İnsanlara hürriyət, millətlərə istiqlal!

“AstraZeneca” peyvəndlərini geri alır, kimlər təhlükədə?- İnfeksionistdən açıqlama  

725 08.05.2024 12:24 Dünya A A

Britaniya-İsveç əczaçılıq şirkəti “AstraZeneca” koronavirus peyvəndinin marketinq icazəsini ləğv etməyə başlayıb.

Musavat.com xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti məlumat yayıb.

Qeyd edilir ki, şirkət martın 5-də dərmanın Avropa İttifaqından geri çağırılması üçün müraciət edib və bu, mayın 7-də qüvvəyə minib. “AstraZeneca” yaxın vaxtlarda oxşar sənədləri digər ölkələrə və Böyük Britaniyaya təqdim edəcək. Geri çağırmanın səbəbi kimi isə “AstraZeneca” vaksinin ölümcül yan təsirini, trombozu etiraf etdikdən sonra baş verdiyi iddia olunur. “Şirkətin peyvəndin çox nadir hallarda səbəbləri bilinməyən trombositopeniya sindromu ilə tromboza səbəb ola biləcəyini açıqladığı deyilir”,- deyə nəşr əlavə edib.

“The Telegraph”da o da bildirilir ki, bir xəstə ilk dəfə 2021-ci ildə yan təsir barədə məlumat verib – “AstraZeneca” ilə peyvənd edildikdən sonra bir kişidə qan laxtalanması və beyində qanaxma əmələ gəlib ki, bu da orqanın geri dönməz zədələnməsinə səbəb olub. Oxşar hadisə 2022-ci ildə İtaliyada qeydə alınıb. Bəzi Avropa ölkələri bu peyvəndin istifadəsini dayandırıb. “The Telegraph” yazır ki, qurbanlar və qurbanların yaxınları əczaçılıq şirkətinə qarşı kollektiv iddia qaldıraraq “AstraZeneca”-dan 100 milyon funt-sterlinqə qədər təzminat tələb ediblər.

Musavat.com-a mövzu ilə bağlı şərh verən infeksionist-hepatoloq Mərdan Əliyev qeyd edir ki, “AstraZeneca”nın verdiyi qərar əslində, bununla bağlı deyil: “Şirkət açıqlama verib ki, vaksinə tələbat azalıb, ona görə geri istəyirlər. Fikrimcə,  bu cavab daha uyğundur. Çünki ola bilsin dövlətlər bu peyvəndləri müəyyən müqavilə ilə alıblar. Müqavilədə şərtlər ola bilər ki, əgər tələbat azalarsa, geri qaytarılsın. Artıq COVİD-ə yoluxanlar xəstəliyi yüngül keçirirlər, heç peyvəndə də ehtiyac olmur. O baxımdan xeyli peyvənd artıq qala bilər. Yəni tələbat azalıb. Həm də peyvəndlər istifadəyə verilənə qədər bir neçə çalışmalarda yoxlanılır, öyrənilir, sınaqdan keçirilir. Onların yan təsirləri I,II,III fazadan keçirilir və yalnız bundan sonra istifadəyə verilir. Öncə heyvanlar, sonra insanlar üzərində təcrübədən keçirilir, yan təsirləri araşdırılır. Bu baxımdan bunun birdən-birə bu cür yan təsirlərinin olduğunu düşünmürəm. Ümumiyyətlə, şirkətə qarşı məhkəmə iddiaları əvvəldən var idi, amma tam olaraq sübuta yetirilməyib”. 

 

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR