|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Hər bir şeyin zirvəsi, uca nöqtəsi olduğu kimi, mübarək Allah kəlamı olan Qurani-Kərimin də zirvə nöqtəsi var. Əhli-beyt (ə) Quranın ağası, seyyidi olan bu ucalığı Quranın tacı, zirvəsi adlandırır. Belə bir əzəmətə malik olan müqəddəs mətn, Qurani-Kərimdə yer almış, bir neçə ayədən ibarət olan Ayətul-kursidir. Hədislərə görə, ən böyük əzəmətə malik olan bu ayələr ərşin altında yerləşən xəzinədən xüsusilə Rəsulallah (s) üçün göndərilib. Mübarək mövludu günlərini yaşadığımız əziz Rəsul (s), bizlərə bu misilsiz xəzinələri aşkar etmək üçün, bəşəriyyətin xilasına gətirən həqiqətləri çatdırmaq üçün məbus edilib, vəzifələndirilib. Hər dövrün öz bütü var Belə bir mübarək bəhsin seçilməsi heç də təsadüfi deyildir. Belə ki, necə ki, Peyğəmbər (s) zamanında haqq ilə batil arasında mübarizə gedirdi və Peyğəmbər (s) öz zamanında haqqa, təkallahlığa, qəlblərdə bütləri sındırmağa dəvət edirdi, bizim bugünkü zamanımızda da mövzu həqiqi mahiyyətini itirməyib. Bu gün də iki cəbhə üz-üzə durub. Bir cəbhə insanları Allahın ipindən yapışmağa dəvət edir, müqabil cəbhə isə insanları bütlərə tapınmağa çağırır. O zaman lat, üzza, günəşə tapınmağa dəvət edirdi, indiki zamanımızda isə digər müasir bütlərə tapınmağa çağırış olunur. Bu baxımdan bəhsimiz həqiqətdə yalnız Quran təfsiri deyil. Eyni zamanda mühitimizin zəruri məsələlərindən biridir. Zamanın bütlərini tanımaq, bu bütləri qəlblərdən uzaqlaşdırmaq, sındırmaq, bəzi dostların təbirincə desək, dəmirdən olarlarsa, əritmək - ən ümdə vəzifələrdəndir. Ayətul-kursinin ilk cümləsi ilə başlanan hidayət Bir müddət əziyyətlər, işgəncələr, Rəsulallahın (s) başına bu yolda olmazın müsibətlərinin gətirilməsindən sonra, insanlar aşkar şəkildə İslama dəvət olunmağa başlandı. Rəsuli-Əkrəm (s) öz işinin fəlsəfəsini, işinin mahiyyətini yalnız bir məsələ ilə izah edirdi. Rəsulallah (s) bildirirdi ki, onlar insanı sadə bir həqiqətə çağırırlar - Allahdan başqa heç nəyə tapınmayın! O dövrlərdə bir çox insanlar bu həqiqəti eşidərək Rəsulallaha (s) tərəfə yönəlirdilər. Minlərlə, onminlərlə insan hidayət olurdu. İnsandan başqa bütün məxluqat Allaha qeyd-şərtsiz itaətdədir Bu nümunələr göstərir ki, Həzrət Peyğəmbər (s) özünün bütün missiyasını Ayətul-kursinin əvvəlində yer almış “La ilahə illəllah” - “Allahdan başqa ibadət ediləcək bir məbud yoxdur” üzərində qurmuşdu. Ola bilərdi ki, bəzi məsələlərdə güzəşt etsin, amma “La ilahə illəllah” bəhsində heç bir güzəştə getmək yox idi. Ayətul-kursi də demək olar ki, başdan-başa bu bəhsi əhatə edir. On altı dəfə birbaşa və ya müəyyən işarələrlə Allaha işarə olunur. Həqiqətdə bu, olduqca misilsiz ayədir. Belə ki, digər heç bir ayədə Allahın adı bu qədər çəkilməyib. Qısa desək, Ayətul-kursi tovhid dərsidir. Bu ayə, insanları şirkdən qurtarmaq üçün göndərilib. Ayətul-kursini dərk etmək üçün insan bilməlidir ki, bütün məxluqat, bütün varlıqlar, yaranmış olan hər bir şey bir istisna ilə Allaha itaətdə qeyd-şərtsiz tabe olurlar. Bu istisna insandır. İnsana Allaha Təala iradə, ixtiyar, düşüncə verib və bütün varlıqlardan fərqli olaraq seçim qabiliyyəti verib. İnsan ya “La ilahə