12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Yaşam

AZƏRBAYCANDA ÖLMƏK NEÇƏYƏDİR?

2010-02-15

Yaxını rəhmətə gedənlər özləri də borc-xərcdən ölür; Bakıda bir məzarın yeri 2-5 min manata satılır

Rüşvətxorluğun sonuncu instansiyası da elə son mənzildir. Yəni bizdə ölmək də pulladır. Xüsusilə Bakıda ölü sahibi mərhumla bərabər ölüb-dirildilir. Yas mərasimlərinin dəbdəbəli keçirilməsi, israfçılığa yol verilməsi, qəbir yerlərinin satılması mətbuatda tez-tez tənqid olunur. Ancaq bu tənqidlər heç bir fayda vermir, indiyə qədər dövlət səviyyəsində ciddi ölçü götürülməyib. Hətta parlamentdə bu mövzu dəfələrlə müzakirə olunsa da bu ənənə olduğu kimi qalır.

Ölkəmizdə vəziyyət elədir ki, adam doğum evindən ölüm evinə qədər rüşvət paylayır.
Görünür, insanlar da bu qaydaları dəyişmək niyyətində deyil. Ölü sahibləri bu mərasimləri ağır maddi şərtlər altında keçirir. Qeyd edək ki, paytaxt və bölgələr arasında ölmək fərqləri var. İlk növbədə ölüm haqda şəhadətnamənin alınması, qəbiristanlıq rəhbərliyinə təqdim olunacaq ölümlə bağlı arayışın hazırlanması, meyitin yuyulub kəfənlənməsi, qəbir yeri alınması, qəbirin qazılması, mərhumun dəfni, başdaşı hazırlanması, çadırların kirayəsi və s. Rayon yerlərində bu işləri mərhumun yaxınları həyata keçirir. Lakin Bakıda bu işləri məscidlərdə görürlər. Bəs neçəyə? Yas xərclərini hesablayanda hər məscidin öz tarifinin olduğu ortaya çıxdı.

Ölü aparan maşının qiyməti markasından asılıdır

“Sovet vaxtı insanlar məcburiyyət qarşısında məscidlərdə yuyucuxanalar (yuyatxana da deyirlər) yaratdı. Buna böyük ehtiyac vardı. Əslində məscid namaz qılmaq üçündür. Şəriət qanunlarına görə, hər bir şəxs öz ölüsünü yumalı, qəbrini qazmalı, kəfənini biçməlidir. Əgər bunu bacarmırsa, başqa müsəlmandan yardım istəyə bilər. Ən sonda məscidə müraciət etməlidir. Bununla belə ölünün məsciddə yuyulması şəriətə tamamilə zidd olan bir əməldir”.
Bunu bizə Yasamal qəbiristanlığında oturan Molla Salman adlı din xadimi deyir. Onun sözlərindən aydın olur ki, məscidlərin ölü sahibindən meyiti yumaq üçün pul tələb etməyə ixtiyarı yoxdur. Bu həm günah, həm də cinayətdir. Yalnız ölü yiyəsi özü müəyyən qədər zəhmət haqqı verə bilər. O da halallıq üçün. Hazırda məscidlərdə ölü yumağa orta hesabla 30-35 manat qiymət “oxunur”. Halbuki bu qiymətlərin kimin tərəfindən müəyyənləşdirildiyi məlum deyil.
Məsciddə ölü sahibini soyma kampaniyası bununla yekunlaşmır. Əksinə, məscidlər bu sahədə rüşvətin başlanğıc nöqtəsinə çevriliblər. Mərhumun qəbiristanlığa aparılması üçün maşın xərcləri bir qədər mübahisə doğuran məsələdir. Mərhuma verilən hörmət meyarı maşının markası ilə ölçülür. Elə məsafə də nəzərə alınır. Ölü aparan maşının xərcləri 100-300 manat arasında dəyişir. İmkanı olmayan vətəndaşlar yaxınlarının maşınından da istifadə edə bilər. Ancaq buna nadir hallarda rast gəlmək olar. Çünki meyit aparan xüsusi maşınlar ayrılıb.

Son mənzil də elə adi mənzil kimi bahadır

Azərbaycanda bələdiyyələrin funksiyasının torpaq satmaqdan ibarət olduğu heç kimə gizli deyil. Parlamentdə qəbir yerlərinin satılmasının cinayət olduğu dəfələrlə vurğulanıb. Ancaq bu cinayətkarlığa nə son qoyan, nə də məhəl qoyan var. Paytaxtda ölü sahibi üçün ən mürəkkəb problem qəbir yerinin alınmasıdır. Ölü sahibi yaşadığı əraziyə yaxın və cibinə münasib yer axtarır. Ancaq indi həm qəbir yeri almaq çətinləşib, həm də qiymətlər kəllə-çarxa qalxıb. Qəbiristanlıqlarda yer tapmaq olmur, çox torpaqlar satılıb.
Nəticədə şəhərin kənarında yerləşən məzarlıqlara üz tuturlar.
Bundan başqa adətən əslən rayonlardan olan Bakı sakinləri öz yurdlarında dəfn olunmağa üstünlük verir, belə vəsiyyət edirlər. Çünki rayon yerlərində qəbir yerləri satılmır. Bakıda isə bu məsələdə biabırçılıqdır, çünki burada hər bir qəbiristanlığın öz torpaq məzənnəsi var. Qiymətlərə gəlincə isə orta rəqəmlə 200 manatdan 5000 manata qədər qəbir torpağı satılır. Maraqlısı odur ki, qəbiristanlığa məsul olan şəxslər qəbir yerlərinin satıldığını etiraf etmirlər. Bir qədər dilə tutandan sonra müəyyən razılığa gəlmək olur. Bakı və paytaxtətrafı yaşayış massivlərində olan qəbiristanlıqlarda torpaq sahələri müxtəlif qiymətlərə təklif olunur. Onu da deyək ki, məzar üçün götürülən torpaq sahəsi kvadratmetrlə satılır. Biləcəri qəbiristanlığında 1 kvadratmetrin qiyməti 300-500 manat arasında dəyişir. Ən yaxşı qəbir yerinin 1 kvadratmetri 800-1000 manatdan ucuz deyil. Günəşli qəbiristanlığında bu məbləğ 400-1500 manat, Badamdar qəbiristanlığında 500-1500 manat, Qaraçuxur qəbiristanlığında 200-1000 manat, “Qurd qapısı” qəbiristanlığında 1000-3000 manat civarındadır. Yasamal qəbiristanlığında isə qəbir yerləri 2000-3000 manatdır. Paytaxtda qəbir üçün ən ucuz yer Hövsandadır. Burada 150-300 manata da yer almaq mümkündür. Xırdalan qəbiristanlığında isə 800-2000 manata məzar yeri almaq olar.
Qeyd edək ki, hazırda bir çox məzarlıqlarda bəzi şəxslər “ailəvi məzarlıq” üçün hətta 1 sota qədər yer əldə ediblər. Bu səbəbdən qəbiristanlıqlarda satlıq torpaq sahələri xeyli dərəcədə azalıb. Torpaq sahələrinin azalması nəticəsində qiymətlərdə artım müşahidə olunur.

Qəbirqazanlar yuxarılarla 50/50-yə işləyir

Dəfn xərcləri təkcə bununla bitmir. Qəbir qazmaq üçün tələb olunan zəhmət haqqı 70-100 manatdır. Bu işi mütləq həmin məzarlığın öz qəbirqazanları icra etməlidir. Vicdanlı qəbirqazan kasıblardan 70 manat, varlılardan isə 100-200 manat istəyir. Qəbirqazanlar gün ərzində bəzən 2-3 qəbir qaza da bilir. Yasamal qəbiristanlığındakı Molla Sadıq qazandıqları pulun 50 faizini qəbiristanlığın rəhbərliyinə ödədiklərini deyir: “Həmin puldan təxminən 30-40 manat mənə çatır”.
Qəbir qazılmasında qəbirlərin ölçüsü qiymətlərə təsir edir. Bəs qəbir yerlərinin satışından gələn xərclər hara gedir? Adının çəkilməsini istəməyən Yasamal qəbiristanlığının işçisi bildirdi ki, qəbiristanlıqlar yerli bələdiyyələrin və Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin balansında olduğuna görə qəbir yerlərinin satışından əldə edilən gəlir həmin qurumların büdcəsinə daxil olur. Boş torpaq sahələrinin qiymətlərinin dəyişməsi bilavasitə həmin qurumların rəhbərlərinin təyin etdiyi rəqəmlərin günbəgün artması ilə əlaqədardır.

Emil SALAMOĞLU

2510 dəfə baxılıb

Xəbəri paylaş

[12.10.2011] - AXİRƏT SEVDASI...

[28.07.2011] - RAMAZAN AYI İLƏ İXLASLI NİYYƏTLƏRƏ DOĞRU

[03.05.2010] - DÜNYANIN İLGİNC TOY ADƏTLƏRİ

[01.05.2010] - “KÖMƏK EDİN, ARVADIM MƏNİ DÖYÜR...”

[07.03.2010] - ƏN SAĞLAM MƏTBƏXİ OLAN 10 ÖLKƏ

[02.03.2010] - “EV HEYVANLARI İNSANA MÜSBƏT ENERJİ VERİR”

[15.02.2010] - AZƏRBAYCANDA ÖLMƏK NEÇƏYƏDİR?

[13.02.2010] - ASTA SÜR MAŞINI, AMANDIR, XANIM...

[08.02.2010] - BÖYÜK ÇİLLƏ, KİÇİK ÇİLLƏ...

[03.02.2010] - TANINMIŞ XANIMLAR FALÇIYA İNANIRLARMI?

[02.02.2010] - SAÇ TÖKÜLMƏSİNİ ÖNLƏMƏK OLAR, ƏGƏR...

[31.01.2010] - KİM SEVİRSƏ İDMANI...

[30.01.2010] - KİBRİT QUTUSU ÖLÇÜSÜNDƏ İZLƏMƏ APARATLARI SATIŞA ÇIXARILDI

[27.01.2010] - HAİTİLİ UŞAĞI ÖVLADLIĞA GÖTÜRƏRSİNİZMİ?

[27.01.2010] - SOYUQ HAVALARDA QİDALANMAYA XÜSUSİ DİQQƏT EDİLMƏLİDİR

[26.01.2010] - KİŞİLƏRİN ZİNƏT TAXMASI CAİZDİMİ?

[22.01.2010] - İXTİRA SATILIR

[20.01.2010] - “ALO, EŞİDİRƏM...”

[19.01.2010] - AZƏRBAYCANDA İCTİMAİYYƏT “KURDLAR VADİSİ”ni İZLƏYİRMİ?

[31.12.2009] - HANSI ÖLKƏ YENİ İLİ NECƏ QARŞILAYIR?

ARXIV

Yeni MÜSAVAT © 2008