 |
Yazarlar
DOST OLMADIZ, BARI DÜŞMƏNÇİLİK ETMƏYİN 2012-02-09
|
Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan ANS telekanalının əməkdaşına geniş müsahibə verib (Müsahibə bazar günü efirə gedəcək). Bundan bir neçə gün öncə xarici işlər naziri Əhməd Davudoğlu da Ankarada telekanal müxbirinin suallarını dübədü cavablandırmışdı. Şübhə yox ki, bu, hər şeydən öncə qardaş ölkə rəsmilərinin mediaya, söz-ifadə, fikir azadlıqlarına sayğısının göstəricidir. Azərbaycanda isə yüksək çinli hakimiyyət mənsubları müstəqil mətbuat bir yana, özlərinin nəzarətindəki media orqanları üçün də bağlı-boğçadılar. Rəsmilərdən, hətta aşağı vəzifəli bir məmurdan ölkə həyatının hansısa aktual məsələsinə dair fikir öyrənmək həmkarlarımız üçün az qala, Sizif əzabına bərabər bir şeydir. Azərbaycan jurnalistlərinə ən yaxşı halda bu münasibəti 4-cü, 5-ci mənbədən öyrənmək müyəssər olur. “Əl Cəzirə”yə-zada həvəslə müsahibə verən yetkililərimiz hələ görünməyib ki, bircə dəfə ölkənin aparıcı media quruluşlarının rəhbərlərini çağırıb onların bir neçə əsas sualını cavablandırsınlar. Sizi əmin edirik, belə şey olarsa, bu, neçə vaxtdır gərgin olan hakimiyyət-mətbuat münasibətlərinə müsbət damğasını mütləq basar, ümumən ölkədəki, cəmiyyətdəki bədbin və qəzəbli ovqata yumşaldıcı təsir edərdi. Bəs bunu kim etməlidir, təşəbbüs hardan gəlməlidir? Şəksiz, milli barışda, vətəndaş dialoqunda hamıdan çox maraqlı olmalı olan hakimiyyətdən, ölkə rəhbərliyindən. Necə ki, zamanında mərhum prezident Heydər Əliyev iki dəfə bu jesti etmiş, xeyrini də ən çox elə özü görmüşdü. Çünki belə təmaslar dövlətin birinci şəxsinə ölkədəki durum, ictimai rəy barədə dəqiq məlumatı ən mötəbər əldən almaq imkanı yaradır. Doğrudan da, bir var, dövlət rəhbəri informasiyanı yalançı, talançı və yaltaq məmurlardan alsın, bir də var, obyektiv və azad mətbuatdan. İkinci yoldan imtina edilirsə, o zaman qənaət hasil olur ki, ya məmur-qırğıların prezidentə təsiri imkanları təsəvvür etdiyimizdən qat-qat güclüdür, ya da sadəcə, Qarabağ boyda dərdi olan bir ölkənin Ali Baş Komandanı özü pripiska eşitməyə üstünlük verir, Azərbaycandakı sərt gerçəyi bilmək istəmir. İki variantdan hansısı realdır, yəqin ki, bu il dəqiqləşəcək. Zira, 2012-də xeyli sayda “i”nin üzərinə nöqtələrin qoyulması gözlənilir. Bir şey aydındır ki, Azərbaycan iqtidarı real müxalifət kimi, real (tənqidi) mətbuatı da sevmir, yaxına buraxmaq istəmir. Bu da sizə konkret olaraq azad mediaya hakimiyyətin neqativ münasibətinə dair daha bir neçə fakt. Bir: Bu gün