 |
Yazarlar
DÜNYAGÖRÜŞÜNÜN FİTRƏTƏ UYĞUNLUĞU 2010-03-12 Bismilləhir-Rahmənir-Rahim!
|
Ötən bəhsimiz İlahi dünyagörüşlə bağlı mövzunun giriş hissəsinə aid idi. Qeyd elədik ki, dünyagörüşü nədir, İlahi dünyagörüşü, maddi dünyagörüşü nədir, İlahi və maddi dünyagörüşlərinin fərqi nədədir, dünyagörüşü ilə bağlı bəhsin əhəmiyyəti nədədir və dünyagörüşünün insanın həyatında rolu və əhəmiyyəti nədən ibarətdir. Qeyd etdik ki, dünyagörüşü çox sadə sözlərdən təşkil olunub: dünya və görüş. Yəni insanın dünyaya aid olan görüşü, insanın dünyaya aid olan baxışı. Araşdırdıq ki, bu, haradan gəlmişik, haradayıq və hara gedirik suallarının cavablarından formalaşır.
Daşla insanın nə fərqi
Çox sadə dillə desək, əgər insan desə ki, Allahdan gəlmişəm, Allahdayam və Allaha doğru gedirəm, onda bu insanın dünyagörüşü olur İlahi dünyagörüşü. Yəni elə-belə yaranmamışam, burada da elə-belə deyiləm, Allaha doğru gedirəm, Allah məni bura bir imtahan üçün göndərib, sonda da Allahın dərgahına dönəcəyəm. Belə dünyagörüşlü insan deyir ki, hara baxıramsa, İlahi nişanələri görürəm. Bu dünyagörüşü insana prioritetlər müəyyən edir. Deyir, əgər gedəcəyin yer bəllidirsə, oraya uyğun azuqə tədarük etməlisən. İmtahan üçün bu dünyaya gəlmisənsə, gərək bu sınaqlardan ləyaqətlə çıxasan. İlahi dərgahda üzüağ olasan. İzzətli bir durumda bu dünyanı tərk edəsən. Maddi dünyagörüşün sahibi deyir ki, elə maddədənəm, maddədəyəm və maddəyə doğru da gedirəm. Maddi dünyagörüşünə görə, alüminiumla insanın arasında, küçədəki qəmbər daşı ilə insan arasında fərq yoxdur. Vicdan, şüur, məhəbbət, eşq, Vətəni sevmək - bunlar hamısı mənasız bir kateqoriyaya aid olur. Zira, alüminiumun, dəmirin, taxtanın məhəbbəti, sevgisi ola bilərmi? Yox! Daşın vicdanı ola bilər? Yox! Bu, çox fundamental bir bəhsdir və sadəcə olaraq, burada onu sadələşdirmişik. Yəni maddi dünyagörüşlü insan vicdandan, sevgidən, məhəbbətdən danışanda, bu, qeyri-ciddidir. Çünki onun dünyagörüşündə bu cür məsələlərə yer qalmayıb. Misal üçün, "aliminiumun qeyrəti" desək, çox gülünc səslənər. Ona görə bu məsələyə diqqət yetirmək çox mühümdür.
Dünyagörüşü vəziyyəti müəyyənləşdirir
İnsanın dünyagörüşü onun vəziyyətini müəyyənləşdirir. Ona görə, çox vaxt özlərini maddi dünyagörüşünə aid edən insanlar özləri də bilmədən, heç də maddi dünyagörüşünə aid deyillər. Özlərini çaşdırıblar, elə bilirlər materialistdirlər, amma əslində elə İlahi dünyagörüşündədirlər. Özləri etiraf etməsələr də, əslində bilirlər ki, bu yaradılışı, nəzmi, qanunauyğunluğu xəlq edən və tənzimləyən bir qüvvə var və bu qüvvənin aliliyi onlar üçün aydındır. İlahi dünyagörüşü deyir ki, sən təsadüfi deyilsən, burada da səmərəli yaşamalısan və necə yaşamağından asılı olaraq bəhrəsini də görəcəksən. Elə bu baxımdan bəhsin əhəmiyyəti çox mühümdür. Görək hansı dünyagörüşü insan üçün daha mühümdür. Qeyd etdik ki, həyatımızda bu məsələnin rolu çox böyükdür, insanın rəftarına, əxlaqına, davranışına, əməlinə birbaşa təsir göstərir. Gəldik onun üzərinə ki, ən yaxşı və ən üstün dünyagörüşünün xüsusiyyətləri hansılardır. Beləsi üçdür: ağıl, fitrət və məsuliyyət. Demək, burada üç mühüm xüsusiyyət var. Birincisi ağılla uyğun gəlməkdir. O dünyagörüşü, o məktəb ki, deyir ağıl, məntiq, fəlsəfə lazım deyil, bilin ki, orada vəziyyət xarabdır. Dəqiq xarabdır. Beləsi deyir ancaq mən deyən düzdür. Məsələn, bütpərəstə sual vermək olmaz ki, niyə belədir. O, hesab edir ki, ən düzgün yol budur. İslamın gözəlliyi də bundadır ki, deyir bunları şüurlu surətdə əldə etməlisən. Deyir üsuliddin - dinin kökləri düşüncə ilə əldə edilməlidir. Əsaslı olmalıdır. Deməli, birinci amil - əql çox mühüm məsələdir. İkinci məsələ fitrətdir. Yəni əqidə insanın fitrəti ilə uyğun olmalıdır. Bəhsimiz də fitrətlə bağlı olacaq. Üçüncü amil insana məsuliyyət verməklə, müəyyən etməklə bağlıdır. Bu yanaşma insana ümid və ən əsası, məsuliyyət verir. Biz hamımız yaradılmışlardanıq. Demək, nəticələrik və bu nəticələrin səbəbi olmalıdır. Bu böyüklükdə harmoniya, qayda var, hər şeydə həmahənglik var. Trilyonlarla proseslər hər an əlaqələndirilir, tənzimlənir. Düşünən adam üçün elə bu üzdə olan amil - Yaradana, Nəzm edənə bir sübutdur. Günəş məsələn, bir gün müəyyən vaxtdan on dəqiqə tez, ya on dəqiqə gec çıxmır. Ulduzlar bir gün elə, bir gün belə olmur. Ay özünü bir gün elə, bir gün başqa cür aparmır. Yaxud bizim bədənimizdə molekullar özünü bir gün elə, bir gün ayrı cür aparmır. Bütün bu məsələlər göstərir ki, bir nəzm var. Yaxşı insan bir cihaz, məsələn, fotoaparat düzəldəndə deyir ki, bir ağıl, şüur olub bunun hazırlanmasında. Bunun bir düzəldəni var. Və hər hansı bir düzəldilən şeyə aid də eləcə. Adicə bir ağacın şəklini çəkirik, deyirik nə qəşəng şəkildir, bunu çəkən var ki, bu cür qəşəng şəkil olur! Onda bu ağacın, quşun, heyvanın, insanın da, təbii ki, bu cür gözəl yaradanı var axı! Bunlar bir bəhslər idi ki, elədik. Bəhsimiz fitrətlə bağlı olan bir bəhsdir. Görək tövhid bəhsinin insanın fitrəti ilə nə qədər uyuşması var. Qeyd edək ki, fitrət özü xilqət - yaradılış sözü ilə həm eyni vəzndədir və həm də eyni mənadadır. Eyni vəzndədir - yəni fitrət elə xilqət kimi oxunmalıdır. Fitrət necə ki, xilqət. Mənası da çox yaxındır. Fitrət sözü haqqında çox danışmaq olar. Amma belə bir təqribi məna vermək olar ki, hər bir duyğu, hər bir hiss, hər bir dərk, hər bir anlam ki, insanda mövcuddur və əmələ gəlməsində müəllimə, dərsə, öyrənməyə, məşqə, təlimə ehtiyac yoxdur və o duyğu, o dərk və o hiss insanda daim, həmişəlikdirsə və bunlar bütün insanlarda, bütün məkan və zamanlarda sabit olarsa, bunlara fitri deyirlər. Buna uyğun gələn xüsusiyyətlər insanın fitrətinə aiddir. Misal üçün, ananın uşağa sevgisi, uşaqla olan əlaqəsi, uşağa olan münasibəti fitrətdə olan məsələdir. İstəyir ana Bakıda yaşasın, istər Fransada, yaxud Afrikada. Harada ana var, orada övladına qarşı çox böyük diqqətlilik var. İstər bu gün yaşasın, istərsə beş-on əsr bundan qabaq və ya beş-on əsr bundan sonra. İstər şəhərdə yaşasın, istər kənddə ana və övlad arasında münasibət dəqiqdir, fitridir. Deməli, buradan aydın olur ki, o məsələlər ki, insanın təbiətində var, bunlar insanın fitrətində var. Bunlar bütün o parametrlərə malik olurlar. Özü də bu, məşqlə, öyrənməklə, müəllimlə, dərslə-filanla əmələ gələn məsələ deyil. Belə deyil ki, anaya dərs keçirlər, sonra o başlayır uşağına məhəbbətdə olmağa. Bu, təbii bir haldır ki, ananın uşağına, körpəsinə sevgisi olur.
İnsanın Allahı tanıması fitri hissdir
İnsanın Allahı tanıması nə qədər fitridir? Nə qədər fitrətlə uyğun gəlir? Nə qədər insanın fitrəti ilə bunun uyğunluğu var? Hər hansı insandan soruşsaq, şəhərdə yaşayandan da, kənddə yaşayandan da, dövlətli də, kasıb da, Azərbaycanda yaşayan da, xaricdə yaşayan da - fərqi yoxdur, cavan da, qoca da - əgər ona bu sualı versək ki, sən özünü müstəqil, ehtiyacsız bir varlıq bilirsən ya yox, deyəcək yox. Mən özümü yaşayışımda kənar qüvvədən asılı, ehtiyaclı bir varlıq bilirəm. Birdən biri tapılsa ki, desə yox, mən elə ehtiyacsızam, onun üçün çox sadə sübut yolu var. Sadəcə bir neçə dəqiqə nəfəs almasa, dəqiq bilər, aydınlaşdırar özü üçün mövcudiyyəti haradandır. Ayıq adam dəqiq bilir ki, ehtiyaclıdır. Söhbət normal insandan gedir. Normal insanlar hamılıqla qəbul edirlər ki, kənar təminatdan, vücudvermədən ehtiyaclı və asılıdırlar. Bu hiss insanda var. Bunu insan ali riyaziyyat keçmədən də başa düşür, çoxlu dil bilsə də, bilməsə də başa düşür. Hər bir insan bilir ki, asılıdır, ehtiyaclıdır. Özü üçün bu duyğusu var. Bu, birmənalıdır. Məsələ çıxır ki, yaxşı, insanda bu duyğu var, bəs o, nə ilə ödənilir? Bu hissi insan nə ilə ödəyir? İnsanın o duyğularını doyuzdurması iki cür olur: 1) həqiqi doyuzdurma; 2) yalançı doyuzdurma. Sadə bir misal. Uşaq acdır, ağlayır. Uşağın aclığı realdır. Acdır, ona görə ağlayır. Uşağa yemək də vermək olar, yemək verəndə uşaq həqiqətən doyuzdurulur. Bu hiss - aclıq ağlamaqla siqnal verir. Bildirir ki, mən acımışam. Ona yemək verməklə ödəyirsən onun istəyini. Yalandan da ödəyə bilərsən onun o hissini. Ona əmzik vermək olar və uşaq sorur və süni surətdə aclıq duyğusunu aradan aparır. Yəni yemək də vermək olar və süni ödəmə də etmək olar. İndi insanın bu cür də duyğusu var ki, o asılıdır və ehtiyaclıdır. Bu asılılığı ilə bağlı nəyə asılıdır, nəyə bağlıdır, nəyə ehtyaclıdır, bununla bağlı insanın bir söykənəcəyi olmalıdır. İnsan anlamalıdır ki, bu haradan başlayır.
Fitri hissin süni və təbii ödənilməsi
Bu da iki cür ola bilər insanda. Mümkündür ki, insan bu duyğusunu 2 cür həll edə bilər:
- bir deyə Allah var və Rəbbim ödəyir mənim ehtiyacımı. Həm yaradıb, həm yaşayış ərzində mənim ehtiyaclarımı ödəyir;
- bir də deyə ki, misal üçün, təbiət yaradıb məni. Burada dərhal sual çıxır ortalığa. Bəs təbiətin özü nədir? Təbiətin özü ehtiyaclıdır, ya ehtiyacsızdır? Bir qədər dərinə gedəndə belə çıxır ki, təbiət özü də ehtiyaclıdır. Təbiətin özünə də bu ehtiyacı ödəyən lazımdır.
Və beləliklə, silsilə ilə, nəticə etibarilə gəlib çıxır ki, insan bu duyğusunu iki cür ödəyə bilər:
- sadiq ödəmə, həqiqi ödəmə ki, gəlib çıxır ki, məni Allah yaradıb. Bu qane edir bunu.
- süni ödəmə, yalançı ödəmə. Özünü nə iləsə rahatlayır. Deyir, təbiət mənim bu ehtiyacımı ödəyir.
Bir dənə də xüsusiyyəti var fitri məsələlərin. İnsan fitri duyğuları ödənəndə, gözəl ödənəndə fəxr hissi keçirir, qürur hissi keçirir. Ana uşağını bağrına basanda fəxr edir. Sevinir, qürur hissi keçirir. Bu, bütün fitri dərklərin və bütün fitri xüsusiyyətlərin bir əlamətidir. O cümlədən Allahı tanımada, tövhid tanımada da bu məsələyə diqqət yetirmək olar. İndi nəzər salaq ki, peyğəmbərlərin əsas işi, funksiyası nədir? Peyğəmbərlərin əsas funksiyası, işi budur ki, qoymasınlar insanların bu lətif və düzgün duyğularını, düzgün fitri dərklərini süni, yalançı nələrləsə ödəsinlər, özlərini aldatsınlar. Deməli, peyğəmbərlərin funksiyası bənzəyir ananın funksiyasına ki, uşaq acıyanda və uşaq yemək istəyəndə necə ana çalışır ki, yemək istəyini ödəmək üçün buna uyğun yemək verilsin. Ananın ürəyi dözməz ona ki, uşaq ac ola və uşağın başını nə iləsə aldada. O cür də peyğəmbərlərin funksiyası var ki, həmin o yalançı və süni ödəmələri kənara qoysunlar və doğru, fitrət üçün doğru olan ödəmələri təqdim etsinlər. Buradan belə bir məsələ çıxır ki, insan Allaha, Rəbbin varlığına tapınmalıdır. Tövhid buna gətirib çıxarır ki, insan anlayır, mənim Allahım var, mənim peyğəmbərim var. Bu, insanı bəndə olmağa gətirib çıxarır. Bu, insanın Allahın bəndəsi olmasına gətirib çıxarır. Sual yaranır ki, insanın Allahın bəndəsi olması bu insan üçün, insanın azadlığı, insanın hürriyyəti üçün bir maneçilik törədir, ya yox? Bu sualı da yəqin ki, az eşitməmişik: mən indi Allaha tapınsam, mənim azadlığım aradan gedər və s. Əlbəttə ki, həqiqət bunun tam əksidir. Həqiqi hürriyyət məhz Allaha bəndəliklə əldə edilir. Amma bu barədə gələcək bəhslərdə təfsilatı ilə toxunarıq. Allahım! Bizləri Sənə tapınanlardan, Əziz Peyğəmbər (s) və Əhli-Beytinin (ə) davamçılarından qərar ver! Amin! 605 dəfə baxılıb
|
[12.02.2012] - “KÜÇƏLƏRƏ DUZ SƏPMİŞƏM” [12.02.2012] - SÖZÇÜNÜ GÖSTƏR, KİM OLDUĞUNU DEYİM [12.02.2012] - MƏHLƏMİZDƏ BİR QUYU VAR, ƏMİQIZI... [12.02.2012] - SAVADSIZ FOLKER PETERS VƏ TƏRS STATİSTİKA [12.02.2012] - BİRİNCİNİN YERİ [12.02.2012] - AFFA-da MOLLA NƏSRƏDDİN SEÇKİSİ [11.02.2012] - BİZİM FORS-MAJOR QIŞIMIZ [11.02.2012] - ALLAHIN ÜMİDİNƏ QALAN ÖLKƏ [11.02.2012] - ÇÖRƏYİN ÜSTÜNDƏ “SEVİRƏM” SÖZÜ [11.02.2012] - XALQA “GET, SÜRÜŞ” MESAJI [11.02.2012] - ALMANİYANIN ELMANİYA OLMASI [11.02.2012] - ƏBƏDİLİK SİNDROMU [10.02.2012] - DƏLƏDUZ KİMİ TƏQDİM EDƏN... [10.02.2012] - YAP İQTİDARINA ZƏNG ÇATMIR [10.02.2012] - TUNDRADA YAŞAMAQ ARZUMUN GERÇƏKLƏŞMƏSİ [10.02.2012] - ƏSƏDİN TALEYİ [10.02.2012] - TÖVHİD DƏRSİ İLƏ HİDAYƏT NURU [10.02.2012] - BİZ HEÇ, QAZINIZI QORUYUN... [10.02.2012] - DÖVLƏT VAR Kİ, QAYĞISI DA OLA? [09.02.2012] - DOST OLMADIZ, BARI DÜŞMƏNÇİLİK ETMƏYİN ARXIV
|