 |
Yazarlar
YERİNDƏ HƏLL 2012-02-09
|
Azərbaycandakı rejim öz xalqı üçün etibarlı hakimiyyət olmadığı kimi, xaricilər üçün də etibarsız tərəfdaşdır. Hər yerdə yekə-yekə çıxışlar edib “bizim çoxlu qazımız var, hamıya verərik” deməklə iş aşmır. Son iki gündə əsas qaz yatağı “Şahdəniz”də bütün quyuların səbəbi məlum olmayan hadisə üzündən avtomatik bağlanması ən azı Türkiyə və Gürcüstanda böyük narahatlıq törətdi. Onlar bizim qazımıza arxayın olub qışa giriblər, bu da belə... Qışın indiki anomal soyuğunda da qaz ala bilməyəcəkdilərsə, başqa vaxt neyləyirlər? O cümlədən Qaradağ rayonu ərazisində də daxili qaz kəməri partladı. Əməkdaşımızın bu olayla bağlı dövlət idarələrinə zəngi zamanı maraqlı, tragikomik mənzərə üzə çıxıb. Birincisi, yüksək gərginlikli elektrik xəttinin qırılıb qaz borusunun üzərinə düşməsi və partlayışa səbəb olması anormaldır. Bəyəm bunlar hələ də anlamır ki, texniki baxımdan bu iki xətti bir-birinin üzərindən keçirtmək çox təhlükəlidir? Niyə vaxtında tədbir görülüb xəttlərin izolyasiyası təmin olunmayıb? İkincisi, Bakının qulağının dibində eşşək boyda elektrik xətti qırılır, lakin əməkdaşımıza cavab verən hökumət işçiləri deyirlər ki, hələ dəqiq bilmirik xətt “Azərenerji”nindir, yoxsa “Bakıelektrikşəbəkə”nin. Əgər bu gülməli “dəqiqləşdirmə” sonucunda elektrik xəttinin Kənd Təsərrüfatı Nazirliyinə məxsus olduğu ortaya çıxsa heç təəccüblənmərəm. Qaz borusunun məxsusluğu da bunun kimi, ciddi şübhələr yaradıbmış. “Azəriqaz”ın sözçüsü müxbirimizə deyir ki, kəmər bizim yox, Dövlət Neft Şirkətinin (ARDNŞ) balansındadır. ARDNŞ isə deyib ki, qaz kəməri “Azəriqaz”ın olar, bu nə sualdır verirsiniz? Görünür, bu adamların xəbəri yoxdur ki, əslində çoxdandır “Azəriqaz” elə ARDNŞ tərkibində bir idarədir, kəmər eyni zamanda ikisinə də aiddir. Hərçənd, nə biləsən, bəlkə bu partlayan hansısa oliqarx-məmurun şəxsi qaz kəməridir? Bu vurhavurda prezidentin ictimai-siyasi şöbə müdiri Əli Həsənovun açıqlaması diqqət çəkir. Deyir ki, elə faciəvi vəziyyət yoxdur, şükür edin, ölüm-itim olmayıb. Bizə Ukraynada 100 adamın şaxtadan ölməsini misal gətirib. Yanlış müqayisədir. Əvvəla, bizdə soyuqdan ölənlərin olmadığı yalandır, xəbərlərdə şaxtadan ölmüş ən azı 4-5 adamın haqqında məlumat verilib. Bəlkə Həsənov onları adam saymır, bunu dəqiq deyə bilmərik. İkincisi, bizdə insan ölümlərinin statistikası adətən yalançı şəkildə aparılır. Bu haqda bir dəfə yazmışam, soyuqdan ölən olanda polis məlumatı belə verir ki, “küçədən meyit tapılıb, ölümün səbəbləri araşdırılır”. Daha bu adamın donub öldüyünü demirlər. Ukraynada və başqa ölkələrdə isə statistika düzgün aparılır, nəticələri də xalqdan gizlədə bilmirlər. Üçüncüsü, Ukrayna əhalisi Azərbaycan əhalisindən azı 5 dəfə çoxdur, bu baxımdan müqayisə edəndə bizim donub ölənlərimizin sayı heç də az deyil. Sonda bir dostumun məktubu: “Amerikada yaşayan bir azərbaycanlı ABŞ-dakı səfirliyimizə zəng vurub soruşur ki, biz ailədə 4 nəfərik, hamımızın Azərbaycan pasportu var, uzun illər burda yaşadığımızdan indi həm də Amerika pasportumuz var, biz Azərbaycana yaxınlarımızı görməyə gedərkən sizdən viza almalıyıq ya yox? Səfirlikdən məsul şəxsin cavabı belə olur: ”Əslində siz Azərbaycan vətəndaşısınız, ümumiyyətlə, prezidentin adına ərizə yazıb vətəndaşlıqdan imtina eləməyincə sizi heç kim vətəndaşlıqdan çıxarda bilməz. Siz Binə hava limanında bizim pasportumuzu göstərib rahatca ölkəyə girə bilərsiniz. Ancaq geri qayıdanda sərhədçi sizdən hara getdiyinizi soruşacaq, onda deyəcəksiz ki, ABŞ-a gedirik, deyəcəklər bəs vizanız hanı. Deyəcəksiniz bizdə Amerika pasportu var, bax o zaman başınıza nə gələcək, mən bunu dəqiq deyə bilmərəm. Bunu yerində özünüz həll edərsiniz". Gözəl cavabdır. Həmin diplomatla qürur duyuram. Elə biz də bu saat soyuq problemini “yerində həll eləməyə” çalışırıq. 1678 dəfə baxılıb
|
[23.05.2012] - ZÜLMÜN SONU [23.05.2012] - AH, QƏDİRBİLMƏZ MÜXALİFƏT [23.05.2012] - VARİSƏ SÖZARDI [22.05.2012] - O AĞ ŞEY BİZİ QIRACAQ [22.05.2012] - ABŞ-dan QORXULU SOS SİQNALI [22.05.2012] - VİCDAN MƏSƏLƏSİ [22.05.2012] - “EUROVİSİON” PƏNCƏRƏSİ [22.05.2012] - DƏYƏNƏYİN GÜCÜNƏ SIĞINMIŞLAR... [21.05.2012] - ÇUXURA DÜŞƏN ÖLKƏ [21.05.2012] - Ə NÖQTƏ QARAYEV [21.05.2012] - FƏDAKAR İNSANLARIN ZİYARƏTİNDƏ [21.05.2012] - BALIQ NİYƏ DANIŞMIR? [21.05.2012] - YENİLMƏYƏN RÜŞVƏT [21.05.2012] - Ə NÖQTƏ QARAYEV [21.05.2012] - YANUKOVİÇİ DƏ ERMƏNİLƏR VURURLAR? [21.05.2012] - RUS, FARS, ERMƏNİ... İNDİ DƏ GÜRCÜ? [20.05.2012] - GÜLLƏLƏNMİŞ HEYKƏLLƏR “KRİSTAL ZAL”A... [20.05.2012] - HAKİMİYYƏTİN GÜNEY AZƏRBAYCAN OYUNLARI [20.05.2012] - AVTOBUS TARİXİ [20.05.2012] - ƏLİ HƏSƏNOV KİMİN SÖZÜNÜ DEYİR? ARXIV
|