 |
Xalid KAZIMLI 
UZAQ AMERİKANIN YAXINLIĞI
|
Dünən ABŞ-dan Xocalı qətliamına dair iki xəbər gəldi - biri Teksas (uzun illərdir bizdə yanlış olaraq bu ştatın adı “Texas” kimi yazılır, oxunur), o biri Merilenddən. Məlum olur ki, hər iki ştatın Nümayəndələr Palatasında 20 il öncə Azərbaycanın Dağlıq Qarabağ vilayətində baş verən anti-bəşəri, hərbi cinayətə dair qətnamə layihəsi qəbul olunub. Bu, hələ son deyil, ABŞ-ın 50 ştatı var və onların tam əksəriyyətində, bəlkə ermənilərin boy getdiyi Kaliforniyada da belə qətnamə layihələri qəbul etdirmək, bu günü ABŞ-da da Xocalının anım günü kimi xatırlatdırmaq mümkündür. Belə olmalıdır. Çünki Xocalı qırğını təkcə etnik Azərbaycan türklərinə qarşı törədilməyib, insanlığa qarşı törədilib və bunun qiyməti olduğu kimi verilməlidir. Bir çoxlarının bəyənmədiyi, hər fürsətdə “dünya hegemonu” deyib damğaladığı, başqa ölkələrdə müharibələrə qarışdığı üçün qınadığı ABŞ-ın bir fərqi də budur. Azərbaycan iqtidarı da tez-tez bu dövlətin siyasətini bəyənməyən açıqlamalar verir, yeri gələndə Rusiyanı, Fransanı ondan üstün sayır. Ancaq Azərbaycanın üçün olduqca əhəmiyyətli bu məsələdə olumlu davranış və qətnamələr Rusiya və Fransadan deyil, məhz ABŞ-dan gəlir. O ölkələrin parlamentlərində, hakimiyyət dairələrində belə bir sənədi qəbul etdirmək, hətta onları Xocalı faciəsini anmağa razı salmaq iki səbəbdən çətindir. Biri odur ki, onlar ermənilərin köhnə və qatı müttəfiqləridir, digəri isə odur ki, Xocalı qətliamında bu dövlətlərdən birinin (Rusiya) əsgərləri ciddi şəkildə iştirak edib. Bu baxımdan ABŞ-ın vəziyyəti daha asandır. 50 dövlətin birləşməsindən yaranan bu superdövlət doğrudan da bütün parametrlər üzrə vahid mərkəzdən idarə edilmir. Hər ştatın özünün parlamenti və vacib saydığı məsələlər, önəm verdiyi dəyərlər var. Amerika siyasətçiləri və insanları fərqli düşünə, fərqli qərarlar qəbul edə bilirlər və onlar çox vaxt həqiqət saydıqlarını merkantil maraqlara, dövlət mənafelərinə qurban vermirlər. Deyilə bilər ki, Fransa dövləti də “erməni soyqırımı”nın inkarına görə cəza nəzərdə tutan qanun layihəsini parlamentdən keçirdiyi vaxt dövlət mənafelərini nəzərə almamışdı. İlk baxışdan elədir. Ancaq fərq ondadır ki, Fransa bir qayda olaraq həmişə şərin yanında yer alır, zorakılıq edəni haqlı sayır. ABŞ-ın iki önəmli ştatında Xocalı qətliamına dair qətnamələrin qəbulu göstərir ki, yorulmadan, məqsədyönlü çalışanda, yaxşı mənada həyasızlıq edəndə, dotələb olanda ortaya bir şey çıxarmaq olur. Biz heç vaxt “xristian dünyasıdır, onlar öz xaçpərəst qardaşlarını bizim ayağımıza verməzlər” kimi zərərli hisslərə qapılıb qolumuzu soyutmamalı, mübarizədən çəkilməməliyik. Kütləvi qırğınlar hansı zəmində (dini, milli, irqi, siyasi) baş verir-versin, ilk növbədə anti-bəşəri cinayətdir və tərəqqipərvər cəmiyyətlər getdikcə artan templə məsələyə bu bucaq altından baxırlar. ABŞ-da Avropada yüzlərlə, hətta minlərlə siyasətçi, deputat, ziyalı, alim var ki, onlar üçün qatilin hansı din və millətdən, qurbanın hansı xalq və dini konfessiyadan olması heç bir əhəmiyyət kəsb etmir. Əsas məsələ zorakılığa qarşı olmaq, məzlumun, mağdurun yanıında yer almaqdır. Biz də o cür olmalıyıq və bizim üçün haqqı tapdanan, zülmə məruz qalan müsəlmanla xristianın, buddistin, yəhudinin heç bir fərqi olmamalıdır. Haqsız, amma güclü zorakının tərəfini tutmaq olmaz. Azərbaycan öz haqq işini məhz bəşəri dəyərlər müstəvisinə çəkərək müdafiə etməlidir. Teksas və Merilənddə qəbul edilən qətnamələrin və fevralın 26-da Xocalı qətliamını anacaqlarını bildirən ameriakl deputatların açıqlamasının əhəmiyyətini nə şişirtmək, nə də azaltmaq lazımdır. Unutmayaq ki, hər il aprelin 24-də ABŞ prezidenti öz ənənəvi səhər çıxışında mütləq 1915-ci ildə baş verən hadisələrə toxunur, ermənilərin başına gəlmiş fəlakətdən danışır. Ermənilər hər il ondan “genosid” sözü gözləsələr də, hələlik ifadə “fəlakət”lə (“meds yaqern”) yekunlaşır. Biz də (iqtidarlı-müxalifətli, ziyalılı, sənətçili) çalışmalıyıq ki, yaxın illərdə ABŞ prezidenti fevralın 26-da dilinə “Xocalı” və “fəlakət” sözlərini gətirsin. 350 dəfə baxılıb
|