Dəyərli folklorşünas dostumuz Əli bəy bir maraqlı əhvalat yazıb göndəribdir. O, iki nəfərin mübahisəsinin şahidi olub. Birisi deyirmiş ki, Naxçıvandakı Əshabi-Kəhf mağarasının dini kitablarda adı keçən məşhur mağaraya dəxli yoxdur. İkinci şəxs isə - o, naxçıvanlıymış - təkidlə əksini sübut edirmiş.
Yəqin bunu hamı bilir, həm xristian, həm islam mifologiyasına görə qədim zamanlarda yanılmıramsa sayca yeddi gənc Allahın təkliyini təbliğ edir, ancaq dinsiz padşah onları təqib edir, gedib mağarada yaradanın möcüzəsi sayəsində 300 il yatırlar. Sonra təkallahlığa inam qalib gəlir, bunlar da düşür şəhərə və sairə.
Həqiqətən, həmin mifin vətəni haqda mübahisələr çoxdur. Quran kitabında adı keçən «Əshabü-Kəhf» mağarasının İordaniya ərazisində, Türkiyənin Tarsus bölgəsində və sairə yerlərdə olması söylənilir. Təbii ki, bizə doğma versiya həmin mağaranın Naxçıvanda yerləşməsidir. Ancaq naxçıvanlı görün bunu necə unikal şəkildə əsaslandırıbmış!
Naxçıvanda belə əfsanə var ki, o zaman Dağyunus adlı dinsiz, qəddar padşah varmış, gəncləri məhz o təqib edirmiş. Bunların da əlacı kəsilir, mağaraya qaçır, orada 300 il yatırlar. İndi naxçıvanlı qardaşımızın versiyasına görə bölgədə yenə Dağyunus idarəetmə üslubuna əsaslanan bir şəxs - Vasif Talıbov hakimiyyətdədir, ona görə də əsl Əshabü-Kəhf elə Naxçıvandakıdır. Bir növ, tarix təkrar olunmuşdur.
Nə deyə bilərik, Allah xeyir versin. Hərçənd, bu saat təkcə Naxçıvanı yox, bütün Azərbaycanı elə cürbəcür «dağyunuslar» idarə edir. Mağara olsa 9 milyona yaxın camaatın minimum 3 milyonu böyük məmnuniyyətlə gedib orda itli-pişikli uzanar, 300 il yatar ki, sonra düz vaxtda aralığa çıxsın. Hərçənd, adam üşənir ki, birdən 300 il sonra yuxudan durub mağaradan çıxasan, əlini belinə qoyub gərnəşəsən və görəsən heç nə dəyişməyib, Talıbov yenə hakimi-mütləqdir, müəllimlər küçə süpürür, jurnalist Həkimeldostu bəyin də başını yarıblar.
Yeri gəlmişkən, bu ideyanı Vasif xanın ağlına salmaq gərəkdir, qoy Naxçıvanda Dağyunus yoldaşa heykəl ucaltsın. Onun üçün belə məsələlərdə qəti problem yoxdur. Nuhun qəbrini Naxçıvan şəhərində tapıb üstünü götürən ağıldanqıvraq bir kadr üçün hansısa Dağyunusa heykəl qoymaq çətin deyil. Bölgənin deputatı Əkrəm Əylisli isə romanlarında, intervülərində Xalq Cəbhəsinin kəpənək ömrünü tənqid edir. Əkrəm bəy, əsl roman mövzusu budur! Cəsarətiniz çatırsa Vasif bəyin Nuhun qəbrini, Dağyunusun krossovkalarını tapması haqda roman yazın.
Heykəl ciddi işdir. Dövlətçilik simvoludur az qala. Az qala niyə, artıq simvol olubdur.
Sözgəlişi, təzəlikcə bir xəbər oxudum, Böyük Britaniya alimləri, sənətçiləri dünyada ilk dəfə ölümcül xəstəlik viruslarının heykəllərini düzəldiblər. Məncə, bu xəbər boyat, köhnə xəbərdir. Britaniyada düzəldilən virus heykəlləri bu sahədə heç də ilk heykəllər deyil. Biz belə virus heykəllərini çox görmüşük. Hətta bir çoxunu uçurtmuşuq. Amma virus heykəllərin də genetik dəyişmələrə uyğunlaşması, adaptasiyası ilə eynən qrip virusunu xatırladır...
Bizim xalq arasında geniş yayılmış deyimlərdən birinin «cənnət də, cəhənnəm də burdadır» olması həmin məsələyə görədir. Freydin goru çatlasın, biz bəşəriyyətin mifoloji inkişaf yolunu son 30-40 ildə sürətlənmiş şəkildə yaşamaqdayıq. Nuhdan tutmuş, ta Sezara qədər, Nerondan afrikalı adamyeyən diktator Bokassoyacan - hamısı bizim Azərbaycanda peyda olur. Bizi sabah nə gözləyir, mən yazmağa çətinlik çəkirəm.
***
Yayda bizim qəzetdə susuzluqla bağlı belə başlıq getmişdi: «Yezid Günəşlidə peyda olub»...
2302 dəfə baxılıb










Şərh yoxdur
Şərhiniz bizim üçün dəyərlidir