 |
Yazarlar
İLAHƏNİN İSMƏTİ 2010-03-12
|
Felyeton yazmağın bu işi yaxşıdır ki, söhbətə uzaq Fransada qucaqlaşan Sarkisyan və Sarkozidən, eləcə də onun başqaları ilə qucaqlaşan arvadı Karla Brunidən başlaya, sonra ildırım sürəti ilə ölkəmizə gələ bilərsən. Əlbəttə, Parisdəki məhəbbət dördbucağının (bəlkə də beşbucağının) bu yazının mətləbinə dəxli azdır, amma yekə bir ölkənin prezidentinin papağı yerə soxulursa, buna isti-isti toxunmamaq da olmaz. Hamımız bilirik ki, dünya əlaqələr dünyasıdır, müasir həyatda dostluq, qardaşlıq büsatları qurmadan keçinmək olmaz. Məsələn, sən biznes quraraq, tenderdə qalib gəlmək, türkün sözü, ihalələr udmaq istəyirsənsə, mütləq nazirlərlə dost, qohum olmalısan. İhalə demişkən, İlahə xanım (söhbət müğənni İlahə Fədadan gedir) elə bir tenderdə qalib gəlməsəydi, ölkəyə kombaynlar, traktorlar üçün ehtiyat hissələri gətirə bilərdimi? Əsla. Sözün doğrusu, mən İlahə xanımı ismətli bir qadın, istedadlı müğənni kimi tanıyıram, onun da, bacısının da ifasını bəyənirəm. Yaxşı səsləri var, qəşəng də oxuyurlar. Müsbət enerjilidirlər, olduqları məclisə yaraşıq verirlər. Amma böyük bacının həm də iş qadını olmasından xalqımız kimi mən də xəbərsiz idim. Hərçənd bir-iki il öncə xanım Fəda futbol klubu açmaq, stadion tikdirmək istədiyini deyəndə quşqulanmışdım ki, deyəsən, onun pulu çoxdur, gəlir yeri yoğun və stabildir, yoxsa bu niyyətə düşməzdi. Çünki az-çox müasir futbolun şərtlərini bilirik, görürük ki, adi üzü çivzəli bir futbolçu gömrükdə, vergidə işləyənlər qədər pul qazanır. Onların (futbolçuların) maaşlarını çatdırmaq, təlim-məşq toplanışlarını Antalyada, İsveçrədə keçirmək üçün bir bunker pul lazımdır. “Bə xanım Fədada bu qədər pul hardandır ki, kos-kos oyununa fəda eləsin” - deyə düşünmüşdük. Heç demə, futbola fəda ediləsi bir bunker pul İlahə xanıma başqa yerdən yox, elə kombayn bunkerindən (eləcə də şassi, qoşqu, motor, kardan və s.) gəlirmiş. Məsələ belə olub ki, xanım müğənni Kənd Təsərrüfatı Nazirliyinin təşkil elədiyi ihalədə qalib gəlib və ölkəyə k/t texnikasının ehtiyat hissələrini gətirmək hüququ əldə edib. Buna görə heç kəs onu qınaya bilməz. Hətta İlahə xanım bu günə bu gün gedib Dubayın Palm-Sumeyra rayonunda bahalı mülk alsa belə, yenə ona heç kəs bir söz deyə bilməz. Əli Həsənov demişkən, hər bir Azərbaycan vətəndaşının mülk əldə etmək, eləcə də bizneslə məşğul olmaq hüququ var. Söhbət yalnız ondan gedə bilər ki, abırlı, ismətli məmur təsiri bağışlayan İsmət müəllim - kənd təsərrüfatı naziri nəyə görə tenderi udmaq məsələsində İlahə xanıma kömək edib. Deyə bilərlər, nə bilirsən kömək edib, bəlkə heç etməyib. Biz də buralıyıq axı, eloğlular. Bu ölkədə tenderləri adətən nazirlərin qohum-əqrəbasının udduğunu bilirik. Məsələn, nazirlik binası üçün adi payəndaz (ayaqaltı) almaq üzrə tender keçirilirsə, onu nazirin yeznə-qayınlarından başqa kim uda bilər? Hətta o işə girişərək, ortalığa məğlətə qatmaq istəyən yad biznesmenin özünü payəndaz eləyərlər. Burada isə söhbət yekə pullardan gedir. Heç bilirsiniz, kombaynların biri neçəyədir? Özü də bu andır texnikanın boyuna baxmayın, içi boşdur, tez-tez qırılır, sınır, xarab olur. Bir də görürsən, biçinin qızğın vaxtı kombayn böyrünü qoydu yerə. Onda İlahə xanım dövrəyə girməli olur. Bu yerdə o, heç də “Yeri, dam üstündə yeri” oxumur, pəsdən “Harda olsan gələrəm mən, təki sən səslə məni” oxuyur və ölkəyə gətirdiyi ehtiyat hissələri aqrolizinq kontorlarına göndərir, onlar da kombayna “qambay” deyən fermerlərə satırlar. Nəticədə İlahə xanımın bank hesabına halal pullar daxil olur, İsmət müəllimin isə, Soltan bəy demişkən, muzdu o olur, canı rahat olur, bilir ki, bu il taxıl yığımında itki olmayacaq, çörək bol olacaq. Biz də bilirik ki, L.İ.Brejnevin sözü olmasın, çörək olsa, mahnı da olar. Gördünüzmü, əlaqə necə quruldu. Belə çıxır ki, İlahə xanımı kənd təsərrüfatı texnikası üzrə biznes qurmağa vadar edən başlıca səbəb odur ki, çörək də olsun, mahnı da. Bəs naziri qohumbazlıq etməyə vadar edən səbəb nədir? Güman ki, bunu, ideya vermək olmasın, Hafiz Hacıyev deyəcək. 1381 dəfə baxılıb
|
[11.02.2012] - BİZİM FORS-MAJOR QIŞIMIZ [11.02.2012] - ALLAHIN ÜMİDİNƏ QALAN ÖLKƏ [11.02.2012] - ÇÖRƏYİN ÜSTÜNDƏ “SEVİRƏM” SÖZÜ [11.02.2012] - XALQA “GET, SÜRÜŞ” MESAJI [11.02.2012] - ALMANİYANIN ELMANİYA OLMASI [11.02.2012] - ƏBƏDİLİK SİNDROMU [10.02.2012] - DƏLƏDUZ KİMİ TƏQDİM EDƏN... [10.02.2012] - YAP İQTİDARINA ZƏNG ÇATMIR [10.02.2012] - TUNDRADA YAŞAMAQ ARZUMUN GERÇƏKLƏŞMƏSİ [10.02.2012] - ƏSƏDİN TALEYİ [10.02.2012] - TÖVHİD DƏRSİ İLƏ HİDAYƏT NURU [10.02.2012] - BİZ HEÇ, QAZINIZI QORUYUN... [10.02.2012] - DÖVLƏT VAR Kİ, QAYĞISI DA OLA? [09.02.2012] - DOST OLMADIZ, BARI DÜŞMƏNÇİLİK ETMƏYİN [09.02.2012] - YERİNDƏ HƏLL [09.02.2012] - BİR FƏDAİNİN AYAĞA VERİLMƏSİ [08.02.2012] - İSRAİLDƏN TÜRKİYƏYƏ QƏFİL HƏMRƏYLİK MESAJI [08.02.2012] - QARANLIQDAKI HƏYAT... [08.02.2012] - TORPAQ SƏNİ DƏ BASACAQ BAĞRINA, SİYAVUŞ! [08.02.2012] - İSRAİLDƏN TÜRKİYƏYƏ QƏFİL HƏMRƏYLİK MESAJI ARXIV
|