24 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Yazarlar

BİZ HEÇ, QAZINIZI QORUYUN...

2012-02-10

Yarım saat gözləyəndən sonra buzlu yolla Ziya Məmmədovun 77 milyona başa gətirdiyi donmuş nəqliyyatın intellektual idarəetməsi dayanacağına yaxınlaşan avtobusa minirəm. Tutumundan üçqat artıq sərnişini olsa da, heç kim dinib-danışmır, hər kəsin üzündə bir kədər, hüzn var...

Sükutu pozan bir nəfər buzlu yola heç olmasa Masazır duzundan, Hövsan qumundan tökməyənlərin qarasınca deyinməyə başlayır. Ancaq bir başqası “a kişi, şəhərin yiyəsimi var” deyib, onu “nokdaun”a salır və bundan sonra kimsə danışmır.
Bu gün “ora haradır ki, qazı, suyu, işığı, istiliyi yoxdur” sualına yəqin ki, əksər Bakı sakini düşünmədən “bizim ev” cavabını verə bilər. Elə bu yazını redaksiyamızın aşpazı Mahizər xanımın balon qazı ilə bişirdiyi borşundan içəndən sonra generator işığında yazıram.
Hacıbala Abutalıbovla Ziya Məmmədovun Bakıdakı tıxac problemini həll etdiyini demək olar. Artıq iki həftədir ki, küçələrdə maşınlar barmaqla sayılası qədərdir. İndi “üsyançı” taksi sürücüləri çıxsınlar buzlu yola, görüm necə çıxırlar.
Başa düşürük, bütün dünyada fəlakətli vəziyyətdir, hətta Afrikaya qar yağıb. Ancaq bu ağır günlərdə hökumətləri öz xalqlarının yanında görürük. Hətta Rumıniya hökuməti öz vəzifələrinin öhdəsindən gələ bilmədiyi üçün istefa verdi. Finlandiyanın baş nazirini küçəyə düşüb qar təmizləyən də gördük. Bəs biz hörmətli Artur Rəsizadəni son dəfə nə vaxt görmüşük? Abutalıbov niyə bir dəfə efirdə görünüb rəhbərlik etdiyi şəhərin vəziyyəti ilə maraqlanmır?
Prezidentin sədrlik etdiyi müşavirədə nazirlər bir-bir qalxıb “biz qışa hazırıq” demirdimi? İndi də 100 ilin ən şaxtalı havasından danışırlar. Yaxşı, nazirlər qış deyəndə güllü-çiçəkli, qızmar günəşli fəslimi nəzərdə tutublar ki, “hazırıq” deyiblər? Neçə gündür rəsmi qurumlardan yalnız bunu eşidirik ki, vətəndaşlar çalışıb küçələrə çıxmasınlar. Sanki biz Küveyt sakinləriyik, işləməyə ehtiyac yoxdur, neft pullarından yeyib yatacağıq. Azadlıq meydanında nümayiş olunan qartəmizləyən, qumsəpən, küçəsüpürən maşınlar yoxa çıxıb? Elə isə nədən bu maşınlardan biri yüz minlərlə əhalinin yaşadığı, Suraxanı, Nizami, yaxud Xətai rayonlarında görünmür?
Hakimiyyətin sadə vətəndaşa münasibəti bizə tanış olduğundan, əslində yazdıqlarımız artıq görünə bilər. Bunların “Qış bulvarı”nda, “Bayraq meydanı”nda, “alimlərin evi”ndə camaatın başına açdığı oyunlar gözümüzün önündə baş verib. Gecənin bir aləmində camaatın balaları şirin yuxuda ikən onların evlərini başına uçuran Abutalıbovdan indi küçələrin niyə qarlı olduğunu soruşmaq mənasız iş olardı.
Qəribəsi odur ki, bunlar bu qarlı-şaxtalı günlərdə heç olmasa dünyada varlığı ilə öyündükləri neft-qaz ehtiyatlarının, kəmərlərinin qayğısına qalmır. Keçən həftə Qazıməmməddə qaz kəməri partladı. Yenicə təmir eləmişdilər. Dünən isə Qaradağ ərazisində qaz kəmərində daha bir partlayış olub. Təəccüblüsü o idi ki, nə qırılıb kəmərin üstünə düşən elektrik xətinə, nə də qaz kəmərinə sahib çıxan bir rəsmi qurum tapıldı. “Azəriqaz” deyir kəmər ARDNŞ-indir, ARDNŞ deyir, bizdə belə kəmər olmayıb, “olsaydı yaxın gələrdi”. Hələ “Bakıelektrikşəbəkə” ilə “Azərenerji” də qırılan elektrik xəttinin kimə aid olduğunu dəqiq bilmir. Avropada belə nümunə tapa bilərsiz?
“Şahdəniz”də qaz hasilatının dayanması səbəbindən Türkiyə və Gürcüstana verilən qaz iki gündür kəsilib. Bir vaxt Rusiya gürcülərin qazını kəsəndə hökumətimiz Azərbaycan vətəndaşlarına çatası qazı dəfələrlə azaldıb qonşu ölkəyə vermişdi. Cəmi bir həftə əvvəl xəbər yayılmışdı ki, Azərbaycan iqtidarı əhalisinin ehtiyaclarından bir neçə milyon kub metr qazı kəsib qardaş Türkiyəyə satır. Ancaq budur, hər iki qonşu ölkə qazsız qalıb.
Elə yazını yazarkən xəbər gəldi ki, Bakının Nizami rayonunda, özü də Bakı Neftayırma Zavodunun yaxınlığında maye qaz daşıyan yük maşını aşıb. Nəticədə yanğınla müşahidə olunan partlayış baş verib. Təsəvvür edin bunlar heç olmasa neftayırma zavodlarının qarşısına duz, ya qum səpmirlər. Ölkənin kasıb camaatını düşünmürsünüz, heç olmasa, 100 ilin qaz, 50 ilin neft ehtiyatlarını düşünün, neft-qaz kəmərlərini şaxtadan qoruyun. Biz dözümlü xalqıq, dözərik...
Evə zəng edib vəziyyəti bilmək istəyirdim ki, 4 yaşlı oğlum “ata, televizor üçün batareya aldın” soruşdu. Gecədən işıqlar söndüyündən uşaq elə bilir ki, televizoru batareya ilə işə salmaq olar. Bəlkə də uşaq haqlıdır.

