24 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Yazarlar

YÜZ İLİN ŞAXTASI

2012-02-04

Bizim hidrometeoroloqlar - hava xəbərçiləri daha yaxşı səslənərdi - zarafatcıl adamdırlar. Hardasa 15 günə yaxındır Azərbaycanda anomal iqlim var, hələ indi açıqlama verirlər ki, bizdə belə hava görünməmişdir. Guya bunu bilən yox idi. Üstəlik, proqnozlar kimin üçün, nə üçün verilir, bu da bilinmir. Əgər havanın pis olacağı xəbəri dövlət qurumları üçündürsə, onsuz da onlar yerlərindən tərpənmir. Yox, camaat üçündürsə, yenə də önəmi yoxdur, çünki hava pisləşəndə camaat bunu görür, hərə başını bir yerə soxub oturur, hava düzələnə qədər eşiyə çıxmır.

Ekologiya Nazirliyinin hava məlumatı da öz-özlüyündə anormal idi. Məsələn, bir media qurumuna deyirlər ki, Bakıda son 100 ilin ən soyuq qışıdır, o biri qəzetə son 110 ildə qeydə alınan ən aşağı dərəcəli şaxtadan danışırlar. Hətta hardasa bir gülməli açıqlama oxudum, nazirliyin işçisi demişdi ki, biz 5 dərəcə şaxta məlumatı verdik, əslində 2 gün qabaq 8 dərəcə şaxta olmuşdu. Elə alınırdı ki, nazirliyin termometrləri də şaxtadan donublar və oyun oynayırlar, kefləri istəyəni göstərirlər.
Bunlar öz yerində, mənə bir məsələ də qaranlıq qaldı: görəsən Ekologiya Nazirliyi “son 100 ilin”, ya da “son 110 ilin ən soyuq Bakısı” deyəndə bunu hansı mənbəyə əsasən dəqiqləşdiriblər? Guya 1912-ci ildə, yaxud 1902-ci ildə Bakıda şaxtanı ölçüb dəqiq qeydə alırmışlar, bunu arxivdə saxlayırmışlar, indi də Hüseynqulu bəyin idarəsi baxıb müqayisə aparır. Əlbəttə, toplumun başını aldatmaq, problemlərdən diqqətini yayındırmaq üçün bu da babat üsuldur. Hər halda, buzda sürüşüb qolunu qıran, soyuq evdə donan Məmmədhəsən əmi və Fatmanisə xala üçün böyük təskinlikdir ki, onlar son 100 ilin təbiət hadisəsini canlı müşahidə edirlər. Tarixi ayrı cür hiss eləmirik, heç olmazsa problemlərlə hiss edək. Mənim bir dostum var idi, SSRİ dövründə Sakit okeanda kruizə getmişdi (o hökumət hərdən bəzi fəhlə adamlara da guya müvəqqəti xoşbəxtlik təmin edirdi), həmişə gəminin okeanda sunamiyə düşdüyünü fəxrlə danışırdı. Ən azından, onun doğulduğu Aran kəndindən canlı sunami görən yeganə adam yəqin o idi.
Əslində bu hesablama sistemi də yaşlı adamların xatirində olar, bir az fikirləşsələr yadlarına düşər. Sovet dövründə iqtisadiyyat it kökündə idi, rəqəmlər hətta uydurma şəklində də kapitalist sisteminin uğurlarına çatmırdı. O üzdən SSRİ statistikası üstündən 70 il keçəndən sonra da bütün rəqəmləri 1913-cü illə müqayisə edirdi. Məsələn, hesabatlarda yazılırdı ki, sənaye istehsalı 1913-cü ilə nisbətən 1983-cü ildə filan qədər artıbdır. Daha soruşan yox idi ki, yoldaşlar, bu lənətə gəlmiş 1913-cü ilin quyruğunu haçan buraxacaqsınız? Bəlkə 1983-ü 1982 ilə müqayisə edəsiniz?
Sözgəlişi, yapokratiya bu “100 illik” metodu başqa sahələrdə də tətbiq edə bilər. Elementar misal: hər dəfə prezident hansısa yola asfalt salınmasına aparılır, neçə metr sahənin asfaltlandığı deyilir. Ancaq bu halda da camaat uğuru görmür. Yaxşı olar ki, belə yerlərdən bu cür reportajlar verilsin: “Bakının Dəymədağıldı küçəsində son 1000 ildə ilk dəfə asfalt örtük çəkilmişdir”. Yaxud belə: “Prezident son 123456 ildə birinci dəfə mavi qaz üzü görən Üstüpalçıqlı qəsəbəsində qırmızı lenti kəsmişdir. Yerli sakin Ziyalı Həkimov prezidentə minnətdarlıq etmiş, son 3 min ildə ilk dəfə gördüyü dövlət rəhbərinin əl-ayağından öpməkdən qürur duyduğunu dünya zəhmətkeşlərinə çatdırmışdır”.
Sonda Vasif Həsənovun məktubu: “2014-cü ildə Rusiyanın Soçi şəhərində keçirilməsi nəzərdə tutulan qış olimpiya oyunları ləğv edilməlidir. Dunəndən başlayan qardan sonra paytaxtın küçə və meydanları əsl buz meydançalarına çevrildiyindən Bakı 2012 Olimpiadası açıq elan olunmuşdur. Yollarda, küçələrdə, səkilərdə camaatımız, xalqımız biatlon, fiqurlu konkisürmə, bobsley, skeleton, fristayl, snoubording və s. növlər üzrə Ginnes, dünya, Avropa, Şimal qütbü, Cənub qütbü üzrə bütün rekordları qırmaqla məşğuldur. Mən Ayna xala Sultanovanın büstünün yanından Gənclik metro stansiyasına gedərkən düz 5 dəfə üçqat tulup saltosunu uğurla yerinə yetirdim. Bütün yarış iştirakçılarına ugurlar arzu edirəm”.

