24 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Yazarlar

ƏSƏDİN TALEYİ

2012-02-10

İndi bütün dünyanın nifrəti onun üzərinə fokuslanıb. Dünyada baş verənlərlə az-çox maraqlanan hər kəs Suriya diktatorunun hər gün onlarla günahsız insanı öldürməsindən danışır. Qaniçən Suriya diktatorunun necə susdurulacağının yolları müzakirə olunur. O isə özünü müdafiə etməyə çalışır, daxili və xarici düşmənlərinin birləşib qanuni hakimiyyəti devirmək istədiyini deyir.

Suriya klassik avtoritarizm ölkəsidir. Bunu 4 il əvvəl ilk dəfə Dəməşqə gedəndə hiss etmişdim. Bu barədə “Yeni Müsavat”da dərc olunan reportajda da qeydlər var. Suriya nədənsə mənə sovet ölkəsi təsiri buraxmışdı, ilk baxışda. Artıq 40 ildir ki, fövqəladə vəziyyətin hökm sürdüyü Orta Şərqin açar ölkəsi silah gücünə idarə olunurdu. Bu sistemi Bəşər Əsəd yaratmayıb, amma dəyişə də bilmədi. Çox böyük ehtimalla dəyişmək istəsə də buna nail ola bilməyəcək. Çünki bu ölkədəki rejim bu cür qurulub.
Əsəd rejimi Suriyada hakimiyyətdən getməlidir. Ona görə ki, Əsədlər İranla yaxın müttəfiqdirlər. Müharibə tərəfdarı "Həmas" təşkilatını, Livan "Hizbullah"ını dəstəkləyir, İranın bu təşkilatlara silah və maliyyə yardımının körpü ölkəsidir. Əsəd ona görə getməlidir ki, o, qonşu ərəb ölkələri ilə dost münasibətdə deyil, Amerikanın bölgədəki planlarını dəstəkləmir. Bəzi vaxtlarda bu planlara qarşı çıxır. 1991-ci ildə “körfəz savaşı” zamanı ABŞ və müttəfiqlərinin yanında dayanan və qəddarlığına görə oğlunu kölgədə qoyan ata Əsədin avtoritar, diktator lider olduğu, sadəcə olaraq, “unudulmuşdu”.
Suriyada ələvilərin hakimiyyətdə olduğunu əlində bayraq edib, daha sonra Əsədlərin buna görə İrana qucaq açmasının az qala məzhəb savaşının anonsu kimi təqdim edilməsi də təxribatdan başqa bir şey deyil. Bütün avtoritar rejimlərdə hakimiyyətdə bir qrup olur. Bu elita qan qohumluğu üzərində qurula bilər, inanc əsası üzərində də. Hətta başqa bir bağlılıqlar da ola bilər. Suriyada da istisna deyildi. Əsədlər ölkənin şimal-qərbindəki ələvi qəbilələrinə mənsub olsalar da, inanclar son 40 ildə Suriya hakimiyyətində o qədər əhəmiyyətli yer tutmayıb. Yaxın Şərq tarixinə bələd olan şəxslər bilirlər ki, İranla Suriya arasında uzun müddət Livan mövzusuna görə ciddi rəqabət olub. İran "Hizbullah"ı, Suriya isə Əməl hərəkatını dəstəkləyib. Yalnız ötən əsrin 90-cı illərində Livanda Suriya və İranın maraqları üst-üstə düşməyə başladıqdan sonra hər iki ölkə arasında yaxınlaşma başlayıb.
Suriya məsələsi qızışanda və ərəb ölkələrinin Dəməşq üzərinə basqıları artırdığı vaxt yadıma Həzrət İsa ilə bağlı məşhur əhvalat düşür. Rəvayətə görə, Həzrət İsa bir gün şəhərdə bir dəstə insanın zina etmiş (qeyri-qanuni cinsi münasibət) qadını daş-qalaq etdiyini görür. Allahın elçisi daş atan insanlara mane olur. Ona etiraz edirlər, qadının böyük günah etdiyini deyirlər. Allah elçisi deyir ki, qadını daş-qalaq etməyə bir şərtlə razıdır: qadına ömründə zina etməmiş insanlar daş atsınlar. Razılaşırlar, ancaq məlum olur ki, kimsə zinakar qadına daş atmağa “layiq deyil”.
Suriya rejimi bu gün günahkardır, avtoritar sistem dağılmalı, Əsəd getməlidir. Amma ona “daş atanlar” da pak deyil axı. 20-dən artıq ərəb dövlətinin hansı birində ədalətli sistemin, normal rejimin olduğunu kimsə iddia edə bilərmi? Bu gün Əsədi qan tökməkdə qınayan ərəb liderləri hər gün öz ölkələrində qan tökürlər. Qadınların səsvermə hüququnun belə olmadığı, qonşu ölkədə baş verən xalq etirazını yatırmaq üçün qoşun yeridən, günahsız insanları həqiqi mərmilərlə qətlə yetirən bir rejimin başçısının Bəşər Əsədi humanizmə dəvət etməsi gülüncdür, həm də faciəvidir. Müsəlman şərqində böyük oyunların davam etdiyi açıq-aşkar görünür.
Bəşər Əsəd rejimi yəqin ki, çox da uzun zaman davam gətirə bilməyəcək. Bir qayda olaraq qan üzərində qurulan səltənətlər yaşamırlar. Amma Yaxın Şərq təkcə Suriyadan ibarət də deyil. Bəs digər ölkələr? Digər avtoritar rejimlər üçün “dur” siqnalı nə zaman və kim tərəfindən veriləcək? Sual budur.

184 dəfə baxılıb

Xəbəri paylaş

[23.05.2012] - ZÜLMÜN SONU

[23.05.2012] - AH, QƏDİRBİLMƏZ MÜXALİFƏT

[23.05.2012] - VARİSƏ SÖZARDI

[22.05.2012] - O AĞ ŞEY BİZİ QIRACAQ

[22.05.2012] - ABŞ-dan QORXULU SOS SİQNALI

[22.05.2012] - VİCDAN MƏSƏLƏSİ

[22.05.2012] - “EUROVİSİON” PƏNCƏRƏSİ

[22.05.2012] - DƏYƏNƏYİN GÜCÜNƏ SIĞINMIŞLAR...

[21.05.2012] - ÇUXURA DÜŞƏN ÖLKƏ

[21.05.2012] - Ə NÖQTƏ QARAYEV

[21.05.2012] - FƏDAKAR İNSANLARIN ZİYARƏTİNDƏ

[21.05.2012] - BALIQ NİYƏ DANIŞMIR?

[21.05.2012] - YENİLMƏYƏN RÜŞVƏT

[21.05.2012] - Ə NÖQTƏ QARAYEV

[21.05.2012] - YANUKOVİÇİ DƏ ERMƏNİLƏR VURURLAR?

[21.05.2012] - RUS, FARS, ERMƏNİ... İNDİ DƏ GÜRCÜ?

[20.05.2012] - GÜLLƏLƏNMİŞ HEYKƏLLƏR “KRİSTAL ZAL”A...

[20.05.2012] - HAKİMİYYƏTİN GÜNEY AZƏRBAYCAN OYUNLARI

[20.05.2012] - AVTOBUS TARİXİ

[20.05.2012] - ƏLİ HƏSƏNOV KİMİN SÖZÜNÜ DEYİR?

ARXIV

Yeni MÜSAVAT © 2008