 |
Yazarlar
MƏHLƏMİZDƏ BİR QUYU VAR, ƏMİQIZI... 2012-02-12
|
Uca millətimizlə birgə su axtarışına çıxdığımız bu analoqu olmayan buz dövründə növbəti yazımızın mövzusu oxucumuz Etibar Tağıyevdən gəldi. Bu yaxında metronun “Koroğlu” stansiyası təmirdən sonra dammışdı, tavanı qopub tökülmüşdü, metronun yumorist rəisi Tağı bəy isə müxbirimizə demişdi ki, burda qeyri-adi hadisə yoxdur, hamının evi damır. İndi Etibar bəy yazıb ki, Tağı bəyin qarğışından sonra onun da evinə su damır. Bu cümlə məni acı düşüncələrə qərq elədi. Fikirləşdim ki, görəsən bizim evimiz niyə dammır və mən bu şaxtada-boranda düşüb həyətdən qar yığıram. Damsaydı hazır vedrələri dürtərdik altına, “Azərsu”ya da möhtac qalmazdıq. Bu fikrimi Tağıyevə yazdım, bəy bu dəfə daha maraqlı söhbət açdı. Yazdı ki, keçən ilin aprelində bankdan kredit götürüb həyətdə quyu qazdırıb, bu saat bütün qonşuları onun quyusunun suyundan istifadə eləyir. Arximed rəhmətlik vannada qışqırdığı fason, bu cümləni oxuyanda mən də “Evrika!” bağırdım, səsin təsirindən damdan buz sırsıraları qopub töküldü. Gerçəkdən, bu mənim ağlıma indiyə qədər niyə gəlməyib, başa düşmürəm. Hamımız quyu qazmağa başlamalıyıq, hökumətə etibar yoxdur. Qışda şaxta, yayda isti üzündən susuz qalmağımız artıq təbii hala çevrilibdir. Əgər hər bir vicdanlı vətəndaş həyətində quyu qazsa hökumətdən asılı olmaz. Sadəcə, Tağıyev həyət evində yaşayır, mən isə çoxbloklu yaşayış binasında. Bu baxımdan quyunu qazmaq üçün hesab edirəm ki, hansısa idarədən (JEK-dən, icra hakimiyyətindən, polisdən, prokuror və həkimdən - dəqiq bilmirəm hələlik) icazə kağızı almalıyam. Araşdırıram, icazə alan kimi həyətdə bir dərin quyu qazmağa girişəcəyəm. Nə bilmək olar, bəlkə quyudan su ilə yanaşı neft-qaz da çıxdı. O zaman binamızın istilik problemini də yerində həll edərik. Bəzi xırda problemlər də var. Məsələn, ola bilsin quyunu qazarıq, ancaq şirin yox, duzlu su çıxar. Bunun da həlli yollarını düşünmüşəm. Keçən il prezident Əliyev demişdi ki, Xəzərin suyunun şirinləşdirilməsi proqramı hökumətin vəzifələrindən biridir. Bax, vətəndaşlar da bu proqramı öyrənməli, duzlu suyu özləri şirinləşdirməli, içməli hala gətirməlidir. Sudan ayrılan duzu isə donmuş yollara səpmək olar. Hacıbala Abutalıbov demişkən, kim duz səpildiyinə inanmasa gedib yolu yalasın. Ola bilsin biz tək quyu yox, həm də kanal qazaq. Dünən bir xəbər oxudum, yazılmışdı ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti (bunun mənası odur ki, evdə krantı açıq qoyun, dar gündə cəmiyyətə su gələndə fışıldasın, xəbəriniz olsun) Ümumdünya Su Forumunda iştirak edəcək. Forum martın ortalarında Fransanın Marsel şəhərində keçiriləcəkmiş. Kim bilir, bəlkə o vaxta qədər Fransa bizim də susuzluqdan soyqırıma uğradığımız haqda bir qanun qayırar, forumda bunu inkar eləyən “Azərsu” əməkdaşını tutub zindana salarlar. Yaman olardı. Uzun sözün qısası, fevralın 2-də bu foruma hazırlıq üçün Parisdə bir iclas qayırıblar, ora bizim hökumətdən “Sukanal” elmi-tədqiqat institutunun direktor müavini Adışirin bəy gedibdir. Sitat: “Azərbaycan nümayəndə heyəti müzakirələrdə fəallığı ilə seçilmişdir. 6-cı Ümumdünya Su Forumunda nümayəndə heyətimizin ”Su və sağlamlıq" dəyirmi masasında iştirakı nəzərdə tutulur" (qafqazinfo). Çox zarafatcıl idarədir. Sən hələ dəyirmi masanın adına bax: su və sağlamlıq! Vedrə ilə su daşıyanda adam sağlam olur - bunu nəzərdə tuturlar? Nə biləsən... Üstəlik, adam da konkret kanal qazandır, idarədə vedrə işinə baxanları ar eləyib Parisə göndərməyiblər. Ən qara yumor isə dünən oldu. Bir də görürəm qapı döyülür. Açıram. Deyirlər “Azərsu”dan gəlmişik, müştərilərlə müqavilə bağlayırıq. Eybi yox, mən sizə də bir quyu qazaram, baxarsınız... 1726 dəfə baxılıb
|
[23.05.2012] - ZÜLMÜN SONU [23.05.2012] - AH, QƏDİRBİLMƏZ MÜXALİFƏT [23.05.2012] - VARİSƏ SÖZARDI [22.05.2012] - O AĞ ŞEY BİZİ QIRACAQ [22.05.2012] - ABŞ-dan QORXULU SOS SİQNALI [22.05.2012] - VİCDAN MƏSƏLƏSİ [22.05.2012] - “EUROVİSİON” PƏNCƏRƏSİ [22.05.2012] - DƏYƏNƏYİN GÜCÜNƏ SIĞINMIŞLAR... [21.05.2012] - ÇUXURA DÜŞƏN ÖLKƏ [21.05.2012] - Ə NÖQTƏ QARAYEV [21.05.2012] - FƏDAKAR İNSANLARIN ZİYARƏTİNDƏ [21.05.2012] - BALIQ NİYƏ DANIŞMIR? [21.05.2012] - YENİLMƏYƏN RÜŞVƏT [21.05.2012] - Ə NÖQTƏ QARAYEV [21.05.2012] - YANUKOVİÇİ DƏ ERMƏNİLƏR VURURLAR? [21.05.2012] - RUS, FARS, ERMƏNİ... İNDİ DƏ GÜRCÜ? [20.05.2012] - GÜLLƏLƏNMİŞ HEYKƏLLƏR “KRİSTAL ZAL”A... [20.05.2012] - HAKİMİYYƏTİN GÜNEY AZƏRBAYCAN OYUNLARI [20.05.2012] - AVTOBUS TARİXİ [20.05.2012] - ƏLİ HƏSƏNOV KİMİN SÖZÜNÜ DEYİR? ARXIV
|