Azərbaycan Avropa Şurasına yeganə üzv ölkədir ki, burda “Diffamasiya haqqında” qanun hələ də qəbul edilməyib. Nədəni də odur ki, hakimiyyət tənqid yazan jurnalistləri fikrinə görə şərləyib həbsə atmaq vərdişindən imtina edə bilmir. Vərdişi tərgitmək sizə asan gəlməsin (Doğrudur, Belarusda da bu qanun yoxdur, ancaq “Batka”nın ölkəsi Avropa Şurasının üzvü deyil). İki: 1993-dən üzü bəri hələ olmayıb ki, Azərbaycan türmələri siyasi motivlə tutulan jurnalistlərdən xali olmasın. İndi də həbsdə yatan jurnalist var - Əvəz Zeynallı. Üç. Azərbaycanda azad jurnalistika ən qorxulu peşələrdən biri olaraq qalır. Döyülənlərin, linç edilənlərin adlarını sadalamağa lüzum yox. Təkcə onunla kifayətlənək ki, Elmar Hüseynovun qatili və qətlin sifarişçisi hələ də “tapılmayıb”. Cəmiyyətə isə çoxdan belə bir daşlaşmış rəy hakimdir ki, Elmarı mövcud siyasi rejim aradan götürdüyü üçün cinayət açılmır. Nə vaxtadək ki, hakimiyyət bunun əksini sübut etməyəcək, rəy də yerində qalacaq. Dörd. Ölkənin ən iri məmurları hələ də aparıcı qəzetləri sifarişli məhkəmə yolu ilə çökdürmək planlarından əl çəkməyiblər. Konkret olaraq “Yeni Müsavat” qarşı ölkənin üç qüdrətli nazirinin böyük cərimə məbləğlərini özündə əks etdirən məhkəmə iddiaları var. Beş. Reklam bazarı müstəqil mətbu orqanların üzünə bu günədək bağlıdır. Şirkətlərə, iş adamlarına ən yuxarılardan hədə-qorxu gəlinir ki, “Yeni Müsavat” və “Azadlıq” qəzetlərinə pullu reklam verməsinlər. Əks halda, cəzalanacaqlar. Bu da azad mətbuatı çökdürmək və onu oliqarxlardan asılı eləmək planının başqa bir tərkib hissəsidir...
***
Nə isə. Bircə qalır yazıya bunu əlavə eləmək: mətbuatın dostu ola bilmədiniz, barı onunla düşmənçilik eləməyin. 286 dəfə baxılıb
|
[23.05.2012] - ZÜLMÜN SONU [23.05.2012] - AH, QƏDİRBİLMƏZ MÜXALİFƏT [23.05.2012] - VARİSƏ SÖZARDI [22.05.2012] - O AĞ ŞEY BİZİ QIRACAQ [22.05.2012] - ABŞ-dan QORXULU SOS SİQNALI [22.05.2012] - VİCDAN MƏSƏLƏSİ [22.05.2012] - “EUROVİSİON” PƏNCƏRƏSİ [22.05.2012] - DƏYƏNƏYİN GÜCÜNƏ SIĞINMIŞLAR... [21.05.2012] - ÇUXURA DÜŞƏN ÖLKƏ [21.05.2012] - Ə NÖQTƏ QARAYEV [21.05.2012] - FƏDAKAR İNSANLARIN ZİYARƏTİNDƏ [21.05.2012] - BALIQ NİYƏ DANIŞMIR? [21.05.2012] - YENİLMƏYƏN RÜŞVƏT [21.05.2012] - Ə NÖQTƏ QARAYEV [21.05.2012] - YANUKOVİÇİ DƏ ERMƏNİLƏR VURURLAR? [21.05.2012] - RUS, FARS, ERMƏNİ... İNDİ DƏ GÜRCÜ? [20.05.2012] - GÜLLƏLƏNMİŞ HEYKƏLLƏR “KRİSTAL ZAL”A... [20.05.2012] - HAKİMİYYƏTİN GÜNEY AZƏRBAYCAN OYUNLARI [20.05.2012] - AVTOBUS TARİXİ [20.05.2012] - ƏLİ HƏSƏNOV KİMİN SÖZÜNÜ DEYİR? ARXIV
|