24 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Yazarlar

ÖLKƏNİN ADININ VƏ İÇİNİN DƏYİŞDİRİLMƏSİ

2012-02-13

Lətifəsi respublikamızdan uzaq, kasıb itinin adını gümüş qoyar, deyiblər. Konqo Demokratik Respublikasının, Koreya Xalq Demokratik Respublikasının, bir sıra bu kimi diktatura rejimlərin hökm sürdüyü dövlətlərin adlarına və yaxud da Kuba Respublikasının özünə götürdüyü “Azadlıq adası” ləqəbinə fikir verin. Ən azından gülməlidir elə deyilmi? İstər Antarktida çimərliklərində “zaqar” qəbul eləməkdən, istərsə də bu ölkələrdəki demokratiyadan, azadlıqdan danış, fərqi yoxdur. Çünki bu ölkələr demokratiyadan, azadlıqdan hüquq elmləri doktoru Siyavuş Novruzovun hüquq elmindən uzaq olduğu qədər uzaqdırlar. Bir şeyə də fikir verin ki, dünyanın demokratiya məbədi sayılan ölkələrin rəsmi adlarında “demokratiya” sözü yoxdur.

Amerika Birləşmiş Ştatları, Norveç Krallığı, Yaponiya, Böyük Britaniya (Birləşmiş Krallıq), Fransa Respublikası və s. Hansı ölkənin daha demokratik olduğu onun adındakı “demokratik” sözü ilə müəyyənləşsəydi, belə çıxacaqdı ki, Konqo Demokratik Respublikası Norveç Krallığından demokratik ölkədir, insanları bəxtəvər cəmiyyətdə yaşayırlar. Elə Səyavuş Novruzovun da adının qabağında “hüquq elmləri doktoru” yazılması və Qədimalı qağamın adının qabağında heç bir elmi titul göstərilməməsi də eləcə.
Bu günlərdə Səyavuş Novruzov özü də ad məsələsini qaldırıb. Daha doğrusu, respublikamızın adının dəyişdirilib Şimali Azərbaycan Respublikası qoyulması təklifini müdafiə edib. Mən də bu ideyanı bəyənirəm, ancaq kiçicik bir düzəlişlə. “Şimali” sözü “Quzey” sözü ilə əvəz olunmalıdır. Çünki birinci söz özü və şəkilçisi bizim türkcəmizə aid deyil. Ölkəmizin rəsmi adının qabağına bir “Quzey” sözü yazılsa, dünyaya çox vacib həqiqətləri avtomatik olaraq başa sala bilərik. Burada bir xatırlatmaya yer var. 4-5 il bundan əvvəl Tiflisdə Gürcüstan müxalifətinin liderləri ilə görüşürdüm. Elə oldu ki, söhbət İranın və bilavasitə olaraq da Güney Azərbaycanın üstünə gəlib çıxdı. Məlum oldu ki, bizə qonşu olan ölkənin kifayət qədər savadlı görünən siyasi xadimlərinin də Güney Azərbaycan haqqında təsəvvürləri yoxdur.
Amma ilin-günün bu vaxtında respublikanın adının dəyişdirilməsi məsələsinin gündəmə gəlməsi məni narahat edir. Çünki daha vacib və həlli yubadıla bilinməyən problemlərimiz var. İşğal olunmuş ərazilər, azad seçki, demokratiya, insan haqları, korrupsiya, məmur özbaşınalığı, müstəqil məhkəmə və s. bağlı olan problemlər. Çünki bu problemlərin həlli kimlərinsə bizim haqqımızda həqiqəti bilməsi üçün yox, özümüzün həyatımız üçün vacibdir. Gərəkdir ki, deputatlar bu tipli məsələlərin üstünə gedəydilər. Bir ölkədə ki, həbsxanalarda vicdan məhbusları saxlanılsın, o, ölkənin adını nə istəyirsən qoy, orada yaşamaq cəhənnəm əzabından başqa bir şey olmayacaq.
Orasını da deyim ki, dünya praktikasında ölkənin adını dəyişmək halları çox olub. Məsələn, dövlətin adının dəyişdirilməsi nəticəsində Cənubi Rodeziya indiki Zimbabve, Şimali Rodeziya indiki Zambiya, Birma indiki Myanma olub. Hətta 1989-cu ildə Birma dönüb Myanma olduqdan sonra, 2010-cu ildə ölkənin adında bir daha da dəyişiklik etdilər. İndi bu ölkənin rəsmi adı Respublika İttifaq Myanma şəklindədir. İndi də bu ölkələr yaşanılası ölkələr deyil. Məsələ burasındadır ki, ölkənin adını dəyişdirməklə, ölkənin həyatında mexaniki olaraq heç nə dəyişmir. Ona görə də ölkənin adının dəyişdirilməsindən daha vacib olanı, ölkənin içinin dəyişdirilməsidir. Yaxşı olardı ki, Səyavuş Novruzov və onun deputat həmkarları ölkənin özünün dəyişdirilməsinə çalışaydılar. Ölkəni içindən dəyişilməsinin vacibliyini başa düşmək üçün isə, insanlar əvvəlcə öz içlərinin dəyişdirilməsinə başlamalıdırlar. Yoxsa adının qabağında “hüquq elmləri doktoru” yox, lap nə istəyirsənsə yaz, əgər adam Arif Hacılının məhbəsdə tutulmasının günahkarı kimi İsa Qəmbəri görəcəksə, ona güləcəklər.
Məhləmizdə “Zapı”sı olan Samir adlı biri var. Ayın cəmi bir günü maşınını məhləyə çıxardıb tırhatırla, tüstülənə-tüstülənə bir-iki “kruq” vurur, qalan günləri isə təmirlə məşğuldur. Maraqlı burasıdır ki, o, “Zapı”sının üstünə “Mersedes” emblemi yapışdırıb. Ancaq heç kim demir ki, Samirin “Mersedes”i var, hamı deyir ki, Samirin “Zapı”sı var...

435 dəfə baxılıb

Xəbəri paylaş

[23.05.2012] - ZÜLMÜN SONU

[23.05.2012] - AH, QƏDİRBİLMƏZ MÜXALİFƏT

[23.05.2012] - VARİSƏ SÖZARDI

[22.05.2012] - O AĞ ŞEY BİZİ QIRACAQ

[22.05.2012] - ABŞ-dan QORXULU SOS SİQNALI

[22.05.2012] - VİCDAN MƏSƏLƏSİ

[22.05.2012] - “EUROVİSİON” PƏNCƏRƏSİ

[22.05.2012] - DƏYƏNƏYİN GÜCÜNƏ SIĞINMIŞLAR...

[21.05.2012] - ÇUXURA DÜŞƏN ÖLKƏ

[21.05.2012] - Ə NÖQTƏ QARAYEV

[21.05.2012] - FƏDAKAR İNSANLARIN ZİYARƏTİNDƏ

[21.05.2012] - BALIQ NİYƏ DANIŞMIR?

[21.05.2012] - YENİLMƏYƏN RÜŞVƏT

[21.05.2012] - Ə NÖQTƏ QARAYEV

[21.05.2012] - YANUKOVİÇİ DƏ ERMƏNİLƏR VURURLAR?

[21.05.2012] - RUS, FARS, ERMƏNİ... İNDİ DƏ GÜRCÜ?

[20.05.2012] - GÜLLƏLƏNMİŞ HEYKƏLLƏR “KRİSTAL ZAL”A...

[20.05.2012] - HAKİMİYYƏTİN GÜNEY AZƏRBAYCAN OYUNLARI

[20.05.2012] - AVTOBUS TARİXİ

[20.05.2012] - ƏLİ HƏSƏNOV KİMİN SÖZÜNÜ DEYİR?

ARXIV

Yeni MÜSAVAT © 2008