərçivəsində Qarabağ münaqişəsini müzakirə etməyi təklif etmişik. Axı Səfərovun məsələsi birbaşa bu münaqişə ilə bağlıdır. Sizi Səfərovun işi ilə bağlı qarşıda duran dinləmələrdə obyektiv və ədalətli olmağa çağırıram” deyə, Seyidov bildirib.
P.S. Onun atası Sahib Səfərov bildirib ki, bəzi mətbuat orqanlarında Ramil Səfərovun artıq ailə həyatı qurmağı barədə məlumatlar yayılsa da, toy hələ baş tutmayıb. Ətrafında baş verən qalmaqallara baxmayaraq, gənc zabitimizə ailə xoşbəxtliyi arzulayırıq.
Xəbər xidməti














Cox xoşbəxt olsunlar. Şəxsən bu məclisin iştirakçısı olduğuma fəxr edirəm. Mənim əzizlərim Sizə can saglığı və ailə səadəti arzulayıram