24 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Yazarlar

“KÜÇƏLƏRƏ DUZ SƏPMİŞƏM”

2012-02-12

Hacıbala müəllimin “Eurovision”un açarını təhvil alan zaman “coşqu” yerinə “qoşqu” deməsinin insanlarda yaratdığı xoş ovqatın təbəssümü çöhrələrdən çəkilməmiş, ağsaqqal merin yeni bir lafı dillər əzbəri olub. Bu dəfə o, hökumət qəzetinin müxbirinə təklif edib ki, şəhərin yol və küçələrinə duz, qum səpildiyinə şübhə edirsə, gedib asfaltı yalasın.

Bu, əlbəttə ki, unikal təşəbbüs olmaqla vəziyyətdən çıxış yollarının biridir. Əgər küçələrə səpilən qumu gözlə görmək, ayaq altında xırçıldayanda, külək qaldırıb gözə dolduranda hiss etmək mümkündürsə, yollara səpilmiş Masazır duzunun əriyib qara qarışması üzündən onu gözlə görmək, əllə, ayaqla hiss etmək mümkün deyil. Heç iyi də yoxdur, iyindən biləsən. Demək, əlac qalır lamisə orqanlarının ən etibarlısına, dadbilmə duyğusuna. Mer də məhz buna görə jurnalistə asfaltı yalamağı məsləhət görüb.
Bişəkk, jurnalist bu üsulla hansı küçələrə duz səpildiyini, hansına səpilmədiyini yüzdəyüz dəqiqliklə araşdıra bilər. Yaxşı jurnalistin işi araşdırma aparmaq, həqiqəti ortaya çıxarmaq deyilmi? Zəhmət çəksin, dizini atsın yerə...
Düzdür, bu, kənardan çox qəribə görünər. Yol keçən sürücülər, piyadalar, tutaq ki, Biləcəri enişində dizini yerə qoyaraq asfaltı yalayan jurnalistin bunu hansı məqsədlə etdiyini nəinki dərhal, heç qeyri-dərhal da başa düşməzlər, ya elə bilərlər ki, adam uzun illərin həsrətindən sonra vətənə qayıtmış fanatik patriotdur, əyilib torpağı öpür, ya da onu sadəcə dəli sayar, psixiatriya dispanserinə zəng edərlər ki, gəlin aparın, burada biri var, asfaltı yalayır.
Kim nə bilsin ki, həqiqəti üzə çıxarmaq üçün bu araşdırma üsulunu ona ölkənin ən ağıllı adamlarından biri, Bakı şəhəri hökumətinin başçısı Hacıbala Abutalıbov tövsiyə edib.
Hərçənd Səhiyyə Nazirliyinin və ölkənin sanitar-gigiyena strukturunun mütəxəssisləri hesab edirlər ki, həqiqəti üzə çıxarmaq nə qədər vacib olsa da, asfaltı yalamaq məsləhət deyil. Çünki deyilənə görə, asfalt, eləcə də torpaq cürbəcür mikroblarla, xəstəlik yayan bakteriyalarla qayır-qayır qaynayır, onlara dil toxundurmaq olmaz. İnsan ağır xəstəliklərə yoluxa bilər. Bu baxımdan ölkənin ən təmiz, təmizkar adamlarından biri olan mer gərək jurnalistə belə bir qeyri-gigiyenik tövsiyə verməyəydi.
Ən yaxşısı, jurnalistə həmişə olduğu kimi, aydın və konkret cavab vermək olardı. Məsələn, əgər mer desəydi ki, “lap yaxşı eləyib şəhərə duz səpmirəm, əlimin içindən gəlir, içində bir noxud var, onun da içindən gəlir, get nə yazırsan, yaz, heç vecimə də deyil, tüpürüm sənə də, sənin qəzetinə də, yazdığınıza da, burda mənəm, Bağdadda kor xəlifə, mənə heç nə edə bilməzsiniz, 7 ildir yazırsınız, guya məni vəzifəmdən çıxarırlar, amma mən hələ də yerimdəyəm, alın a, yana-yana qalın a, mən şəhər meriyəm”, bu, daha anlaşıqlı cavab olardı.
Jurnalist də başa düşərdi ki, Xəzərin duzlu suyunun donduğu yerdə şəhərə səpilmiş və qarı əritmiş duzun suyla birgə donub-donmadığını müəyyən etmək üçün bu qədər tələbkar olmağa, o boyda ağsaqqal adamı divara dirəməyə ehtiyac yoxdur. Şəhərin yiyəsi “küçələrə duz səpmişəm” deyirsə, ona şəkk gətirmək olmaz, səpib ki, deyir, səpməsə, deməz. İndi o durub məşhur mahnının sözlərini bir balaca dəyişdirib, “küçələrə duz səpmişəm, yar gələndə sürüşməsin” deyə oxuyası deyil ki.
Adama inanmaq lazımdır. Ona inanırlar ki, neçə ildir bu vəzifədə saxlayırlar, inanmasalar, çoxdan qovardılar, heç nəzərə almazdılar ki, birdən gedib intihar-zad eləyər. İndi bu duz məsələsində kim ona inanmırsa, öz işidir, getsin, Biləcəri enişinə, yaxud Yasamal yoxuşuna, öz daxili imkanları ilə merin yalan dediyini ortaya çıxarmağa çalışsın.
Amma qorxuram, o biri böyük vəzifəlilər də Abutalıbovdan örnək götürələr və sual verən jurnalistləri cürbəcür yerlərə göndərələr. Onda gərək, biz elektrik naqillərində cərəyanın olub olmadığını yalın əllə yoxlayaq, qazın verilib-verilmədiyini iybilmə üsulu ilə təyin edək və sair və ilaxır.

584 dəfə baxılıb

Xəbəri paylaş

[23.05.2012] - ZÜLMÜN SONU

[23.05.2012] - AH, QƏDİRBİLMƏZ MÜXALİFƏT

[23.05.2012] - VARİSƏ SÖZARDI

[22.05.2012] - O AĞ ŞEY BİZİ QIRACAQ

[22.05.2012] - ABŞ-dan QORXULU SOS SİQNALI

[22.05.2012] - VİCDAN MƏSƏLƏSİ

[22.05.2012] - “EUROVİSİON” PƏNCƏRƏSİ

[22.05.2012] - DƏYƏNƏYİN GÜCÜNƏ SIĞINMIŞLAR...

[21.05.2012] - ÇUXURA DÜŞƏN ÖLKƏ

[21.05.2012] - Ə NÖQTƏ QARAYEV

[21.05.2012] - FƏDAKAR İNSANLARIN ZİYARƏTİNDƏ

[21.05.2012] - BALIQ NİYƏ DANIŞMIR?

[21.05.2012] - YENİLMƏYƏN RÜŞVƏT

[21.05.2012] - Ə NÖQTƏ QARAYEV

[21.05.2012] - YANUKOVİÇİ DƏ ERMƏNİLƏR VURURLAR?

[21.05.2012] - RUS, FARS, ERMƏNİ... İNDİ DƏ GÜRCÜ?

[20.05.2012] - GÜLLƏLƏNMİŞ HEYKƏLLƏR “KRİSTAL ZAL”A...

[20.05.2012] - HAKİMİYYƏTİN GÜNEY AZƏRBAYCAN OYUNLARI

[20.05.2012] - AVTOBUS TARİXİ

[20.05.2012] - ƏLİ HƏSƏNOV KİMİN SÖZÜNÜ DEYİR?

ARXIV

Yeni MÜSAVAT © 2008