 |
Yazarlar
QARABAĞIN VƏ QÜDSÜN AZADLIĞI - ŞƏHİDLİKDƏN KEÇİR 2010-09-03
|
Bütün əsmaul-hüsnanı özündə cəmləşdirən Allahın adı ilə başlayıram. Onun indiyə qədər əta etdiyi və bu anda də davamlı olaraq əta etdiyi mövcudiyyətin heyranedici gözəlliyinə görə həmd deyirəm. Mübarək Ramazan ayının şah zirvəsi olan Qədr gecəsi günlərində, Quran nurunun hər birimizin qəlbinə daxil olmasını və bütün varlığımızı bürüyərək, bizləri bu qaranlıq dünyadan aydınlığa doğru aparmasını diliyirəm Uca Rəbbimizdən. Bu yazını və onuni içində toxunmaq istədiyim iki mövzunu çoxdan qələmə almaq istəyirdim. “Mavi Mərmərə” gəmisinə edilən terror hucumu və milli qəhrəmanımız Şəhid Seyyid Mübariz haqqında. Amma, nə isə hər ikisinin fövqəladə təsirindən isti-isti yazmaq istəmədim. Lakin bu gün mübarək Ramazan ayının sonuncu cüməsi - Quds günü ərəfəsində bunu yazmağı, hər iki hadisənin haqqını əda etmək baxımından mənəvi borclu bildim özümü. “Mavi Mərmərə” gəmisi. Bu gün, bu artıq yalnızca bir gəmi deyil. Bu gün o, insan haqlarının, sülhün və humanistliyin simvoluna çevrilmiş bir anlayışdır. “Mavi Mərmərə” gəmisi. Özündə bütün millətlərdən və dinlərdən olan HAQQ SEVDALILARIna yer verən bir İNSANİYYƏT KARVANIdır. Bir gəmidir ki, İsrail rejiminin terrorçu mahiyyətini ortaya qoymağa qədər ucaldı. Zatən ona qədər sionist rejimin sarsılmazlığının boş bir mif olması dəfən-dəfən açıq-aşkar görsənmişdir. Bütün məntəqədə jandarmlıq iddiasında olan bir rejim, Allaha təvəkkül edən, cəmisi bir neçə minlik Zəhra (s.ə.) yetimlərinin qarşısında 33 gündən çoxa tab gətirə bilmədi. Çürbəcür adlar qoyaraq, başına odlar tökərəq məzlum Qəzza əhalisinin əzmlərini qırmaq istədikdə, illərlə mühasirədə olan Qəzza əhalisi yenə də əzilmədi. Minlərlə itki verdi, amma sınmadı. Sionist terrorunun qurbanlığına çevrilmiş məzlum qəzzalıların dəyanəti və əzmi qarşısında, İsrail rejimi 22 gündən çoxa tab gətirə bilmədi. Həmin günlərdə dəyərli möminə tələbələrimizdən biri “Bir quş olsam...”şeirilə Azərbaycan insanının bu məsələdə duyğularını ifadə etdi.
Bir quş olsam, uça bilsəm uzaqlara, Qanad açıb uçardım birbaş Qəzzaya Qanadımla sığal çəkib ağrılardan inildəyən insanlara, Dimdiyimlə su çilərdim bombalardan alovlanan binalara.
Əcəba, bir bülbül olsam, yanıqlı bir layla desəm Anasından ayrı düşmüş, yetim qalmış uşaqlara. Yoxsa vəhşi quzğun olub hücum çəkim Səni viran qoymaq üçün göydən yağan bombalara.
Eybi yoxdur, qanadlarım qırılsa da, Tikələrim parçalanıb dörd bir yana dağılsa da, Yaxşıdır bu aciz durub bu dəhşəti seyr etməkdən, Hər gün neçə məzlum insan, körpə, qoca itirməkdən Bir sionist liderini verin mənə - Ağıl qoyum sənə qarşı plan cızan o beyninə.
Yox, yox bu ona az belə, gətirərdim onu sənin məhşərinə. Doldurardım körpə qanıyla sulanmış torpağını gözlərinə. Bütün dünya sənə qarşı ey israil, eşitmirsən? Sən bu günün hitlerisən, sən bu günün yezidisən!
Nə azğınsan, nə qəddarsan, nə vəhşisən, Görünür ki, müsəlmanı bu meydanda tək görmüsən. Eeh, ay rəzil, onun buludlar altında gizli qalan günəşi var. Sən batilsən, o haqladır, bil ki, gücün Haqdan alar, Ona görə səndən fərqli izzəti var, namusu var, qeyrəti var.
Sənin əlində silahın, qəlbində yatan şeytanın, onun isə Allahı var. Arxalanıb özun kimi vəhşilərə, neçə məscid dağıtmısan, lənət sənə! Göz yaşından körpələrin çöhrəsinə iz salmısan, lənət sənə! Hər vicdanlı insanın sən nifrətini qazanmısan, lənət sənə! Sən ey şeytanın ordusu, nə yaman insan qanına susamısan, lənət sənə!
Sənə belə uzaqlardan - qəzetlərdən, xəbərlərdən, Ekranlardan baxmaq olmur, əziz Qəzza! Bir quş olub gələ bilsəm mən Fələstin torpağına Toxunardım mən hər qarışı candan baha torpağına.
Sənə belə uzaqlardan baxmaq olmur, əziz Qəzza! İstəyirəm gəlim ora, külə dönüm sən yandığın alovlarda. Səninçün hər gün Aşura, səninçün hər yer Kərbəla! Qoynunda tək insan ölmür, torpağında dəfn olunur insanlıq da...
Nəhayət, “Mavi Mərmərə” gəmisi və “Azadlıq Karvanı” olayı... Bu dəfə İsrail rejimi daha qısa müddətdə tab gətirmədi. Beynəlxalq sularda növbəti bəşəri cinayətə qol qoydu. İçərisi dünya vicdanları ilə dolu sərnişinlərə - Türkiyən İHH-nin təşkilatçılığı ilə mühasirədə olan Qəzza yetimlərinə insani yardım aparan bir müdafiəsiz insan haqları mandatlı Karvana hücüm çəkdi, özü də beynəlxalq sularda. “Mavi Mərmərə” fenomeninə bütün dünya vicdanları öz etirazlarını hayqırdılar. Vətənimizdə də dəyərli dostlardan biri öz duygularını “”Mavi Mərmərə" gəmisiyəm mən" təqdimatı ilə aşağıdakı çox gözəl duyğularla ifadə etdi: “Dənizlərdə, dəryalarda üzərəm. Eşidəndə bir sızıltı, həmən ora gedərəm. Körpələrin ah-naləsi, qocaların fəryad səsi, anaların iniltisi vermir mənə bir rahatlıq. Lövbərimi qalxızaraq, limanımdan ayrılaraq, yelkənimi qaldıraraq, dalğaları yararaq, sanki göydə uçaraq, yetişirəm məzlumlara, nənələrə, babalara, atalara, analara, əziz körpə balalara. Silərəm göz yaşlarını, əzizlərəm mən onları. “Mavi Mərmərə” gəmisiyəm mən. Dənizlərdə, dəryalarda üzərəm. Bir gün yenə eşitdim mən bir təbil səslərini. Hər tərəfi bürüyüb Fələstinin nalələri. Qəzza bu gün yalqız qalıb, gözü bizdə, səssiz galıb. Təklənibdir... tənhadır... Hay salmağa yox qüvvəsi. Göyəribdir məzarların yan-yörəsi. Neçə insan verib qurban, neçə cocuq olmuş üryan, ev-eşiklər olmuş viran. Qalıb yalnız qəlbdə iman. Aglar gözlər, çox pərişan. Aman Allah! Bu nə dövran?! “Mavi