24 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Yazarlar

QİYAMƏTİN JURNALI

2012-02-04

Lap köhnədən bizdə xasiyyətdir, hava bir az pis olan kimi deyirik, qiyamətdir. Bu sözü bərk istidə də deyirlər, leysan yağışda da, qar-boran olanda da, bərk külək əsəndə də. Bir sözlə, havanın hərarəti Selsi ilə müsbət 26 olmayanda bu, xoşumuza gəlmir və təbiət hadisəsinin adını yenidən qoyuruq: “Sibir soyuğu”, “cəhənnəm istisi”, “Nuhu aparan sel”, “səhra küləyi” və s.

Bax, indi də neçə gündür havanın üzü çönüb və camaat başlayıb qiyamətdən, dünyanın sonunun çatdığından danışmağa. Hətta bir sıra savadlı adamlar oturub dini kitabları vərəqləyirlər ki, görsünlər 1400, 2000, 5000 il qabaq o kitablarda bu günün hava proqnozu barədə nəsə varmı. İndiyədək çox eşitmişik ki, müqəddəs kitablarda ümumdünya daşqını olacağı barədə xəbərdarlıq var, amma onu paraqrafı, səhifəsi, abzası ilə tapıb ortaya çıxaran yoxdur.
Oxuduğuma və eşitdiyimə görə, dünyanın sonunun çatmasının, klassik şairimiz demişkən, “türfə əlamətləri var”. Onlardan biri həmişə olub və heç vaxt bir faktor olaraq aradan çıxmayıb. Bu əlamət dünyada zalımların hökmdar olmasını ehtiva edir. Tərs kimi, dünya binnət olanda dürlü-dürlü ölkələrdə hakimiyyət başında olan hökmdarların 76,5 faizi (bu, dəqiq göstəricidir) həmişə zalım, qəddar və ədalətsizlərdən ibarət olub. İndi də elədir, bəlkə faiz göstəricisi bir az dəyişib, amma demokratik ölkənin başçısı Sarkozi də o cür haqsız-ədalətsiz iş görəndən sonra kimə etibar var.
Qiyamətin daha bir mühüm əlaməti odur ki, o baş verməzdən əvvəl İsrafil adlı mələk düz 40 gün boyunca zurna (Sur düdüyü) çalmalıdır. Özü də hörmətli mələyin çaldığı nəfəsli musiqi alətinin səsi o qədər pis, beyindələn olmalıdır ki, hamının ondan zəhləsi getsin. Qorxutmaq üçün demirəm, amma bu əlamət də artıq öz yerini alıb, o üzdən gərək İsrafilin manıslıq eləməsini gözləməyək. Yadınıza salım ki, 2010-cu ilin yayında Cənubi Afrika Respublikasında keçirilən futbol mundialı zamanı CAR-lılar (carçılar da demək olar) düz 40 gün - 30 gün çempionat boyunca, 10 gün də ondan əvvəl adına vuvuzela deyilən zurnanı pilədilər. Güman ki, o zurnanı onlara elə İsrafil çaldırırdı, hər halda andır zurnanın səsi bütün dünya əhlini bezdirmişdi.
Deyilənə görə, bəd əlamətlərdən biri də dünyanı qadınların idarə etməsidir. Sağlığınıza, o da artıq ciddi faktordur. Hazırda dünyada 5-6 qadın prezident və baş nazir var, kişi hökmdarların tam əksəriyyəti də xanımlarının sözünə qulaq asır.
Beləliklə, qiyamətin əlamətləri yavaş-yavaş buket halına gəlir. Hələ bu təbii fəlakətlər qiyamətin jurnalıdır (sovet vaxtı kinoteatrlarda bədii filmdən qabaq sənədli film göstərir, adına “jurnal” deyirdilər), görək sonra nə olacaq.
Ancaq qədim kitablar öz yerində, 13 il öncə belə işləri öyrənən alimlərin beynəlxalq simpoziumda verdikləri proqnozlar daha effektiv şəkildə doğrulmaqdadır. Alimlər zurna-murna söhbəti eləməmişdilər, demişdilər, gedişatdan görünür ki, yayda əbədi buzlaqlar əriyəcək, qışda isə heç vaxt qar yağmayan yerlərə qar yağacaq və bunun səbəbi qlobal istiləşmədir.
Alimlər vəziyyətdən çıxış yolu da göstərmişdilər. Di gəl, dünya liderləri onların dediklərini qulaqardına vurdular, alimlər deyəni eləmədilər. Ona görə də vəziyyət bu cürdür və il-ildən daha da pis olacaq.
Dünən bu yazını, bakılılar demişkən, xırda-xırda yazarkən bir simsar adamdan zəng gəldi ki, bəs şəhərin göbəyində yaşayırıq, bir sutkadır işığımız yoxdur. Daha sonra şəhərin baş və ayaq nahiyələrindən də eyni məzmunlu xəbərlər gəldi. Məlum oldu ki, oralara da elektrik enerjisi verməyiblər. Sumqayıtın elektrik şəbəkəsinin işçiləri isə “rubilnik”i vurub, gediblər evlərinə, camaat da qaranlıqda oturaraq tundra küləyinin vıyıltısının səsini verən xəzriyə qulaq asa-asa yerin-yurdun necə Antarktidaya dönməsinə tamaşa eləyib.
Söz yox, bunlar müvəqqəti çətinliklərdir, gün çıxacaq, buzlar əriyəcək. Onda da sel-su küçələri basacaq, çaylar daşacaq. Daha sonra bərk isti olacaq, yer-göy od tutub yanacaq. Ona görə də haray bəri başdan. Gərək hökumət təbiətin şıltaqlıqlarına il on iki ay hazır olsun. Dünyanın o biri ölkələrində belə edirlər. Hələ bizdə yaxşıdır, onlar bir metrlik qarla, 15 santimetrlik buzla mübarizə aparırlar.

