İnsanlara hürriyət, millətlərə istiqlal!

272 min manatlıq ittihamla üz-üzə qalan vəkili 2 həmkarı müdafiə edəcək 

491 07.05.2024 12:36 Kriminal A A

Vəkillər Kollegiyasının 1 saylı Hüquq Məsləhətxanasının sabiq müdiri Sümbülə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Musavat.com xəbər verir ki, Sümbülə Əliyeva uzun illər rəhbərlik etdiyi hüquq məsləhətxanasında vəkillərin gəlirlərindən sosial sığorta haqlarını və pensiya fonduna ödənməli olan məbləği dövlət büdcəsinə köçürməyib mənimsəməkdə ittiham olunur.

Vergidən yayınma ilə bağlı 71 min manat, digər faktla bağlı isə 201 min manat mənimsəmə ittihamı var.

Sümbülə Əliyevaya qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda ziyan vurduqda) və 213 (vergiləri, məcburi dövlət sığorta haqlarını ödəməkdən yayınma) maddələri ilə ittiham irəli sürülüb. Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə Sümbülə Əliyeva yeni vəkillə müqavilə bağladığını deyib. Bundan əvvəl Sümbülə Əliyevanın hüquqlarını dövlət hesabına təyin olunmuş vəkil Əbil Həsənov müdafiə edirdi, indi isə onun müdafiəsinə vəkil Sevil Səlimova da qoşulub. Hakim təqsirləndirilən şəxsin yeni vəkillə müqavilə bağladığını əsas gətirərək dövlət hesabına təyin olunmuş vəkil Əbil Həsənovun fəaliyyətinə xitam verilməsini təklif edib. Prokuror Ziya Mansurov məsələnin həllini məhkəmənin mülahizəsinə buraxıb. Vəkil Sevil Səlimova isə bildirib ki, Əbil Həsənovun da prosesdə iştirak etməsini istəyir.

Sümbülə Əliyeva Əbil Həsənovla da müqavilə bağlayacağını bildirib. Sevil Səlimova işlə tanış olmaq üçün hakimdən vaxt istəyib. Ona cinayət işinin materialları ilə tanış olmaq üçün 2 həftə vaxt verilib. Proses mayın 20-də davam etdiriləcək. Sümbülə Əliyeva məhkəmənin diqqətinə xəstə olduğunu, səhhətində ciddi problemlər yarandığını çatdırıb. Astma xəstəliyindən əziyyət çəkdiyini deyib. Hakim isə deyib ki, proses yekunlaşıb, bu səbəbdən də qaldırılan məsələ növbəti iclasda müzakirə olunacaq.

Xatırladaq ki, ötən iclasda Sümbülə Əliyeva dövlət ittihamçısı Ziya Mansurova etiraz edib.

Bildirib ki, dövlət ittihamçısı Ziya Mansurov bir qayda olaraq onun verdiyi vəsatətləri “ehtiyac yoxdur” deməklə təmin edilməməsini istəyib. Sümbülə Əliyeva iş üzrə audit yoxlamasının keçirilməsinin vacibliyini bir daha dilə gətirib.

“Audit yoxlaması aparılması üçün vəsatət verəndə prokuror dedi ki, cinayət işində 2 audit rəyi var, ehtiyac yoxdur. Mənim işimə formal baxılıb, diqqətlə yanaşmayıb və qərəzlidir”, - deyə Sümbülə Əliyeva bildirib.

Hakimlər etirazı baxılmamış saxlayıb. Hakim Mahmud Ağalarov təqsirləndirilən Sümbülə Əliyevaya sərbəst ifadə verməyi təklif edib. O isə sənədlərlə tanış olduqdan sonra ifadə vermək istədiyini deyib. Mahmud Ağalarov bununla bağlı daha öncədən vəsatət verdiyini və vəsatətin təmin edildiyini deyib:

“Protokola əsasən, siz sənədlərlə tanış olmusunuz, ifadə verə bilərsiniz. Ancaq siz məhkəməni süründürməçiliyə salırsınız. Sənədlərlə tanış olmaq sizin haqqınızdır. Yenidən sizə şərait yaradacağıq ki, sənədlərlə tanış olasınız”.

Sümbülə Əliyeva əslində sənədlərlə tanış olduğunu deyib:

“Sənədlərlə tanış olduğumu boynuma alıram. Ancaq hazırda həbsdə olduğum üçün sənədlər yanımda deyil”.

Cinayət işi üzrə Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti, Vəkillər Kollegiyasının Rəyasət Heyəti zərərçəkən tərəf kimi tanınıblar.

Ümumilikdə prosesdə şahidlərin dindirilməsi mərhələsidir. İttiham tərəfi vaxtilə Sümbülə Əliyevanın rəhbəri olduğu 1 saylı Vəkillər Kollegiyası üzvlərini iş üzrə şahid qismində tanıyıb. Vəkil həmkarları məhkəmədə ittihamla bağlı bildiklərini deməlidirlər. İttiham təsdiqlənəcəyi halda Sümbülə Əliyavanı ağır cəza gözləyir.

Qeyd edək ki, 70 yaşlı Sümbülə Əliyevanın vəkillik fəaliyyəti barəsində elan olunacaq hökm qanuni qüvvəyə minənədək dayandırılıb. Sümbülə Əliyeva uzun illər müxtəlif məmurların, mərhum akademik Cəlal Əliyevin vəkili olub və əsasən mətbuata qarşı məhkəmə iddialarının müdafiəçisi kimi tanınıb.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR