İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın 61 milyardı Ukrayna cəbhəsində vəziyyəti bu şəkildə dəyişəcək - ŞOK İDDİA

3034 28.04.2024 15:14 Siyasət A A

ABŞ-ın Kiyevə 61 milyard dollarlıq hərbi yardımına baxmayaraq, Rusiya qoşunlarının Ukraynada irəliləyişi davam edir. Son məlumata görə, ruslar Donetskin Berdiç və Oçeretino kəndlərini ələ keçirib. Bundan əlavə, Krasnoqorovka və Urojaynı kəndləri, həmçinin strateji əhəmiyyətli Çasov Yap rayonu uğrunda ağır döyüşlər gedir. Bəzi ekspertlərin iddialarına inansaq, bu bölgələrin də yaxın günlərdə işğala məruz qalma ehtimalı istisna edilmir. Xüsusilə Çasov Yarın işğalı ilə Rusiyanın qazanacağı strateji üstünlük daha geniş ərazilərin də ələ keçirilməsini asanlaşdıra bilər.

Sual olunur: ABŞ-ın Ukraynaya hərbi yardımları bu hücumları dayandırmaq gücündə deyilmi? Ukraynanı Qərb ölkələrinin yardımları ilə xilas etmək mümkün olacaqmı?

OGUZ.jpeg (277 KB)

Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a verdiyi açıqlamada bildirib ki, ABŞ yardımlarının tez bir zamanda nəticə verəcəyini gözləmək sadəlövhlük olardı:

“ABŞ-ın göndərəcəyi silahların gəlib ünvanına çatması və Ukrayna əsgərləri tərəfindən istifadə olunması müəyyən zaman ala bilər. Rusiya da bunu fürsət bilib hücumlarını genişləndirməklə psixoloji və strateji üstünlük qazanmaq istəyir. Bununla belə, Ukraynanın ən böyük problemi təkcə silah yetərsizliyi ilə də bağlı deyil. Onun canlı qüvvəyə və əsgərlərin hərbi-mənəvi döyüş qabiliyyətini artırmasına da böyük ehtiyacı var”.

Heydər Oğuzun fikrincə, müharibələrdə qələbə qazandıran əsas amillərdən biri silah gücüdürsə, mənəvi-psixoloji hazırlıq səviyyəsi də ondan az əhəmiyyətli deyil:

“Türkiyənin böyük şairi Mehmet Akif Ərsoy I Dünya müharibəsində və Qurtuluş savaşında güclü Qərb imperializminə qarşı döyüşən Türk əsgərinin ən böyük silahının iman gücü olduğuna diqqət çəkərək deyirdi:

“Qərbin əfaqını sarmışsa çəlik, zirhli divar,

Mənim iman dolu köksüm kimi sərhəddim var.

Ulusun, qorxma nasıl böylə bir imanı boğar

Mədəniyyət dediyin tək dişi qalmış canavar”.

Türkiyə o dövrlərdə həqiqətən də dünyanın ən güclü ordularını imanı, döyüş əzmi və mənəvi dirəniş qabiliyyəti ilə dayandıra bildi. Təsadüfi deyil ki, Atatürk silah sıxıntısı yaşayan Türk əsgərlərinə “mən sizə hücuma keçməyi yox, şəhid olmağı əmr edirəm” deyirdi. Çünki qeyri-bərabər döyüşdə türk əsgərlərinin şəhid olacağı qaçılmaz idi. Onlar canlarının dərdini düşsə, hücumun işə yaramadığını düşünsə həvəsdən düşər, geri çəkilə bilərdilər. Şəhid olmağa getdiyini düşünən əsgər isə ölümü bahasına olsa belə, döyüşər və öz əzmi ilə düşməni yorar, geri püskürdərdi. Məhz bu mənəvi duyğuların nəticəsində təkcə Çanaqqala döyüşündə 100 minlərlə itki verən Türk ordusu geri çəkilmir, düşmənin üzərinə gedirdi. Bu da nəticə etibarilə onun qələbəsini gətirmişdi”.

ORDUME.jpg (124 KB)

Siyasi şərhçi hesab edir ki, Ukrayna ordusu da müharibənin ilk zamanlarında bu əzmlə döyüşlərə girir və qeyri-bərabər savaşlarda rusları geri oturdurdu:

“Amma sonradan yəqin ki, ABŞ və NATO-nun təşviqi ilə əks-hücum əməliyyatına başladı. Dnepr çayının şərq sahillərində güclü istehkam quran rus ordusunun üzərinə gedən Ukrayna əsgərləri böyük itkilər versələr də önəmli nailiyyətlər əldə edə bilmədilər. Ardınca da ABŞ onlara hərbi yardımları dayandırdı. 6-7 ay davam edın bu qeyri-müəyyən vəziyyət Ukrayna əsgərlərinin moral gücünə də təsir göstərdi. Qərbin hər an onun arxasından qaça biləcəyi düşüncəsinə qapılan əsgərlərdə sonu görünməyən döyüşlərdə yorğunluq və ümidsizlik hissi yaratdı. Elə həmin müddətdə Ukrayna Silahlı Qüvvələrinin rəhbərliyinin misli görünməmiş korrupsiyaya bulaşdığı ortaya çıxdı. Bu da döyüşən əsgərlərin mənəvi-psixoloji halında müəyyən tərəddüdlər yaratdı”.

Ukraynanın keçmiş baş komandanı Zalujnının məşhur fikirlərini xatırladan siyasi şərhçi bildirib ki, müharibələrdə ön sıralarda adətən orduların ən vətənpərvər və mənəvi gücü yüksək olan qüvvələri dayanır:

“Ötən il yaz savaşlarında onların böyük əksəriyyəti həyatını itirdi. Geridə isə tərəddüd edən, hər an geri çəkilməyə hazır olan qüvvələr qaldı. ABŞ-ın silah yardımını dayandırması onların tərəddüdlərini birə-beş artırdı və döyüşə bilməz hala gətirdi”.

YARDİME.jpg (122 KB)

ABŞ-ın silah yardımlarını dayandırmasının mühüm səbəblərindən birinin də elə Ukrayna ordu generallarının korrupsiyaya bulaşması olduğunu düşünən Heydər Oğuzun fikrincə, Vaşinqtonun bu güvənsizliyi Konqresin son yardım qərarında da öz əksini tapıb:

“Ukraynaya verilməsi planlaşdırılan hərbi yardımda müəyyən miqdarda vəsait həmin ölkədə fəaliyyət göstərəcəyi gözlənilən ABŞ əsgərləri üçün nəzərdə tutulub. Sözügedən hərbi birlik Ukraynaya ayrılan pulların necə və hara xərcləndiyinə nəzarət edəcək. Bu fakt ABŞ-ın hələ də Ukrayna Silahlı Qüvvələrinə güvənmədiyini, onun müdafiəsinə ayrılan pulların müxtəlif yollarla mənimsənildiyinə inandığını göstərir. Sirr deyil ki, məhz bu güvənsizlik səbəbindən Vaşinqton Ukraynaya hərbi yardımları dayandırmışdı. Zelenski ordu rəhbərliyində ciddi kadr islahatları keçirdikdən sonra bu yardımlar yenidən verilməyə başladı. Şəxsən mənim fikrimcə, ABŞ Konqresində yardım müzakirələrinin Trampın və respublikaçılar partiyasının əngəlinə ilişməsi barədə iddialar bəhanədən başqa bir şey deyildi. Əsl səbəb Ukrayna generallarına inamsızlıq idi”.

Heydər Oğuz bildirib ki, Ukrayna mediasının araşdırmaları həqiqətən də orduda korrupsiya faktlarının yüksək səviyyədə olduğundan xəbər verirdi:

“Təsəvvür edin, əsgərlərə verilən yumurtaların, uniformaların belə qiyməti xeyli şişirdilirmiş. Bu durumda Ukraynaya göndərilən silahların başqa ölkəyə satılıb-satılmadığı da bəlli deyil. Əli bu qədər çirkaba batan ordu generallarının, təbii ki, əsgərlərinə Atatürk kimi, “mən sizə ölümə getməyi əmr edirəm” deməyə üzü olmaz. Onların inamını bərpa etmək isə asan deyil. Üstəlik, əsgərlərdən bəziləri müharibə başlayan gündən səngərlərdədir. Ordudan təxris olunmaları yubadılır və onları əvəz edəcək yeni əsgərlərin bir çoxu ölkədən qaçıb Avropaya pənah aparır. Bütün bu kimi naqislikləri görən əsgərin, əlbəttə ki, əli silah tutmaz”.

Bununla yanaşı, ABŞ-ın da bu müharibədə Ukraynanın həlledici zəfər qazanmasına inanmayan həmsöhbətimiz qeyd edib ki, Vaşinqtonun əsas məqsədi müharibəni Rusiyanın strateji məğlubiyyətinə qədər uzatmaqdır:

“Yalnız bu yolla Rusiyanın post-sovet ölkələrindən əl çəkəcəyini, başının özünə qarışacağını fikirləşən ABŞ və digər Qərb dövlətləri Ukraynaya poliqon kimi baxır.

Zelenski.jpg (63 KB)

Yeri gələndə bunu gizlətmirlər də. Son Konqres müzakirələrində Nümayəndələr Palatasının sədri Mayk Conson açıq şəkildə dedi ki, Ukrayna Rusiya ilə savaşmasa, bir gün ən böyük düşmənimizlə bizim övladlarımız döyüşəcək. Uşaqlarımızın ölümündənsə, Ukraynaya silah göndərməyimiz daha yaxşıdır. Eynilə bir çox Avropa dövlətləri də bənzər fikirlər dilə gətiriblər. Məsələn, Danimarka əlindəki bütün silah-sursatlarını Ukraynaya göndərir ki, onun da əvəzinə savaşsın. Polşa da, Baltikyanı ölkələr də, hətta Qərbi Avropa da öz müdafiələri xətrinə Rusiyanı Ukraynaya uduzdurmaq istəyirlər. Silah bizdən, savaşmaq sizdən deyirlər. Amma Ukraynanın özünü qoruması üçün lazımi səviyyədə silah da vermirlər. Beləcə, sanki Ukraynanı ucuz tələ yeminə çevirirlər. Bunu hiss edən Ukrayna əsgərlərinin isə savaşmaq əzmi məhv olur”.

Ukraynadakı demokratik mühitin də savaşa mane olduğunu bildirən həmsöhbətimizin fikrincə, müharibə aparan tərəf mütləq media orqanlarına bəzi zəruri senzuralar tətbiq etməlidir:

“Əks halda üzə çıxarılan bir çox neqativ hallar hərbi qüvvələrin döyüş ruhuna təsir göstərər. Moral müharibəsini uduzan tərəfin isə fiziki döyüş qabiliyyəti də qalmar. Ukrayna müharibədə dönüş əldə etmək üçün ilk növbədə ölkədə hökm sürən bu atmosferi dəyişdirməlidir”.

PATRİS.jpg (50 KB)

Bütün bu reallıqları nəzərə alan həmsöhbətimiz Ukrayna savaşının xeyli uzanacağına inanır. Onun fikrincə, Çinin son zamanlar açıq şəkildə Rusiyanın yanında dayanması və ona silah yardımı verməsi də müharibənin taleyinə mənfi təsir göstərir:

“Bilirsiniz ki, ABŞ Dövlət Departamentinin sədri Antoni Blinken bu yaxınlarda Çinə səfərə getmişdi. Məqsədi Pekini Rusiyaya hərbi yardımdan yayınmaq idi. Dünənə qədər Rusiyaya hərbi yardım göstərdiyini bəyan edən Çin yetkililəri bu dəfə ABŞ rəsmisi ilə çox sərt danışdı. İstənilən ölkə ilə ticarət etməyin onun suveren hüququ olduğunu bildirən Çin xarici işlər naziri işlərinə çox qarışılacağı təqdirdə ABŞ-la da savaşmağa hazır olduqlarını qonağın diqqətinə çatdırdı. Bu isə o deməkdir ki, Çin də açıq şəkildə öz mövqeyini dəqiqləşdirir və Rusiyanın yanında yer alır. Pekinin Rusiyaya sabah açıq şəkildə hərbi dəstək verəcəyi gözləniləndir. Nəticədə Ukrayna-Rusiya savaşı daha ağır şəkil ala və uzana bilər”.

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR