 |
Yazarlar
SAVADSIZ FOLKER PETERS VƏ TƏRS STATİSTİKA 2012-02-12
|
Bir oğru mətbuat konfransı keçirib, “gəlirləri” və məsrəfləri haqqında ictimaiyyətə məlumat versə necə olar? Son bir il ərzində neçə ev yardığı, hər evdən ayrı-ayrılıqda və cəmi nə qədər pul, qır-qızıl apardığını açıqlasa, hamı şoka düşər, ya düşməz? Haradan ağlıma gəldisə, bu sualı Qədimalı qağama verdim. Düşünürdüm ki, heyrətlənəcək, deyəcək ki, elə şey ola bilməz, hərgah elə bir şey olsa, bütün dünya mətbuatı bu görünməmiş hadisədən yazardı və yaxud da polis çoxdan axtardığı oğrunu gəlib elə mətbuat konfransı keçirdiyi yerdə tutub qandallayardı. Amma nədənsə Qədimalı qağamın reaksiyası çox qəribə oldu. O, bu nəzəri hadisəyə hər gün rastlaşdığımız adi bir şey kimi yanaşdı. Qağamın təəccüblənmədiyini görüb mənim özümü təəccüb bürüdü. Qağam dedi ki, a bajıoğlu, o gün YAP mətbuat konfransı keçirib cəmiyyətə maliyyə hesabatı verdi. Bundan sonra sənin düşündüyün hadisə nəmənədir ki? YAP pulları haqqında cəmiyyətə açıqlama verdiyi ərəfədə Korrupsiyaya Qarşı Mübarizə İdarəsi də mətbuat konfransı keçirib 2011-ci ildə “gördüyü” işlər haqqında məlumat verdi. Bu idarənin Azərbaycanda korrupsiyanın çiçəklənməsinə dəstək məqsədi üçün yaradıldığını bildiyimdən, orada səslənmiş fikirlərə və rəqəmlərə əhəmiyyət vermədim. Ancaq adını çəkmək istəmədiyim bir müxalifətçi siyasətçinin həmin mətbuat konfransı ilə bağlı dedikləri məni yaman təəccübləndirdi. O, guya ki, müxalifətçi prinsipiallığı göstərərək demişdi ki, ölkədə korrupsiyaya qarşı effektli mübarizə aparılmır, əgər aparılsaydı 3-4 nazir həbsdə olmalıydı. Bərəkallah müxalifətçiliyinə! Bu ölkədə korrupsiyaya bulaşmamış nazir var məgər? Ölkədə bütün nazirlərin, onlardan yuxarı və aşağı məmurların hamısı hökumətin korrupsiya siyasətində fəal iştirak edirlər və onların arasında rüşvətxor olmayan bircə nəfər də yoxdur. Bəs belə olan təqdirdə niyə həbsdə cəmi 3-4 nazir oturmalıdır? Bu nə tərəfkeşlik və ya düşmənçilikdir? Məgər hamı qanun qarşısında eyni deyil? Bəs deyirsiniz ki, hakimiyyətə gəlsəniz hamı qanun qarşısında eyni olacaq. Daha bir mətbuat konfransı haqda yazıram. Münhendəki təhlükəsizlik sammitindən sonra ölkə başçısı İlham Əliyev mətbuat konfransına qatılıb. Bir almaniyalı ona sual verərkən, Azərbaycanı inqilabdan əvvəlki Misirə bənzədib. Ölkə başçısı bundan çox əsəbiləşib, həmin almanı savadsızlıqda günahlandıraraq Azərbaycanın makroiqtisadi göstəricilərini səciyyələndirən bir-sıra statistik rəqəmlər sadalayıb. Bu mənim yadıma Hüsnü Mübarəkin devrilməmişdən əvvəl bir Almaniya telekanalına müsahibəsini xatırlatdı. Müxbir ona Misirin bir az bundan qabaq inqilabın qalib gəldiyi Tunisə oxşarlıqlarını xatırladırdı. Hüsnü Mübarək isə, çox əsəbi halda Misirin Tunisə heç bir oxşarlığının olmadığını dedi və birnəfəsə ölkəsinin makroiqtisadi göstəricilərini xarakterizə edən xeyli statistik rəqəmlər söylədi. Demək istədiyim başqa şeydir. Statistikadan söz düşdü deyə, başqa bir məsələni yazmalıyam. Hərçənd ki, bunun da elə Münhendəki mətbuat konfransında səslənmiş fikirlərə çox ciddi aidiyyatı var. Ölkə başçısı bəyan edib ki, 2011-ci ildə aparılmış uğurlu iqtisadi siyasət nəticəsində ölkəmizdə 70 min yeni iş yeri açılıb. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə əsasən isə, 2011-ci ildə maaş alan vətəndaşlarımızın sayı 2010-cu ilə nisbətən 16500 nəfər azalıb. Çox qəribə mənzərə yaranır, iş yerlərinin sayı artır, amma maaş alanların sayı azalır. Bu da sizə analoqu olmayan iqtisadi inkişafın daha bir nümunəsi. Çox güman ki, Münhendə Azərbaycanın dövlət başçısına sual vermiş almanın bu statistik rəqəmdən xəbəri olmayıb. Olsaydı o, bu məlumatı prezidentin nəzərinə çatdırmazdı, sadəcə olaraq sual verməkdən vaz keçərdi. Çünki daha bundan sonra sual verməyin yeri qalmır. Yeri gəlmişkən, hörmətli dövlət başçımızın savadsız adlandırdığı almanın adı Folker Petersdir. O, Almaniyanın xarici siyasət və təhlükəsizlik institutunun rəhbəridir. Məncə, bu da analoqu olmayan hadisədir, savadsızın biri gör hara dırmaşıb. 413 dəfə baxılıb
|
[23.05.2012] - ZÜLMÜN SONU [23.05.2012] - AH, QƏDİRBİLMƏZ MÜXALİFƏT [23.05.2012] - VARİSƏ SÖZARDI [22.05.2012] - O AĞ ŞEY BİZİ QIRACAQ [22.05.2012] - ABŞ-dan QORXULU SOS SİQNALI [22.05.2012] - VİCDAN MƏSƏLƏSİ [22.05.2012] - “EUROVİSİON” PƏNCƏRƏSİ [22.05.2012] - DƏYƏNƏYİN GÜCÜNƏ SIĞINMIŞLAR... [21.05.2012] - ÇUXURA DÜŞƏN ÖLKƏ [21.05.2012] - Ə NÖQTƏ QARAYEV [21.05.2012] - FƏDAKAR İNSANLARIN ZİYARƏTİNDƏ [21.05.2012] - BALIQ NİYƏ DANIŞMIR? [21.05.2012] - YENİLMƏYƏN RÜŞVƏT [21.05.2012] - Ə NÖQTƏ QARAYEV [21.05.2012] - YANUKOVİÇİ DƏ ERMƏNİLƏR VURURLAR? [21.05.2012] - RUS, FARS, ERMƏNİ... İNDİ DƏ GÜRCÜ? [20.05.2012] - GÜLLƏLƏNMİŞ HEYKƏLLƏR “KRİSTAL ZAL”A... [20.05.2012] - HAKİMİYYƏTİN GÜNEY AZƏRBAYCAN OYUNLARI [20.05.2012] - AVTOBUS TARİXİ [20.05.2012] - ƏLİ HƏSƏNOV KİMİN SÖZÜNÜ DEYİR? ARXIV
|