 |
Yazarlar
ARTUR RƏSİZADƏ ÜŞÜYÜR 2012-02-04
|
“Çovğun olan gün küçələrə 229 ton duz səpmişik. 66 tonunu ümumi istifadədə olan yollara, 163 tonunu isə Bakı yollarına. Küçələrə 4050 kubmetr qum səpmişik. 1830 kubmetrini ümumi yollara, 2220 kubmetrini isə Bakıya. Həmin gün yollarda 577 ədəd texnika işlətmişik - 423-ü ümumi yollarda, 154-ü Bakıda. 1817 nəfər işçimiz yol təmizləyib - 1411-i ümumi yollarda, 406-sı isə Bakı yollarında işləyib...” Bu bərli-bəzəkli, əlvan lələkli statistikanı “Azəryolservis” ASC açıqlayıb. Bəri başdan deyim, aydınlıq olsun, fikriniz uzaqlara uçub getməsin. “Azəryolservis” ASC-nin sədri Cavid Qurbanov yoldaşdır. Hamı onu şəhər yollarının qazıcısı Ziya Məmmədovun ən varlı, zirək, pul qazanan müavinlərindən biri, hətta birincisi və sağ əli kimi tanıyır (Yoldaş Qurbanov həm də deputatdır, amma seçicilərinin onu tanıyıb-tanımadığını bilmirəm). 229 ton duz, 4050 kubmetr qum, 577 ədəd texnika... Vaaayyy!!! Bilirəm, bu şaxtalı, qarlı-buzlu havalardan, çovğundan təzə çıxmısınız, özümdən götürürəm, bu dəqiqə bərk yorğunsunuz. Suyun, qazın, işığın olmaması, yolların bərbadlığı da bir yandan ovqatınızı təlx edib. Dəxi mən də sizi əlavə rəqəmlərlə yükləmək, yormaq istəmirəm. Yoxsa durub 229 ton duzu, 4050 kubmetr qumu, 577 ədəd texnikanı, 1817 nəfər işçi qüvvəsini Bakı əhalisinin sayına, Bakı yollarının uzunluğun bölərdik. Dəqiqlik naminə hər 100 min adama, hər kilometrə düşən duzu-qumu son dənəsinə qədər tapıb hesabatını hökumətə yollayardıq. Amma dedim axı, sizi yormaq fikrim yoxdur. Sadəcə onu deyim ki, Bakıda camaatın rahat gediş-gəlişini təmin etmək üçün yollara 163 ton duz səpmək uzağı şit bir anektodun materialıdır, çıxış yolu yox. Bu, təxminən ona bənzəyir ki, dənizdə qərq olan nəhəng bir gəmini xilas etməyə çalışmaq əvəzinə oradan götürdüyün bir qaşığı hamıya göstərib gəmini xilas etmək üçün əlləşdiyini hamıya deyəsən, bunu fəxrlə gözə soxasan. Duz ağır maddədir. Bir çalov duz azı 4-5 kilodur. Bu hesabla 163 ton duz uzaqbaşı bir prospektin yarısında yolun donunu-buzunu açmağa kifayət edər. Ay sizi, duzlu oğlanlar... Qurbanov yoldaş üzdən, zahirən quru, ciddi, qaraqabaq adam təsiri bağışlayır. Amma 2 fevral çovğunu göstərdi ki, belə deyilmiş. “Azəryolservis” çox duzlu-məzəli idarə imiş. Bunu göstərən daha bir sübut odur ki, “Azəryolservis” ehtiyatda kifayət qədər qum-duz, texnika və işçi qüvvəsinin olduğunu da deyir. And içir ki, ehtiyac olsa, yenə tədarük görə bilərlər. Yox, dadaş, qəti ehtiyac yoxdur. Əslində bu söhbəti uzatmağa heç vaxtımız da yoxdur. Təcili olaraq Şabrana getməliyik. Bakı da, burada yaşayan adamlar da elə vacib məsələ deyil. Əsas məsələ Etibar Pirverdiyev yoldaşın mərhum dəvələridir. Xəbəriniz olar yəqin, “Azərenerji” ASC-nin prezidentinin Şabrandakı 5 iri fermada saxladığı dəvələrin 10-u ömrünü bağışlayıb rayonun icra başçısı Novruz Novruzovla yoldaş Pirverdiyevə. Daha 23 dəvə isə yarımcan halda tapılıb və icra başçısı ilə “toklar kralı”nın maddi itkisi böyük olmasın deyə kəsilərək ət kimi restoranlara satılıb. Burada o maraqlı deyil ki, Novruzovla Pirverdiyev yumurtadan yun qırxmaq söhbətini felən-əmələn həyata keçirərək ölmüş dəvələrin yununu da qırxıb özlərinə götürüblər. Məni ayrı şey düşündürür. Dəvələrin ölüm səbəbi nədir? Axı bundan əvvəl də yayılan məlumatlara görə, Pirverdiyev Şabranda dəvələri üçün lüks pəyələr tikdirib. İçində Avropa standartlarına uyğun hər cür şəraiti olan belə villa-tövlədə ölmək özünə və məmur sahibinə hörmət eləyən dəvəyə yaraşarmı heç? Jurnalistlər araşdırıb, səbəb çox baməzədir. Sən demə, “Azərenerji” prezidentinin fermalarındakı isitmə sistemi elektrik enerjisinin kəsilməsi üzündən işləməyib. Tarixdə belə şey görünməmişdi hələ! Son cümləni AMEA Tarix İnstitutunun direktorunun nəzərinə çatdırsınlar deyə yazdım. Məncə, “Azəryolservis” ASC möhkəm səhvə yol verib. 229 ton duzun maliyyəsini Etibar Pirverdiyevin dəvələrinin isinməsinə sərf eləmək, 1817 nəfər işçi qüvvəsini fermaya dəvələrin kürəyini, əl-ayağını ovmağa, onlara küpə qoymağa, lap elə yağlamağa göndərmək gərək idi. Yazıq heyvanlar onda tələf olmazdı. O duz-qum şəhərin barmağına onsuz da dərman olmadı. Bərk soyuqların olduğu Bolqarıstan, Polşa, Ukrayna kimi ölkələrdən fərqli olaraq bizim hökumət başçısının çıxıb xalqa yol göstərməməsi isə heç. Artur əmi çölə çıxmağa yüz faiz üşüyür... 693 dəfə baxılıb
|
[23.05.2012] - ZÜLMÜN SONU [23.05.2012] - AH, QƏDİRBİLMƏZ MÜXALİFƏT [23.05.2012] - VARİSƏ SÖZARDI [22.05.2012] - O AĞ ŞEY BİZİ QIRACAQ [22.05.2012] - ABŞ-dan QORXULU SOS SİQNALI [22.05.2012] - VİCDAN MƏSƏLƏSİ [22.05.2012] - “EUROVİSİON” PƏNCƏRƏSİ [22.05.2012] - DƏYƏNƏYİN GÜCÜNƏ SIĞINMIŞLAR... [21.05.2012] - ÇUXURA DÜŞƏN ÖLKƏ [21.05.2012] - Ə NÖQTƏ QARAYEV [21.05.2012] - FƏDAKAR İNSANLARIN ZİYARƏTİNDƏ [21.05.2012] - BALIQ NİYƏ DANIŞMIR? [21.05.2012] - YENİLMƏYƏN RÜŞVƏT [21.05.2012] - Ə NÖQTƏ QARAYEV [21.05.2012] - YANUKOVİÇİ DƏ ERMƏNİLƏR VURURLAR? [21.05.2012] - RUS, FARS, ERMƏNİ... İNDİ DƏ GÜRCÜ? [20.05.2012] - GÜLLƏLƏNMİŞ HEYKƏLLƏR “KRİSTAL ZAL”A... [20.05.2012] - HAKİMİYYƏTİN GÜNEY AZƏRBAYCAN OYUNLARI [20.05.2012] - AVTOBUS TARİXİ [20.05.2012] - ƏLİ HƏSƏNOV KİMİN SÖZÜNÜ DEYİR? ARXIV
|