 |
Yazarlar
ƏBƏDİLİK SİNDROMU 2012-02-11
|
Avtoritar rejimlərin mövcud olduğu ölkələrdə hadisələr oxşar ssenari ilə cərəyan edir. Hətta coğrafi müxtəliflik, dini inanc, mədəniyyət, iqtisadi amillər də ciddi fərq yaratmır. Belə bənzərlik hər şeydən öncə dövlət idarəçiliyində yaranan psixoloji ovqatdan qaynaqlanır. İnsanlarla despotik rejimlər arasında uçurum yarananda səbəblər qəsdən unudulub, siyasi rəqiblər düşmən elan ediliblər. Bütün inqilabların müəllifi də elə diktatorlar olublar. İndi inqilabların baş verəcəyi ölkələrin də sırası müəyyənləşib. Bir az gec, bir az tez, artıq bəlli dəyərlərə uyğun dövlət modeli ilə idarə olunmaq heç bir ölkədən yan keçməyəcək. Buna qarşı müqavimət isə yeni-yeni fəlakətlərə yol açacaq. Xaotik şəkildə inqilablardan yayınmaq üçün edilən cəhdlər hakimiyyətdə olan çatları daha da böyüdür. Qəzəbi səngitmək üçün atılan addımlar hədəfdən geriyə qayıdan bumeranq effekti yaradır. Əslində dar ayaqda güzəştə gedən diktatorlar illərdən bəri onlara yönələn təhlükələrin mənbəyini yaxşı bilirlər. Amma son ana qədər onu aradan qaldırmağa cəsarət etmirlər. Ölkəni talamaq üçün hüdudsuz səlahiyyətə yiyələnən məmurlar daim diktatorları əbədilik və dahilik sindromuna bürüyüblər. Az qala bir-birinin ksero-surəti olan klanların varlanmaq ehtirası, hakim ailə üzvlərinin bütün əndazələri aşan şıltaqlığı da diktatorların xarakterinə uyğunlaşıb. Avtoritar idarəçiliyin mövcud olduğu bütün ölkələrdə vəzifələr tamamilə şərtidir. Baş nazir, ya da parlament sədri ailə üzvləri qarşısında yenilib. Sivil ölkədə varlığı hiss olunmayan cangüdən istənilən nazir üzərində hökmranlıq edə bilir. Bir qayda olaraq, birinci xanımların xeyirxahlığı dövlətin görməli olduğu işləri kölgədə qoyur. Üç gün öncə dünyanın bütün telekanalları Rusiyanın xarici işlər naziri Lavrovun və Xarici Kəşfiyyat Xidmətinin rəisi Fradkovun Suriyada necə qarşılandığını əks etdirən kadrları göstərdi. Tanış və acınacaqlı görüntülər idi. Lap uzaq və yaxın keçmişdə Brejnevin, Süleyman Dəmirəlin Bakıda qarşılanmağını xatırladırdı. Rusiya sözdə demokratiya, əməldə avtoritarizmi dana bilmədiyindən özünün oxşarı olan rejimləri yeganə xilaskarı rolunda çıxış edir. İndi rus xalqını necə inandırasan ki, Bəşər Əsəd kimi qaniçənə arxa-dayaq olan kəs öz xalqını gerçək demokratiyaya qovuşduracaq? Suriyanın bu diktator devriləndən sonra hansı problemlərlə üz-üzə qalacağı da bəlli deyil, artıq gələcək qarşıdurmanın bir tərəfində Rusiya dayanıb. 30-40 il sürən rejimdən sonra psixoloji sarsıntılar gözlənildiyindən çox sürür. Rusiya bilərəkdən qeyri-müəyyənlik zolağına düşür. Bundan sonra Belarusda, Qazaxıstanda, Orta Asiya ölkələrində və Cənubi Qafqazda diktatura rejimlərini qorumaq Rusiyaya nəyin hesabına başa gələcək? İtirdiyi, yoxsa qazandığı çox olacaq? Öz ölkəsində prezident seçkisi öncəsi demokratiya vəd edən Putin əslində avtoritarizmin girovluğundan qurtulacaq qədər iradəyə sahib olmadığını nümayiş etdirir. İndi kimə sirdir ki, Rusiyanın, Çinin himayədarlığı ilə qorumaq istəyən Bəşər Əsəd rejimi ölümə məhkumdur. Belə havadarlıq Rusiyanı son dayaq, arxa sayan post-sovet məkanındakı diktatorları ən gözlənilməz addımlar atmağa məcbur edir. Elə Qazaxıstanda baş verənlər də eyni həlqənin zənciridir. İndi necə inanasan ki, hətta Türkmənistandakı prezident seçkisinə “azad və demokratik” damğası vuran Rusiyadakı rejim könüllü şəkildə dəyişib, xalqın tələbi ilə hesablaşacaq? Ən azından Putinə inanmayanların sayının getdikcə azalması da bu ikiləşmə ilə bağlıdır. Avtoritar rejimləri eyni psixoloji ovqata kökləyən ciddi səbəblərdən biri də total korrupsiyadır. Bütün diktatorlar son ana qədər pulun gücü ilə hər şeyə qadir olduqlarına inanırlar. Hüquq-mühafizə orqanları nəhəng korrupsiya karuselini fırladan bir alətə çevrilir. Son məqamda diktatorları meydanda tək qoyan da elə bu qurumlara rəhbərlik edənlər olurlar. Heç kəs sonda günahları bölüşmək istəmir. Tarix heç bir zülmkarı, qaniçəni bağışlamayıb. Köklü demokratiyanın mövcud olduğu ölkələrdəki seçki sistemi, vəzifələr üçün zaman məhdudiyyətlərinin qoyulması əsrlər boyu formalaşan şərtlərdən irəli gəlib. Tarixin bütün dönəmlərində insanlar dəyişməyən hakimiyyətdən beziblər, demokratik yolla əvəzlənmə ziddiyyətlərdən qaçmağın ən optimal yolu sayılıb. 255 dəfə baxılıb
|
[23.05.2012] - ZÜLMÜN SONU [23.05.2012] - AH, QƏDİRBİLMƏZ MÜXALİFƏT [23.05.2012] - VARİSƏ SÖZARDI [22.05.2012] - O AĞ ŞEY BİZİ QIRACAQ [22.05.2012] - ABŞ-dan QORXULU SOS SİQNALI [22.05.2012] - VİCDAN MƏSƏLƏSİ [22.05.2012] - “EUROVİSİON” PƏNCƏRƏSİ [22.05.2012] - DƏYƏNƏYİN GÜCÜNƏ SIĞINMIŞLAR... [21.05.2012] - ÇUXURA DÜŞƏN ÖLKƏ [21.05.2012] - Ə NÖQTƏ QARAYEV [21.05.2012] - FƏDAKAR İNSANLARIN ZİYARƏTİNDƏ [21.05.2012] - BALIQ NİYƏ DANIŞMIR? [21.05.2012] - YENİLMƏYƏN RÜŞVƏT [21.05.2012] - Ə NÖQTƏ QARAYEV [21.05.2012] - YANUKOVİÇİ DƏ ERMƏNİLƏR VURURLAR? [21.05.2012] - RUS, FARS, ERMƏNİ... İNDİ DƏ GÜRCÜ? [20.05.2012] - GÜLLƏLƏNMİŞ HEYKƏLLƏR “KRİSTAL ZAL”A... [20.05.2012] - HAKİMİYYƏTİN GÜNEY AZƏRBAYCAN OYUNLARI [20.05.2012] - AVTOBUS TARİXİ [20.05.2012] - ƏLİ HƏSƏNOV KİMİN SÖZÜNÜ DEYİR? ARXIV
|