1485 dəfə baxılıb

Xəbəri paylaş

[23.05.2012] - ZÜLMÜN SONU

[23.05.2012] - AH, QƏDİRBİLMƏZ MÜXALİFƏT

[23.05.2012] - VARİSƏ SÖZARDI

[22.05.2012] - O AĞ ŞEY BİZİ QIRACAQ

[22.05.2012] - ABŞ-dan QORXULU SOS SİQNALI

[22.05.2012] - VİCDAN MƏSƏLƏSİ

[22.05.2012] - “EUROVİSİON” PƏNCƏRƏSİ

[22.05.2012] - DƏYƏNƏYİN GÜCÜNƏ SIĞINMIŞLAR...

[21.05.2012] - ÇUXURA DÜŞƏN ÖLKƏ

[21.05.2012] - Ə NÖQTƏ QARAYEV

[21.05.2012] - FƏDAKAR İNSANLARIN ZİYARƏTİNDƏ

[21.05.2012] - BALIQ NİYƏ DANIŞMIR?

[21.05.2012] - YENİLMƏYƏN RÜŞVƏT

[21.05.2012] - Ə NÖQTƏ QARAYEV

[21.05.2012] - YANUKOVİÇİ DƏ ERMƏNİLƏR VURURLAR?

[21.05.2012] - RUS, FARS, ERMƏNİ... İNDİ DƏ GÜRCÜ?

[20.05.2012] - GÜLLƏLƏNMİŞ HEYKƏLLƏR “KRİSTAL ZAL”A...

[20.05.2012] - HAKİMİYYƏTİN GÜNEY AZƏRBAYCAN OYUNLARI

[20.05.2012] - AVTOBUS TARİXİ

[20.05.2012] - ƏLİ HƏSƏNOV KİMİN SÖZÜNÜ DEYİR?

ARXIV

Yeni MÜSAVAT © 2008