İnsanlara hürriyət, millətlərə istiqlal!

Azad zəhmətkeşlər günü - Zamin Hacının hadisə kimi yazısı!

1368 01.05.2024 10:56 Yazarlar A A

Bu cızmaqara 1 mayda qəzetdə və saytda çıxmalıdır, o baxımdan hörmətli zəhmətkeşlərimizi 1 may - dünya zəhmətkeşlərinin həmrəylik günü münasibətilə səmimi qəlbdən təbrik edirəm, onlara uzun ömür, cansağlığı arzulayıram. Hərçənd indiki zəmanədə zəhmətkeşliklə uzun ömür və cansağlığı əldə etmək nisyə söhbətdir. Elə keçmişdə də belə olub. Yalandan 1 mayda parad keçirməyə, hər yerə “İnsan əməklə ucalır”, “Sülh, əmək, may” şüarları vurmaqla deyildi, Sovet hökuməti fəhlə-kəndlini sözün əsl mənasında minib çapırdı, adam yerinə qoymurdu. 

Prinsipcə, indi də çox şey dəyişməyib. Bu yaxında bir zəhmətkeşin açıqlamasını dinlədim, deyir məmur-oliqarxlarımız bizi kənd yerində şəxsi tarlalarına, istixanalarına basıb işlədirlər, gündəlik beş-on manat verirlər, qul kimi bir zad olmuşuq. Mən ona dedim ki, sovetin vaxtında da kolxozda təxminən bu cür əməklə, bu qədər qazancla çalışırdın, niyə narazısan? Fikirləşdi, dedi düz deyirsən, ancaq əsas odur indi müstəqil dövlətik. 

Bəli. Əsas müstəqillikdir. Vətən sağ olsun. Mən hökumətin yerinə olsam həmin yoldaşı tapıb 1-ci dərəcəli Əmək ordeni ilə təltif edərdim. Ya da YAP-ın növbəti qurultayına nümayəndə seçərdim. Ən pis halda Naftalanda neft vannasına putyovka da vermək mümkündür. Dövlətçilik hissi yüksək səviyyədə olan belə insanları qiymətləndirməliyik. Lazımi orqanlar istəsələr koordinatlarını verərəm. Hansı tarlada, neçənci kolun dibindədir...

Koordinat demişkən, bu zəhmətkeş məsələsi hazırda bütün dünyada ciddi problemdir. Keçmiş vaxtlara baxmayın. İndi zəhmətkeşlərin əlində əsas silah olan tətillər, mitinqlər, yürüşlərlə varlıları, kapitalistləri, icra başçılarını qorxutmaq mümkün deyil. Tətil eləyirsən? Cəhənnəmə elə. Yerinə başqa, daha yetim millətin övladını tapıb qoyurlar. Bu yaxında eşşək boyda Google şirkətinin 28 işçisi tətil elan eləmişdi. Deyirdilər nə üçün şirkətimiz İsrailə müəyyən hərbi texnologiya satır, sonucda Qəzza bərbad olur, nə bilim nə... Sizcə, Google neylədi? Həmin gün əmrlərini verib, 28 nəfərin hamısını iti qovan kimi işdən qovdular. 

Zəhmətkeş həmrəyliyi kompüter, süni intellekt texnologiyalarının inkişafı ilə də mənasız, səmərəsiz bir funksiyaya çevrilmişdir. Sən tətil edərsən, yerinə robot qoyarlar. Bir süni intellektin, bir avtomatik qurğunun faydalı iş əmsalı yüz fəhlədən artıqdırsa, 1 mayı səhərəcən qeyd elə - kimin vecinədir? 

Ümumiyyətlə, bəzi şəxslərdə öz peşəsinə, rütbəsinə, cəmiyyətdə tutduğu yerə həddindən artıq yüksək, Türkiyədə deyilən kimi, özgüvənlə yanaşma müşahidə edilir. Elə zənn edirlər bunlar olmasa həyat dayanar. Bu dünyaya gəlməsə, Yer kürəsi fırlanmazmış. Günəş buna baxıb çıxır, Ay bunun çöhrəsindən utanıb batır. 

Örnək üçün, bir general var, Tərtər əhvalatına görə tutub basıblar. Müdafiə Nazirliyində idarə rəisi idi. 9 il yarım həbs cəzası alıb. İndi  apelyasiya şikayəti verib, gör məhkəmədə nə deyir: “Həbs olunmağımın səbəbini bilirəm. Çox yazırdılar ki, bu hadisələrə görə yüksək rütbəli zabitlər tutulmalıdır. Mən də arxası, dayağı, pulu olmayan, öz zəhməti ilə bu pilləyə çatan generaldım. Məni də ona görə qurbanlıq seçdilər. Göstərsinlər ki, general da tutmuşuq...”

Sitatın sonu. 

Sanki bizdə ilk dəfədir hansısa generalı tutublar... Rəhmətliyin oğlu, biz müstəqilliyi qazanandan bəri türmələrimizdə daim general saxlamışıq. Kiməsə nəyisə göstərməyə bizim hökumətin heç bir ehtiyacı yoxdur. Haçan kefi istəsə, kimi istəsə tutub basar. 

Yumşaq danış, əfvə düşərsən, inşallah. Hələlik içəridəki polkovnik və mayorlarla başını qat. 

Qəribədir. Aşağı rütbəli tutursan, deyirlər gücü zəifə çatır. Yuxarı rütbəli tutursan, bu da deyir göstərmə üçündür. Bəs bu hökumət kimi tutsun? Zəhmətkeşləri? 

Onları tutmaq lazım deyil. Əziz bayram günlərində, xüsusilə... 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR