24 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Yazarlar

BİRİNCİNİN YERİ

2012-02-12

Elə bil hansısa sehrli cızdığı bir çevrə var və onun daxilində zəifləmiş, heydən düşmüş müxalifətə mövcudluğunu qorumaq limiti verilib. Dairədən kənarda isə istədiyi kimi ölkəni talayan, yalanı gerçək kimi insanların boğazına tıxayan, ölkənin bütün resurslarını oğru məmurlar arasında bölən bir rejim hökmranlıq edir. Əsas qayğısı da o məmurları narazı salmamaqdır.

Hərdən kimlərsə ayağını cızılan xətdən kənara qoyanları ən ağlagəlməz ittihamlarla həbs etdirir, cəza verir. Buna görə ona ünvanlanan tələbləri də bir zərrə eyninə almır. Bax beləcə dairənin içində və çölündə hər kəs özü bildiyi kimi yarışır: siyasi müxalifətin başı öz içində birincilik yarışına qarışıb, qəddar rejim isə bunu da bir fürsət bilib eyş-işrət içində dövran sürür.
Addım-addım geri çəkilən və bu rejimin verdiyi qədər yaşamaq limiti olan müxalifətin öz arasındakı nüfuz savaşı az qala bu talanı, bütün rənglərə bürünən yalanı da kölgədə qoyur. Ən nəhayət, müxalifətin bir il iki aydan bəri mövcud olan kövrək birliyinin - İctimai Palatanın başı üstünü də təhlükə alıb.
Dünyada diktatorları əbədi sandıqları taxtdan salan nümunələr yetərincədir, ölkədə isə avtoritar rejimi yarım addım da geri çəkilməyə məcbur edən heç nə yoxdur. Sanki müxalifətin kağız üzərində qalan bəyanatları da iqtidarın heç nəyə gərək olmayan qanunlarının eynidir. Başı öz arasında birincilik yarışına qarışan müxalifət hansı rejimə sərf eləməz! Ən azından demokratiya görüntüsü üçün yetərlidir...
Son bir ilin səbəbi bizdən asılı olmayan bircə uğuru var: insanlar doğru sanmadıqları nə varsa, dilə gətirməkdən çəkinmirlər. Kiminsə qəzəbinə gəlmək, təqib olunmaq qorxusundan sıyrılıblar. Saxta inkişafın  təsdiqinə yönələn yalançı statistika nə qədər heç nədən həya etmədən təkrarlanırsa, hər kəs də onu danmaqda özünü haqlı bilir. Elə dağınıq etiraz aksiyaları: evyıxmalar, quruculuq arxasından boylanan talan, soyuqdan donan narazıların üz tutduqları qapılardan qovulması da bunun nəticəsidir. Ortaq bir etiraz mühiti formalaçıb...
İnsanlar siyasi yön tapa bilmədiklərindən hissə-hissə, topa-topa bir müddət dirəniş göstərib, meydandan çəkilirlər. Sulutəpədə, Hövsanda, Kür daşqınından sonra xaraba qalan kəndlərdə bu rejimə etiraz edənlərin sayı müxalifətin sadiq avanqardından çox idi...
Kimə sirdir rüşvətxor məmurları inadından döndərməkdə belə dağınıq müqavimət yetərli deyil. Bu qədər haray eşidilmirsə, heç kim cəzalanmırsa, onları kimin himayə etdiyi üzərində baş sındırmağa dəyərmi? Ad da bəllidir, ünvan da...
Yaxın keçmişi, arxada qalan illəri göz önünə gətirin: 1998-ci ildə də, 2003-cü ildə də müxalifətin birincisini zaman özü qabağa verdi, səs də qazandılar, amma bu korrupsiya üstə qərarlaşan rejimi hakimiyyətdən kənarlaşdırmaq üçün yetərli olmadı. İndi qələbəni təmin edəcək şərtlər dəyişibmi? Əksinə daha amansız olub, daha yırtıcı xislətə dirənib. Demokratik seçkini təmin edəcək şərtlərin formalaşmadığı bir ölkədə müxalifətin birincisi olmaq hansı üstünlük qazandıracaq? Mövcud durum dəyişməyəcəksə, müxalifətin birincisi olmaq iqtidarın bütün hərzə-hədyanları dilə gətirməkdən utanmayan Səyavuş Novruzovu olmaq qədər mənasızdır.
İndi bu düşüncə bütün niyyətləri kölgədə qoyur: nədən siyasi müxalifət bu qədər haqqı tapdananla barışıq nöqtəsi tapa bilmir?  Hamı bilir ki bu rejim sarsılmayınca o problemlərin heç biri də həllini tapmayacaq. Ortaq qənaət var, amma bir niyyət yolunda mübarizə aparmaq üçün ortaq məxrəc yoxdur...
Hər bir ölkədə siyasi müxalifətin missiyası da narazıların avanqardı olmaq, onlar qarşısında öhdəlik götürüb hakimiyyətə gəlməkdir. Demokratik ölkələrdə bunun ən sakit yolu seçkidir. Digər bir ölkədə hakimiyyətlə xalq arasında narazılıq pik həddə çatırsa, ondan günahı ən sərt və amansız vasitələrlə rejimlərin boynuna qoymaqdan savayı çıxış yolu qalmır...
Bu qədər hüdudsuz korrupsiyanın, haqsızlığın olduğu ölkədə siyasi müxalifət niyə narazıların önündə getmir, niyə dağınıq etiraz aksiyalarında siyasi müxalifət öz hüquqları uğrunda savaşa qalxan insanlarla bir sırada dayanmır? Heç olmasa belə addımlar arada inam körpüsü yaradardı, insanlar məsələnin siyasi yolla həllinə ümid edərdilər.
Bax birincinin yeri də orada müəyyənləşəcək.

299 dəfə baxılıb

Xəbəri paylaş

[23.05.2012] - ZÜLMÜN SONU

[23.05.2012] - AH, QƏDİRBİLMƏZ MÜXALİFƏT

[23.05.2012] - VARİSƏ SÖZARDI

[22.05.2012] - O AĞ ŞEY BİZİ QIRACAQ

[22.05.2012] - ABŞ-dan QORXULU SOS SİQNALI

[22.05.2012] - VİCDAN MƏSƏLƏSİ

[22.05.2012] - “EUROVİSİON” PƏNCƏRƏSİ

[22.05.2012] - DƏYƏNƏYİN GÜCÜNƏ SIĞINMIŞLAR...

[21.05.2012] - ÇUXURA DÜŞƏN ÖLKƏ

[21.05.2012] - Ə NÖQTƏ QARAYEV

[21.05.2012] - FƏDAKAR İNSANLARIN ZİYARƏTİNDƏ

[21.05.2012] - BALIQ NİYƏ DANIŞMIR?

[21.05.2012] - YENİLMƏYƏN RÜŞVƏT

[21.05.2012] - Ə NÖQTƏ QARAYEV

[21.05.2012] - YANUKOVİÇİ DƏ ERMƏNİLƏR VURURLAR?

[21.05.2012] - RUS, FARS, ERMƏNİ... İNDİ DƏ GÜRCÜ?

[20.05.2012] - GÜLLƏLƏNMİŞ HEYKƏLLƏR “KRİSTAL ZAL”A...

[20.05.2012] - HAKİMİYYƏTİN GÜNEY AZƏRBAYCAN OYUNLARI

[20.05.2012] - AVTOBUS TARİXİ

[20.05.2012] - ƏLİ HƏSƏNOV KİMİN SÖZÜNÜ DEYİR?

ARXIV

Yeni MÜSAVAT © 2008