 |
Yazarlar
BİR FƏDAİNİN AYAĞA VERİLMƏSİ 2012-02-09
|
Təbiətin qar-çovğunu ilə əlləşdiyimiz günlərdə mediada bir Pənah Hüseyn fırtınası var. Sabiq baş nazirin ANS telekanalında qatıldığı verilişdə sözlü qovğaya ürcah olması diqqətləri onun personası üzərinə yönəldib. Ondan yazır, hərəkətini, davranışını şərh edir, qınayırlar. Sanki Pənah Hüseyn durduğu yerdə əsəbiləşib, ona-buna hücum edib və verilişin çəkilişini pozub. Yazılan yazılarda, verilən şərhlərdə qəribə bir mövqe görünür, dəfələrlə vurğulanır ki, sabiq baş nazir əsəbi şəkildə bunu dedi, sabiq səfir təmkinli şəkildə ona cavab verdi, Pənah Hüseyn ona hücum etdi, o, tövrünü pozmadı və s. Yazı və şərh yazanların kimin tərəfində olduğu adi gözlə də görünür. Onlar Əfşar Süleymaninin tərəfindədirlər və Pənah Hüseyni ayağa verirlər. Bilənlər bilir, bilməyənlər də bilsinlər ki, bu sətirlərin müəllifi Pənah Hüseynin bir sıra fikirləri ilə razı deyil və aradakı pərdəni götürməmək şərtiylə hərdən onunla polemikaya girir, mübahisə də edir. Pənah Hüseynin debatlar zamanı tez-tez əsəbiləşməsi, opponentinin sözünü kəsməsi qəbuledilməzdir, ancaq mədəni şəkildə bu insanla sutkada 12 saat normal mübahisə aparmaq da mümkündür, yetər ki, onu qəsdən əsəbiləşdirməyəsən, təxribata çəkməyəsən. Opponentindən haqsız, ədalətsiz söz, yersiz irad, mənasız dəlil eşidəndə Pənah Hüseyn əsəblərini cilovlaya bilmir. Hətta “cilovlaya bilmir” onun durumunu düzgün ifadə edən söz deyil, belə vəziyyətlərdə o, əsəblərini cilovlamaq barədə düşünmür və nəyisə deməkdən vaz keçmək istəmir. Bu da onun xasiyyətidir. Gəncliyindən belədir, belə də gedir. Məgər parlament üzvü olduğu vaxt dəfələrlə onun söz almadan yerindən danışdığını, tribunaya doğru gedib bəzi nazirlərin üstünə qışqırdığını, Milli Məclisin sədri ilə sərt şəkildə mübahisə etdiyini görmədikmi? Hələ müttəhim kimi iştirakçı olduğu məhkəmələrdəki çıxışlarını da xatırlamaq olar. Aramızda döyülməkdən, tutulmaqdan, təqib edilməkdən qorxmayan, sözünü həmişə birbaşa və qırmızılığı ilə deyən bir Pənah Hüseyn var. O, həmişə haqlı deyil, amma həmişə haqsız da deyil. Onun haqsız olduğu zamanlarda onu öz arqumentləri ilə tərksilah edən siyasətçilər də var, Pənah Hüseyn heç də onlarla mübahisədə höcətlik eləmir, mövqeyinin zəif olduğunu görüncə razılaşır. Qatıldığı sonuncu qovğa-mərəkədə də təqsirin hamısı onda deyil. Öz qərəzli və çeynənmiş atmacası ilə bir ölkənin sabiq baş nazirinin artıq neçənci dəfə üzünə duran sabiq səfir unudulur, ya da duruya çəkilir. Pənah Hüseyni impulsiv davranışlarına görə qınayan yazarlardan soruşmaq istəyirəm: siz kimin əmisi oğlusunuz? Gəncliyini, həyatını ölkənin müstəqil dövlət olması uğrunda xərcləyən, Azərbaycanın demokratikləşməsi üçün məşəqqətlərdən keçən, illərlə qeyri-leqal həyat yaşamağa məcbur olan, bir neçə dəfə türmələrdə yatan Pənah Hüseynin tərəfində, yoxsa Azərbaycanın müstəqil dövlət olmasını istəməyən dövlətə can-başla, yüksək səviyyədə xidmət edən, hələ də özünü öz ölkəsinin əsgəri sayan bir iranlı diplomatın yanında? Pənah Hüseyni İsa Qəmbərlə, Rəsul Quliyevlə, Etibar Məmmədovla, Əli Kərimli ilə və başqaları ilə qiyaslansa və üstünlük heç bir halda ona verilməsə, bu, bəlkə də məqbul görünə bilər, amma bir ölkənin milli-azadlıq hərəkatının fədaisini yadelli (sırf siyasi mənada) diplomatın ayağına vermək olmaz. Bir də Pənah Hüseynin ara-sıra özünü göstərən emosionallığına görə uzaq gedən nəticələr çıxarmaq, milli-azadlıq hərəkatına qoşulmağa görə peşman olduğunu demək nə dərəcədə düzgündür? Məgər biz ölkəmizin müstəqil olmasını Pənah Hüseynə görə istəyirdik? Məgər o vaxt o, AXC liderlərindən biri olmasaydı, biz hərəkata qoşulmayacaqdıq? O boyda ideyanı kiçildib bir personaya (bu, Əbülfəz Elçibəy və ya İsa Qəmbər də ola bilər) bağlamaq heç bir halda məqbul deyil. Bu yazını yazmaqla mən əslində qatıldığı debatlarda hərdən qəzəblənən siyasətçi Pənah Hüseyni müdafiə etmirəm, həqiqəti demək lazım olan anlarda reputasiyasının qayğısına qalmayan, özünü salacağı naqolay durumlar barədə düşünməyən inqilabçı Pənah Hüseyni müdafiə edirəm. Hamı təmkinli siyasətçi, alovlu natiqdir, qoy bir nəfər də belə olsun - inadkar və davakar. 330 dəfə baxılıb
|
[23.05.2012] - ZÜLMÜN SONU [23.05.2012] - AH, QƏDİRBİLMƏZ MÜXALİFƏT [23.05.2012] - VARİSƏ SÖZARDI [22.05.2012] - O AĞ ŞEY BİZİ QIRACAQ [22.05.2012] - ABŞ-dan QORXULU SOS SİQNALI [22.05.2012] - VİCDAN MƏSƏLƏSİ [22.05.2012] - “EUROVİSİON” PƏNCƏRƏSİ [22.05.2012] - DƏYƏNƏYİN GÜCÜNƏ SIĞINMIŞLAR... [21.05.2012] - ÇUXURA DÜŞƏN ÖLKƏ [21.05.2012] - Ə NÖQTƏ QARAYEV [21.05.2012] - FƏDAKAR İNSANLARIN ZİYARƏTİNDƏ [21.05.2012] - BALIQ NİYƏ DANIŞMIR? [21.05.2012] - YENİLMƏYƏN RÜŞVƏT [21.05.2012] - Ə NÖQTƏ QARAYEV [21.05.2012] - YANUKOVİÇİ DƏ ERMƏNİLƏR VURURLAR? [21.05.2012] - RUS, FARS, ERMƏNİ... İNDİ DƏ GÜRCÜ? [20.05.2012] - GÜLLƏLƏNMİŞ HEYKƏLLƏR “KRİSTAL ZAL”A... [20.05.2012] - HAKİMİYYƏTİN GÜNEY AZƏRBAYCAN OYUNLARI [20.05.2012] - AVTOBUS TARİXİ [20.05.2012] - ƏLİ HƏSƏNOV KİMİN SÖZÜNÜ DEYİR? ARXIV
|