illəllah” ardınca gedə bilər, ya da müşrik ola bilər. Allaha itaət baxımından iki növ insanlar İnsana ixtiyar verilib və insan hər zaman seçimdədir. İnsanlar bu baxımdan iki qrupa bölünüblər. Bir qrup əqlindən, təfəkküründən istifadə edərək Allaha tapınır və Ona ibadət edir. İkinci növ insanlar isə öz iradəsi ilə bütlərə tapınır. Hər bir dövrün öz bütü var. Müasir zamanımızda Lat bütünə tapınanların olmaması təəccüblü deyil. Lat bütü artıq bu dövrə aid deyil. İndi müasir zamanımızın pul, vəzifə, şan-şöhrət və s. bütləri var. Qurani-Kərim özü də iki qrup insanlara işarə edir. Qurani-Kərimin “Həcc” surəsinin 18-ci ayəsində Allah-Təala buyurur: “Məgər göylərdə və yerdə olan hər bir kəsin (və onlarda olan hər bir şeyin), Günəşin, Ayın, ulduzların, dağların, ağacların, heyvanların, (qeyri-ixtiyari şəkildə), həmçinin (mömin) insanların çoxunun (ixtiyari şəkildə) Allah qarşısında səcdə etmələrini və (səcdə etməkdən boyun qaçırdıqları üçün insan və cinlərin) bir çoxlarına (şeytanların isə hamısına) əzabın təsbit olunduğunu (qəlb gözü ilə) görmürsən? (Bəli, Allah onları alçaldıb). Allahın alçatdığı kəsi əsla əziz tutan olmaz. Çünki, Allah qəti istədiyini edir”. Allah Təala bu mübarək cümlələrində mübarək bir məsələyə işarə edir. Bildirir ki, göylərdə və yerdə olan hər bir şey Allaha itaətdədir. İnsanların da bir hissəsi Allah qarşısında boyun əyir, xüzu ilə Allaha bəndəçilik edir. Bir hissə insan isə Allaha səcdə etməkdən boyun qaçırır və itaət etmir. Onlar nəticə etibarilə əzaba düçar olurlar və Allahın zəlil etdiyini heç kəs əziz edə bilməz. Bir quşun hər vəziyyətdə Allahı zikr etməsi Bu ayələrdən görürük ki, Allah-Təala insanların Ay, Günəş, ulduzlar, dağlar, ağaclar, heyvanlar kimi olmadığına işarə edir. İnsanlara seçim etmək imkanı verilib. Nəticə etibarilə bir hissəsi seçim edərək, “La ilahə illəllah”ı qəbul edib, bir hissə isə bütlərə tapınaraq müşrik olub. Bunu anlamaq üçün, Süleyman peyğəmbərin (ə) dövrünə aid, bir quş ilə bağlı hadisəyə nəzər salaq. Bu əhvalatda olduqca önəmli, götürülməli ibrətlər var. Həzrət Süleymanın (ə) dövründə bir nəfər gözəl bir quş alır və həmin quşun çox gözəl səsi olur. Həmin şəxs quş üçün min dirhəm pul ödəyir, evinə gətirərək qəfəsə qoyur. Bir müddətdən sonra onun cinsində olan eyni bir quş onun qəfəsinin yuxarısında dayanır və onlar nəsə ciggildəşirlər. Bir müddətdən sonra həmin quş uçub gedir. Həmin quş gəlib gedəndən sonra artıq qəfəsdə olan quş heç bir zaman gözəl səsini səsləndirmir. Yiyəsi çox narahat halda, o dövrdə quşların, heyvanların dilini bilən Həzrət Suleymanın (ə) yanına gəlir. Şikayətini və hadisəni Həzrət Suleymana (ə) çatdırır. Həzrət Suleyman (ə) quşun öz dilində ondan baş verən hadisəni və oxumamasının səbəbini soruşur. Quş cavabında bir neçə dəlillər göstərir. Həzrət Suleymana (ə) deyir: “Mənim sahibimə de ki, indiki halda, qəfəsdə olduğum vəziyyətdə səsim çıxmayacaq. Əgər bu vəziyyətdən nicat tapsam, oxuyaram”. Həzrət Suleyman (ə) ondan səbəbini soruşanda, deyir: “Mənim qəfəsimin üzərində uçub dayanmış quş bir cümlə söylədi: ”Sən öz səsinə görə qəfəsə düşmüsən. Lakin, bizim səsimiz olmasa da, azadıq"". Müşriklərin özləri də iki qrupa bölünür Aydın oldu ki, insandan başqa yaradılmış olan hər bir məxluqat Allaha itaət edir. Seçim qarşısında olan insanlar isə iki qrupa bölünür - Allaha itaət edənlər və etməyənlər. Alimlər qeyd edirlər ki, itaət etməyən şəxslərin özləri də iki qrupdur. Onların birinci qrupu, zahirdə bütpərəst olanlardır. Onlar daxillərində heç həmin bütlərə də inanmırlar. İkinci qrup isə zahirdə və batində də bütlərə tapınanlardır. Zahirdə bütpərəst olanların səbəbi qorxudur. Onlar müəyyən vəziyyət və şəraitlərə görə zamanın bütlərinə tapınırlar. Əslində isə onlar heç tapındıqları bütlərə də inanmırlar. Sadəcə, dünyalarını müəyyən səviyyəyə çatdırmaq üçün həmin bütlərə tapınıblar. Bu insanlar ictimai rəydən daha çox qorxurlar. Qorxurlar ki, insanlar onları dövrün bütlərinə tapınmadıqları üçün qınayar. Belə insanların haqq tərəfə keçmələri rahat olub. Belə ki, onlar ictimai rəy haqqa tərəf dəyişdiyi zaman dərhal öz səmtlərini bu istiqamətə dəyişiblər. Ən qorxulu müşrikləri belə Ayətul-kursi nuru hidayət edir Müşriklər arasında ikinci qrup, qeyd edildiyi kimi, öz qəlbləri ilə bütlərə inananlar, onlar üçün qurban kəsənlər və s. kəslərdir. İkinci qrup insanlar, daha qorxulu təbəqədir. Onlar öz bütlərindən həqiqətən də nəsə gözləyirlər. Onların hidayət olunmaları da bir o qədər çətindir. Tarix göstərir ki, Ayətul-kursinin əsl hədəflərindən biri elə bu cür insanları hidayət etmək olub. Bunun üçün bir nümunəyə diqqət edək. Maruf bəni-Səli qəbiləsinin Məkkədə öz xüsusi bütü var idi və oranın xadimi var idi. Onun bütün işi o bütə qulluq etmək idi. Bir gün insanlar arasında “La ilahə illəllah” kəlməsi artıq yer tapır. Ayətul-kursinin məntiqi yayılmağa başlayır. Ğavi adlı bu xadim xidmət edən zaman görürük ki, iki tülkü içəri daxil olur, onların biri bütlərini nəcisləyir və çıxıb gedir. Həmin şəxs bir neçə beytdən ibarət şer qoşur. Şerin məğzi bundan ibarətdir ki, “mənim tapındığım ”məbud" ki, iki tülkü onun başını nəcisləyir və o öz-özünü müdafiə edə bilmir, bundan nə məbud çıxar?!" Gəlir Rəsullallahın (s) yanına və vəziyyətini danışır. Peyğəmbər (s) adını soruşur, deyir, - Ğavi, yəni “yolunu azmış”. Atasının adını soruşur, deyir, - Əbdül-üzza, yəni “üzza bütünün qulu”. Peyğəmbər (s) onun adını dəyişərək Raşid, yəni “hidayət tapmış”, atasının adını isə dəyişərək Əbdür-Rabbi, yəni “Rəbbin bəndəsi” qoyur. O gündən daha bir şəxs Ayətul-kursi kimi mübarək xəzinədən bəhrələnərək müsəlmanlar cərgəsinə qovuşur.
220 dəfə baxılıb
|
[23.05.2012] - AH, QƏDİRBİLMƏZ MÜXALİFƏT [22.05.2012] - O AĞ ŞEY BİZİ QIRACAQ [22.05.2012] - ABŞ-dan QORXULU SOS SİQNALI [22.05.2012] - VİCDAN MƏSƏLƏSİ [22.05.2012] - “EUROVİSİON” PƏNCƏRƏSİ [22.05.2012] - DƏYƏNƏYİN GÜCÜNƏ SIĞINMIŞLAR... [21.05.2012] - ÇUXURA DÜŞƏN ÖLKƏ [21.05.2012] - Ə NÖQTƏ QARAYEV [21.05.2012] - FƏDAKAR İNSANLARIN ZİYARƏTİNDƏ [21.05.2012] - BALIQ NİYƏ DANIŞMIR? [21.05.2012] - YENİLMƏYƏN RÜŞVƏT [21.05.2012] - Ə NÖQTƏ QARAYEV [21.05.2012] - YANUKOVİÇİ DƏ ERMƏNİLƏR VURURLAR? [21.05.2012] - RUS, FARS, ERMƏNİ... İNDİ DƏ GÜRCÜ? [20.05.2012] - GÜLLƏLƏNMİŞ HEYKƏLLƏR “KRİSTAL ZAL”A... [20.05.2012] - HAKİMİYYƏTİN GÜNEY AZƏRBAYCAN OYUNLARI |
| Yeni MÜSAVAT © 2008 |
|