Beynəlxalq Böhran Qrupunun fikrincə, azərbaycanlıların əksəriyyəti cəmiyyətdə təxirəsalınmaz dərin islahatları mümkün saymır: “Ən yaxşı halda tədrici islahatlara ümid etmək olar ki, buna da dövlət sisteminin xarakterini dəyişməklə başlamaq mümkündür. Lakin neft gəlirləri, elitanın zənginləşməsi onu dəyişikliklər stimulundan məhrum edir”.
Hesabat müəlliflərinin fikrincə, Azərbaycan Avropa Şurasının üzvü olsa, Avropa Birliyi və ABŞ-la sıx əlaqələrə maraq göstərsə də, Bakı onların insan hüquqlarının qorunması və demokratiya ilə bağlı tələblərinə məhəl qoymur: “Müxalifət hesab edir ki, Bakının AŞPA-da, Avropa Parlamentində və digər beynəlxalq qurumlarda lobbisi var və bu, demokratiyanın pozulmasına görə Azərbaycana təzyiqləri zəiflədir. Bunu bu yaxınlara kimi Azərbaycan üzrə həmməruzəçi olmuş Andres Herkel də təsdiqləyib. O yazır ki, AŞPA-nın bəzi üzvləri Azərbaycanda söz azadlığı və insah hüquqları ilə bağlı vəziyyətə məhəl qoymamağa hər zaman hazır olublar. ABŞ da hakimiyyətə təzyiqdə bir o qədər maraqlı deyil. Bu, ABŞ dövlət katibi Hillari Klintonun bu yaxınlarda Bakıya səfərində özünü büruzə verib. O deyib ki, Azərbaycan demokratiya sahəsində ciddi nailiyyətlərə malikdir. Belə mövqe Əfqanıstandakı maraqlarla izah olunur. Bakı həmçinin Avropaya məhəl qoymur və onun qarşısındakı öhdəlikləri Brüsselin neftdə və “Nabukko” layihəsində maraqlı olması ilə əlaqədardır”.


