 |
Yaşam
“YOLKA” BƏZƏMƏK TÜRK ADƏTİDİR... 2009-12-28 Şamanların həyat ağacı kimi sitayiş edib bəzədikləri şam ağacının xristianlığa dəxli yoxmuş Evlərində bəzənmiş şam olan müasir “şamanlarımız” kimlərdir?
|
Yeni il şənliyinin əsas atributlarından biri yolka ağacıdır. İndiyədək də çoxları yolka (şam ağacı) bəzədilməsini xristian ənənəsi hesab edir. Türkiyəli alimlər isə uzun araşdırmalarından sonra bəyan ediblər ki, şam ağacı bəzəmək türk gələnəyidir. Tarixçi və şumeroloq türk alimi Müəzzəz İlmiyə Çığın qənaətinə görə, əski türklərdə yerin mərkəzindən göyə qədər yüksələn ağac təsəvvürü var ki, bu da həyat ağacı anlamındadır. İnanclara görə, həmin ağacın ucunda Göy Tanrı var. Bu bayramda isə həmişəyaşıl həyat ağacı bəzədilərmiş və onun altında Göy Tanrıya sitayiş olaraq müxtəlif sovqatlar qoyularmış. İlmiyə Çığın bildirdiyinə görə, həmin ağac şamanların müqəddəs hesab etdiyi şam ağacıdır ki, onun bəzədilməsi ənənəsi qədim şumerlərdə də olub. Tarixçi bunun miladla və yeni illə heç bir əlaqəsinin olmadığını, bu adətlərin türklər vasitəsilə Avropaya keçdiyini qeyd edib: “Bu adət türklər vasitəsi ilə Avropaya keçib. İlk dəfə İznik şurasında din adamları bu adəti həzrəti İsanın doğum günü kimi qeyd etməyi qərarlaşdırırlar. Amma ağac qurmaq və bəzəmək XVI əsrdə ilk dəfə Almaniyada başlayıb və daha sonra Fransaya keçərək bütün dünyaya yayılıb”. Beləcə, şəninə nəğmələr qoşulan, uşaqların sevimlisi olan al-əlvan, “şən yolka” Milad bayramının əsasını təşkil edib. Hazırda yaşıllığın qorunması xatirinə təbii şam ağaclarının yox, süni yolkaların bəzədilməsi ənənəsi yaranıb. Bəs görəsən Azərbaycanın tanınmışlarından kimlər öz evində yolka bəzəməyə üstünlük verir? Sualla siyasətçilərə, deputatlara, müğənnilərə müraciət etdik. Ümid Partiyasının sədri İqbal Ağazadə yolka bəzəyini “uşaqları sevindirmək üçün vasitə” hesab etsə də, bayram atributlarına xüsusi önəm vermir. Amma 5 və 11 yaşlı uşaqlarının istəyi ilə evlərində yolka bəzənib: “Bu, dünyanın qəbul etdiyi bayramdır. Yolka, yaxud Şaxta babanın hansı millətə aid olmasının mənim üçün önəmi yoxdur. Əsas odur ki, bu bayram uşaqları çox sevindirir. Təki uşaqlar sevinsin, bu sevincin ovqatını yaşamaq mənim üçün xoşdur ” Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu isə Yeni il bayramından çox Dünya Azərbaycanlılarının Həmrəyliyi gününü bayram kimi qeyd etməyin tərəfdarıdır: “Yeni ili əlamətləndirəcək heç bir atributu qəbul etmirəm. Mənim üçün ilin dəyişməsi əlahiddə bir hadisə deyil. Mən və ailəm 31 dekabr tarixini daha çox Dünya Azərbaycanlılarının Həmrəyliyi günü kimi qeyd etməyin tərəfdarıyıq. Evdə yolka bəzənmir və bu, 11 yaşlı oğlumun da marağında deyil. Buna baxmayaraq, onun yeni illə əlaqədar keçirilən şənliklərdə iştirak etməsinə icazə verirəm. Amma Novruz bayramını ailəmizlə daha təntənəli qeyd edirik və bayram ənənələrini, milli ayinləri qorumağa çalışırıq”. Millət vəkili Aynur Camalqızı da yolka bəzəmək ənənəsinə ailələrində müstəqillik dövründən son qoyulduğunu bildirdi: “O vaxtadək bizim də ailədə əksər ailələrdə olduğu kimi yolkanın xoş ovqatı yaşanıb. Amma müstəqillik dövründən sonra biz yolka bəzənməsini yabançı bir ənənə kimi qarşıladıq”. Müğənni Aygün Kazımovanın evində yeni il əlamətinin necə keçirilməsinə köməkçisi Almaz xanım qeyri-müəyyən cavab verdi: “Məgər siz yeni ildə evinizdə yolka bəzəmirsiz? Olmaya bu sualı verməkdə Aygün Kazımovanın islama necə münasibət bəslədiyini öyrənmək istəyirsiz? Mən sizə dəqiq deyə bilmərəm, o, evində yolka bəzəyir, ya yox”. Müğənni Nüşabə Ələsgərli isə hər il evində yolka bəzənmə ənənəsini bu il icra etmək niyyətində deyil. Səbəbini isə müsəlmanların Məhərrəm ayı ilə əlaqələndirdi: “Uşaqlar hər il evdə yolka bəzənməsini istəyir və mən də onların arzusunu yerinə yetirirəm, amma bu il biz qərara gəldik ki, yolka bəzəməyək, çünki Məhərrəm ayıdır. Hər ilki kimi bu il də mən Yeni il gecəsini ailə üzvlərimlə birgə keçirəcəm”. “Yeni Müsavat”ın redaktoru Xalid Kazımlı isə yolkanın evlərində hələ bir ay əvvəldən bəzəndiyini bildirdi. Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu da nəvəsi azyaşlı olduğuna görə evində yolka bəzənmədiyini dedi: “O ki qaldı qəbul edilmiş dəyərlərin hansı xalq tərəfindən axtarılmasına, mən bunu o qədər də məqbul hesab etmirəm. Ağacların bəzədilməsi təkcə türklərdə deyil, başqa xalqların mifologiyasında da var. Gözümüzü açandan görmüşük ki, yolka ağacları bəzədilir. Amma hazırda biz yolka ağacının bəzədilməsinə o qədər də əhəmiyyət vermirik. Çünki yolka adətən uşaqları sevindirmək üçün bəzənir. Mənim nəvəm isə kiçikdir, hələ 1 yaşı var. Yəqin ki, onun da bəzəkli yolkaya baxıb sevinmək məqamı çatanda biz yolka bəzənməsinə üstünlük verəcəyik”. “Yolka” sorğusuna çəkdiyimiz tanınmışların fikirlərindən də bu qənaətə gəlmək olar ki, bayram atributlarına önəm verməkdə əsas məqsəd şən ovqat yaratmaq üçündür. Bayramınız mübarək! S.HİLALQIZI 1686 dəfə baxılıb
|
[12.10.2011] - AXİRƏT SEVDASI... [28.07.2011] - RAMAZAN AYI İLƏ İXLASLI NİYYƏTLƏRƏ DOĞRU [03.05.2010] - DÜNYANIN İLGİNC TOY ADƏTLƏRİ [01.05.2010] - “KÖMƏK EDİN, ARVADIM MƏNİ DÖYÜR...” [07.03.2010] - ƏN SAĞLAM MƏTBƏXİ OLAN 10 ÖLKƏ [02.03.2010] - “EV HEYVANLARI İNSANA MÜSBƏT ENERJİ VERİR” [15.02.2010] - AZƏRBAYCANDA ÖLMƏK NEÇƏYƏDİR? [13.02.2010] - ASTA SÜR MAŞINI, AMANDIR, XANIM... [08.02.2010] - BÖYÜK ÇİLLƏ, KİÇİK ÇİLLƏ... [03.02.2010] - TANINMIŞ XANIMLAR FALÇIYA İNANIRLARMI? [02.02.2010] - SAÇ TÖKÜLMƏSİNİ ÖNLƏMƏK OLAR, ƏGƏR... [31.01.2010] - KİM SEVİRSƏ İDMANI... [30.01.2010] - KİBRİT QUTUSU ÖLÇÜSÜNDƏ İZLƏMƏ APARATLARI SATIŞA ÇIXARILDI [27.01.2010] - HAİTİLİ UŞAĞI ÖVLADLIĞA GÖTÜRƏRSİNİZMİ? [27.01.2010] - SOYUQ HAVALARDA QİDALANMAYA XÜSUSİ DİQQƏT EDİLMƏLİDİR [26.01.2010] - KİŞİLƏRİN ZİNƏT TAXMASI CAİZDİMİ? [22.01.2010] - İXTİRA SATILIR [20.01.2010] - “ALO, EŞİDİRƏM...” [19.01.2010] - AZƏRBAYCANDA İCTİMAİYYƏT “KURDLAR VADİSİ”ni İZLƏYİRMİ? [31.12.2009] - HANSI ÖLKƏ YENİ İLİ NECƏ QARŞILAYIR? ARXIV
|