12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Yazarlar

RAXİT TƏHSİLİN VAHİD FORMASI

2010-09-03

Əlbəttə, durub ölkəmizin aktual problemlərindən xeyli danışa bilərəm. Tutalım, nəqliyyat naziri Ziya Məmmədovun siyasətə maya qoymasından. Deyərəm ki, lap yaxşı, camaatın belindən, ölkənin yolundan çıxarılan bu pulların bir çəngəsini də xışmalayıb hansısa seçki blokuna verməyin, siyasi həyatımızı canlandırmağın nəyi yavadır ki... Sonra da bu sualı qoyaram: bir blok deputat Ziya bəyin, görəsən, nəyinə gərəkdir? Amma bu məsələ heylə də aktual deyil, yəni şəxsi işdir, ümummilli əhəmiyyəti yoxdur.

Ya da durub deyərəm ki, ünvanlı sosial yardım pullarının başına oyun gətirilir. Tutaq ki, irili-xırdalı 133 varlı məmur 133 min kasıb vətəndaşın adına ayrılan milyonları basıb yeyir. Rayonlarda isə elə ailələr var ki, prezidentə məktub yazıb onları aclıq təhlükəsindən qorumağı xahiş edir. Amma bundan sənə nə? Bir də ki, belə yaxşıdır. Belə haqsızlıqlar nə qədər çox olsa, bir o qədər yaxşıdır. Qəddar özünsən, ə, mən ayrı şeyi nəzərdə tuturam. Demək istəyirəm ki, bisavad camaat nə qədər çox əziyyət çəksə, yuxarılara o qədər çox şikayət məktubu yazacaq. Bəs bu nə deməkdir? Bəli, bəli, yazı vərdişinin güclənməsi. Elm sübut edir ki, yazı mədəniyyəti oxu mərifətini əmələ gətirir. Bunlar ikisi bir yerdə olanda isə savadlanma gedir. Təhsilin uzun son məqsədinə belə kəsə yolla getməkdən də gözəl şey?
Gördünmü, bala-bala gəlib çıxdıq ən aktual məsələnin - təhsilin üstünə. Bu dəqiqə vahid məktəbli forması üstündə əməlli-başlı teatr qurulub. Pərdələr qalxıb-enir, aktyorlar dəyişir, tamaşaçılar əl çalır. Ləzzətlidir. Etibar Əliyev adlı nankor bir ziyalımız var. Əslində deyəsən, heç ziyalı vəzifəsində də işləmir. YAP-çı deyil axı. “Hakim partiyaya üzv olmayana, dəstək verməyənə ziyalı demərəm mən Dədə Qorqud” - məsələn.
Nə isə, amma Etibar bəy o biri ordenli və ştatnı ziyalılardan fərqli olaraq gecələr səhərə qədər kitab oxuyur, yorulanda dəmirçiliklə, misgərliklə, qalayçılıqla məşğul olur. Yaxşı sənətkardır, yaraşıqlı vedrələr düzəldir. Gündüzlər də işi-gücü o vedrələri təhsil arabasının dalına bağlamaqdır.
Dünən də görürəm götürüb müsahibə verir ki, vahid məktəbli formasının bir dəsti ana yurdumuzda yaradılan dərzi-müəllim pul ittifaqına 10 manata başa gəlir, amma onu gənc və perspektivli nəsillərə 40 manatdan soxuşdururlar. Yox, qardaş, bu adam kitab oxumaqdan deyəsən, bir az o söz axı. A kişi, sən harada yaşayırsan? Sənə niyə gəlir ki, bura da İsveç, Çexiya, Gürcüstan kimi bir yerdir? Ayıbdır, belə şeyləri danışmaq, o boydana hörmətli korrupsioner məmurlara, alverçi ziyalılara, mötəbər oğrulara ləkə yaxmaq olmaz.
Adam mentalitetdən bərk-bərk sallaşıb milli-mənəvi dəyərlərə təpik atmaz. Kişi kişinin çörəyinə bais olmaz. Əmək insanı ucaldır. Dəvə gördün? Heç qığını da. Oğrudan oğruya halaldır. İş insanın cövhəridir. Vətən hər şeydən şirindir. İşləməyən dişləməz. Körpü yolun bir hissəsidir. Pulu pul gətirər. El üçün ağlayan göz kor olar. Elm ağlın çırağıdır. Şeytana papış tikən dərziyə zaval yoxdur. Qələt yağ küpəsindədir. Azərbaycanın müstəqilliyi isə daimidir, əbədidir, dönməzdir. Oxumaq, oxumaq, yenə də oxumaq. Bacarana baş qurban və s...
Hə, Etibar bəy bir də onu deyir ki, vahid məktəbli formaları çox biabırçıdır. Köynəyin bir qolu ilə o biri qolu uyğun gəlmir, şalvarın bir qıçı o birisinə bab deyil, yəni ya uzundur, ya da gödək, ya enlidir, ya da dar. Etibar Əliyev yoldaş bu məsələyə də vedrə bağlamaq istəyirsə, yanılır və düzgün ictimai-siyasi yolda olmadığını göstərir. Birincisi, bu, həm də təhsildəki müxtəlifliyi, rəngarəngliyi göstərən zaddır. İkincisi, bəs sən nə gözləyirdin, bəy? Raxit təhsil sisteminin vahid forması bəs nə təhər olmalı idi? Standart olmalı idi ki? Axsaq atın kor nalbəndi olar da bə. Yəni çox dara-bara salma, bəy, dərzilərin ülgüsü düppədüzdür. Bunu hətta X sinif “Ədəbiyyat” dərsliyinə salınmış aşağıdakı pişron (folklor nümunəsi olan nağılların girişi) da sübut edir:

Hamam hamam içində,
Xəlbir saman içində,
Dəvə dəlləklik eylər,
Köhnə hamam içində.
Qarışqa şıllaq atdı,
Dəvənin budu batdı.
Xanın yarıtmaz oğlu
Elin varını satdı,
Puluna doşab aldı,
İçdi, yıxıldı, yatdı...

Nağılımız bitdi. Göydən üç barrel doşab axdı. İçin, yıxılın, yatın. Yuxunuz şirin olsun...

970 dəfə baxılıb

Xəbəri paylaş

[11.02.2012] - BİZİM FORS-MAJOR QIŞIMIZ

[11.02.2012] - ALLAHIN ÜMİDİNƏ QALAN ÖLKƏ

[11.02.2012] - ÇÖRƏYİN ÜSTÜNDƏ “SEVİRƏM” SÖZÜ

[11.02.2012] - XALQA “GET, SÜRÜŞ” MESAJI

[11.02.2012] - ALMANİYANIN ELMANİYA OLMASI

[11.02.2012] - ƏBƏDİLİK SİNDROMU

[10.02.2012] - DƏLƏDUZ KİMİ TƏQDİM EDƏN...

[10.02.2012] - YAP İQTİDARINA ZƏNG ÇATMIR

[10.02.2012] - TUNDRADA YAŞAMAQ ARZUMUN GERÇƏKLƏŞMƏSİ

[10.02.2012] - ƏSƏDİN TALEYİ

[10.02.2012] - TÖVHİD DƏRSİ İLƏ HİDAYƏT NURU

[10.02.2012] - BİZ HEÇ, QAZINIZI QORUYUN...

[10.02.2012] - DÖVLƏT VAR Kİ, QAYĞISI DA OLA?

[09.02.2012] - DOST OLMADIZ, BARI DÜŞMƏNÇİLİK ETMƏYİN

[09.02.2012] - YERİNDƏ HƏLL

[09.02.2012] - BİR FƏDAİNİN AYAĞA VERİLMƏSİ

[08.02.2012] - İSRAİLDƏN TÜRKİYƏYƏ QƏFİL HƏMRƏYLİK MESAJI

[08.02.2012] - QARANLIQDAKI HƏYAT...

[08.02.2012] - TORPAQ SƏNİ DƏ BASACAQ BAĞRINA, SİYAVUŞ!

[08.02.2012] - İSRAİLDƏN TÜRKİYƏYƏ QƏFİL HƏMRƏYLİK MESAJI

ARXIV

Yeni MÜSAVAT © 2008