504 dəfə baxılıb

Xəbəri paylaş

[23.05.2012] - ZÜLMÜN SONU

[23.05.2012] - AH, QƏDİRBİLMƏZ MÜXALİFƏT

[23.05.2012] - VARİSƏ SÖZARDI

[22.05.2012] - O AĞ ŞEY BİZİ QIRACAQ

[22.05.2012] - ABŞ-dan QORXULU SOS SİQNALI

[22.05.2012] - VİCDAN MƏSƏLƏSİ

[22.05.2012] - “EUROVİSİON” PƏNCƏRƏSİ

[22.05.2012] - DƏYƏNƏYİN GÜCÜNƏ SIĞINMIŞLAR...

[21.05.2012] - ÇUXURA DÜŞƏN ÖLKƏ

[21.05.2012] - Ə NÖQTƏ QARAYEV

[21.05.2012] - FƏDAKAR İNSANLARIN ZİYARƏTİNDƏ

[21.05.2012] - BALIQ NİYƏ DANIŞMIR?

[21.05.2012] - YENİLMƏYƏN RÜŞVƏT

[21.05.2012] - Ə NÖQTƏ QARAYEV

[21.05.2012] - YANUKOVİÇİ DƏ ERMƏNİLƏR VURURLAR?

[21.05.2012] - RUS, FARS, ERMƏNİ... İNDİ DƏ GÜRCÜ?

[20.05.2012] - GÜLLƏLƏNMİŞ HEYKƏLLƏR “KRİSTAL ZAL”A...

[20.05.2012] - HAKİMİYYƏTİN GÜNEY AZƏRBAYCAN OYUNLARI

[20.05.2012] - AVTOBUS TARİXİ

[20.05.2012] - ƏLİ HƏSƏNOV KİMİN SÖZÜNÜ DEYİR?

ARXIV

Yeni MÜSAVAT © 2008