Türkiyə mediası xəbər verib ki, bizim Diaspora Məsələləri üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov oradakı bir iş adamı ilə anlaşıb, ondan nə az, nə çox - düz 400 ədəd “VİP təknə” (bizim qəzetlər bunu “VİP-yaxta” kimi tərcümə ediblər, amma məncə, söhbət qayıqdan gedir, çünki Anadoluda yaşayan arkadaşlarımız yanılmıramsa, yaxtaya “yat” deyirlər) alacaqdır. İndi bütün məmləkətimiz böyük nigarançılıq içində fikirləşir ki, ayə, görəsən, özəl qayıqlar diaspora nazirinin nəyinə gərəkdir, özü də 400 dənə?

Öncə onu qeyd edim ki, biz yüksək vəzifəli məmur-yaptokratların başının içində hansı ideyaların fırlandığını heç vaxt anlaya bilmərik, çünki onlar qədər istedadımız yoxdur. Məsələn, kim bilir ki, delfin saxlamaqda Ziya Məmmədovun məqsədi nədir? Yaxud Kəmaləddin əkə nə üçün musiqi bəstələyir? Ramil Usubov 3-cü minilliyin sonlarına qədər polis naziri vəzifəsində qalacaqmı? Bəylər Əyyubov idxal elədiyi bananları hardan alır? Böyük Adron Kollayderi işə düşsə nə olacaq? Zürafə niyə ayaq üstündə yatır və sairə. Bunlar hamısı biz sadə, qara camaatın başa düşmədiyi şeylərdir. İstedadımız çatmır anlayaq.
Gərək belə şeyləri anlamaq üçün uzun, incə və sabunlu yol keçəsən, sürüşüb təpəsi üstə yerə dəyməyəsən. Bu da YAP müridlərinin yoludur, öz mərhələləri var. Sufilərdə şəriət, təriqət, həqiqət, mərifət kimi mərhələlər olduğu kimi, YAP-da da yalan, yaltaqlıq, rüşvətxorluq və sairə kimi inkişaf mərhələləri vardır. Hamısını keçəndən sonra başa düşürsən ki, 400 qayıq bir nazirə nə üçün gərək ola bilər. Hələlik əlimizdən o gəlir ki, versiyalar irəli sürək - neyləyək, sürməyə qayığımız yoxdur.
Bir versiyaya görə, Nazim İbrahimov yoldaş Xəzər dənizinin sahilində xeyli hissəni hasarlayıb, özəl limanlar qurub, bu qayıqları da gətirir ki, pullu adamlara satsın, icarəyə versin, pul qazansın. İnanmaq olarmı? Əlbəttə. Onun biznesmen qardaşı Hacı İbrahim də ekzotik layihələri ilə tanınır. Məsələn, hələ ötən əsrin 90-cı illərində Bilgəh tərəfdəki villasının həyətində eynən Naxçıvandakı İlandağın bənzərini qurmuşdu. Çox zırpı şey idi, zirvəsində Günəş doğurdu, qartallar yuva qururdu. Belə qardaşlar üçün 400 qayıq günəbaxan tumu çırtlamaq kimi şeydir.
İkinci versiyaya görə, Nazim əkə bu qayıqları hərbi məqsədlə alır. Vətənpərvər insandır axı. Həm də xəbərə görə, qayıqların üzəri zirehli şüşələrlə örtülüdür. Az qala qumbara vursan təsir eləmir. Yəqin sülh danışıqları alınmasa Nazim İbrahimov xalqa müraciət edəcək, gənclər bu qayıqlara doluşub üzü Qarabağa doğru şütüyəcəklər. Dağ çayları ilə. Unikal hərbi aksiya olacaq. Təsəvvür elə, alçaq erməni bizi qurudan və havadan gözləyir, amma biz sudan hücuma keçirik. Bəh-bəh... Ananı ağlar qoyacağıq, erməni. Hazırlaş, üstünə İrasim , pardon, Nazim bəy gəlir. Mənim gözlərim önündə Göyçə gölündə dalğalanan Azərbaycan bayrağı indidən canlanır.
Ancaq o da mümkündür ki, Nazim yoldaş bu qayıqları elə öz işinə görə alsın. Diaspora işini nəzərdə tuturam. Axı azərbaycanlılar dünyanın hər yerinə səpələnibdir, bizim planetin isə dörddə üç hissəsi sudur. Bəs Nazim İbrahimov həmin dünya azərbaycanlıları ilə əlaqəni necə yaratmalıdır? Əlbəttə, qayıqlarla. Min, istəyirsənsə lap sür Avstraliyaya, oradakı soydaşlarımızla gap elə. Ordan qayığın ağzını döndər Yeni Zelandiyaya. Bir az muğam oxudub, dön get İndoneziyaya və sairə. Diaspora elə bu cür yaranır da bə! Yoxsa Bakıda, torpağın üstündə iylənə-iylənə oturmaqla dünya azərbaycanlılarını müqəddəs yaptokratiya ideyaları ətrafında necə sıx birləşdirmək olar?
Uğurlar, Nazim əkə, məqsədin nə olsa da. Sadəcə, çalış axırda məşhur rus nağılındakı kimi, bircə təknənin yanında əliboş qalmayasan. Qızıl balıq çox ərköyün balıqdır. 

2350 dəfə baxılıb

Şərh yoxdur

Şərhiniz bizim üçün dəyərlidir