Mərmərə” gəmisiyəm mən. Dənizlərdə, dəryalarda üzərəm. Eşidib Qəzzanın fəryadını, mayak etdim mən Qəzzanı. Toparladım dostlarımı, yüklədim yardımları, üz tutdum məzlumlara, işğal olmuş torpaqlara. Budur, artıq az qalıbdır. Yetişirik biz məqsədə. Həyacanla. Sevinc, şadlıq hökm sürür göyərtəmdə... Birdən-birə eşidilir helikopterin səsi. Üzərimizə basqın edir duşmənlərin gəmisi. Alıb bizi dövrəsinə qara, azğın güvvələr. Gəmidə insanların üzündən saçır hünər. Şığıyır üstümüzə sionist əsgərləri. Aman Allah! Edirlər güllə-baran bizləri! Bu arada mən özümə bir dost tapdım, 19 yaşında bir gənclə qardaşlaşdım. Oldu mənim həmsöhbətim, həmdərdim. Dəftərini göyərtəmdə gizlətdim. Ömrünün son günlərində yaman deyib-gülürdü, çöhrəsindəki nuru ətrafı bürüyürdü. Qəlbindəki həyacani heç kimə gostərməzdi. Tutduğu haqq yolundan hec bir zaman dönməzdi. Verdi o, özünü bəşərə qurban. Alqışdar sənə, qəhrəman Furkan. Şəhid olmuş dostumun adıdır Furkan. Bir Quran surəsinin mübarək ismidir - “Furqan”. Haqqı batildən ayıran - Furqan Qəlbində eşqi etmişdi tüğyan. Qovuşdu Məhbuba bir anda Furkan. Kim deyir öldu?! - diridir Furkan. Mənim kapitanımdı bu andan Furkan... “Mavi Mərmərə” gəmisiyəm mən. Dənizlərdə, dəryalarda üzərəm. Qalxsın qoy qasırğa, qoy olsun tufan. Yolumdan dönmərəm, sapmaram bir an! Yoxdur silahım, yoxumdur mərmi! Silahsız fəth etdim mən könülləri!". Bu dəfə bu qədər zəiflədi zəmanə faşistləri. Daha tab gətirə biləcək halları qalmayıb. Amma bu zamanlarda deyilmiş bir sərrast ifadə hər şeyin dəqiq adını verir - “İsrail rejimi intihar etdi!”. Bəli, bir rejim olaraq, bir anti-bəşər cinayətkar guruh olaraq, intihar etdi. İndi isə dolanaq ümmətin digər yaralı yerinə. Vətənimizin yağı tapdağı altında olan cənnət guşəsinə. “Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam - ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin”. Bu nur saçan misraları dəfən-dəfən hər birimiz oxumuşuq. Biriləri tapıldı ki, həm ana dilimizdə, həm rus dilində Şəhidin bu məktubunu ixtisar da etdilər. Bu qədər nadan olmaqmı olar?! Artıq bəzi adamlar Şəhidin də ruhunə ehtiram qoymur olmaya?! O qədər manqurtlaşıblar ki, Şəhidin də məktubunda “qeyri-politkorrektlik” tapmağa çəsarətləri çatır?! Mən diqqətlə bu senzuraya uğramış “Balaş sindromunun” zombilərinin “nümünələri ”ilə tanış oldum. “Mənim üçün bol-bol dua edin”, “Allaha xatir bunu etməliyəm”, “Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam - ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim”, “Allaha ibadətlərinizi dəqiq yerinə yetirin”, “Çoxlu sədəqə verin”, “Seyid nəvəsi olaraq bunu etməliyəm”, “Allah böyükdür”, “Haqqınızı halal edin” - ixtisar olunan, birilərinin “daxili