 |
Yaşam
KİŞİLƏRİN ZİNƏT TAXMASI CAİZDİMİ? 2010-01-26 Tanınmışlar arasında zinət əşyalarının insan iradəsini zəiflətdiyini düşünən də var Dini ekspert: “Quranda kişilərin zinət əşyalarından istifadəsi haram sayılır”
|
Ən qədim zamanlardan zinət əşyaları insanların həyatında önəmli bir yerə sahib olub. Zaman keçdikcə bu əşyaların dəyəri artıb, bununla əlaqədar insanlarda həmin əşyaları ələ keçirmək, daha da varlanmaq ehtirası baş qaldırıb. Əvvəllər zinət əşyalarından yalnızca qadınlar istifadə etsələr də, günümüzdə kişilər də onlara az maraq göstərmirlər. Bəs kişilərin zinət əşyaları taxmasına münasibət necədir? Bu sualın cavabını öyrənmək üçün tanınmışlara müraciət etdik. Professor Qabil Hüseynlinin sözlərinə görə, kişilərin zinət əşyası taxması bizim milli tələbatımıza uyğun deyil: “Kişilərin zinət əşyalarından istifadə etməsini heç də normal hal kimi dəyərləndirmirəm. Biz Şərq xalqıyıq və xalqımızın adət-ənənələri, həyat tərzi nümunələri var. Kişilərin öz geyim tərzləri olub. Azərbaycan xalqında kişilərin xarakterik geyim tərzi papaq, arxalıq, çuxa kimi geyimlər olub. Müasir dövrdə də kişilərin geyim tərzində elə ciddi dəyişikliklər olmayıb, avropalılaşmışıq. Amma bu avropalılaşma bizdə müəyyən şeyləri dəyişdirib. Tutaq ki, çuxanın əvəzinə kostyum-şalvar geyinirik, başımıza nisbətən modern papaqlar qoyuruq. Bəzi kişilərimiz də var ki, əvvəlki papaq növlərini saxlayır, amma həmin kişilərin ağlına belə gəlməz ki, qulaqlarına tana taxsınlar. Avropadan gələn mədəniyyətin müəyyən üstünlükləri olsa da, özü ilə birlikdə ”kütləvi mədəniyyət" deyilən mədəniyyətin bəzi eybəcər nümunələrini də gətirir. Qulağa tana taxmaq, bədənə şəkillər çəkdirmək, xüsusilə də bədənin açıq yerlərinə, daha sonra saçı müxtəlif formalara saldırmaq və başqa şeylər. Burada milli zövq anlayışına uyğunluq yoxdur. Həyatımızda olan hər şey milli adət-ənənəlimizə, həyat tərzimizə, milli gerçəkliyimizin tələbatına uyğun olmalı, bu şəkildə formalaşmalıdır. Kişilərin zinət əşyası taxması bizim milli tələbatımıza uyğun deyil".<%1> Dinşünas-ekspert Kənan Rövşənoğlunun fikrincə, kişilərin zinət əşyası taxması haramdır: “Kişilərin xüsusilə də qızıldan istifadə etməsi dini baxımdan haram hesab edilir. Qadınlar üçün qızıldan istifadə etmək halal sayılır, bu, Quranda da var. Lakin kişilərə qızıl əşyası taxmaq, qızılı qiymətləndirmək haramdır”. ADP sədri Sərdar Cəlaloğluna görə isə zinət əşyaları insan iradəsini zəiflədir: “Kişilərin qızıl əşyası taxması, ipək geyinməsini Quran qadağan edir. Zinət əşyaları insan iradəsini zəiflədir, diqqəti yayındırır. Roma imperiyasının süqutunu da Romanın cah-cəlalı ilə əlaqələndirirlər. Romanın sərvəti o qədər çox idi ki, kişilər də