 |
Yazarlar
QARANLIQDAKI HƏYAT... 2012-02-08
|
Onun evində işıq yandı, amma bu məmləkəti bürüyən qaranlığa bir zərrə də işıq düşmədi. Əksinə, bizim bir toplum kimi nə qədər yazıq, miskin durumda olduğumuz bir daha hər kəsə bəlli oldu. Əslində yüz milyonlarla pulun talandığı ölkədə bir nəfərin uşaqlarını, anasını qaranlıqda qoymaq elə Azərbaycan adlı ölkənin mənəvi qaranlıqda qaldığının təsdiqi idi. Bundan sonra Nemət Pənahlının günahsız olduğuna, bu qaranlıq xislətə hədəf seçildiyinə bir zərrə şübhə qalmadı. 7-8 nəfərin pul toplayıb, borcu ödəyib bir məhbusun evində işıq yandırmağına adam xeyirxahlıq da deyə bilmir. Hansı yana yozsan, növbəti dəfə nadanlığa və cəhalətə boyun əymək anlamına gəlir. Bir ay öncə “Azadlıq” radiosu “Bakıelektrikşəbəkə”də müdhiş yeyintini açıb ortaya qoydu. Nemətin işıq borcu bu müqayisədə o rəqəmlər elə gülünc görsənir ki! Ən azından soyuqda donan beş uşağın və xəstə ananın çəkdiyi əzablarla bir araya sığmırdı, müstəqil ölkənin öz vətəndaşlarına ağlasığmaz ironiyasını xatırladırdı... Elə bizim bu hakimiyyətin hansı cılız hisslərə kökləndiyini anlamağa da bəs edirdi... Elə bilməyin ki, bu ölkənin məmurlarının Nemətin övladlarının qaranlıqda qalmağından xəbəri yox idi. Əksinə, cılız düşüncəyə köklənənlər bunun kimisə sıxmaq, boğmaq üçün kara gəldiyinə sevinirdilər. İnsanlarda belə işıq söndürməyin necə nifrət, qəzəb doğurduğunu isə bir zərrə də eyinlərinə almırdılar. İndi şübhəniz varmı ki, bu hakimiyyətə öz vətəndaşlarına qayğı göstərmək nə qədər yaddır... Bundan sonra ucuz vədlərə, analoqu olmayan inkişafa bir zərrə də olsa inamınız qalırmı? Bəlkə də bir ailənin üzləşdiyi ağrıya, əzaba ötəri yanaşmaq olardı. Amma çox təəssüflər olsun ki, bu ölkədə tutduğu vəzifədən asılı olmayaraq hakimiyyətə yarınan məmur ordusu belə bir ovqata köklənib. Hər məmur günah içində itib-batan ölkədə daha böyük çinli məmurlara beləcə yarınıb, qorunmaq yolunu seçir. Görünür, bu cür addımlar təqdir olunur, o məmurlar heç ictimai qınaqla üzləşməkdən də çəkinmirlər. Oxşar halla on il əvvəl mən də qarşılaşdım. İşdən çıxan gün qızımın ad günü idi. Qəfildən işıqlar söndü. Ətraf evlərə göz gəzdirdim, hamının işığı yanırdı. Sonra gördük ki, yalnız bizim evin elektrik xəttini kəsib atıblar. Həmişə mənim hər sözümü, tapşırığımı can-başla yerinə yetirən şəbəkə rəisi də cavab vermirdi. Onda heç evlərə kütləvi sayğac da qoyulmamışdı. Hamı kimi biz də qapı-qarı gəzib pul yığanlara dedikləri məbləği ödəyirdik. Ödəmə qaimələri də əlimizdə idi... Sonra bəlli oldu ki, bizim evin işığını söndürmək əmrini də işlədiyim dönəmlərdə ən çox yarınan kəs veribmiş. Heç o xəyali borcun haradan yarandığını da əsaslandıra bilmirdilər... Nemətin guya yeddi il əvvəl qalaqlanan borcunun həbs olunandan sonra, qarlı-şaxtalı qış günündə yada düşməyi də dayaz, qısır düşüncənin nəticəsi idi. Axı bu məzlumlar ölkəsində siyasi motivlərlə həbs olunanların, təqib edilənlərin yaxın qohumlarının işdən çıxarılması, əmlakının yağmalanması, evinin uçurulması adi hal olub. Heç bunun kütləvi narazılığa çevrilməyindən, bu rejimə qarşı qəzəbi bir axara yönəltdiyindən narahatlıq keçirmirlər. Belə hallar korrupsiya maraqları ilə də üst-üstə düşür, ən elementar insan haqlarının tapdanması böyük günahların üstünə pərdə çəkməkdə kara gəlir. Adamın inanmağı da gəlmir ki, Nemətin qondarma ittihamlarla həbsini qurub-qoşanlar, onun evinin işığını da kəsməyə göstəriş versinlər. Bu cür iyrənc üsulları aşağıda qərarlaşan məmurlar yuxarılara sadiq olduqlarını gözə soxmaq üçün ortaya atırlar. Rejim yetkililəri də bunu sədaqət kimi dəyərləndirirlər. Digər tərəfdən, daha çox dövlət vəsaitlərini oğurlayanların cəzadan yayınmağında bu üsul köməyə yetir. Nemətin ailəsinə “işıqpulu borcu” ödətdirənlər anlatmaq istəyirdilər ki, məmur hədyanlığının bütün əndazələri aşdığı ölkədə də hansısa qaydalara, qanunlara əməl olunur. Amma hamımız da görürük ki, bu ölkəni idarə etməyə borclu olanlar bir az qar yağanda, şaxta düşəndə necə aciz vəziyyətə düşürlər. Hakimiyyət dairələri dalbadal beşulduz hotellərin açılmağı, “Eurovision” yarışması üçün möhtəşəm saray ucaltmağı ilə öyünürlər. Kimə lazımdır o bəzək ki, ondan Nemətin və minlərlə onun kimi insanın üşüyən övladlarına bir zərrə də pay düşmür. Yaşadığımız faciələr daha çılpaq şəkildə üzə durur. Söndürün işıqları, qaranlıqda Azərbaycan olduğu kimi görünür. Biz bu qaranlıqda analoqu olmayan bir həyatla üz-üzə qalmışıq... 372 dəfə baxılıb
|
[23.05.2012] - ZÜLMÜN SONU [23.05.2012] - AH, QƏDİRBİLMƏZ MÜXALİFƏT [23.05.2012] - VARİSƏ SÖZARDI [22.05.2012] - O AĞ ŞEY BİZİ QIRACAQ [22.05.2012] - ABŞ-dan QORXULU SOS SİQNALI [22.05.2012] - VİCDAN MƏSƏLƏSİ [22.05.2012] - “EUROVİSİON” PƏNCƏRƏSİ [22.05.2012] - DƏYƏNƏYİN GÜCÜNƏ SIĞINMIŞLAR... [21.05.2012] - ÇUXURA DÜŞƏN ÖLKƏ [21.05.2012] - Ə NÖQTƏ QARAYEV [21.05.2012] - FƏDAKAR İNSANLARIN ZİYARƏTİNDƏ [21.05.2012] - BALIQ NİYƏ DANIŞMIR? [21.05.2012] - YENİLMƏYƏN RÜŞVƏT [21.05.2012] - Ə NÖQTƏ QARAYEV [21.05.2012] - YANUKOVİÇİ DƏ ERMƏNİLƏR VURURLAR? [21.05.2012] - RUS, FARS, ERMƏNİ... İNDİ DƏ GÜRCÜ? [20.05.2012] - GÜLLƏLƏNMİŞ HEYKƏLLƏR “KRİSTAL ZAL”A... [20.05.2012] - HAKİMİYYƏTİN GÜNEY AZƏRBAYCAN OYUNLARI [20.05.2012] - AVTOBUS TARİXİ [20.05.2012] - ƏLİ HƏSƏNOV KİMİN SÖZÜNÜ DEYİR? ARXIV
|