 |
Yazarlar
ALMANİYANIN ELMANİYA OLMASI 2012-02-11
|
Almanların dünyada baş verənlərdən xəbəri yoxdur, əks halda çoxdan kütləvi şəkildə Reyn çayına hoppanıb intihar edərdilər. Məsələn, onlar hələ də elə zənn edirlər ki, özlərinə hökumət-filan seçirlər, Almaniyanı dünyada prezident Kristian Vulf və kansler Anqela Merkel təmsil edir. Tamamilə yanlış düşüncədir. Bu saat Almaniyanın adından dünyada danışmaq haqqı... Azərbaycan Xarici İşlər Nazirliyinin əlindədir. Tam dəqiq ifadə olunsun deyə “ağzındadır” yaza da bilərik. Əgər sən şübhə edirsənsə, buyur Azərbaycan XİN mətbuat katibi Elman Abdullayev yoldaşın açıqlamalarını oxu. Öncə söhbəti bir az açaq, anlaşılmazlıq olmasın. Bildiyiniz kimi ya zəlzələdən, ya vəlvələdən keçən il “Evrovizion” musiqi yarışmasında Eli və Nikki adlı təmsilçilərimiz qalib gəldilər, o üzdən bu ilki yarışma Bakıda keçirilməlidir. Ancaq həmin anda məlum olmuşdu ki, döşünə döyüb hər yerdə ölkəni inkişaf etdirdiyindən danışan yapokratiya hakimiyyətdə olduğu 40 ildə Azərbaycanda bir dənə 20-30 min nəfərlik konsert salonu tikməyibdir. Dərhal əl-ayağa düşdülər, xarici şirkətlərə yalvardılar, ordan gələn hazır konstruksiyaları birləşdirib salon qayırmağa başladılar. Salon ərazisində, o cümlədən başqa yerlərdə onlarla insanın evi uçurduldu. Bundan başqa, Azərbaycanda insan haqlarının pozulması, siyasi məhbuslar və bu kimi məsələlər də dünya mediasının diqqətinə düşdü. Nəticədə yapokratiya “Evrovizion”un xeyrindən çox zərərini görməyə başlayıb, az qala hər həftə hansısa xarici qəzet, qurum, hökumət adamı bunları tənqid edir. Deyirlər ki, belə musiqi yarışı keçirdən dövlət Avropanın başqa qaydalarına da uyğun olmalıdır. El misalı ilə desək, dəyirmançı olmusansa, çağır gəlsin dən... Avropanın özündə də bu duruma aid məsəllər var, deyirlər taun vaxtı ziyafət pis şeydir. Yəni, sən istəyəsən ki, adamları minib bellərində pop musiqisi oxuyasan, Avropaya yaraşan iş deyildir. Təzəlikcə Almaniya hökumətinin insan haqları üzrə səlahiyyətlisi - bu adamın vəzifəsi əslində ombudsmandır, sadəcə Elmira Süleymanova ölkəmizdə ombudsman adını tamam yerlə yeksan elədiyindən biz də yazmayaq - Markus Löninq Azərbaycan hakimiyyətini möhkəm şapalaqlamışdı. Alman qəzetinə intervü verib demişdi ki, insan haqlarını pozan Azərbaycan hökuməti gərək musiqi yarışması keçirməkdən utansın. Təxminən bu cür. Onun ardıyca bizim Elman Abdullayev səhnəyə çıxıb və indi görün nə deyir. Sitat: “Löninqin yanaşması və çıxışları Almaniyanın mövqeyini əks etdirmir”. Gördünüz? Mən deyəndə inanmırdınız. Bədbəxt almanlar... Löninqi ombudsman (Elmira xalanın gözündən uzaq) seçib qoyublar, ancaq xəbərləri yoxdur ki, bu adam Almaniya hökuməti adından danışa bilməz. Bəs Almaniya hökuməti adından kim danışa bilər? Ay sağ olun, Elman Abdullayev danışa bilər, Elmira Süleymanova, Artur Rasizadə, Ramiz Mehdiyev, lap canım sənə desin, Siyavuş Novruzov danışa bilər. Yalnız Löninq, Merkel və sairə fritslər danışa bilməzlər. Elə İlham Əliyev bu yaxında Münhendə bütün almanları yerində oturdub demədimi ki, siz Azərbaycanda inqilabı yuxunuzda görərsiniz? Yeri gələndə Bakıda “Mercedes” maşını Hamburqdakından çoxdur. İstəsək maşın gətirməyə gedən uşaqlara deyərik, bir gündə Almaniyanın altını üstünə çevirib Reyxstaqın xarabalığının yerində Hacıbala adına fəvvarə qayırarlar. 1941-45-də gəlmişdiniz da bə, gördük ölkəni nə kökə saldınız! Utanmırlar, hələ danışırlar. Sizə bir sirr açım, əslində başqa dövlətlərin də camaatı fil qulağında yatıb, onları da dünyada çoxdandır Elman Abdullayev, Elmar Məmmədyarov və başqa bizim yapokrat məmurlar təmsil edir. Məsələn, Zimbabve prezidenti Muqabe zəng vurub bizim Məmmədyarovdan icazə almasa ağacdan düşüb ayaqyoluna da gedə bilmir. Yapon imperatoru Akihito isə hansı musiqiyə qulaq asmağı Əbülfəs Qarayevdən soruşur. Sən də deyirsən “Evrovizion” belə gəldi, alman elə getdi... 1788 dəfə baxılıb
|
[23.05.2012] - ZÜLMÜN SONU [23.05.2012] - AH, QƏDİRBİLMƏZ MÜXALİFƏT [23.05.2012] - VARİSƏ SÖZARDI [22.05.2012] - O AĞ ŞEY BİZİ QIRACAQ [22.05.2012] - ABŞ-dan QORXULU SOS SİQNALI [22.05.2012] - VİCDAN MƏSƏLƏSİ [22.05.2012] - “EUROVİSİON” PƏNCƏRƏSİ [22.05.2012] - DƏYƏNƏYİN GÜCÜNƏ SIĞINMIŞLAR... [21.05.2012] - ÇUXURA DÜŞƏN ÖLKƏ [21.05.2012] - Ə NÖQTƏ QARAYEV [21.05.2012] - FƏDAKAR İNSANLARIN ZİYARƏTİNDƏ [21.05.2012] - BALIQ NİYƏ DANIŞMIR? [21.05.2012] - YENİLMƏYƏN RÜŞVƏT [21.05.2012] - Ə NÖQTƏ QARAYEV [21.05.2012] - YANUKOVİÇİ DƏ ERMƏNİLƏR VURURLAR? [21.05.2012] - RUS, FARS, ERMƏNİ... İNDİ DƏ GÜRCÜ? [20.05.2012] - GÜLLƏLƏNMİŞ HEYKƏLLƏR “KRİSTAL ZAL”A... [20.05.2012] - HAKİMİYYƏTİN GÜNEY AZƏRBAYCAN OYUNLARI [20.05.2012] - AVTOBUS TARİXİ [20.05.2012] - ƏLİ HƏSƏNOV KİMİN SÖZÜNÜ DEYİR? ARXIV
|