24 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Yazarlar

AFFA-da MOLLA NƏSRƏDDİN SEÇKİSİ

2012-02-12

Bunların aldığı nəfəs də yalanmış. Qırmızı-qırmızı üzə durub dedilər ki, Bakıda donvurmadan adam ölməyib. Halbuki gündə bir-iki bədbəxt bomjun qara xəbəri gəlirdi. Statistika bu rəqəmin artıq 10-u aşdığını göstərir. Nəinki Bakıda, artıq bölgələrdə də donub ölürlər. Bir xəbər də Gəncədən gəldi.

Sonra daha bir qıpqırmızı yalan danışdılar. Dedilər ki, guya Bakıda müxtəlif yerlərdə evsiz-eşiksizlər üçün sığınacaqlar qurublar. Soba ilə qızdırılan o çadırlarda səfillərə isti yemək, çay, yataq verilir. Hamısı da dövlət hesabına. İctimai rəy bu xəbəri təqdir etdi. Əlbəttə, xeyirxah, nəcib addım idi. Amma...
Amma çox keçmədi ki, bu yalan da faş oldu. Hər halda “Azadlıq” radiosu fevralın 10-da belə xəbər yaydı. Radionun əməkdaşları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu rəsmi açıqlamasının izinə düşdü. Az getdi, çox getdi, dərə-təpə düz getdi, gəzib-dolandı, həmin çadırları çox arayıb-axtardı, amma heç zad tapmadı. Bu da belə. Necə deyərlər, odin nol Baloğlanın xeyrinə. Hökumət yenə baş qatdı, baş aldatdı. Daha bir yalanla özünə “sağ ol” qazandı. Bircə günlüyə də olsa (söz yox ki, “Yeni Müsavat”ın əməkdaşları o sığınacaqlardan ikisini sonra tapdı...)
Hər işləri belədir - üstü bəzək, altı təzək. Yalan-palan. Hay-küy. Hap-gop. Dil pəhləvanlığı. Burada ən məzəlisi nədir, bilirsinizmi? Odur ki, o boyda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin Bakıda qurmağa 5 çadırı da yox imiş. Sözdə qurulan o çadırları iş adamlarından “mən ölüm”lə alıbmışlar. Müvəqqəti olaraq, işlətmək üçün. Bir növ kirayə kimi. Bəs hanı məbləği ilə illərdir lovğalanıb zəhləmizi tökdüyünüz pulunuz? Hər şeyə tozlamağa pul tapırlar, bircə bu yazıq xalqın güzəranına xərcləməyə qəpik də olmur. Camaat dillənəndə də deyirlər ki, bir az da gözləyin, sizin kanalizasiya, yol, işıq, nə bilim, qaz və ya ayrı dərdinizin həllini filanıncı ilin smetasına dürtmüşük, pul ayrılar, eləyərik...
Dedim axı, bunlarınkı yalan vədlər, yalan sözlər, quru lovğalıqdır. Özü də hamısı belədir. Hər sahədə belədir. Elə idmanda da. Məsələn, təzəlikcə xəbər yayılıb ki, mart ayında Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında (AFFA) növbəti seçki-hesabat konfransı keçiriləcək. Xub. Nə əla. Konfransda AFFA-nın 4 illik fəaliyyətinə nəzər salınmaqla yanaşı qurumun prezidenti postuna da seçkilər keçiriləcək. Lap yaxşı. AFFA-nın hazırkı prezidenti Rövnəq Abdullayev bu posta yenidən namizədliyini verəcəyini deyib. Bu da gözəl. Adamın bir vətəndaş olaraq belə gözəl-göyçək konstitusion haqqı var.
Amma indi baxaq görək, Rövnəq ağa nə deyir. Seçkiyə hansı əsasla gedir. O deyir ki: “Bu 4 ildə AFFA-nın prezidenti olaraq futbolun təməl prinsipləri üzərində inkişafı üçün əlimdən gələni etdim. Bunun nə dərəcədə alındığına isə yəqin ki, konfrans iştirakçıları aydınlıq gətirəcəklər. Biz futbolu sıfır nöqtədən inkişaf etdirmək üçün cəhdlər etdik”.
Ba, qəşəng söhbətdir. Xüsusilə də sıfır nöqtə hissəsi. Deməli, belə çıxır ki, Rövnəq ağaya qədər futbolumuz yox imiş, sıfır imiş. Amma bəs klublarımızın 2008-ci ilə qədərki uğurları, qazanılan qələbələr nə olsun, kimin ayağına yazılsın? Bəs Rövnəq ağa gələndən sonrakı biabırçı məğlubiyyətlər kimin belinə yükləyək? Qısası, bu söhbət məntiqdən məhrum, şikəst söhbətə oxşayır.
“Bu 4 ildə AFFA-nın prezidenti olaraq futbolun inkişafı üçün əlimdən gələni etdim”. Rövnəq ağanın bu sözü də məzəlidir. Nəticələr göstərir ki, adamın əlindən heç nə gəlmirmiş. Stadion tikdirmək üçün pul ayırmaqdan başqa. Rövnəq ağa bu sözün müəllifidir: “Bizim futbolun vuran ayağı yoxdur”.
Bunun üstündən durub “əlimdən gələni etdim” demək nəsə bir az... Ayaq yoxdursa, deməli, futbol özü yoxdu də. Bu şoğəribin adı futboldur, yəni ayaq topu...
Hə, gələk “mənim səylərimin nə dərəcədə alındığına yəqin ki, konfrans iştirakçıları aydınlıq gətirəcək” söhbətinə. Bu söz Rövnəq ağanın əslində “təzədən məni seçin” deməsidir. O, lap Molla Nəsrəddin sayaq söhbət eləyib. Biri Mollanın yanına gəlib deyir ki, sən hörmətli, ağıllı adamsan, sözün hər yerdə eşidilir, bəs, filan qadını almaq istəyirəm, mənim üçün elçiliyə gedərsənmi. Molla da deyir gedərəm. Bəli, Molla gedir o qadının evinə. Görür keçməli şey deyil, fikirləşir bu qadını başqası üçün alınca elə özüm alım. Qadına belə deyir: “Düzünə qalsa, mən filankəs üçün elçiliyə gəlmişdim. Amma vallah, nə deyim, özümün də çox xoşuma gəlirsən. İndi bax də, onu da görürsən, məni də...”
İndi də Rövnəq ağa təxminən belə deyir. Yəni onu da görürsən, məni də...

