|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Niyə avqustda? Dostumuz Şahvələd Çobanoğlu “Azadlıq” qəzetində maraqlı bir köşə yazıb. Şahvələd bəy “Azərbaycan iqtidarını tənqid edən ”Mazlumder" PKK tərəfdarıdırmı?" adlı müəllif yazısında maraqlı nəticələrə çıxıb. Onlardan biri: məlum olub ki, Türkiyədə insan haqları dərnəyi kimi fəaliyyət göstərən bu qurum (MAZLUMDER) Azərbaycanla bağlı tənqidi hesabat yayıb və hesabatın tarixi sən demə 6 aprel imiş. “Lakin nədənsə ”Yeni Şafak" qəzeti Ərdoğanın Bakıya səfəri ərəfəsində bu hesabata yenidən qayıdıb və bizim mətbuat da o zaman buna xüsusi diqqət ayırıb" (Ş.Çobanoğlu, qeyd olunan məqalə). MAZLUMDER niyə Azərbaycan iqtidarını tənqid edib? Bu sualı “Yeni Müsavat” qəzetini yönəldən birisi kimi qəzetin planlaşdırmalarının birində mən irəli sürdüm. Fikir mübadiləsi apardıq. MAZLUMDER-i, onun qurucularını, siyasətini, Türkiyədəki dostlarımın bu hörgütə ehtiyatlı münasibətini bilən birisi olaraq; həm də və ən əsası, MAZLUMDER-i hələ də kontrol edən sülalənin - kürd əşirətlərindən ən güclüsü olan Arslanların (İhsan və oğlu Mücahid (Ali İhsan) Arslanların timsalında) Azərbaycan iqtidarındakı önəmli (kürd əsilli) fiqurlarla isti əlaqələrinin mövcudluğu barədə dəqiq xəbərlərə malik olan bir qəzetçi kimi mənə maraqlı idi: Nə baş verir? Gizli müttəfiqlərin arası niyə açıldı? Amma... MAZLUMDER-in və onun qurucusu İhsan Arslanın isə bir kürdçü olduğunu bilirdik. Bu təşkilat 20 ildən artıqdır fəaliyyət göstərir; bu müddətin 18 ili ərzində Azərbaycanda iqtidar tərəfindən minlərlə hüquq pozuntusu, seçki saxtakarlıqları, zorakılıqlar, qanunsuz həbslər, azadlıqların məhdudlaşdırılması kimi əməllər həyata keçirilib. Lakin sözdə hüquq müdafiə təşkilatı olan MAZLUMDER bir dəfə də olsun bu faktlara reaksiya verməyib. Dünyanın hər yerindəki haqsızlığa, pozuntulara, hətta erməni Hrant Dinkin öldürülməsinə coşqun reaksiyaları ilə fərqlənən MAZLUMDER Azərbaycanla bağlı hər zaman susub. İkinci tapıntı... Şahvələd bəyin ikinci tapıntısı da maraq doğurur. Qələm dostumuz haqlı olaraq soruşur: “...bu hesabatın açıqlanmasının İlham Əliyevin PKK açıqlamasına cavab olması haqda fikir həqiqətə söykənmir. Üstəlik, hesabatın hələ aprel ayında təşkilatın saytında yayıldığı bəlli olur. İndi siz deyin, 6 apreldə İlham Əliyevin sonrakı aylarda olacaq çıxışına necə cavab vermək olardı?” Bizdə də “bəlkə”, onda da “bəlkə”... Bu şübhələr indi də qalır. Elə Şahvələd bəyin sonrakı cümlələri də bu hesabatın izahatına yönəlik şübhələrdən qaynaqlanan versiyalardan biri sayıla bilər. Çünki onda da eynilə bizdə olandandır - şübhə, mülahizə, versiya, bəlkə, yozum... Sitat: “Lakin nədənsə ”Yeni Şafak" qəzeti Ərdoğanın Bakıya səfəri ərəfəsində bu hesabata yenidən qayıdıb və bizim mətbuat da o zaman buna xüsusi diqqət ayırıb. “Yeni Şafak” isə məhz Ərdoğana yaxın qəzetdir. Hətta baş nazirin qızı qəzetin sahibinin böyük qardaşının gəlinidir. Yəni hesabatın yayılmasının İlham Əliyevi vurmaq marağı varsa, bu, Ərdoğanın və AKP-nin marağı sayılmalıdır". MAZLUMDER və PKK Şahvələd bəy yazısında iddia edir ki, bizim MAZLUMDER-in PKK-ya bağlı olması barədə məlumatımız təsdiq olunmur: “Elə Türkiyədə müraciət etdiyim azərbaycanlı mənbələr də dedi ki, MAZLUMDER-in PKK-ya heç bir bağlılığı yoxdur. Həmin cavablardan biri: ”Bəy, o dərnək 90-cı illərdən bəri fəaliyyətdədir. Daha çox dini ağırlıqlı bir dərnəkdir. Onu iki dönəm AKP Diyarbəkir millət vəkili olmuş İhsan Arslan yaradıb. Onun oğlu da baş nazirin beyin komandasındadır. Baş nazirə çox yaxın adamdır. Separatçı adamları, PPK-ya bağlı adamları Ərdoğan ətrafında saxlamaz..." İhsan və Mücahid Arslanları internetsiz də tanıyıram Arslanlar burada, Bakıda məni məhkəməyə verib, həbs etdirmək təşəbbüsü göstəriblər. Nə zamanmı? 2007-ci ilin aprel-mayında. Məlum “Azərsun holdinq”, Abdolbori Goozal çəkişməsinin pərdə arxasında məhz onlar idi. Pərdəni bir az aralayaq. Arslanları türklərdən sorun... Türkiyədəki əksər milliyyətçi, dövlətin birliyi və bütünlüyündən yana olan dostların, tanışların yanında Arslanlardan danışsan, hər kəs birmənalı olaraq onları dövlət və türk düşməni kimi xarakterizə edəcək. Tayyib Ərdoğanın yanında olmaq, ona yaxın olmaq bu adamların üz ağlığı sənədi ola bilərmi? Bizim də iqtidarlı-müxalifətli liderlərin, lap özümüzün yanımızda illərlə elələri olub ki... Kürdlər üçün qızıl dönəm AKP-ni, onun lideri Tayyib Ərdoğanın ətrafını sarmış, böyük üstünlüklər əldə etmiş kürd əşirətlərinin liderləri üçün qızıl dönəmdir. Zamanında “kürdəm” deyə bilməyənlər indi Türkiyənin federallaşmasından, qardaş ölkənin güney-doğusunu Kürdüstan adlandırmaqdan, Türkiyə ərazisində müstəqil kürd dövləti qurmaqdan, PKK-çılara azadlıq mücahidləri deməkdən, terroristlərin cəsədlərinə “şəhid” ünvanı verməkdən çəkinmirlər. Həm də bir deputat, toxunulmaz şəxs olaraq. Bunların da başında hər zaman MAZLUMDER-in qurucusu İhsan Arslan gəlib. PKK ilə eyni hədəfi daşıyırlar PKK ilə eyni hədəfi daşıyan Arslanların, sadəcə, bu hədəflərə ulaşmaq taktikası fərqlidir. “Kürd açılımı” kimi avantürist, Türkiyəni çıxılmaza soxan, PKK terroru qarşısında zəiflədən layihənin gerçək müəllifinin kim olduğunu bilirsinizmi? “Mücahid” kod adlı Ali İhsan Arslan - MAZLUMDER-in qurucusu