senzurasından” keçməyən mübarək ibarələr. Bu qədərmi kor və kar olmaq olar?! Dua etmək, Allaha xatir bunu etmək, şəhidlik anlamı, namaza xüsusi önəm vermək, sədəqə mədəniyyətinə çağırış, nəcib seyyidlik fenomeni, Allahın böyüklüyünün iqrarı, haqqın halal olunmasını istəmək mədəniyyəti - bütün bunlar bu qədərmi təhlükəlidir biriləri üçün ki, senzuraya salıb ixtisar olunmuş verirlər?! Başa düşmürəm. Amma onu bilirəm ki, Şəhid Seyyid Mübariz bütləri sındırdı. O, öz şəhidliyi ilə, illərdir ki, şoulaşmış, zir-zibillənmiş, qəlbləri pas və qəsavət basmış toplumun zəhərli və ölümcül durğunluq halını möhkəmcə silkələdi. Zatən şəhidin və şəhidliyin dəyəri budur. Toplumları ölməyə qoymamaq. Toplumları həmişə öz pak şəhadət qanı ilə suvararaq, oksigen təki təmiz hava ilə diriltmək. Böyük Şəhid Mütəhhəri demişkən “Şəhidlər - toplumun oksigenidir”. Onun görüşünə gedərkən, sanki öz evimə gedirdim. Zira, Şəhid Atasından adama doğma kim ola bilər ki?! Salamlaşdıq, quçaqlaşdıq, kövrədik, dərdləşdik, bölüşdük. Dedi: “Mənim oğlum işini görüb. Mübarək bədənini qaytarmaslar da, fərq etməz. O, indi Allah Təalanın yanındadır”. Dedim: “Kərbəlanı mənə yada saldınız. Şəhid balasının mübarək başını düşmən tərəfə ataraq ”Allah yolunda verdiyimizi geri almarıq" deyən valideyni mənə xatırlatdınız". Ardını Kərbəladan özü mənə danışdı. Danışdıqmı, rövzəmi dedik - bilmirəm. Əba Əbdillahı xatıradıq. Həzrət Zeynəbə vaygirlik elədik. “Hüseyn can, Hüseyncan” dedik. Zatən, Şəhidin evinin girişində, darvazalar üzərində nur kimi saçan - azadələr və şəhidlər ağası Həzrət İmam Hüseynin (ə) bayrağı və üçboyalımız asılmışdır. İki mübarək və müqəddəs bayraq. Şəhidliklə yoğrulmuş bayraqlar. Çox mövzuda danışdıq. Şəhadətin özü ilə bağlı bilinənlərdən danışdıq. İki namaz arasında şəhadət ünvanlanmasını da orada eşitdim. Axşam namazlarını qılıb, canamazının içinə Kərbəla simvolu olan möhürünün yanına üzüklərini qoyub, dəstəmazlı halda sübh fəcrinədək düşmənlə döyüşərək, çoxlu sayda qaniçən düşməni sıradan çıxararaq, sonda şəhadət şərbətini içmişdir qardaşım Şəhid Seyyid Mübariz. Burada əsgərlərimizə qanunsuz olaraq namaz qılmağa qoymayan zabitlərə üzümü tutub deyirəm: “Zabitlər, Şəhid Mübarizin ruhu qarşısında məsuliyyətinizi dərk ediniz! Namazdan qorxmayınız. Əgər gerçəkdən döyüşçü və Vətən müdafiəçisi istəyirsinizsə, namaz sizlərin ən böyük köməkçinizdir. Hörmətli zabitlər! Oruc tutmağa əsgərlərə mane olmayınız! Sizə Vətənin müdafiəsində iradəli əsgər lazımdırsa, orucdan daha böyük iradə formalaşdıran bir vasitə buluna bilməz. Vətənin bu dar günündə, əsgərlərin şəxsiyyətini alçaltmayın. Çünki Vətənin azadlığı şəxsiyyətli əsgərlərin mətanətindən keçir”.