460 dəfə baxılıb

Xəbəri paylaş

[23.05.2012] - ZÜLMÜN SONU

[23.05.2012] - AH, QƏDİRBİLMƏZ MÜXALİFƏT

[23.05.2012] - VARİSƏ SÖZARDI

[22.05.2012] - O AĞ ŞEY BİZİ QIRACAQ

[22.05.2012] - ABŞ-dan QORXULU SOS SİQNALI

[22.05.2012] - VİCDAN MƏSƏLƏSİ

[22.05.2012] - “EUROVİSİON” PƏNCƏRƏSİ

[22.05.2012] - DƏYƏNƏYİN GÜCÜNƏ SIĞINMIŞLAR...

[21.05.2012] - ÇUXURA DÜŞƏN ÖLKƏ

[21.05.2012] - Ə NÖQTƏ QARAYEV

[21.05.2012] - FƏDAKAR İNSANLARIN ZİYARƏTİNDƏ

[21.05.2012] - BALIQ NİYƏ DANIŞMIR?

[21.05.2012] - YENİLMƏYƏN RÜŞVƏT

[21.05.2012] - Ə NÖQTƏ QARAYEV

[21.05.2012] - YANUKOVİÇİ DƏ ERMƏNİLƏR VURURLAR?

[21.05.2012] - RUS, FARS, ERMƏNİ... İNDİ DƏ GÜRCÜ?

[20.05.2012] - GÜLLƏLƏNMİŞ HEYKƏLLƏR “KRİSTAL ZAL”A...

[20.05.2012] - HAKİMİYYƏTİN GÜNEY AZƏRBAYCAN OYUNLARI

[20.05.2012] - AVTOBUS TARİXİ

[20.05.2012] - ƏLİ HƏSƏNOV KİMİN SÖZÜNÜ DEYİR?

ARXIV

Yeni MÜSAVAT © 2008