İhsan Arslanın oğlu, hörmətli Tayyib bəyin milli məsələlər üzrə danışmanı. Tayyib bəy həbsdə ikən onunla tanışan, bir il ərzində itaətkarcasına onun qulluğunda duran, bununla da etimad qazanan və bu böyük liderin yanında olmağın böyük gələcək vəd etdiyini fəhm edən Mücahid Arslan və onun separatçı atası məhz iqtidara yaxın olmanın verdiyi gücdən istifadə etməkdədirlər. Həm də Türkiyə üçün zərərli bir istiqamətdə. Böyük tenderlərdə “qalib” gəlib 100 milyonlarla dövlət sifarişlərini icra edən Arslanlar indi Türkiyənin ən zəngin əşirətlərindən biridir. Ərdoğana yaxın olmayanlar da Türkiyəni sevə bilər Həyatını Türkiyənin birlik və bütünlüyünə, böyüməsinə həsr edən yazarlar, siyasət və dövlət adamları, PKK terroru ilə mücadilə aparıb Türkiyəni qoruyan zabit və generallar (ələbaşı Öcalanı Keniyadan oğurlayıb Türkiyəyə gətirən özəl qüvvətlərin komandanı da daxil olmaqla) ən müxtəlif iftiralarla həbsdədir. Mən onların bir neçəsini şəxsən tanıyıram. AKP liderinə yaxın deyillər. Lakin onlardan heç biri separatçı və bölücü də deyil. Üstəlik, Azərbaycanı da candan sevirlər və bəziləri də bu torpaqlarda ermənilərə qarşı vuruşub... *** İstənilən halda Şahvələd bəyə təşəkkür edirəm ki, öz maraqlı yazısı ilə bir fürsət yaratdı ki, bu mövzuya bir daha qayıdaq. Son yarımbaşlıqla bir nüansı da ifadə edirəm. MAZLUMDER? Aman gəlməsin... Ötən ilin sonlarında siyasətdə olmayan can dostlarımdan birinə Türkiyədən bir dəvət gəlmişdi. MAZLUMDER təşkil etdiyi böyük bir törənə Azərbaycandan yalnız onu çağırmışdı. Təsadüfə bax, dostum mənə zəng eləyib bu barədə məsləhət alanda mən də Türkiyədə idim. Dedim, məndəki rəy bəlkə yetərsizdi, bir başqa dostlardan, hətta fərqli çevrələrdən də soruşum... 9555 dəfə baxılıb
|
[16.05.2011] - QƏLƏBƏ VƏ BAYRAQ BORCU [23.08.2010] - MƏZAHİRİN SON XƏBƏRİ [20.08.2010] - KƏNDDƏN QEYDLƏR [26.06.2010] - İSTANBULDA YAĞMUR VAR BU HƏFTƏ... [20.05.2010] - 4444-cü NÖMRƏYƏ... [10.02.2010] - MƏHBƏSDƏKİ AD GÜNLƏRİ [18.10.2009] - ŞƏHİDLİKDƏKİ BAYRAĞIMIZ [15.10.2009] - YANDIRILMALI PORTRETLƏR [12.10.2009] - MEDİA AVTORİTETİNİN MESAJI [11.10.2009] - İNCİTSƏK BAĞIŞLA... [14.04.2009] - TÜRKİYƏ GERİYƏ, AZƏRBAYCANA QAYITDI [25.02.2009] - TƏBRİZLİNİN GƏLİŞİ VƏ YAZISI HAQQINDA [08.02.2009] - XIRDA YEKUNLAR, BÖYÜK TƏKLİFLƏR... [05.02.2009] - BÖYÜK SAVAŞIN 4000-ci GÜNÜ [24.01.2009] - “ERGENEKON”çu POLKOVNİKİN YARIMÇIQ QALMIŞ ARZULARI (IV YAZI) [23.01.2009] - “ERGENEKON”çu POLKOVNİK NƏ İSTƏYİRDİ? (III YAZI) [22.01.2009] - “ERGENEKON”çu POLKOVNİK NƏ İSTƏYİRDİ? (II YAZI) [20.01.2009] - “ERGENEKON”çu POLKOVNİK AZƏRBAYCANA NİYƏ GƏLMİŞDİ? |
| Yeni MÜSAVAT © 2008 |
|