***
Mübarək Ramazan ayının sonuncu cümə günü - Qüds Günüdür! Qüds günü - bütün zülmə məruz qalmış insanların günüdür. Qüds günü bütün işğal olunmuş torpaqların günüdür. Qüds günü - Şuşa günüdür, Ağdam günüdür. Qüds günü bu gün mühasirədə olan Qəzza günüdür. Allah dərgahında bir ay oruc tutmuş və mənəvi yüksəlişə çatmış insanın sözün həqiqi mənasında ilahi vətəndaşlıq günüdür - Qüds günü! Qüds günü böyük ariflərdən biri buyurmuşkən - İslam günüdür. İslam anlayışının içində nə varsa, Qüdsdə də var. Qüds günü bütləri sındıranların günüdür. İstər maddi, istər qeyri maddi bütlərini sındıranların günüdür. “Bizim fəaliyyətimiz ona yönəlib ki, yalnız Azərbaycan deyil, digər ölkələr də əmin olsunlar ki, geriyə yol yoxdur və hansısa yolla Qarabağın Azərbaycanın tərkibinə qaytarılması istisna olunur”. Bunu Dağlıq Qarabağda səfərdə olan Ermənistan prezidenti Serj Sarkisyan deyib. (TURAN). Qüds günü sarkisyanlara, pereslərə lənət günüdür. Vicdan bəşərlərinin onlara ünvanladığı lənət günüdür. Bu gün insanlıq ən ağır imtahanlı dönəmini yaşayır. İnsan haqları, demokratiya bir imitasiyaya çevrilib. İnsan haqlarını pozanlar, demokrasini absurdlar teatrına çevirənlər bu anlayışların mənəvi yükünü yetərincə zədələməkdədirlər. Belə bir qaranlıq dönəmdə Qüds günü bu qaranlıq dünyanın zülmətinin içində bir işıq salan nurani çıraqdır. Bu gün artıq Qüds gününün səsi tək müsəlman ölkələrindən deyil, tək müsəlmanlar tərəfindən deyil, bütün bəşər vicdanları tərəfindən gəlməkdədir. Əslində “Mavi Mərmərə”lər, Şəhid Seyyid Mübarizlər bu nurani günün saçan şualarıdır. Onlar bu gün Qarabağ və Fələstin müsibətinə işıq saçırlar. Daşnaklığın və sionizmin terror mahiyyətinə işıq salırlar. “Mavi Mərmərə”lər və Şəhid Mübarizlər bir həqiqəti də hər birimizə anladırlar. O da bundan ibarətdir ki, Qarabağın və Qüdsün azadlığı fədakarlıqdan keçir, fədakarlığın ən uca zirvəsi olan Şəhidlikdən keçir. 308 dəfə baxılıb
|
[13.02.2012] - TAMAŞAYA BİLET ALIBSINIZ? [13.02.2012] - RUMIN OLMAQ İSTƏYİRƏM [13.02.2012] - BUZ DÖYÜŞÇÜLƏRİ [13.02.2012] - DEDİM, ADƏ, DİYAN! [13.02.2012] - ÖLKƏNİN ADININ VƏ İÇİNİN DƏYİŞDİRİLMƏSİ [13.02.2012] - QARLA BACARMAYAN HÖKUMƏT... [13.02.2012] - XOŞBƏXT OĞLU XOŞBƏXT [13.02.2012] - SEÇİLDİKDƏN SONRAKI HƏDƏF [12.02.2012] - “KÜÇƏLƏRƏ DUZ SƏPMİŞƏM” [12.02.2012] - SÖZÇÜNÜ GÖSTƏR, KİM OLDUĞUNU DEYİM [12.02.2012] - MƏHLƏMİZDƏ BİR QUYU VAR, ƏMİQIZI... [12.02.2012] - SAVADSIZ FOLKER PETERS VƏ TƏRS STATİSTİKA [12.02.2012] - BİRİNCİNİN YERİ [12.02.2012] - AFFA-da MOLLA NƏSRƏDDİN SEÇKİSİ [11.02.2012] - BİZİM FORS-MAJOR QIŞIMIZ [11.02.2012] - ALLAHIN ÜMİDİNƏ QALAN ÖLKƏ [11.02.2012] - ÇÖRƏYİN ÜSTÜNDƏ “SEVİRƏM” SÖZÜ [11.02.2012] - XALQA “GET, SÜRÜŞ” MESAJI [11.02.2012] - ALMANİYANIN ELMANİYA OLMASI [11.02.2012] - ƏBƏDİLİK SİNDROMU ARXIV
|