 |
Yazarlar
DƏLƏDUZ KİMİ TƏQDİM EDƏN... 2012-02-10
|
Təzəlikcə Sabirabad rayonunda bir nəfəri polis tutmuşdu. Xəbərdə deyilirdi ki, bu adam özünü Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kimi təqdim edib Kür daşqınlarından əziyyət çəkən kəndlilərdən pul alırmış, guya onlara bu pulla ev tikdirəcəkmiş. Ümumilikdə 4 min manat pul alıbmış - FHN rəhbəri Kamaləddin Heydərovun ölçüləri ilə yanaşsaq bu, heç günəbaxan tumu pulu da deyil. Məlum şeydir, yekə korrupsioner və dələduz akulalaların xırda kilkələri sürü ilə basıb udduğu okeanda yaşayırıq, öyrəncəliyik. Mənə sadəcə xəbərdəki bir cümlə maraqlı gəldi. Yazılmışdı: “Özünü FHN əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs həbs edilib”. Halbuki, bizdə özünü hansısa dövlət orqanının nümayəndəsi şəklində, sifətində təqdim edənlər saysızdır. Az qala elə həmin dövlət orqanlarının rəsmi ştat vahidi qədər. Dövlət orqanları normal, sivil dünyada xalqa qulluq eləmək üçün yaradılır, əgər bizdə hansısa xalqa qullluq edən gerçək məmur tapsanız, gedək onun ətəyində namaz qılaq. Mən beləsini tanımıram. Deməli, bu baxımdan xəbərlərdə eyni məntiqlə belə cümlə verilməlidir: “Özünü dələduz kimi təqdim edən FHN əməkdaşı həbs edilib”. Dələduzla hökumət işçisinin fərqi hardadır, bu fərqi kim görüb, müəyyən edib? Bu əhvalat lap Təhsil Nazirliyinin soyuq hava açıqlamasına bənzəyir. Deyiblər ki, məktəbləri bağlamırıq, ancaq tövsiyyə edirik uzaq yerlərdə yaşayan uşaqlar məktəbə gəlməsin. Ümumən, kim istəsə gəlməsin, gələn də ta gəlib, neyləmək olar tipində bir söhbət idi. Belə gülməli bir nazirliyimiz var. Guya hava yaxşı olanda bunlar məktəbdə elm və təhsil becərirmiş, indi hava soyuyub, istilikxanaya ehtiyac olub. Kimi aldadırsınız? Repetitorları, yoxsa onlara hər ay kisə-kisə pul xərcləyən Azərbaycan xalqını? Nazirliyin qanacağı olsa şaxta açıqlaması belə verilməli idi: “Uzaq yerə müəllim yanına hazırlaşmağa gedənlər bu aralar evdə otursun”. Yoxsa bağ belə, bostani-məktəb elə... Bunlar gülünc söhbətlərdir. Dələduzlardan söhbət düşmüşkən... Bu yaxında zindan idarəsinin rəisi, onun da ardıyca polis nazirliyindən bir polkovnik ölkədə “vorzakon”ların, yaxud dilimizə çevirmədə qanuni oğruların sinif kimi kökünün kəsildiyini şadyanalıqla bəyan etdilər. Orada belə fikir səsləndi ki, Azərbaycanda kriminal lotular yoxdur, sovetlər birliyindən qalma bu ənənə ulu öndərin uzaqgörən siyasəti nəticəsində ləğv edilmişdir. Mən anlamıram: ölkənin idarə edilməsi lotuların əlindədirsə, daha burda zindanlarda kim lotuluq edə bilərdi? Oğru dünyasının klassik qaydaları: ümumi qazana hesabların yığılması, baş lotunun əmr və göstərişlərinə sözsüz tabeçilik, kriminal məmur aləminə xəyanət edənlərin qələminin qırılması və sairə hamısı burda vardır. Belə vəziyyətdə hansısa xırda klassik oğrunun alternativ lotu institutu yaratmaq imkanları sıfıra bərabərdir. Cəhd edənləri də dərhal öldürürlər - yaxın tarixdə çoxlu belə misallar var. Özü də bunu anlayan tək biz deyilik, namxuda, lotu və oğrularımızın şöhrəti külli-aləmə yayılmışdır. Hətta bir dəfə Amerikanın “Vaşinqton Post” qəzetəsi Azərbaycandakı vəziyyətdən bəhs edən yazısına belə başlıq qoymuşdu: “Kleptokratiya”. Hələ qəflət yuxusunda olanlar üçün izahını yazaq ki, bu “klepto” qədim yunan sözüdür, anlamı oğru deməkdir. “Kratos”u ta bilərsiniz yəqin. Kleptokratiya - yəni oğruların hakimiyyəti. Lotuların hakimiyyəti deyə də bilərik. Təhsil Nazirliyinin sözü olmasın, tövsiyyə edirik. Terminləri işlədərkən dəqiq olmaq lazımdır. 4 minin güdazına gedən o sabirabadlı yazığı da buraxın getsin. Üstəlik, xəbərdə deyilirdi adam kəndlilərdən aldığı həmin 4 mini tam olaraq özlərinə qaytarıb. Sizin isə hələ qəpik də qaytardığınız olmayıb, elə bir ucdan oğurlayırsınız. 1897 dəfə baxılıb
|
[23.05.2012] - ZÜLMÜN SONU [23.05.2012] - AH, QƏDİRBİLMƏZ MÜXALİFƏT [23.05.2012] - VARİSƏ SÖZARDI [22.05.2012] - O AĞ ŞEY BİZİ QIRACAQ [22.05.2012] - ABŞ-dan QORXULU SOS SİQNALI [22.05.2012] - VİCDAN MƏSƏLƏSİ [22.05.2012] - “EUROVİSİON” PƏNCƏRƏSİ [22.05.2012] - DƏYƏNƏYİN GÜCÜNƏ SIĞINMIŞLAR... [21.05.2012] - ÇUXURA DÜŞƏN ÖLKƏ [21.05.2012] - Ə NÖQTƏ QARAYEV [21.05.2012] - FƏDAKAR İNSANLARIN ZİYARƏTİNDƏ [21.05.2012] - BALIQ NİYƏ DANIŞMIR? [21.05.2012] - YENİLMƏYƏN RÜŞVƏT [21.05.2012] - Ə NÖQTƏ QARAYEV [21.05.2012] - YANUKOVİÇİ DƏ ERMƏNİLƏR VURURLAR? [21.05.2012] - RUS, FARS, ERMƏNİ... İNDİ DƏ GÜRCÜ? [20.05.2012] - GÜLLƏLƏNMİŞ HEYKƏLLƏR “KRİSTAL ZAL”A... [20.05.2012] - HAKİMİYYƏTİN GÜNEY AZƏRBAYCAN OYUNLARI [20.05.2012] - AVTOBUS TARİXİ [20.05.2012] - ƏLİ HƏSƏNOV KİMİN SÖZÜNÜ DEYİR? ARXIV
|