 |
Xalid KAZIMLI 
BİR QİYAMIN TARİXÇƏSİ
|
Martın 17-si ölkəmizdə Novruz bayramı ərəfəsi ilə, hərdən ilaxır çərşənbəyə düşməsi ilə əlamətdar deyil. Bu gün Azərbaycan tarixinin qara günlərindəndir ”“ həm də unudulmuş, unutdurulan qara gün. 14 il öncə, 1995-ci ilin bu günü Bakıda qardaş qırğını baş verib, 100-dən çox insan ölüb, iki o qədər yaralanıb, üç o qədər ölkədən qaçaq düşüb, beş o qədər həbsə atılıb, işgəncəyə məruz qalıb. Martın 17-si rus dilindəki abbreviaturada “OMON”, öz dilimizdə XTPD (Xüsusi Təyinatlı Polis Dəstəsi) adlandırılan polkun darmadağın edildiyi gündür. Erməni qəsbkarlarının qarşısında rəşadət göstərən dəstəni həmin gün Azərbaycan ordusunun və digər silahlı qüvvələrinin bölmələri öz dislokasiya yerlərində məhv ediblər. XTPD mövcud hakimiyyətə qiyam qaldırmışdı. Daha dəqiqi, daxili işlər nazirinin müavini və Xətai rayon prokuroru ölkədə, dövlətdə, hakimiyyətdə gedən bəzi proseslərə görə iqtidara asi düşmüş və dayaq kimi XTPD-yə söykənmişdilər. Başqa məsələlər də vardı. Sonradan bu xüsusda danışanlar, əmlak bölgüsündən bəhs edənlər, bəzi XTPD döyüşçülərinin özlərini Misirdən zəfərlə qayıtmış romalılar kimi apardıqlarını, mağazalardan xərac tələb etdiklərini deyənlər də çox oldu. Hələ 1994-cü ilin oktyabrından bu dəstə nişangaha alınmışdı və tədricən zərərsizləşdirilməsi prosesi gedirdi. XTPD yavaş-yavaş küncə sıxılır, bununla paralel olaraq hakimiyyət öz təhlükəsizliyini qorumaq üçün təxirəsalınmaz tədbirlər görürdü. Gizli gedən bu proses nəhayət 1995-ci ilin martında açıq şəkil aldı və böhran yaratdı. Bu dəfə hakimiyyət 6 ay əvvəlki kimi Prezident Aparatına sığınıb xalqı, Bəxtiyar müəllimi köməyə çağırmadı. Bu dəfə XTPD öz qərargahına sığınıb xalqdan dəstək umdu. Bəxtiyar Cavadov situasiyanı yumşaltmaq istəsə də, alınmadı. Çünki təşəbbüs əldən verilmiş, güc zəifləmişdi. 1994-cü ilin oktyabrında dövlət çevrilişi etmək su içim asanlığındaydısa və mərhum Rövşən Cavadov son anda bundan imtina etmişdisə, 1995-ci ilin martında XTPD-nin belə bir imkanı yox idi. O, yalnız dövlət rəhbərlərilə danışıqlara, mərhəmətə bel bağlaya bilərdi. Qiyamın yatırılmasından sonra əjdahaya dönmüş məmurlar qorxularından nə edəcəklərini bilmirdilər. Siyasi qüvvələr prosesin gedişində pozitiv çıxış yolu görməyərək, qiyam yolu ilə hakimiyyət dəyişikliyini məqbul saymayaraq gözləmə mövqeyi tutmuşdular. Çünki hakimiyyəti devirə biləsi qüvvələrin onlara münasibəti, yumşaq desək, yaxşı deyildi. Bir neçə gün davam edən gərginliyin kulminasiya nöqtəsi martın 17-də çatdı. Qaldırılmış ağ bayraqlara baxmayaraq keçmiş döyüşçülər çarpaz atəşə tutuldular və darmadağın edildilər. Rövşən Cavadov əlini qaldırıb təslim olmağa gedərkən güllələndi və qan itirdiyinə görə vəfat etdi. Deyilənə görə, həmin gün həkimlər ya qorxularından, ya da silah altında olduqlarından ona tibbi yardım göstərməyiblər. Yoxsa ayağından yaralanmış polkovnikin həyatını xilas etmək olarmış. Bu qırğında qurban gedənlərin sayı, demək olar ki, 20 Yanvarda həlak olanların sayı qədərdir. Ancaq adları heç vaxt anılmır, çünki onlar qiyamçılardır. Həmin vaxtdan sonra öz soydaşlarını “müvəffəqiyyətlə qırdığına” görə rütbəsi artanlar, orden-medal alanlar, vəzifədə irəli çəkilənlər oldu. Tutulan döyüşçülərə verilən işgəncələrin əks-sədası Amerikaya, Avropaya gedib çıxırdı. Yeganə günahı yalnız komandirlərinin əmrinə tabeçilik göstərmək olan döyüşçülər yalnız 8-10 ildən sonra azadlığa buraxıldılar. Halbuki təslim olacaqları təqdirdə onlara amnistiya tətbiq ediləcəyi barədə vəd martın 16-da dövlət televiziyası ilə elan olunmuşdu. Onların sırasında tamam günahsız olanlar, bir salam-əleykin güdazına gedənlər də vardı. Onlar da ən azı 3-4 il həbs cəzası çəkdilər. Bu gün həmin qara gündən 14 il keçir. Bu əziz gündə həmin adsız döyüşçüləri də anmağa zərurət var. Axı onlar bir zamanlar düşmən çəpəri olmuşdular... 2494 dəfə baxılıb
|