|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Uzaq ulduzlara gümüş qübbəli rəsədxana bürclərindən göndərilən xüsusi siqnallara elmdə “METİ” deyirlər. Sütunsuz göylərin ənginliyinə, nəhayətsiz dərinliyinə ilk dəfə xüsusi siqnalı 1962-ci il, 19 noyabr tarixində rəhmətlik SSRİ göndərib. Yadplanetlilərə ünvanlanmış bu kiçik siqnal cəmi bircə xoş sözdən ibarətmiş - “MİR” (“Sülh”). Üç-dörd günlük kiçik fasilədən sonra Yevpatoriya rəsədxanasının teleskop, səs ötürücüləri yenidən işə düşərək həmin siqnala daha ikisini də əlavə edir: “LENİN” və “SSRİ”. Düzü, biri digərini təqib edən bu romantik siqnalların ardıcıllığı, aralarındakı kiçik vaxt fasiləsi, sadə dillə danışırıqsa, belə deyək-əvvəlcə məni xeyli təəccübləndirdi vallah. Üzümə təəccüb qondu, beynimi qəribə şübhələr sardı: “Niyə...niyə bu bambalaca mətn iki siqnala parçalanıb axı? İlk sinal lap tez gedib öz ünvanına çatıb bəyəm? Yadplanetlilər həmin “sülh” siqnalını alınca, nooldu, bizdən kimliyimizi xəbər alıblar bəlkə? Heç bilməmişdik, ikinci, “LENİN. SSRİ” cavab siqnalı bunu ifadə edib təsdiqləyirmiş, hə?” *** Hə...belə yerdə necə deyərlər, “torbada pişik deyil, sirr var”. Ünvanı lap dəqiqləşdirsək “Əlahəzrət Siyasət”... Siyasət isə “iki örpəkli gəlin” kimidi-üzünə bir söz deyər, arxanca bir başqa. 1962-ci ilin noyabrında dünya atom müharibəsi astanasında idi. Al bayraqlı SSRİ atom başlıqlı raketləri inqilabçı Kuba adasında yerləşdirmişdi, amerikalılar isə qardaş Türkiyədə. Düyünü açmaq, gərginliyi azaltmaq mövzusu ətrafında hər iki zidd qüvvə day bilmirdi nə eləsin. Moskva siyasi elitası daxilində parçalanma hökm sürürmüş - bir dəstə müharibə istəyirmiş, digəri sülh. Hə, bax bu sonuncu dəstə Vaşinqtonla öz separat danışıqlarını tam məxfi, tam gizli yolla aparmaq istərkən yaddaşlarına rəsədxana teleskopları, antenaları düşür. Siyasi Büroda yuva qurmuş bu dəstə elə həmin vaxt, 19 noyabrda Yevpatoriya rəsədxanasından guya uzaq kosmik qalaktikasına siqnal göndərir - “SÜLH”. Qara kostyumlu Vaşinqton dendiləri həmin siqnalı anında müsbət dəyərləndirərək elə sabahkı gün Kubanın hərbi blokadasını aradan götürür, əvəzində isə Moskvaya gizli bir sual göndərirlər: “Biz kimlə danışırıq?” Moskva suala xüsusi kodla cavab verir: “Lenin. SSRİ”. O vaxtdan Moskva ilə Vaşinqton arasında bax belə bir tam məxfi rabitə kanalı qurulur. Prezident Kennedi qızıl “Parker” qələmi ilə silahlanıb “Lenin. Kreml” şərti ifadəsi ətrafına qalın, pozulmaz dairə cızır. Qələmini yazı masasına tapşırıb əvvəlcə susur, lap axırda dillənir: “Biz bu separatçı dəstəylə kosmos vasitəsilə danışarıq. NASA rəhbərliyindən Karl Saqanı, Douq Vokaçı qatın bu işə, METİ kosmik mesajlarını yalnız onlar hazırlayıb şifrələməyi bacarır”.
Hə, qarşı tərəfimizdəki düşmən qüvvələrin bu “kosmik silahlarını” dərk edincə, nə deyim daha, əvvəl əhvalım xeyli dərəcədə pozuldu. Ancaq sonra özümü ələ alıb kosmos mövzusu ilə yaxından tanış olmaq qərarına gəldim. O kitaba əl atdım, bu kitaba, internet saytlarında günlərlə apardığım araşdırmalar axırda məndə bir fikir yaratdı: hə, bu dəfə biz kosmik kainatdan gələn bir başqa, daha təhlükəli bir hadisə ilə üz-üzəyik. Söhbət 2012-ci ilin 21 dekabr tarixində kosmosda baş verəcək “planetlərin paradı”ndan gedir. Artıq bütün dünya astrofizikləri həyəcan təbili çalmaqdadır - Amerikanın NASA kosmik proqramlar rəhbərliyi, necə deyərlər, “cidanı çuvalda gizləyə bilmir” daha. “26 min ildən bir Günəş sistemində baş verən yerdəyişmə məhz 21 dekabr 2012-ci il tarixinə düşür” - deyib sual dolu baxışlarla Ağ Evə tərəf baxırlar. Bu vaxt Günəş sistemindəki bütün planetlər, habelə bəzi başqaları, paraddakı kimi, Günəş başda olmaqla bir xətt boyu düzülüb kosmosda nəhəng “dəhliz” yaradacaq. Digər tərəfdən bəlli olur ki, bu müdhiş “ulduz paradı”ndan hələ lap uzaq keçmişdə qədim mayya hinduları xəbərdar imişlər. Mayya hindularının qədim təqvimi öz dəqiqliyi ilə indi də alimləri təəccübləndirir-bəzi hallarda o, bizimkindən dəfələrlə dəqiqdi. Bax, bu dəqiq təqvimdə qeyd olunur ki, Günəş indiyədək üç dəfə kosmosda öz yerini dəyişib, sonuncu dəfə bu, 21 dekabr 2012-ci ildə baş verəcək, nəticədə bütün aləmdə oturuşmuş təbiət qanunları pozulacaq... Bir sözlə, “məhşər, apokalipsis günü” artıq yavaş-yavaş təqvimdə öz dəqiq gününü tapır. Alimlər əlləri üzlərində, teleskoplardan gözlərini kənara çəkmir, sarı mətbuat öz oxucularına qırmızı rəngli “SOS!” siqnalı göndərir. Digər tərəfdən, 21.12. 2012 tarixinin numeroloji siması da, belə deyək, heç də ürəkaçan deyil - polindrom tarixdi, qədim dərvişlər demiş “əvvəl-axırdı”, yəni əvvəldən də, axırdan da eyni cür oxunur deyə sanki Axirət günündən xəbər verir. Alimlər buna həm də XRONOANOMALİYA, “təqvimin sıfırlanması” da deyirlər. Həmin tarixdə “12” rəqəmini üç dəfə səslənməsinə bir başqa cür baxanlar da var. Bəziləri elə bilir ki, bu zaman 12-ci İmam intizarına axır nöqtə qoyulacaq. Qısası, dəsmal götürüb ağlayın, vəziyyət lap qəlizləşib deyəsən. Bu dəfəki “21 Azər” tariximiz, 1945-ci ildəki ilə müqayisədə daha vahiməli görünür vallah...
Nitqimdəki qısa fasiləni hiss edincə Tural fikirlərimi davam etdirir sanki: *** Tural bu cümləsini deyərkən xatirimdə Rəşid, Azər, Zərifə kimi keçmiş..., yox, əbədi pionerlərimizin solmaz şəkilləri canlandı. Yeni pionerimizə - Turala baxınca azca gülümsədim. Xatirimdə həmin filmin son cümləsi təkrarlandı: “Bu cür övladları olan vətən məğlubedilməzdi”. Danışdığınız mövzu nə qədər qəliz, mistik, elmi olsa da mən kimilər ondan bircə nəticə çıxaracaq - artıq vətən övladlarımız istər ambarsumyanlara, istər gələn il kosmik kainatda baş verəcək misilsiz ulduz paradına cavab verməyə hazırdırlar. Əgər bunu dahi Nizami, Əlisəttar Atakişiyev, hətta başqa bir yerlimiz Zaxariyya Siçin də bilirmişsə, bu barədə dünyanı xəbərdar edirmişlərsə, deməli, biz də elə lap çoxdan bu görüşə hazırıq. Bəlkə bax bu hazırlığımız da gələcəkdə bizi “Sehrli xalat”ın - “Qüdrətli xan həzrətləri! Qüdrətli xan həzrətləri! Göyün yeddinci qatında Ütəriyyə, Müştəri, Mürrix, Çəyvan və Nahid ulduzları təxti-tacımıza, səltənətimizə qarşı qorxulu vəziyyətdə asılıb qalıblar” - həyəcan təbilindən qurtaracaq... *** Tural Məmmədov gənc olmağına baxmayaraq məndə çoxbilmiş alim təsəvvürü yaratdı. O, Kiyevdə anadan olsa da hələ bələkdəykən Göyçə gölü ətrafında öz kiçik toy məclisini keçirib. Bu toy Göyçədəki bəlkə də ən sonuncu toy məclisi imiş bizlərin. Sonra tale Turalı öz qanadları üzərində Kiyevə, daha sonra uzaq İtaliyaya atıb. Əvvəlcə Tural İtaliya həyatının qorxulu tərəflərini də görüb - Rudolfo Markoni adlı bir dələduzun şirkətində çalışıb. Sən demə, bu şəxs hətta Berluskonini də aldadırmış. Lakin “Ulduz” jurnalındakı ulduz təsvirləri sanki sonra araya qarışıb Turalı Bolonya Universitetinin astrofizika fakültəsinə gətirib. Turalın dediyinə görə, birinci il fakültədə 100-dək tələbə varmışsa, gələn il tələbələrin sayı 18-dək azalıb. Təhsilini artıran Tural indi çox böyük nailiyyət əldə edib - Avropa astrofiziklərinin İsveçrədə həyata keçirdiyi ən bahalı (9 milyard avro!) layihəsi “Gern (LHC)”-ə dəvət alıb. *** “Pianar”larımızın ulduz səyahəti uğurla davam edir. İndi Tural İsveçrədə qurulmuş dünyada ən böyük fotoaparatdan kosmik fəzalarına baxmaq imkanı qazanıb. Hamı intizardadır: kosmik fəzada nələrin şəklini çəkəcək bizim Tural? “Sehrli xalat”dakı kimi “gülümsə...bax belə...” - deyə-deyə kimlərin, nələrin tanış simasını hədiyyə edəcək qoca tarixə? Həmid HERİŞÇİ
4008 dəfə baxılıb
|
[24.03.2012] - PAYTAXTDA TAXTA KOMADA YAŞAYAN KÖÇKÜN AİLƏSİ... [12.10.2011] - AXİRƏT SEVDASI... [28.07.2011] - RAMAZAN AYI İLƏ İXLASLI NİYYƏTLƏRƏ DOĞRU [03.05.2010] - DÜNYANIN İLGİNC TOY ADƏTLƏRİ [01.05.2010] - “KÖMƏK EDİN, ARVADIM MƏNİ DÖYÜR...” [07.03.2010] - ƏN SAĞLAM MƏTBƏXİ OLAN 10 ÖLKƏ [02.03.2010] - “EV HEYVANLARI İNSANA MÜSBƏT ENERJİ VERİR” [15.02.2010] - AZƏRBAYCANDA ÖLMƏK NEÇƏYƏDİR? [13.02.2010] - ASTA SÜR MAŞINI, AMANDIR, XANIM... [08.02.2010] - BÖYÜK ÇİLLƏ, KİÇİK ÇİLLƏ... [03.02.2010] - TANINMIŞ XANIMLAR FALÇIYA İNANIRLARMI? [02.02.2010] - SAÇ TÖKÜLMƏSİNİ ÖNLƏMƏK OLAR, ƏGƏR... [31.01.2010] - KİM SEVİRSƏ İDMANI... [30.01.2010] - KİBRİT QUTUSU ÖLÇÜSÜNDƏ İZLƏMƏ APARATLARI SATIŞA ÇIXARILDI [27.01.2010] - HAİTİLİ UŞAĞI ÖVLADLIĞA GÖTÜRƏRSİNİZMİ? [27.01.2010] - SOYUQ HAVALARDA QİDALANMAYA XÜSUSİ DİQQƏT EDİLMƏLİDİR [26.01.2010] - KİŞİLƏRİN ZİNƏT TAXMASI CAİZDİMİ? [20.01.2010] - “ALO, EŞİDİRƏM...” [19.01.2010] - AZƏRBAYCANDA İCTİMAİYYƏT “KURDLAR VADİSİ”ni İZLƏYİRMİ? |
| Yeni MÜSAVAT © 2008 |
|