227 dəfə baxılıb

Xəbəri paylaş

[23.05.2012] - ZÜLMÜN SONU

[23.05.2012] - AH, QƏDİRBİLMƏZ MÜXALİFƏT

[23.05.2012] - VARİSƏ SÖZARDI

[22.05.2012] - O AĞ ŞEY BİZİ QIRACAQ

[22.05.2012] - ABŞ-dan QORXULU SOS SİQNALI

[22.05.2012] - VİCDAN MƏSƏLƏSİ

[22.05.2012] - “EUROVİSİON” PƏNCƏRƏSİ

[22.05.2012] - DƏYƏNƏYİN GÜCÜNƏ SIĞINMIŞLAR...

[21.05.2012] - ÇUXURA DÜŞƏN ÖLKƏ

[21.05.2012] - Ə NÖQTƏ QARAYEV

[21.05.2012] - FƏDAKAR İNSANLARIN ZİYARƏTİNDƏ

[21.05.2012] - BALIQ NİYƏ DANIŞMIR?

[21.05.2012] - YENİLMƏYƏN RÜŞVƏT

[21.05.2012] - Ə NÖQTƏ QARAYEV

[21.05.2012] - YANUKOVİÇİ DƏ ERMƏNİLƏR VURURLAR?

[21.05.2012] - RUS, FARS, ERMƏNİ... İNDİ DƏ GÜRCÜ?

[20.05.2012] - GÜLLƏLƏNMİŞ HEYKƏLLƏR “KRİSTAL ZAL”A...

[20.05.2012] - HAKİMİYYƏTİN GÜNEY AZƏRBAYCAN OYUNLARI

[20.05.2012] - AVTOBUS TARİXİ

[20.05.2012] - ƏLİ HƏSƏNOV KİMİN SÖZÜNÜ DEYİR?

ARXIV

Yeni MÜSAVAT © 2008