Artıq dönə-dönə seçkilərin nəticələrini saxtalaşdıran, siyahı ilə parlamentə üzvlər təyin edən, bir növ Azərbaycansayağı seçki ənənəsi formalaşdıran hakimiyyət “radikal” damğası vurduğu müxalifət sarıdan əmin-arxayın ola bilər. Azca da olsa demokratik seçki keçiriləcəyinə ümid olmasa da, artıq prezident seçkilərində iştirak etmək istəyənlər öz niyyətlərini ortaya qoyurlar.

Sanki heç kim fərqində də deyil ki, bu şərtlər daxilində seçki keçirilsə, indiyəcən şahidi olduqlarımızdan qətiyyən fərqlənməyəcək. İndi necə anlayaq “keçməyə çay gəlməmiş çırmananlar” qabağa düşüb bu rejimlə sövdələşməyəmi gedirlər? Yoxsa 11 ay sonra keçiriləcək seçkiyə öz xidmətlərinimi təklif edirlər? Axı şərtlər dəyişməyib. Seçki qanunu da, MSK da, dairə seçki komissiyaları da olduğu kimi qalır...
Bəs onda 20 ildən bəri əbədi müxalifətdə qalan liderlər nədən belə arxayınçılıqla seçkiyə qatılacaqlarını bəyan edirlər. Axı müxalifət də, onu dəstəkləyən narazı elektorat da heç olmasa 2003-cü ildəki qədər də ayaq üstə deyil. Bəs onda seçkiyə qatılanlar nəyə arxayındırlar. Yoxsa “məğlub” ikinci olmaq, “qalib” birincidən sonra yenə də nüfuz ölçüsü sayılacaq...
Dövlət başçısı hətta YAP-ın 20 illiyi ilə bağlı nitqində siyasi gündəmə müxtəlif rakurslarda qiymət verdi, ancaq üçüncü dəfə namizədliyini irəli sürəcəyini dilə gətirmədi... Bəs nədən müxalifət liderləri az qala biri-birinin ayağını tapdayaraq qabağa keçmək, seçilmək üçün şərtlər formalaşmasa da, seçilmək istəyənlər sırasında birinci olmaq yarışına qatılırlar.
Rejim onu gözləyən problemləri, maneələri, üçüncü dəfə kürsüyə yiyələnməyin necə çətin olacağının fərqindədir. Bunu baş verən olaylar da təsdiqləyir. Hakimiyyətdəki klanlar arasındakı savaş da bütün mənəvi, hüquqi normaları tapdayıb üstündən keçir. Adama elə gəlir ki, yalnız meydanda olan müxalifət sarıdan narahatlıq keçirmirlər, qalan maneələri aşmaq üçünsə yollar arayırlar...
İndi heç beş il əvvəlki ilə də müqayisəyə sığmayan şərtlər formalaşıb. Ən görünən tərəf odur ki, bu beş ildə azərbaycanlı oliqarxlar ən azından beş dəfə artıq varlanıblar. Kriminal kapital da təmərküzləşib, artıq ortaq marağı olan qruplar formalaşıb. İndi hakimiyyət uğrunda aşkar-gizli savaşa qatılanlar haqda xəbərlər daha maraqla qarşılanır. Di gəl ki, heç olmasa ehtimal olunan tərəf kimi də bu müxalifət yada düşmür. Amma yada düşməyənlər özlərini yada salırlar - indidən növbəti saxtakarlıqda iştirakçı olacaqlarını dilə gətirirlər.
Doğrudanmı, ədalətli seçki tələb etmək üçün bütün əmsallar tükənib? Artıq bu 20 ildəki total saxtakarlığa boyun əyməkdən savayı çıxış yolu qalmayıb? Axı kimə sirdir ki, bircə ədalətli seçki indiyəcən şahidi olduğumuz bütün saxta seçkilərə gedən yolu bağlayacaq. Başdan-ayağa günah içində çabalayan bir rejimdən ədalətli seçki tələb etmək şərtləri tükənməyib. İndi kimsə bunu unudub, bir il əvvəldən namizədliyini irəli sürəcəyini dilə gətirirsə, o həm də haqq-ədalət tələb edənlərin ümidlərini çilik-çilik sındırırlar.
Hətta ümidsizlik o həddə qərarlaşıb ki, müxalifət liderləri seçkiyə qatılacaqlarını dilə gətirəndən sonra da azad mətbuatda hakimiyyət uğrunda savaşan klanların mübarizəsi əsas mövzu kimi önə çıxır. Bütün təhlillərdən, mülahizələrdən hiss edilir ki, ən korrupsioner oliqarx müxalifət liderlərindən daha şanslı görünürlər. Doğrudanmı, bu toplumu belə rəzil şərtlər altında yaşamağa məhkum edən, ölkəni doymayan ehtirasla talayan nazir-oliqarxların, məmur-oliqarxların qəlbində bircə zərrə də xalq, vətən sevgisi qalıb. Onlar açıq-aşkar bütün maddi resurslarımızı talasalar da prezident olmaq yolunda da heç bir maneə görmürlər.
Axı indi hakimiyyətə gəlmək istəyən kəs üçün 15-20 il əvvəlki əmsallar köməyə yetmir. Kriminal kapital cəmiyyəti onunla hesablaşmağa məcbur edir. Artıq milyardlarla dəyəri olan sərvətə sahib duranlar oliqarxların yolunda bu rejim çəpərə dönüb. Bunca zəngin oliqarxların indən sonra bu hakimiyyət nəyinə lazımdır. Onsuz da hər biri ayrı-ayrılıqda ölkə başçısından da artıq səlahiyyətlərə yiyələniblər. Gələn il üçün büdcəmizə diqqət yetirin, sanki bizə - bu 9 milyonluq insana yox, onların maraqlarına hesablanıb. Kimə gələn ilin büdcəsindən neçə milyard ayrıldığı o qədər aydın yazılıb ki...
İndi nədən onlar hakimiyyət uğrunda savaşa qatılmasınlar...

698 dəfə baxılıb

Şərh yoxdur

Şərhiniz bizim üçün dəyərlidir