 |
Yazarlar
BUZ DÖYÜŞÇÜLƏRİ 2012-02-13
|
Yapokratiyanın siması, dünya parlamentariya tarixinin bütün mənalarda ağır çəkili eksponatı Siyavuş Novruzov təzəlikcə bütün cəbhələrdə şir kimi nərildəyir, iqtidarın idman şərəfini qorumaqda - əkəmiz keçmişdə güləş məşqçisi olmuşdur, yenə də öz yerindədir - aşırı səy göstərir. Məsələn, bir də görürsən intervü verib, eyni zamanda Müsavat və AXCP-ni, Ziyalılar Palatasını, hüquqşünasları, vəkilləri, “Barselona”nın oyunçusu Messini, Fransa prezidenti Sarkozini, Malayziyadan Sinqapura gedən gəminin kapitanını və Sirius ulduzunda yaşayan peysəri yoğun yadplanetliləri bir-birinə qatıb tənqid edibdir. Yəni, bu adamda heç bir məhdudiyyət yoxdur, ağzını açanda ağla gəlməyən yerlərə gedə bilər. Sokratın məşhur aforizmi var: “Danış, səni görüm”. Bunu heç cür Siyavuş əkəyə tətbiq edə bilmərik, onun bəlkə susması lazımdır ki, camaatın gözünə görünsün. Söhbət fiziki görüntüdən getmir, şanlı deputatın bu baxımdan problemi yoxdur. Uzun sözün qısası, bugünlərdə Novruzov daha bir sensasiyalı açıqlama verərək cəmiyyətin diqqətini cəlb eləmişdir. Qəzetə intervüsündə deyib ki, Qarabağ müharibəsi veteranıdır, vaxtilə Naxçıvan və Qubadlıda döyüşübdür. Bu söhbət bizim keçmiş döyüşçülərə pis təsir eləmişdir, onlar bəyan ediblər ki, biz nə Naxçıvanda, nə də Qubadlıda Siyavuş Novruzov adında döyüşçü-zad görməmişik. Məsələn, Şahmurad Məmmədov adlı veteran qəzetimizə deyib: “Bildiyimə görə, Siyavuş Novruzov o vaxtlar kiminsə silləvuranı olub. Özü də Şiyavuş kimdir ki, Naxçıvanda kimsə də onu tanısın? 1992-ci ilin iyun ayında Milli Müdafiə Komitəsi ləğv edildi və hərbi qurumlar Müdafiə Nazirliyinə təhvil verildi. 1992-ci il iyun ayının 27-dən mən Naxçıvan Sərhəd Dəstəsinin bir nömrəli hərbi qulluqçusu, Naxçıvan Sərhəd Dəstəsinin qərargah rəisi olmuşam. Heç vaxt Siyavuş adını eşitməmişəm. 1993-cü ilin avqustuna kimi həmin vəzifədə olmuşam. Ondan sonra həmin ilin oktyabrından Qarabağda döyüşlərdə olmuşam, orada da Siyavuş adı eşitməmişəm”. Mənim əzizlərim, siz niyə adamı sıxışdırır, sözünü qəribçiliyə salırsınız? Şəxsən mən yüz faiz inanıram. Novruzov yalan demir. Sadəcə, onun fikrini diqqətlə oxumaq lazımdır. Deyir ki, Naxçıvan və Qubadlı cəbhəsində döyüşüb, veterandır. Siz də ciddi-cəhdlə bunun yalan olduğunu söyləyirsiniz. Axı cəbhə xəttinin iki tərəfi var! Bəyəm siz üzbəüz döyüşdüyünüz əsgərlərin hamısını tanıyırdınız? Novruzovun indiki fəaliyyətinə əsaslanaraq biz onun vaxtilə Naxçıvan və Qubadlıda da əsgərlərimizə qarşı döyüşlərdə iştirakına inanırıq. Ola bilsin hətta şücaət göstərib, orden-medalı da var, hələlik üzə çıxartmır. Yaxşı jurnalist və tarixçilərimiz olsa “Aykakutyun harapetyan” qəzetinin 1992-93-cü il saylarında cəbhədə Rembo kimi can qoyan Novruzov haqda yazılar, fotoreportajlar tapıb üzə çıxarardı. Belə məsələlər var... Təzəlikcə bir militarist xəbər də yayıldı: Səfər Əbiyev buz üstdə sürüşüb yıxılıbmış. Qəhrəman generalımız qədim döyüşçü Aleksandr Nevski kimi özünün “Buz döyüşü”nü yaşamışdır. Doğrudur, Çud gölü üzərində həmin döyüş vaxtı Nevski alman cəngavərlərinə qalib gəlmişdi, Bakıdakı hərbi hissədə isə Əbiyev sürüşüb yıxılanda müttəfiqi, türkiyəli general Necdət Özəldən yapışmağa cəhd eləmiş, onu da dartıb yerə yıxmışdır. Ancaq cəsur müdafiə nazirimiz qətiyyən sarsılmamış, buzun üstündən qalxmağa nail olmuşdur. Yıxılarkən buzu bir neçə yerdən çatlatmış, uzandığı yerdə qarı əritmiş, lazım gəlsə Qarabağı da alacağına söz vermişdir. Vaxt gələcək, Misir müəllim bunu “Əbiyevin Buz döyüşü” adıyla burnufırtıqlı uşaqlara öyrədəcəkdir. Şeir də olacaq: “Əbiyev durub neylədi, Buza belə söylədi. Lazım gələr artar qəmin, Tutub səni minərik”. (Axırıncı qafiyə düz gəlmir, ancaq bu, hərbi-vətənpərvərlik poeziyasıdır, burda qafiyəni çox fikirləşsən düşmən Gəncəyə girər). Sən evdə yorğana büründüyün vaxt adamlar buz üstdə cəfa çəkir. Sonra da deyirlər ki, biz belə döyüşçü görməmişik... Görməzsən da bə, haçan sürüşmüsən ki? 1909 dəfə baxılıb
|
[23.05.2012] - ZÜLMÜN SONU [23.05.2012] - AH, QƏDİRBİLMƏZ MÜXALİFƏT [23.05.2012] - VARİSƏ SÖZARDI [22.05.2012] - O AĞ ŞEY BİZİ QIRACAQ [22.05.2012] - ABŞ-dan QORXULU SOS SİQNALI [22.05.2012] - VİCDAN MƏSƏLƏSİ [22.05.2012] - “EUROVİSİON” PƏNCƏRƏSİ [22.05.2012] - DƏYƏNƏYİN GÜCÜNƏ SIĞINMIŞLAR... [21.05.2012] - ÇUXURA DÜŞƏN ÖLKƏ [21.05.2012] - Ə NÖQTƏ QARAYEV [21.05.2012] - FƏDAKAR İNSANLARIN ZİYARƏTİNDƏ [21.05.2012] - BALIQ NİYƏ DANIŞMIR? [21.05.2012] - YENİLMƏYƏN RÜŞVƏT [21.05.2012] - Ə NÖQTƏ QARAYEV [21.05.2012] - YANUKOVİÇİ DƏ ERMƏNİLƏR VURURLAR? [21.05.2012] - RUS, FARS, ERMƏNİ... İNDİ DƏ GÜRCÜ? [20.05.2012] - GÜLLƏLƏNMİŞ HEYKƏLLƏR “KRİSTAL ZAL”A... [20.05.2012] - HAKİMİYYƏTİN GÜNEY AZƏRBAYCAN OYUNLARI [20.05.2012] - AVTOBUS TARİXİ [20.05.2012] - ƏLİ HƏSƏNOV KİMİN SÖZÜNÜ DEYİR? ARXIV
|