«Donuz qripi» bizim ölkəyə də gəlib çıxdı. Əslində hələ indi gəlməsinin özü təəccüblüdür. O qədər donuzumuz var ki... Həm də ikiayaqlısından. Nə isə, bu uzun söhbətdir, üstəlik bu mövzuya toxunanı donuzlar tərəfindən ayaqlanmaq təhlükəsi gözləyir.
Ən maraqlısı dövlətin qriplə mübarizə tədbirləridir. Məsələn, sərhəd məntəqələrində infeksiyaya yoluxmuş, ölkəyə girmək istəyən şəxsləri aşkarlamaq... gömrükçülərə tapşırılıb. Onlar bunu necə edəcəklər? Biz gömrüyün korrupsiya yuvası olduğunu bilirik, yəqin indən sonra gömrük-keçid məntəqələrimizdə asqırmağın biri minimum 100 dollara qiymətləndiriləcək. Çalış asqırma, burnunu çəkmə. Əks halda, «hörməti» düş bura görək, yoxsa səni birbaşa xəstəxanaya basarıq, orada Oqtay Şirəliyevin cəsur komandası sənin şirəni çəkər.
Bəs necə, dünyada peyda olan hər bir bəladan pul çıxartmağı bizimkilər qəşəng bacarırlar. Bizim məmurlarda bu, bir növ tarakan xüsusiyyəti kimi şeydir. Axı deyilənə görə dünyada nüvə savaşı olsa bundan sağ çıxacaq yeganə canlı tarakan olacaqdır. Heç savaşa ehtiyac da yoxdur, hamı bilir ki, tarakan zir-zibil bol olan yerdə məskunlaşır. Qoy dünyanın zibili çox çıxsın - bizimkilər kef çəkəcək. Necə ki, qlobal iqtisadi böhrandan uduşla çıxdıqlarını söyləyirlər.
Bundan qabaq «quş qripi» hesabına nə qədər qabağa düşdülər. Həm dövlət büdcəsindən «mübarizə tədbirləri» adıyla xeyli pul yedilər, həm də Dünya Bankından kredit qopartdılar. İndi də dişlərini qıcayıblar. Mən acgöz məmurlarımıza bu qriplə mübarizə üçün şüar da təklif edirəm: «Dövlətin malı dənizdir, Onu yeməyən donuz... qripidir». Nuş olsun. Kəmaləddin Heydərov yoldaşı da təzə gəlir mənbəyi münasibətiylə təbrik edirəm. Axı deyirlər gömrük hələ də onun nəzarətindədır.
Hələ bu harasıdır, «donuz qripi» ilə mübarizənin daha bir istiqaməti dəmir yolundakı qatar bələdçilərinə tapşırılmışdır. Guya onlar qatarla Azərbaycana gələnləri yoxlamalıdır. Siz bizim dəmiryolunda haçansa sərnişin olmusunuzsa qatar bələdçilərinin qrip aşkarlamasını təsəvvür edə bilərsiniz. Elədinizsə yumor hissiniz var. Bu arada fürsət ikən Ziya Məmmədovu da təbrik edirəm.
Səhiyyə Nazirliyi donuz qripiylə mübarizə aparmaqda olsun, sizə nəql edim Ekologiya və Təbii Sərvətlər Nazirliyindən. Nazirliyin əməkdaşları bu günlərdə paytaxtın «Təzə bazar»ında reyd keçirmiş, qanunsuz satılan 3 kirpi, 3 biyovul quşu və 1 meymunu götürmüşdür. (Sözün düzü, bizim dövlət qurumlarının belə leksikonu mənə həmişə zövq verir. Məsələn, görürsən polis nazirliyi xəbər yayır: «Tərəfimizdən 5 kilo narkotik maddə aşkar edilib götürülmüşdür». Yox bir, bəlkə götürməyəcəkdiniz?)
Xəbərə görə kirpilər və adını ilk dəfə eşitdiyim bu əcaib quşlar heyvanxanaya təhvil verilib. Onlar bir müddət karantində saxlanandan sonra təbiətə buraxılacaq. Meymunun isə satış üçün şəhadətnaməsinin olduğu müəyyən edilib.
Gördüyünüz kimi, meymunun gələcək taleyi naməlum qalır. Heyf, əgər onun şəhadətnaməsi olmasa idi təbiətə buraxılardı. (Kim bilir, meymun həmin şəhadətnaməni nə qədər rüşvət verərək almışdır). Biz də meşələrimizdə meymun görüb zövq alardıq.
Amma öz aramızda qalsın, ölkədə nəinki şəhadətnaməsi, hətta xarici pasportu da olan xeyli meymun vardır...
(Yazının bu məqamında kimsə yuxarıdakı budaqdan - yazı meşədə qələmə alınmışdır - müəllifin təpəsinə qoz və banan çırpdı, o da acıq eləyib getdi. Gedərkən asqırdı. Müəllifi görsəniz uzaq durun).
1903 dəfə baxılıb










Şərh yoxdur
Şərhiniz bizim üçün dəyərlidir