24 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Yazarlar

XOŞBƏXT OĞLU XOŞBƏXT

2012-02-13

Anası ölməmiş alman alimlər yeni bir kəşfə imza atıb yenə. Daha doğrusu, bir alman tibb bacısı ölüm ayağında olan xəstələrə uzun müddət qulluq edib, onlarla danışıb və son peşmanlıqlarını öyrənib. Öyrəndiklərini də bir kitab halında nəşr edəndə məlum olub ki, həmin xəstələrin əksəriyyəti öz həyatlarını yaşaya bilmədikləri üçün peşmançılıq keçiriblər. Yəni, başqasının - valideynlərin, ailəsinin, övladlarının, iş yoldaşlarının istədiyi həyatı yaşayıblar, ürəklərindən keçəni edə bilməyiblər. Bir neçə örnək: sağlamlıqlarının qeydinə qalmayıblar, səyahətə çıxmayıblar, özlərinə vaxt ayırmayıblar, ancaq işləyiblər, işləyiblər, işləyiblər...

Almanlar da indi hamının bildiyi bu həqiqəti elə hamının gözünə soxmağa çalışır ki, bəs həyatınızı yaşayın, yoxsa peşman olarsız. Qarın viran qoyduğu ölkəmizdə də insanlar indi ancaq axirət haqqında düşünür, məlum. Bütün həyat nişanələri sönübsə - işıq, qaz, su yox - 2012-ci ili də qiyamət ili elan ediblərsə, hamı həyatının sonuna köklənməyibmi? Yəni, biz də elə o alman tibb bacısının qulluq etdiyi xəstələrin günündəyik. Həyatımızı çötkəyə vurmaqla məşğuluq bu günlərdə...
Məsələn, bizim sevinclərimiz də, kədərlərimiz də fərqlənir dünya insanından. İsveçdəki balaca Hans qar yağanda xizək sürəcəyi üçün sevinirsə, Bakıdakı 2 yaşlı Oğuz 3 saat sönən işıqlar yananda əl çalıb, “yaşasın” deyir. Onunçün sevinclərin ölçüsü də, növü də fərqlidir artıq. Ya da o gün insanların sevmədiyi səslərin ilk onluğu müəyyənləşdirilmişdi. Yenə alman alimlər. Məlum olmuşdu ki, su şırıltısı rəyi soruşulanların 70 faizində qıcıq yaradırmış. Amma o anketi keçirənləri gətirin qəsəbəmizə, məlum olacaq ki, onlar o fışıltını heç Bethovenin əsərlərinə də dəyişməzlər. Adrenalin arayışında olan amerikalı Tom dağa dırmaşan gün bakılı Əhmədçün bunu hökumət özü canla-başla edir. Bir səhər nə sənə, nə mənə evini qatır buldozerin qabağına və onun da adrenalini tavana vurur. Bəs Hacıbala Abutalıbova nə deməli? O da gördüyü işi sübut üçün jurnalistə asfaltı yalamağı məsləhət görür. Fantaziyanın, həyat dərsinin gücünə bax.
Hərdən o Yeşilcam filmlərində göstərirlər. Varlı öz uşağına nə hədiyyə alırsa, alsın, sevinmir. Amma kasıbın uşağı qolu qırılmış gəlinciklə bütün gün oynayır. Bax, biz şikəst gəlinciklə oynayan kasıb uşağıq. Sevinib xoşbəxt olmaq üçün o qədər az şeyə ehtiyacımız var ki. Məsələn, bu dəqiqə mənə desələr ki, bir saat sonra suyunuz şırıltı ilə gələcək, zəhərli qaz başınızı çatlatmayacaq, vallah-billah, qol götürüb oynaram. Yox, yox, bir də uşağın məktəbində daha dilənçilik edilməyəcəyini söz versinlər, olsun tam sevinc. Qonum-qonşu, qohum-əqrəba da mənim günümdədir. Son 15 gündə kimin evində qısa fasilələrlə (fasiləsiz olmaaaz) o dediyim qaz, işıq, su üçlüyü oldusa, onlar Zeynəb Xanlarovanın mahnısındakı kimi “xoşbəxtin xoşbəxti mənəm dünyada” sözlərini zümzümə etdi. Elə bilirsiz bu mənzərə yayda dəyişir? Onda da eyni kommunal qayğılarla boğur bizi “qayğıkeş hökumətimiz”. Deyir, qoy xalqım həyatda qalmaq mücadiləsi versin, hədəfini kiçiltsin, daha yaxşı yaşamaq üçün hoqqa işlər çıxarmasın başımıza.
Srağagün ATV-nin “Xəbərlər” verilişində gördüm. Hansısa ölkədə at aparıcının üzünü dişləmişdi və bu barədə süjet göstərirdilər. Xəbərdən sonra aparıcı qulağını çəkdi: “Allah bizdən uzaq eləsin” deyə. Elə bildim, qara basır məni. Hind aktyorları kimi əl-qolla danışan “Xəzər”in aparıcıları hamının başını xarab edib. Bir azdan aparıcılar pis xəbəri göstərəndən sonra “kış-kış” edəcəklər, sürətli inkişafımız barədə süjetin ardınca yanlarını qaşıyacaq, ya da taxtaya vuracaqlar ki, göz dəyməsin... Bu da bir xoşbəxtlik deyilmi?
Xoşbəxtlik demiş, Türkiyənin “Habertürk” qəzeti dünən yazıb ki, İPSOS adlı təşkilat xoşbəxt xalqların siyahısını müəyyənləşdirib. İlk sırada indoneziyalılar gəldiyi halda, türklər üçüncü yerdə qərar tutublar. Biz də türk olduğumuza görə xoşbəxtik demək...
Bilmirsiz, indoneziyalılara gündə neçə saat su verirlər?

568 dəfə baxılıb

Xəbəri paylaş

[23.05.2012] - ZÜLMÜN SONU

[23.05.2012] - AH, QƏDİRBİLMƏZ MÜXALİFƏT

[23.05.2012] - VARİSƏ SÖZARDI

[22.05.2012] - O AĞ ŞEY BİZİ QIRACAQ

[22.05.2012] - ABŞ-dan QORXULU SOS SİQNALI

[22.05.2012] - VİCDAN MƏSƏLƏSİ

[22.05.2012] - “EUROVİSİON” PƏNCƏRƏSİ

[22.05.2012] - DƏYƏNƏYİN GÜCÜNƏ SIĞINMIŞLAR...

[21.05.2012] - ÇUXURA DÜŞƏN ÖLKƏ

[21.05.2012] - Ə NÖQTƏ QARAYEV

[21.05.2012] - FƏDAKAR İNSANLARIN ZİYARƏTİNDƏ

[21.05.2012] - BALIQ NİYƏ DANIŞMIR?

[21.05.2012] - YENİLMƏYƏN RÜŞVƏT

[21.05.2012] - Ə NÖQTƏ QARAYEV

[21.05.2012] - YANUKOVİÇİ DƏ ERMƏNİLƏR VURURLAR?

[21.05.2012] - RUS, FARS, ERMƏNİ... İNDİ DƏ GÜRCÜ?

[20.05.2012] - GÜLLƏLƏNMİŞ HEYKƏLLƏR “KRİSTAL ZAL”A...

[20.05.2012] - HAKİMİYYƏTİN GÜNEY AZƏRBAYCAN OYUNLARI

[20.05.2012] - AVTOBUS TARİXİ

[20.05.2012] - ƏLİ HƏSƏNOV KİMİN SÖZÜNÜ DEYİR?

ARXIV

Yeni MÜSAVAT © 2008