24 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Yazarlar

ÇÖRƏYİN ÜSTÜNDƏ “SEVİRƏM” SÖZÜ

2012-02-11

Salam əziz tamaşaçılar, atalar, analar, nənələr, babalar və balalar, ayağından su içər, dimdiyindən balalar! Neçə vaxt idi qar həsrətilə alışıb yanırdıq, yanıb-sönürdük. Sevən gənclər ölkədəki siyasi stabilliyi əldə əsas tutaraq bir-birinə qartopu atmaq istəyirdilər. Nəhayət ki, respublikamızın hər yerinə ağ, dümağ, bəyaz, pambıq qar yağdı. İndi bölgə müxbirlərimiz qarın rayonlarımızda yaratdığı bəzi çətinliklərindən söz açacaq. İndi Lənkəranla bağlantımız olacaq. Alo, İbadət qardaş! Lənkəranda vəziyyət necədi?

- Salam, gözəl, göyçək, qara birçək Qaratel xanım! Mən var haa, indi bu saat Lənkərandayam, ayağım Lənkəran torpağındadı. Barlı-bərəkətli Lənkəran torpaqlarımız yaxşı çay yetişdirdiyi kimi var haa, yaxşı da insanlar yetişdirir. Ləkəranın qarlı dağları, buz bulaqları var haa...

- İbadət qardaş, qardan danış, görək, qar yağanda orda nə baş verib?..

- Hə, doğurdan da qar yağıb, dizə vurur. Bir balaca külək əsdiyinə görə var haa, ağacların hamısı elektrik dirəklərinin üstünə uçub, rayonda işıqlar tamam sönüb. Ancaq Lənkəran əhli var haa, daxili və xarici siyasətimizi dəstəkləyir, iqtisadi inkişafımıza sevinir. Kəndlərdə var haa, məktəblərin damının şiferini külək aparıb. Hər yan zülmətə qərq olmasına baxmayaraq insanlar İrandan gələn malı damara dəqiq vura bilirlər. Xəstəxanalarda var haa, keyitmə dərmanlarında qıtlıq yarandığına görə xəstələr ot çəkirlər. Qaratel!..

- Çox sağ ol, İbadət qardaş, geniş, ətraflı, qollu-budaqlı məlumat verdin, Lənkəran gözlərimiz önündə canlandı. İndi isə Gədəbəy müxbirimizi dinləyək. Buyur, Orduxan qardaş!

- Qaratel xanım, sağlıq üçün söz verdiyinə görə sənə öz adımdan, Gədəbəyin dağları, buz bulaqları, nərgizli-bənövşəli çəmənləri adından dərin minnətdarlığımı bildirerəm. Gədəbəyə qar yağandan həyat dayanıb, sular donub, işıqların başına ağac düşüb, hər yan zülmətdi. Bütün bunlara baxmayaraq siyasi stabillik nəticəsində Gədəbəy xalqı daxili və xarici siyasətimizi dəstəkləyir. Mavi qazın yoxa çıxdığına görə camaat meşələri şadlıqla qırıb qurtarıb. Mağazalarda çörək şad-xürrəm yoxa çıxıb. Dünən iki nəfər, deyə-gülə, çörək üstə bir-birini bıçaqladı. Kəndlərdə evlər qar altında qalıb, sağlığını görüm, heç bir kömək yoxdu. Bilersın ki, bölgə müxbiriyəm mən də, az-az uyduroram yeri gələndə. Qaratel!..

- Çox sağ ol, Orduxan qardaş! Qar əriyəndən sonra qışdan salamat çıxan Gədəbəy camaatına salam deyərsən! 
Əziz tamaşaçılar, indi də Quba rayonundan olan müxbirimiz danışacaq. Buyur, Əbdül!

- Salam, Qaratel can! Ğubaya o ki var ğar yağa var. Hamımız qar altında qala var. Allah hökümətimizin canını sağ eləsin, hər yanı zülmətə döndərə var! Burda siyasi stabillik və iqtisadi inkişafa görə yollar qar altında qalıb dincələ var. Köhnə xəstəxana və məktəblər uça var, can. Ağaclar işıq dirəklərini xəncərləyə var! Qaranlıqda hamı bir-birinin qonağını bıçaqlayıb doğraya var, can! İnsanlar acından qırıla var, can! Heyvanlar da acından qırıla var! Qaratel can, qonorarımı vermədiyinizə görə mən də ölə var! Qaratel can!..

- Çox sağ ol, Əbdül, geniş bilgi verdin. Çalış, yaz gələnə qədər ölmə, can!
Əziz tamaşaçılar, indi də Saatlıdan hörmətli müxbirimiz Mirağa ağa xəbər verəcək. Buyur, Mirağa ağa!

- Nə deyə bilərəm, nə danışa bilərəm? Mən kiməm Allahın göndərdiyi, hökmətimizin bəyəndiyi qara kəc baxam. Qardı, yağıb, mən mıyı necə pisləyim! O biri fəsillərdə dizəcən lıqqadayıq! Allah-tala qarı eyibləri örtmək üçün göndərir, ancaq bizdə daha çox eyiblərimizi açır. Ölkəmiz inkişaf eləyir, qar yağır, evlər uçur, məktəblər uçur, işıq keçir, qaz keçir, adamlar aclıqdan ölür. Bunlar hamısı o kişinin hökmü ilə olur. Ondan xəbərsiz bir korrupsiya, bir büdcə yeyintisi ola bilməz. Evlər uçursa, demək, belə məsləhət imiş. Məktəblər uçsa yaxşıdı, mədrəsələrə keçmək lazımdı. Aclıq insanları mehribanlaşdırır. Eşitmişəm, dünən kəndlərimizin birində bir oğlan son nəfəsində öz çörək payının üstünə qanı ilə “sevirəm” yazaraq sevdiyi qıza göndərib.

- Mirağa ağa, mən də sevən gəncəm, məni ağlatdın, gözümün retuşu pozuldu, reklamlar!!!

455 dəfə baxılıb

Xəbəri paylaş

[23.05.2012] - ZÜLMÜN SONU

[23.05.2012] - AH, QƏDİRBİLMƏZ MÜXALİFƏT

[23.05.2012] - VARİSƏ SÖZARDI

[22.05.2012] - O AĞ ŞEY BİZİ QIRACAQ

[22.05.2012] - ABŞ-dan QORXULU SOS SİQNALI

[22.05.2012] - VİCDAN MƏSƏLƏSİ

[22.05.2012] - “EUROVİSİON” PƏNCƏRƏSİ

[22.05.2012] - DƏYƏNƏYİN GÜCÜNƏ SIĞINMIŞLAR...

[21.05.2012] - ÇUXURA DÜŞƏN ÖLKƏ

[21.05.2012] - Ə NÖQTƏ QARAYEV

[21.05.2012] - FƏDAKAR İNSANLARIN ZİYARƏTİNDƏ

[21.05.2012] - BALIQ NİYƏ DANIŞMIR?

[21.05.2012] - YENİLMƏYƏN RÜŞVƏT

[21.05.2012] - Ə NÖQTƏ QARAYEV

[21.05.2012] - YANUKOVİÇİ DƏ ERMƏNİLƏR VURURLAR?

[21.05.2012] - RUS, FARS, ERMƏNİ... İNDİ DƏ GÜRCÜ?

[20.05.2012] - GÜLLƏLƏNMİŞ HEYKƏLLƏR “KRİSTAL ZAL”A...

[20.05.2012] - HAKİMİYYƏTİN GÜNEY AZƏRBAYCAN OYUNLARI

[20.05.2012] - AVTOBUS TARİXİ

[20.05.2012] - ƏLİ HƏSƏNOV KİMİN SÖZÜNÜ DEYİR?

ARXIV

Yeni MÜSAVAT © 2008