İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ səfiri beynəlxalq qanunları POZDU, haqqı və hüququ itirdi - Xədicəyə görə ...dəyərdimi?

2456 04.05.2024 23:23 Siyasət A A

Qarabağa getməyən, Azərbaycanın haqq səsinə biganə qalan ABŞ-ın ölkəmizdəki səfiri Mark Libbi “Amerikanın səsi”nə açıqlamasında Azərbaycandakı medianın durumundan danışıb, öz narahatlığını ifadə edib.

Eyni zamanda səfir bu gün Xədicə İsmayıl və digər onun kimi şəxslərlə görüş keçirib.

ABŞ səfirinin əsas vəzifəsi öz ölkəsi ilə işlədiyi ölkə arasında münasibətləri saxlamaq, inkişaf etdirməkdən ibarətdir. Ancaq biz bunu Mark Libbinin timsalında görmürük. Onun yuxarıda qeyd etdiyimiz şəxslərlə görüş keçirməsi statusuna uyğun deyil və müvafiq beynəlxalq qanunların pozulmasıdır.

LİBİS .png (1.06 MB)

Aydındır ki, Amerika səfiri ölkədə bu kimi şəxslərlə görüşməklə hansısa qarışıqlıq yaratmaq, qrant layihələrini icra etmək məqsədini güdür.

Digərləri kimi Libbi də anlayacaq ki, Azərbaycan vətəndaşı dövlətinin ətrafında sıx birləşib və Qarabağı alan, onu 30 illik həsrətdən, utanc və Vətən acısından azad edən Prezidentindən razıdır.

İLHAM ESGER.jpg (246 KB)

Libbi bir neçə gün öncə də öz kobud ifadəsi ilə gündəmə gəlmişdi. O, azad olunan torpaqlarımıza, Şuşaya getməməsini bu cür “əsaslandırmışdı”: “Aydındır ki, qaytarılmış ərazilər bir azca fərqlidir. Bir az daha çox koordinasiya tələb edir... Amma mən harasa kiminsə şousunun iştirakçısı olmaq üçün getmək istəmirəm... Odur ki, bunu etməyin vaxtı gələndə, mən bunu edəcəyəm”.

Azad olunmuş torpaqlarda və xüsusilə Şuşada keçirilən tədbirlər Azərbaycan xalqının 30 illik arzularının ifadəsi, böyük ZƏFƏRimizin nəticəsi, ədalətin təntənəsidir.

Libbi indi dilə gəlsə də, 30 il susanların tərəfindədir və elə onlar kimi də danışır. Bu illər ərzində ABŞ həmişə işğalçı Ermənistanın yanında oldu və onu dəstəklədi. Son ana qədər də ABŞ münaqişənin davam etməsini istəyir, Fransa ilə birləşərək regionda sülhün təmin olunmasına mane olurdu. Onların müdaxiləsinin nəticəsidir ki, Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.

Azərbaycan həmişə sülhdən yanadır və artıq problemləri vasitəçi olmadan həll etməyin labüd olduğunu Ermənistan da başa düşüb. Amerika səfiri indiki zamanda ermənilər tərəfindən xəritəsiz, necə gəldi minalanan torpaqlarımızdan danışmalı, vətəndaşlarımızın tapdalanan hüquqlarından söz açmalıdır. Libbi unudur ki, 1 milyon vətəndaşımız 30 il məcburi köçkün həyatı yaşayıb və onların “insan haqları”ndan danışan təşkilatları həmişə bu insanların taleyinə göz yumublar.

İndi də dəyişən bir şey yoxdur. Bu illər ərzində erməni vandalları vətəndaşımızı yurdundan didərgin saldığı kimi evləri, şəhərləri də talayıb, daşı daş üstündə qoymayaraq dövlətimizə külli miqdarda ziyan vurub. Bu gün Qərb bizə hansı köməyi edir ki, həmin əraziləri bərpa edib, vətəndaşlarımızı ora köçürək? Onlar ancaq şərin yanındadır və daim münaqişədən qazanmaq arzusundadırlar.

ilyas.jpg (91 KB)

Məsələyə münasibət bildirən politoloq İlyas Hüseynov Musavat.com-a deyib ki, Azərbaycanda fəaliyyət göstərən ABŞ səfiri Mark Libbinin bir qrup jurnalistlə görüşündə səsləndirdiyi fikirlər onun diplomatik fəaliyyətini aşır:

“Bu cür fikirlər, açıqlamalar, yanaşmalar daha çox ölkəyə təsir etmək, müxtəlif təsir mexanizmlərini işə salmaq mahiyyəti daşıyır. Selektiv yanaşma, ayrıseçkilik, daha çox tənqidi motivləri qabardan bir qrup jurnalistlə görüşün keçirilməsi qeyri-bərabərliyin və müxtəlif maraqlar müstəvisində yanaşmanın bir göstəricisidir. Bu onu sübut edir ki, ABŞ-ın Azərbaycandakı səfiri müxtəlif təlimatları həyata keçirir və məhz ölkəmizdə ifşa olunan “Abzas Media”, “Toplum TV”, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi mərkəzlərinin ayaqda saxlanılması, onlara maliyyə qaynaqlarının verilməsi, onların himayə olunması sırf ABŞ fondlarının və onların əlaltılarının işbirliyi nəticəsində mümkün olub.

Mark Libbinin sözügedən müsahibəsi diplomatın statusunun və müvafiq beynəlxalq öhdəliklərin pozulmasına bir işarədir. Bu, 1961-ci il tarixli Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasının tələblərinin də pozulmasıdır. Bu, heç də söz, fikir azadlığı, mətbuatın açıqlığı prinsiplərinə cavab vermir. Məhz tənqid təfəkküründən yanaşan “Azadlıq radiosu”nun əməkdaşları ilə görüşün keçirilməsi də buna bir sübutdur.

Xüsusi vurğulamaq istədiyim məqam Şuşaya səfərlə bağlıdır. Bu yaxınlarda səfir Ağdama səfər etmişdi. Şuşa ilə bağlı verilən suala müəyyən ayırıcı xətlər qoyulur və səfir Şuşanı tamamilə ayrı bir məsələ kimi qeyd edir. Bu, tamamilə yolverilməzdir. İşğaldan azad edilən bütün ərazilər beynəlxalq hüquqla Azərbaycana aiddir, Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Bu gün bütün azad olunan ərazilərimizdə Azərbaycanın üçrəngli bayrağı dalğalanır. Şuşaya səfər etmək heç də hansısa bir təbliğat, şou deyil. Səfir isə bunu təbliğat kimi qiymətləndirir. Yaxşı olardı ki, beynəlxalq hüquqa hörmət etmək naminə ölkəmizdə akkreditasiyadan keçmiş beynəlxalq təşkilatlar və səfirliklər üçün təşkil olunan bu cür səfərlərdə biz ABŞ səfirini də görək. Bu, ikitərəfli münasibətlərə müsbət təsir edərdi. ABŞ-ın erməni lobbisinin əsirliyində, himayəsi, təsiri altında olmadığını göstərərdi. ABŞ-Azərbaycan münasibətlərinə təkan verərdi, onun keyfiyyətcə yeni müstəviyə qalxmasına gətirib çıxarardı. Təəssüflər olsun ki, ABŞ səfiri ikiüzlü yanaşmasını, məsələyə ikili standartlardan yanaşdığını büruzə verir.

Müsahibənin keçirilməsi kifayət qədər ciddi pozuntuların olduğunu da nümayiş etdirir”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR