 |
Yazarlar
ALLAHIN ÜMİDİNƏ QALAN ÖLKƏ 2012-02-11 Yaxud pinqvin yerinə qoyulan vətəndaş
|
Bakı, 10 fevral 2012-ci il. Günorta saat 13 radələridir, havanın tempraturu mənfi 2 dərəcədir. Paytaxtın əksər hissələrində yollarda avtomobillərin hərəkəti iflic olub, yollara qum, duz səpilməyib, ictimai nəqliyyat yox dərəcəsindədir. Təxminən 2 saat yollarda əlləşəndən sonra işə gəlib çata bilmişəm... Xəbərlərdən də aydın olur ki, mərkəzi hissələr də daxil, Bakıda ciddi enerji problemləri yaranıb. Bakı kəndlərində, mikrorayonlarda, Əhmədli qəsəbəsində, “Yeni Müsavat”ın redaksiyasının da yerləşdiyi "Neftçilər" metrosu ətrafında, Qaraçuxur qəsəbəsində, qısası şəhərin yarıdan çoxunda işıq yoxdur. Biz də redaksiyamızda soyuqdan donuruq, generatoru qoşub, əllərimiz əsə-əsə yazı yazırıq. Buyurun, bu da sizə regionun lider dövləti, Avropanı enerji ilə təmin etmək iddiasına düşən, “Eurovision”a hazırlaşan Azərbaycan və onun hökuməti. “Bakıelektrikşəbəkə” elektrik enerjisinin təminatında yaranan problemlərin məsuliyyətini “Azərenerji”nin üstünə atır, sonuncu da ümumiyyətlə qaçıb gizlənib. Guya Şimal DRES-də su donub. Ay yarıtmaz adamlar, axı Şimal DRES Su Elektrik Stansiyası deyil! Kimə gəlirsiniz? Burada buxar-qaz tipli qurğular hesabına stansiya işə düşməlidir!.. Bakıda belə bir acınacaqlı vəziyyətdə, yarıdonmuş halda çalışdığımız bir vaxtda, şəhər təsərrüfatı heç də Azərbaycandan yüksək səviyyədə olmayan Moskvaətrafı qəsəbələrdən birində yaşayan yaxın bir qohum mənə telefon açır. Dişim dişimə dəyə-dəyə birtəhər onunla danışıram. Oradakı hava durumu, işıq-qazın olub-olmamasını, yollardakı vəziyyəti soruşuram. Cavab isə belədir: “Hazırda burada 21 dərəcə şaxta var. Maşında yol gedirəm, yollar daim təmizlənir, problem yoxdur. Qaz, işıq, su hamısı qaydasındadır. Evə birbaşa isti su gəlir, ”otopleniya" od kimidir. Sizdə vəziyyət necədir?" Bizdəki vəziyyəti bircə kəlmə ilə çatdırmağa çalışdım: “Pinqvin həyatı yaşayırıq”. Əlbəttə, biz bu həyatı kefimizdən yaşamırıq. Qayğıkeş hökumətimizin korrupsioner, yarıtmaz sosial-iqtisadi siyasəti nəticəsində bu günə düşmüşük. Ölkənin təbii inhisarçı enerji istehsalçısı olan “Azərenerji”nin rəhbəri Etibar Pirverdiyevin başı dəvə saxlamağa, tikinti biznesinə qarışanda situasiya bundan fərqli ola bilməzdi! Hacıbala Abutalıbovun bütün fəaliyyəti evləri sökülən vətəndaşların pulunun dalına keçməkdən, maxinasiyalara baş vurmaqdan ibarət olanda, dövlətin şəhər təsərrüfatı üçün aldığı texnikanı özəl şirkətlərə icarəyə verəndə yollar bu vəziyyətdə olmalı idi. “Azəryolservis”in rəhbəri Cavid Qurbanov, nəqliyyat naziri Ziya Məmmədov, Kəmaləddin Heydərov məmur-oliqarxa çevriləndə əlbəttə ki, vətəndaşlar onların gözündə pinqvin kimi görünməyə bilməzdi. Xülasə, Artur Rəsizadənin başçılıq etdiyi hökumət bundan başqa hansı “fokus” göstərmək imkanında olmalı idi? Təsəvvür edin, ölkədə bir növ fövqəladə vəziyyətdir, əhali donur, məktəblərdə dərs, iş yerlərində iş, evdə ev şəraiti yoxdur, amma hökumət heç olmasa görüntü xatirinə olsa belə müşavirə keçirmir. Məmurlar hərəsi öz villasına, isti kabinetinə çəkilib yeni korrupsiya layihələri hazırlayırlar. Bir daha aydın olur ki, ölkəmiz doğrudan yiyəsizdir. Bu məmləkətin ancaq neftinin yiyəsi var. Vətəndaşlar tək Allahın ümidinə qalıb. 256 dəfə baxılıb
|
[23.05.2012] - ZÜLMÜN SONU [23.05.2012] - AH, QƏDİRBİLMƏZ MÜXALİFƏT [23.05.2012] - VARİSƏ SÖZARDI [22.05.2012] - O AĞ ŞEY BİZİ QIRACAQ [22.05.2012] - ABŞ-dan QORXULU SOS SİQNALI [22.05.2012] - VİCDAN MƏSƏLƏSİ [22.05.2012] - “EUROVİSİON” PƏNCƏRƏSİ [22.05.2012] - DƏYƏNƏYİN GÜCÜNƏ SIĞINMIŞLAR... [21.05.2012] - ÇUXURA DÜŞƏN ÖLKƏ [21.05.2012] - Ə NÖQTƏ QARAYEV [21.05.2012] - FƏDAKAR İNSANLARIN ZİYARƏTİNDƏ [21.05.2012] - BALIQ NİYƏ DANIŞMIR? [21.05.2012] - YENİLMƏYƏN RÜŞVƏT [21.05.2012] - Ə NÖQTƏ QARAYEV [21.05.2012] - YANUKOVİÇİ DƏ ERMƏNİLƏR VURURLAR? [21.05.2012] - RUS, FARS, ERMƏNİ... İNDİ DƏ GÜRCÜ? [20.05.2012] - GÜLLƏLƏNMİŞ HEYKƏLLƏR “KRİSTAL ZAL”A... [20.05.2012] - HAKİMİYYƏTİN GÜNEY AZƏRBAYCAN OYUNLARI [20.05.2012] - AVTOBUS TARİXİ [20.05.2012] - ƏLİ HƏSƏNOV KİMİN SÖZÜNÜ DEYİR? ARXIV
|