qadınlar kimi zinət əşyaları taxırdılar və sonda Roma süquta uğradı. Mənə elə gəlir ki, şəxsiyyətin özünün də süqutunun əsasında cah-cəlalla bağlılıq durur. Zinət əşyaları insanı öz qarovulçusuna çevirir, sosial həyatdan, inkişafdan geridə qoyur”. S.Cəlaloğlu insanların zinət əşyalarına meylli olmasını Azərbaycanda iqtisadi inkişafın zəif olmasının əsas səbəblərindən hesab edir: “Tək qadınlar deyil, kişilərin də zinət əşyalarına meylli olmasını çox ziyanlı hesab edirəm. İnsanlar nə qədər çox zinət əşyalarına meyl edirsə, o qədər də kapital yığımı azalır. Nə qədər kapital yığımı azalırsa, bazar iqtisadiyyatı o qədər zəifləyir. Bu baxımdan da insanların zinət əşyalarına meylli olmasını Azərbaycanda iqtisadi inkişafın zəif olmasının əsas səbəblərindən biri sayıram. Həm dini, həm iqtisadi, həm də mənəvi nöqteyi-nəzərdən kişilərin və qadınların zinət əşyalarına meylli olması böyük bir sosial qüsurdur”. Millət vəkili Nazim Məmmədov qızıl nişan üzüyünü taxdığını bildirib. Qəzetlərdən birinə müsahibəsində o, qızıl yox, qızıl suyuna çəkilmiş saat taxdığını deyib. Millət vəkili bildirib ki, qızıla güclü bir marağı yoxdur: “Uşaq vaxtı qardaşımla oyun zamanı qabaq dişimin bir hissəsi qırılmışdı. Haradasa 1977-ci il olardı. Onda müasir texnologiyalar yox idi. Valideynlərim qırıq görünməsin deyə, iki dişimə qızıl saldırmışdılar. Etiraf edim ki, bu qızıl mənim xoşuma gəlmirdi. Ancaq Azərbaycanda başqa texnologiyalar yox idi. Sonra mən Rusiyada instituta qəbul oldum, Qərb texnologiyaları SSRİ-yə ayaq basmağa başladı. Və mən o qızılları keramika ilə əvəz etdirdim. Ona görə demək olmaz ki, mənim qızıla güclü marağım var”. Şahnaz NOVRUZQIZI 1366 dəfə baxılıb
|
[12.10.2011] - AXİRƏT SEVDASI... [28.07.2011] - RAMAZAN AYI İLƏ İXLASLI NİYYƏTLƏRƏ DOĞRU [03.05.2010] - DÜNYANIN İLGİNC TOY ADƏTLƏRİ [01.05.2010] - “KÖMƏK EDİN, ARVADIM MƏNİ DÖYÜR...” [07.03.2010] - ƏN SAĞLAM MƏTBƏXİ OLAN 10 ÖLKƏ [02.03.2010] - “EV HEYVANLARI İNSANA MÜSBƏT ENERJİ VERİR” [15.02.2010] - AZƏRBAYCANDA ÖLMƏK NEÇƏYƏDİR? [13.02.2010] - ASTA SÜR MAŞINI, AMANDIR, XANIM... [08.02.2010] - BÖYÜK ÇİLLƏ, KİÇİK ÇİLLƏ... [03.02.2010] - TANINMIŞ XANIMLAR FALÇIYA İNANIRLARMI? [02.02.2010] - SAÇ TÖKÜLMƏSİNİ ÖNLƏMƏK OLAR, ƏGƏR... [31.01.2010] - KİM SEVİRSƏ İDMANI... [30.01.2010] - KİBRİT QUTUSU ÖLÇÜSÜNDƏ İZLƏMƏ APARATLARI SATIŞA ÇIXARILDI [27.01.2010] - HAİTİLİ UŞAĞI ÖVLADLIĞA GÖTÜRƏRSİNİZMİ? [27.01.2010] - SOYUQ HAVALARDA QİDALANMAYA XÜSUSİ DİQQƏT EDİLMƏLİDİR [26.01.2010] - KİŞİLƏRİN ZİNƏT TAXMASI CAİZDİMİ? [22.01.2010] - İXTİRA SATILIR [20.01.2010] - “ALO, EŞİDİRƏM...” [19.01.2010] - AZƏRBAYCANDA İCTİMAİYYƏT “KURDLAR VADİSİ”ni İZLƏYİRMİ? [31.12.2009] - HANSI ÖLKƏ YENİ İLİ NECƏ QARŞILAYIR? ARXIV
|